- Daxili siyasət
- 09:37 20.09.2024
Heç kəsin yadından çıxmayıb. Bir neçə il əvvəl Türkiyə Cümhuriyyəti rəhbərliyinin təşəbbüsü ilə keçirilən “İstanbul – Asiyanın ürəyi” adlı beynəlxalq konfrans sonralar eynilə “Bakı prosesi” kimi Avrasiyanın müxtəlif paytaxtlarına yol açmışdı. Həmin tədbirlərdə Əfqanıstan problemi, Fələstin münaqişəsi və Şərq ölkələrinin hansınısa narahat edən, daha doğrusu, həllini gözləyən müşküllər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdi.
Sonra bu şəhərdə təşkil olunan “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hamısının böyük marağına səbəb olmuşdu. Biz məmnunuq ki, Azərbaycan həm “Asiyanın ürəyi” konfransında, həm də Qüdslə bağlı beynəlxalq müzakirələrdə kifayət qədər fəal iştirak etmişdir.
Son günlər isə qardaş ölkənin bu qaynar ictimai-siyasi proseslərlə zəngin olan şəhərində Bakı təşəbbüs qrupunun fəaliyyətinin beynəlmiləlləşdirilməsi istiqamətində möhtəşəm addım atılmışdır. Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bildirir. Bu mübarizəyə dəstək məqsədi daşıyan qrup ötən il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin nazirlər toplantısı çərçivəsində yaradılıb. Kütləvi informasiya vasitələrinin yazdığı kimi, üç gün əvvəl İstanbulda bilavasitə adı çəkilən qrupun təşkilatçılığı ilə “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu, həmin qrupun yeddinci tədbiri idi.
Ekspertlərin fikrincə, bu tədbirin adındakı “İntibah dövrünün başlanğıcı” ifadəsi, əslində, siyasi proseslərin bumeranq effekti verməsinə işarədir. Çünki əsrlər boyu özünü “intibahın mərkəzi” adlandırmağa çalışan Fransa, əslində, xalqların və dövlətlərin intibahına hədsiz dərəcədə ağır zərbələr vurmuşdur. XXI əsrin üçüncü onilliyinin də yarı olması ərəfəsində hansısa dövləti müstəmləkə kimi saxlayaraq, ölkənin təbii sərvətlərinin talanması, xalqların insan hüquqlarının bütün təməl prinsiplərindən məhrum edilməsi, azadlıq mücadiləsinə qalxmaq istəyənlərin dünyanın gözü qabağında qırılıb məhv edilməsi məhz Fransanın müasir reallıqlarıdır.
Hələ bu harasıdır? Rəsmi Parisin Afrika və Asiyanın bir növ gözdən iraq ölkələrində törədilən vəhşilikləri bir yana, son otuz ildə bütün Avrasiyanın diqqət mərkəzində olan Cənubi Qafqazda da haqsızlıq və ədalətsizliklər seriyasına imza atmışdır. Özünü ATƏT-in keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaratdığı Minsk qrupuna soxmağı bacaran Parisin oradakı fəaliyyəti, sözün həqiqi mənasında, Azərbaycana qarşı olmuş, birmənalı olaraq münaqişənin həllinin qarşısını almağa çalışmışdır. Azərbaycan dövləti adı çəkilən münaqişəni beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməsindən sonra isə Fransa rəhbərliyi sülh üçün atılan bütün addımlara badalaq gəlir. Üstəlik, Ermənistanı silahlandıraraq, yeni müharibə riskləri yaradır. Bəs Azərbaycanın bu haqsızlığa münasibəti necə olmalı idi? Necə olmalı idisə, elə də oldu. Yəni, bumeranq effekti növbəti dəfə rəsmi Parisə qarşı yönəldi.
Xatırladaq ki, İstanbulda keçirilən, ümumiyyətlə, dekolonizasiya mövzulu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. “Türkiyənin “Haber Qlobal” televiziya kanalı bildirir ki, Bakı təşəbbüs qrupu bu tədbirlər silsiləsi ilə öz məqsədinə nail olur. Yəni müstəmləkəçilik siyasətindən əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bilirlər. İstanbulda keçirilən konfransdan sonra isə dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini daha yaxşı öyrəndi.
Bu arqumentimizi əsaslandırmaq üçün Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbinin İstanbul konfransında səsləndirdiyi bir fikri xatırlatmaq kifayətdir: “Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir”.
Xüsusilə vurğulanmalı məqamlardan biri də konfrans iştirakçıları adından Fransa prezidenti Emmanuel Makrona ünvanlanan açıq məktubdakı cümlələrdir. Xatırladılır ki, Paris 60 ildən çoxdur BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə əməl etmir. Yəni Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.
Ekspertlər yazırlar ki, iştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıblar. Eləcə də, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış edilib.
Sonda qeyd edək ki, daim haqqın, ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan da, Türkiyə də təkcə öz xalqlarının deyil, təzyiqlərə məruz qalan istənilən toplumun hüquqlarının qorunması üçün kəsərli addımlar atırlar. Biz bu addımları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dönə-dönə gördük. Elə təzyiq görən xalqlar da bizim mütərəqqi addımlarımızın şahidinə çevrildilər. Həm təzyiq edənlər, həm də təzyiqə məruz qalanlar Azərbaycanın belə addımlarını hələ çox görəcəklər.
İttifaq MİRZƏBƏYLİ