- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan müharibədə ağır məğlubiyyətə uğramış Ermənistana qarşı bütün mümkün jestləri edib. Keçən ilin dekabrında yolunu azmış iki əsgərimizi əsir götürən Ermənistana onların əvəzində 32 erməni diversantını qaytardıq. Yəni, əsirlərin mübadiləsi 32–2 nisbətində həyata keçirildi. Əlbəttə ki, bu, ilk növbədə, Azərbaycan hakimiyyətinin öz vətəndaşına, düşmən əlində qalmış, barələrində cəfəng və ağlasığmaz həbs cəzaları kəsilmiş əsgərinə verdiyi dəyərin, qiymətin təzahürü idi. Amma ona qədər, 44 günlük müharibədən sonra sərhədi azaraq Azərbaycan tərəfə keçən 10-a yaxın erməni əsgərini dərhal, həm də qeyd-şərtsiz geri vermişdik. Rəsmi İrəvanın isə oxşar şəraitdə səhvə yol vermiş iki hərbçimizlə necə davrandığını bütün dünya gördü...
Gözləyirdik ki, etdiyimiz yaxşılığa haylar da adekvat, diplomatik etiketə uyğun davranış nümayiş etdirəcəklər. Amma nəyin şahidi olduq? İrəvan rəsmiləri Azərbaycanın uzatdığı xoşməramlı əli sıxmaq əvəzinə, bunu az qala Bakının “zəifliyi”, yaxud da ona edilən təzyiqdən doğan məcburi addım kimi anladılar. Qalib tərəfin sülh çağırışlarına məğlub tərəfdən, sadəcə olaraq, quru vədlər və məsuliyyətsiz, yalan bəyanatlar eşidirik. Bu, azmış kimi, hər cür bəhanə ilə sülh masasına əyləşməkdən yayınan Paşinyan iqtidarı total silahlanmaya qərar verdi. Ermənistanın 2024-cü il üçün müdafiə xərcləri rekord miqdarda – 1 milyard 377 milyon ABŞ dolları həcmində müəyyən edilib. Ortaya təbii sual çıxır: bütün parametrlərə görə özündən üstün qonşuları ilə sülhə gəlmək istədiyini bəyan edən kasıb ölkənin hakimiyyətinin dolanışıq dərdindən xaricə üz tutan əhalisinin boğazından kəsib hərbi büdcəsini şişirtməkdə məqsədi nədir? Məgər bunu sülh sazişini imzalamağa hazırlıq mərhələsi saymaq olar?
* * *
Son vaxtlar Ermənistanın baş diplomatı Ararat Mirzoyanın dilindən “maraqlı” açıqlamalar eşitməkdəyik. O, hələ Berlin görüşündən əvvəl İrəvandakı çıxışında baş nazir Nikol Paşinyanın tez-tez təkrarlamağı xoşladığı bir fikri səsləndirdi. Bu, Bakı ilə hücum etməmək və silahlar üzərində nəzarət barədə müqavilənin imzalanması təklifidir. Guya, belə bir paktın imzalanmasına “Cənubi Qafqazda sülhün və etimadın möhkəmləndirilməsi naminə” ehtiyac var.
Konfransdakı çıxışında “Biz qoşunların Ermənistan və Azərbaycan arasındakı sərhəddən güzgü effekti ilə çıxarılmasını və sonradan sərhədyanı ərazilərin delimitasiyasını təklif etmişik. Ermənistan, həmçinin silahlı qüvvələr üzərində qarşılıqlı nəzarət mexanizminin tətbiqini və sülh sazişi imzalanana qədər hücum etməmək barədə pakt bağlamağı təklif edir” – deyən A.Mirzoyanın “taktikasının” nədən ibarət olduğu Bakıya gün kimi aydındır. Belə təklifləri irəli sürməkdə yeganə məqsəd ikitərəfli sülh sazişi layihəsi üzrə danışıqlar prosesindən diqqəti yayındırmaq və sülhə gəlmədən Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasına nail olmaqdır. Bakı İrəvanın bu cəhdlərinin siyasi manipulyasiyadan başqa heç nə olmadığını əvvəllər də bəyan edib. Artıq qəti şübhə yoxdur ki, Paşinyan hakimiyyəti qarşısına sülh danışıqlarını ümidsiz dalana dirəmək məqsədini qoyub.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mahiyyət etibarı ilə bu versiya ilə razılaşdığını dilə gətirdi: “İrəvanın bu xarakterli təklifləri başqa cür deyil, məhz dövlətlərarası münasibətlərin normallaşması üzrə konkret danışıqlardan boyun qaçırmaq cəhdi kimi qiymətləndirilməlidir. Məsələ ondadır ki, Mirzoyan həmin açıqlaması ilə bir növ “vaqonu lokomotivdən əvvələ qoşmağa” cəhd edir. Axı, onun dediyi pakt və razılaşmalar, bir qayda olaraq, dövlətlər arasında münasibətlər normal məcraya düşəndən sonra imzalanır. Amma əgər belə ikitərəfli razılaşma yoxdursa, həmin saziş və paktları kim imzalayar? Bu, sadəcə olaraq, sülh sazişi üzrə konkret və məzmunlu danışıqlardan yayınmaq cəhdidir”.
Paşinyan Paris səfərindən sonra müharibə ritorikasından istifadə etməyə başlayıb. Burada Yelisey sarayının təlimatları öz sözünü deməkdədir. Əslində, rəsmi İrəvanın məqsədi heç də, ilk baxışda göründüyü kimi, Azərbaycanı yeni və genişmiqyaslı hərbi qarşıdurmaya cəlb etmək deyil. Ən azı ona görə ki, bundan ötrü onun nə kifayət qədər gücü, nə də daxildə dəstəyi var.
* * *
R.Musabəyovun sözlərinə görə, İrəvan tərəfindən səsləndirilən “hücum etməmək barədə pakt” tarixdə sonuncu dəfə İkinci dünya müharibəsi ərəfəsində Molotov və Ribbentrop arasında bağlanıb: “Həmin paktın aqibətinin necə olduğunu yəqin yaşlı nəsil yaxşı xatırlayır. Hazırda təhlükəsizlik haqqında razılaşmalara, faktiki olaraq, “hücum etməmək barədə ikitərəfli paktlarla” deyil, Helsinki razılaşması çərçivəsində imzalanmış çoxtərəfli müqavilərlərlə həllini tapır. Həmin prinsiplər çoxdan müzakirə edilib və şərtləndirilib. Azərbaycan və Ermənistan müstəqil dövlətlər olduqdan sonra Helsinki razılaşmasına qoşulublar. Bundan başqa, Avropada adi silahlı qüvvələrə nəzarət barədə beynəlxalq müqavilə mövcuddur ki, Azərbaycan və Ermənistan ona da öz imzalarını atıblar. Məlum təkliflərini bəyan edəndə Mirzoyan yəqin bu barədə “unudub” və yenidən “velosiped icad etməyə” girişib”.
Tanınmış politoloq sözlərinə onu da əlavə etdi ki, Ermənistan bugünədək bütün bu regional və beynəlxalq müqavillərə riayət etməyib, əksinə, separatçıların arxasında gizlənərək, Azərbaycanın ərazilərini işğal edib: “Məhz işğal etdiyi torpaqlarımızda heç bir məhdudiyyət gözləmədən, tank, raket, artilleriya qurğuları saxlayıb. İndi isə utanıb–çəkinmədən Azərbaycanı bununla bağlı hansısa sazişə, pakta imza atmağa çağırır. Yəni, Ermənistan hakimiyyəti hələ otuz il əvvəldən mövcud olan həmin müqavilələrə qarşıi saymazlıq edib, onları sadəcə, ayaqlar altına atıb. Ona görə də Mirzoyanın bu gün etdiyi təkliflərə heç kim baxmayacaq. Əgər bunda çox təkid etsələr, bu hərəkətlər dövlətlərarası münasibətləri normallaşdırmaq üzrə danışıqlardan boyun qaçırmaq kimi təsnifatlandırılacaq”.
* * *
Ermənistan doğrudanmı yeni müharibə istəyir, yoxsa qərbli havadarlarına güvənərək, bundan sonra da sülh danışıqlarını imitasiya etmək hesabına vaxt qazanmaq, bu zaman silahlanmaq və Azərbaycanı təxribata çəkmək niyyətini güdür? Hansı məqsədlə hərəkət etməsindən asılı olmayaraq Bakı qarşı tərəfə sərt xəbərdarlığını çatdırıb.
“Fransa ilə Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökür və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda deyib. Prezident onu da qeyd edib ki, ola bilsin Ermənistan həmin silahların hesabına “Dağlıq Qarabağ”ı təzədən işğal edəcəyini düşünür: “Mən hələ o silahların keyfiyyəti barədə danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.
Əgər İrəvanın reallığı dərk etməyə elementar ağlı qalıbsa və yeni fərari qoşununu, Bakı türmələrinin “sakinlərinə” çevriləcək separatçıları, Hərbi Qənimətlər Parkımızın eksponatlarının daha da zənginləşməsini arzulamırsa, Bakının uzatdığı barışıq əlini sıxmalıdır. Çünki indi vaxt onun əleyhinə işləyir...
İ.HƏSƏNQALA