- Daxili siyasət
- 09:37 20.09.2024
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Cermuk” (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qəbul edib. Buna səbəb fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhər sakininin “Cermuk” suyundan içməsi nəticəsində onun qida borusunda və mədəsində problem yaranıb. Buna görə də əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin təqaüdçünün daxili xəsarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı suyun tərkibində sirkə olması müəyyənləşib. Buna görə də məhsulun idxalı və ixracı dayandırılıb. Daxili İşlər Nazirliyi, Prokurorluq və “Rospotrebnadzor”un birgə göstərişinə əsasən, hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb. Artıq Şimali Osetiya ərazisində 24 bağlama “Cermuk” suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilib. Bu mineral suyu satan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.
“Rospotrebnadzor”, həmçinin vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edib.
Bir sözlə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti əməkdaşları tərəfindən hazırda pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirilib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb, mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb.
Erməni mediası isə bununla bağlı Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatını yayıb. Məlumatda “Cermuk” mineral suyunun 2001-ci ildən Rusiyaya ixrac edildiyi, həcminin tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdırıldığı, bununla bərabər, idxal edilən hər bir su partiyasının Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinə uyğun gəldiyi, indiyədək bu mineral sudan zəhərlənmə faktının qeydə alınmadığı da vurğulanıb.
Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun iddiasına görə, “Cermuk”un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzində 10 dəfə artıb. Adıçəkilən qurum, həmçinin ötən 23 il ərzində ölkədən ixrac edilən mineral sudan indiyədək zəhərlənmə faktı qeydə alınmadığından “Cermuk”un müəyyən su partiyalarının satışının dayandırılması barədə “Rospotrebnadzor”in bu qərarını təəccüblə qarşılandığına diqqət çəkib. Eyni zamanda, sözügedən mineral suyun satışının dayandırılması ilə bağlı Rusiyanın səlahiyyətli orqanlarından bildiriş almadığını da qeyd edib.
Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı dövründə Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətləri – faydalı qazıntıları istismar edib, nəinki Kəlbəcərdən, həm də Qarabağın bütün ərazisindən təbii resursların qanunsuz ixracını həyata keçirib. Ermənistan yataqlardan Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə satıb.
Mütəxəssislər bildirirlər ki, Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mühiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Ermənistan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxladığı dövrdə bu tələbləri yerinə yetirməyib, belə bir ekoloji terror yolu ilə nəinki Azərbaycana, hətta bütün bölgəyə ciddi zərər yetirib.
Bu gün ixraca yönəltdiyi “Cermuk”u “qaydalara uyğun istehsal” etdiyini israrla bildirən Ermənistana xatırlatmaq lazımdır ki, hələ 2007-ci ilin martında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) bu məhsulda kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mineral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir. Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. “Arzni Mineral Sular” QSC-nin direktoru Armen Mkrtçyan “şirkətin məhsullarında arsen tərkibi Ümumdünya Səhiyyə Təşkilatı standartlarına tamamilə uyğundur”,–deyə bildirmişdi.
Mütəxəssislər bildirirlər ki, arsen də, sirkə turşusu da insan sağlamlığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dərhal, arsenin təsiri isə tədricən baş verir, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sisteminə, tənəffüs yollarına ciddi ziyan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və gözlərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.
“Cermuk” mineral suyuna zəhərli arsen isə şəlalənin yaxınlığında (cənub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən “Amuldağ” qızıl yatağından qarışır. Mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də yeraltı sular arsen və digər zəhərli maddələrlə çirklənir.
“Environmental Protection First” (EPF) Koalisiyası bildirib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.
Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyənləşdirmişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkəsində də qadağan edilmişdi.
Onu da qeyd edək ki, Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.
V.BAYRAMOV