USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın “France 24” sərsəmləmələri

“Dondurmaq və şərləmək”də Azərbaycanı və Rusiyanı eyni gözlə görməkdə məqsəd nədir?


https://img.baki-baku.az/news/2024/02/photo_11356.jpg

Ermənistan baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində, sözün əsl mənasında, sərsəmləyib. Bəribaşdan bunu deyək. Ümumən, Paşinyanın dünya, xüsusən də Fransa mediasına müsahibələri sərsəmlik baxımından diqqət çəkib. 

Belə bir deyim var: Roma papasından daha artıq katolik olmaq. Erməni hökumət rəhbəri da həmin ampluada görünməyə ça­lışır. O, anti-Rusiya köklənişində Qərbi keçmək niyyətindədir. Ancaq hərəkətləri ilə özünü heç nə ilə təsdiqləyə bilməyən uşağa bənzəyir. Elə hey vurnuxur ki, nə isə eləsin... 

Nikolun Rusiya ilə bağlı hansı məqam­lardan söz açdığına toxunacağıq. Həm də ona görə ki, onun Moskva əleyhinə mövqe­yi anti-Azərbaycan ritorikasından irəli gəlir. Paşinyan Azərbaycanı Rusiya, özünü Qərb cəbhəsində təqdim edib üstünlük qazanmağa ümid bəsləyir. Bəli, erməni baş nazir göstərir ki, ölkəsi Azərbaycanla barışığa razı deyil. Özü də bu mövqe Bakıdan İrəvana sülh tək­liflərinin növbəti variantının təqdim olundu­ğu bir vaxtda səslənir. Çox qəribədir...

Haşiyə çıxaq ki, sülh təklifləri variantları üzrə mübadiləşmə ənənəsinin əsasını qoyan Ermənistandır. Paşinyan sözügedən müba­dilənin manipulyasiya olduğunu düşündü­yündən, Bakının hazırkı yazılı mövqeyi ilə tanışlığa, ortaq nöqtələr tapıb pozitiv ab-hava formalaşdırmağa əhəmiyyət vermir. Bəlkə də maska taxıb sülhpərvər “zəngulələr vur­maqdan” bezib. Ancaq buna bezmək demək olmaz. Çox güman, təminat alıb. Hər cür oyunbazlıq müqabilində Azərbaycandan qo­runmaq təminatı. Axı Paşinyan “France 24” telekanalının efirinə Fransaya işgüzar səfəri zamanı çıxıb. Ötən sayımızda həmin səfərin hansı anti-Azərbaycan motivləri ilə yadda qaldığından danışqdıq. Böyük ehtimalla, er­məni baş nazir “France 24”-də məhz həmin motivlərdən ilhamlanaraq danışıb.

Beləliklə, erməni hökumət rəhbəri de­yib ki, əgər Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edirsə və buna son ha­disələri də əlavə etsək, sülhün qeyri-müm­künlüyü aydındır. Paşinyanın sözlərinə görə, Bakının bəyanatları Ermənistana yeni hücum ehtimalını aktuallaşdırır. 

Təsəvvür edin, şərti sərhəddə Azərbay­can hərbçilərinə ilk atəş açan erməni snaype­ridir. Nikol isə sərsəmləyir. Onun məntiqi ilə yanaşsaq, deyə bilərik ki, Ermənistan Azər­baycan ərazilərini işğal etməyə çalışır, çünki gülləni ilk atan erməni hərbçisidir. Bu barədə geniş düşünmək üçün də əsaslar var. Axı otuz ilə yaxın müddətdə təcavüz yolu tutan rəsmi İrəvan olub. Otuz ildən artıq müddətdə Azər­baycan ərazilərində qondarma separatçı rejim saxlayan da odur. 

Ölkəmizin “Qərbi Azərbaycan” ritori­kasına gəldikdə isə bu, tam normaldır. Əv­vəla, 1988–1991-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından didərgin salınmış azərbaycanlılar var. O yurdlardan ki, türk torpaqlarıdır və onların Ermənistanın tabeli­yinə necə keçdiyini göstərən əlahəzrət tarix var. Tarixdə olanlar tarixdə qalsın, – deyər­dik. Ancaq bunu söyləyə bilmirik. Yenə də ona görə ki, Ermənistan elə həmin tarixdən nəticə çıxarmaq, daha doğrusu, nəticə çıxarıb kifayətlənmək istəmir. 

Kifayətlənməməkdən söz düşmüşkən, erməni avantürizmindəki iştahanın böyük­lüyü də acı tariximizin tərkib hissəsidir. 1918–1969-cu illərdə Azərbaycanın əbədi və əzəli torpaqları Ermənistana hədiyyə verildi. 1969-cu ildə ulu öndər Heydər Əliyev res­publikamızda hakimiyyətə gəldikdən sonra bu mənfur prosesə “dur!” deyildi. 

Heydər Əliyev şəxsiyyətinin siyasi mə­harəti nəticəsində erməni avantürizminin boynuna vurulmuş “dustaq zənciri” 1987-ci ildə ümummilli liderin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından sonra qırıl­dı. Ardınca nələr yaşandı, hamımıza yaxşı məlumdur – torpaqlarımız işğala məruz qal­dı, vətəndaşlarımız yurd-yuvasından didər­gin salınıb çadırlarda, vaqonlarda yaşamağa məhkum edildi. Həmin erməni avantürizmi bizi çox pis cəzalandırdı, Heydər Əliyevin rəhbərlikdə olduğu illərdə edə bilmədiyinin qisasını aldı. 

Lakin 44 günlük müharibədə sınmış əz­mimizi, qırılmış qürurumuzu bərpa etdik. Ermənistanı rüsvayçı məğlubiyyətə uğratdıq, torpaqlarımıza sahibləndik. Üzləşdiyi acı­nacaqlı durumdan nəticə çıxarmayan Ermə­nistan hakimiyyəti və dünya erməniliyi isə 2020-ci ildən 2023-cü ilədək ərazilərimizdə haqqında söz açdığımız avantürizmin qalığı­nı – can verməkdə olan separatizmi yaşatdı. 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərindən sonra həmin qalığı da kürüyüb atdıq. 

Amma yenə şans verdik. Dedik ki, Qara­bağ erməniləri, sıravi sakinlər bölgədə qalıb Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Onlar çağırışımızı eşitməyib ərazini tərk et­dilər. Çünki insan kimi yaşamaq istəmədilər. Ermənistana gəldikdə, ölkə avantürizmə sax­ta niskil uydurub anti-Azərbaycan siyasətini davam etdirdi. Rəsmi İrəvan və onun xa­ricdəki havadarları hər vəchlə Qarabağ er­məniləri üzərinə oyun oynamağa çalışdılar, müxtəlif xarici instansiyalara baş vurdular. Bölgənin erməni sakinlərinin yaşayış yer­lərinə qayıtmaları üçün beynəlxalq təminat istədilər. Elə bir təminat ki, gələcəkdə Qara­bağ avantürizmi üçün, necə deyərlər, tutacaq yeri olsun. Belədə, biz nə üçün Qərbi Azər­baycan məntiqinə, tarixi reallığa müraciət etməyək? Nəyə görə azərbaycanlıların pozul­muş hüquqlarından danışmayaq? Nəhayət, bir halda ki, Paşinyan və onun xaricdəki dəstəkçiləri sülh müqaviləsinə Qarabağ er­mənilərinin bölgəyə qayıtmaları müddəasını əlavə etməyə cəhd göstərdilər, ölkə rəsmilə­rimizin Ermənistandan deportasiya olunmuş azərbaycanlılar üçün eyni qayıdış hüququ barədə söz açmasında məntiq və qanunauy­ğunluq var. 

Ancaq göründüyü kimi, Paşinyan həya­sızlığına salıb bunu Bakının işğalçılıq niyyəti kimi tirajlayır. Görəsən, onun illər ərzində Ermənistanda buraxılmış ayrı-ayrı saxta xə­ritələrdə işğal edilmiş torpaqlarımızın ölkə­nin ərazisi kimi göstərilməsindən xəbəri var­mı? Əlbəttə, var! 

Erməni baş nazir ermənilərə xas xislə­ti Azərbaycanın boynuna qoymaqla, siyasi dividend qazanmağa çalışır. Tam aydın­dır ki, bu dividendin konkret məqsədi var. “Azərbaycan Ermənistana qarşı təcavüz reallaşdıracaq” məntiqi yeni işğallar üçün bəhanədir. Təxminən belə: bizə hücum et­mək istəyirdilər, məcbur qalıb müharibəyə başladıq. Deməli, Prezident İlham Əliyevin çıxışlarında, müsahibələrində Ermənistana və havadarlarına Azərbaycan torpaqlarına göz dikməmək çağırışını səsləndirməsi, xə­bərdarlıqlar ünvanlaması təsadüfi deyilmiş. Hər halda, dövlətimizin başçısı onların məkr­li niyyətlərindən hamıdan çox xəbərdardır. 

***

Əvvəldə də vurğuladıq ki, Paşinyan, bir qayda olaraq, Qərbə özünü, belə demək mümkünsə, ən yaxşı anti-Rusiyaçı kimi göstərir və əlinə düşən hər beynəlxalq plat­formanı mövcud istiqamətdə dəyərləndirir. Onu da bildirdik ki, Nikol Rusiya əleyhinə baxışlarını anti-Azərbaycan ritorikası ilə çul­ğalaşdırır, Moskvanın Bakı ilə eyni cəbhədə dayandığına dair yanlış rəy yaradır. Hesab edir ki, bu yolla beynlxalq ictimaiyyəti ölkə­mizə qarşı qaldıracaq. Ancaq Prezident İlham Əliyevin yanvarın 10-dakı müsahibədə bil­dirdiyi kimi, İrəvanın ən çox səy göstərdiyi Avropa İttifaqı platformasında belə Azərbay­cana qarşı çıxmaqla bağlı vahid mövqe yox­dur. Çünki ölkəmiz uğurlu xarici siyasət xətti yürüdür, bu, öz yerində. Paşinyanın fransız telekanalının efirində Rusiya ilə bağlı səslən­dirdiyi fikirlərə gəlincə, deyəsən, Nikol bu dəfə barıtı lap çox edib. 

***

Paşinyan deyib ki, Rusiya rəsmiləri 2023-cü ilin payızında Ermənistanda dövlət haki­miyyətini devirməyə səsləyiblər. “2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiyanın yüksək rütbəli məmurları Ermənistan əhali­sini açıq şəkildə üsyana və hökuməti devir­məyə çağırıblar”, – deyən Nikol bu çağırı­şın, konkret olaraq, hansı Kreml təmsilçisi tərəfindən səsləndirildiyini açıqlamasa da, Rusiya telekanallarında Ermənistan əleyhinə təbliğat aparılmasından şikayətlənib. Guya ki, ötən müddətdə Nikol və ona yaxın da­irələr Moskvaya münasibətdə güldən ağır söz işlətməyiblər... 

***

Paşinyanın “France 24”dəki anti-Rusi­ya təbliğatının bir detalını açıqladıq. Ancaq üzərində dayanacağımız daha iki məqam var. Bunlardan birincisi, Ermənistandakı Rusiya hərbi mövcudluğudur. Məlum olduğu kimi, ölkənin Türkiyə ilə sərhədində rus hərbçilə­ri keşik çəkirlər. Bundan başqa, Ermənista­nın İranla sərhədində və hava limanında da onların bloqpostları var. Doğrudur, Nikol ölkəsindəki rus hərbi bazasının çıxarılması məsələsinin müzakirə olunmadığını dilə gə­tirib. Əvvəllər də məsələyə, təxminən, eyni cür münasibət bildirirdi. Amma indi bir qə­dər fərqli tərzdə danışıb, “hələlik” sözünü işlədib. Yəni, Ermənistandakı Rusiya hərbi bazasının ölkədən çıxarılmasının, hələlik, diskussiya predmeti olmadığını vurğulayıb. Deməli, baş nazir, bir növ, əl yeri qoyub. Məsələnin mümkünlüyünə işarə verib. 

Yeri gəlmişkən, Paşinyan bəhanə də ta­pıb. Bəhanəsi odur ki, Ermənistandakı rus hərbçiləri qeyri-qanuni hərəkət edir, hədləri­ni aşırlar. Məsələn, erməni hökumət rəhbəri həmin hərbçilərin rusiyalı dezertir Dmtri Setrakovu qaçırdıqlarını deyib və bunun narahatlıq doğurduğundan söz açıb: “Əra­zimizdə qanunsuz hərəkətlər yolverilməzdir və İrəvanın tələbləri cavabsız qalarsa, bunun nəticələri olacaq”. 

***

N.Paşinyanın “France 24”ə müsahibəsin­dəki ikinci anti-Rusiya xəttində də “yenilik” var. Bu xətt Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı ilə bağlıdır. Nikol bildirib ki, Ermənistan Rusiyanın hakim rol oynadığı bu qurumdakı fəalliyyətini dondurub. Qeyd edək ki, əvvəllər də Paşinyan KTMT müstə­visində əks fikirlər səsləndirirdi. Bu dəfə diqqət çəkən məqam onun sırf “dondurmaq” ifadəsini işlətməsidir. 

Yeri gəlmişkən, Ermənistanın KTMT ilə münasibətləri 2022-ci ilin sentyabrında Azərbaycan – Ermənistan sərhədində yaşan­mış hərbi insidentdən sonra pozulmağa baş­layıb. Rəsmi İrəvan həmin vaxt iddia etmişdi ki, ölkəmiz Ermənistan ərazisinə, guya, qəsd reallaşdırıb və KTMT faktı təsdiqləməli, Azərbaycan əleyhinə bəyanat verməlidir. Pa­şinyan bununla bağlı qurumun İrəvanda keçi­rilmiş və Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı yüksək səviyyəli sammitində əsl isterika da qoparmışdı. İş o yerə çatmışdı ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Nikolu KTMT-yə üzv dövlətlərin başçılarını uşaq yerinə qoymamağa çağırmış, Qazaxıs­tan Prezidenti Kasım-Jomart Tokayev isə bildirmişdi ki, Azərbaycanla Ermənistanın sərhədləri dəqiqləşmədiyindən, ikincinin ərazisinə hücumun gerçəkləşdiyi faktını müəyyənləşdirmək mümkünsüzdür. Nəticə­də sözügedən sammitdən sonra Ermənistan–KTMT münasibətlərindəki ziddiyyətlər daim artan xətt üzrə inkişaf etmiş, nəhayət İrəvan qurumun ötən ilin noyabrında Belarusda ke­çirilmiş yüksək səviyyəli toplantısına qatıl­mamış, ümumən, bu təşkilatın xətti ilə real­laşmış bütün tədbirləri boykot yolu tutmuşdu. 

Yuxarıda vurğuladığımız “dondurmaq” ifadəsindəki “yeniliyi” nəzərə almasaq, Pa­şinyan yenə köhnə məsələləri gündəmə gətir­məkdədir. O, fransız telekanalının efirində də deyib ki, KTMT Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişini yerinə yetirməyib: “Bi­zim fikrimizcə, Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişi, xüsusən 2021–2022-ci illərdə yerinə yetirilmədi və bu, bizə təsirsiz ötüşməyə bilməzdi. Biz bu təşkilatda iştira­kımızı dondurduq. Görək bundan sonra nə olacaq”. 

***

Sonda bir daha əvvəldə haqqında söz açdığımız məqama qayıdaq. Ermənistan göstərir ki, birincisi, Azərbaycanla sülhdə maraqlı deyil, ikincisi, anti-Rusiya xəttini də­rinləşdirməkdə israrlıdır. Nəinki Paşinyanın “France 24” telekanalının efirində söylədik­ləri, ümumən, onun Fransaya işgüzar səfəri gedişində gerçəkləşdirdiyi görüşlər, səslən­dirdiyi fikirlər bunun təsdiqidir. Nikolun özü demiş, görək nə olacaq...

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV