USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aİ-nin “binokllu diplomat-kəşfiyyatçıları”

Son bir ildə şərti sərhəddə baş verənlər göstərdi ki, bu missiya təxribatla məşğuldur


https://img.baki-baku.az/news/2024/02/photo_11335.jpg

Ermənistanda fəaliyyətinin 1-ci ildönümünü bayram edən Avropa İttifaqının mülki missiyası qərarda göstərilən ilkin mandatından xeyli kənara çıxıb. Həm də, bu yoldansapmalar şərti sərhəddə müşahidə missiyasından fərqli fəaliyyətə baş vuran avrolegionun jandarmlar və hərbçilərinin maraqlı davranışları ilə müşayiət olunur. 

2022-ci il oktyabrın 17-də Aİ Xarici İşlər Nazir­ləri Şurası mülki missiyanın Ermənistana göndə­rilməsi barədə qərar verdi. Adı mülki, əslində isə hərbi legiona bənzəyən missiya 2023-cü il fevral ayının 20-də fəaliyyətə başladı. Daha sonra isə özlərini mülki yox, “xoşməramlı” missiya adlan­dırdılar. Hayastanda lövbər salmış Aİ missiyası­nın, əslində, mülki deyil, hərbi kontingentə çev­rilməsi danılmaz faktdır. Bu da təəccüblü deyil. Elə missiyanın rəhbəri postuna Ştutqart şəhəri­nin polis idarəsinin rəisi, alman Markus Ritterin təyin edilməsi bir çox məqamlardan xəbər verir. Keçmiş polis şefinin “xidməti dosyesi”ndə Aİ-nin İraqdakı məsləhət missiyasının rəhbəri, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Koso­vadakı missiyalarında xidmət, eləcə də Almani­yanın Əfqanıstandakı səfirliyində polis müşaviri qrafaları da yer alır. Fransa nümayəndəsi Şarl Fris isə Aİ-nin bölgədə həyata keçirdiyi bütün əməliyyatların kuratorudur. Bir sözlə, “alman–fransız legionu”ndakı əməkdaşların böyük əksə­riyyəti elit bölmələrdə xidmət keçmiş eks-hərb­çilər, polislər, müxtəlif ölkələrin kəşfiyyatçılarıdır. İşinə 50 nəfərlə başlayan missiya hazırda 209 nəfərlik heyətə malikdir. Belə yerli-yataqlı girişi ona görə veririk ki, oxucunun bir yaşını bayram edən Aİ-nin psevdo-missiyası barədə təsəvvürü bütöv olsun.

“Avropa İttifaqının (Aİ) Ermənis­tandakı müşahidə missiyası Cənubi Qafqazda sabitliyə zəmin yaradır və cari hadisələrin şəffaflığının təmina­tında mühüm amildir”. “Armenpress” xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mü­şahidə missiyasının fəaliyyətinin 1-ci ildönümünə həsr olunmuş tədbirdə söyləyib. O, yada salıb ki, arxada qa­lan il Aİ-nin mülki missiyası üçün ol­duqca vacib mərhələ olub: “Missiyanın dislokasiya yeri, kadr heyəti, onun fəa­liyyətinin hüquqi əsasları ilə bağlı bir sıra məsələlər həllini tapıb və böyük tərəqqiyə nail olunub”.

Avromissiyanın Ermənistanda han­sı “tərəqqiyə” nail olduğuna fevralın 12-də şahidlik elədik. Münhen Təh­lükəsizlik Konfransına beş gün qalmış Ermənistan ordusunun şərti sərhəddə təxribata əl atması, erməni snayperin Azərbaycan sərhədçisini yaralaması və bunun ardınca baş verənlər, nə­dənsə, Aİ-nin müşahidə missiyasının “gözündən yayındı”. Ermənistan ordu­su layiq olduğu cəzasını aldıqdan son­ra isə Aİ-nin Ali baş komissarı Cozep Borrelin Azərbaycanı qınayan bəyanatı bizə suyun bulandırıldığı səmti göstər­di. 

“Yubiley” tədbirinə qayıdaraq, A.Qriqoryanın alovlu çıxışından bəzi məqamlara nəzər salaq: “Aİ-nin mis­siyası Ermənistanda öz fəaliyyətinə bizim üçün çox çətin dövrdə başladı və artıq bir ildir ki, Ermənistan və Azər­baycan arasında beynəlxalq hüququn tanıdığı bütün sərhəd boyu monitorinq funksiyasını yerinə yetirir. Ermənistan tərəfi Aİ-nin iyirmidən çox üzv ölkəsinə, Brüsseldəki rəhbərliyə və missiyanın əməkdaşlarına bu vacib işə verdikləri töhfəyə görə minnətdardır. Biz missi­yanın tərkibində Aİ-yə üzv ölkələrin ha­mısının nümayəndələrini görəcəyimizə ümid edir və gözləyirik”. 

* * * 

Bu məqamda qeyd etməyi zəru­ri sayırıq ki, rəsmi Bakı Ermənistanla şərti sərhəddə öz ərazisinə Aİ-nin mül­ki missiyasının göndərilməsi cəhdlərini qətiyyətlə rədd edib. Azərbaycan Pre­zidenti İlham Əliyev bu barədə 2022-ci il oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib: “Avropa Siyasi Birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İt­tifaqı Şurasının prezidenti, Ermənistan baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşdə Ermənis­tan–Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olun­du. Sonradan öyrəndik ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Missiyanın məqsədi, gördü­yümüz kimi, tərəflərə delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilmə­sində kömək etməkdir. Bu səbəbdən buna razılıq verdik. Bu missiyanı Azər­baycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi”.

Aİ mülki missiyasının son birillik fəaliyyəti cənab Prezidentin onun əsl məramının nədən ibarət olduğunu elə rüşeymindəcə dəqiq müəyyən­ləşdirdiyini isbatladı. Yuxarıda yaz­dığımız kimi, Aİ-nin bu strukturu heç bir halda mülki missiyaya deyil, hərbi kontingentə bənzəyir. Bu baxımdan missiyanın büdcəsinin həcmi də ma­raq doğurur. “Aİ-nin Ermənistandakı missiyası haqqında şuranın qərarı”nın 13-cü maddəsinə əsasən, bu qəra­rın qüvvəyə minməsindən sonra dörd ay ərzində missiya ilə əlaqəli xərcləri ödəmək üçün nəzərdə tutulmuş əsas maliyyə məbləği 8.103.590,82 avrodur. Yəni, onun birillik büdcəsi 24 milyon avrodan çoxdur. Sizcə, mülki missiya üçün bu məbləğ çox deyil? 

* * * 

Bakı Aİ-nin şübhəli fəaliyyətin­dən narazılığını dəfələrlə dilə gətirib. Amma qarşı tərəf buna əhəmiyyət verməyib. Vəziyyəti düzgün dəyərlən­dirən rəsmi Bakı Aİ-nin Azərbaycan­dakı səfiri Peter Mixalkonu ilk dəfə Xa­rici İşlər Nazirliyinə dəvət edib. Görüş zamanı səfirin diqqətinə Azərbaycan tərəfinin bəzi narahatlıqları çatdırı­lıb. Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə olunmuş ilkin ra­zılıqlara zidd addımlar atdığı, missi­yanın regional sabitlik, habelə Azər­baycanla Ermənistan arasında etimad quruculuğuna töhfə verməsinin əksinə olaraq, ölkəmizə qarşı təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olundu­ğu vurğulanıb. Bununla yanaşı, rəsmi Bakı Ermənistan ərazisindəki missi­yanın bəyan edilmiş mandatına uyğun surətdə neytral, mülki və silahsız mis­siya qismində fəaliyyət göstərməsinə çağırış edilib. 

Yuxarıda deyilənləri bir yerə topla­saq, mənzərə tam aydın olar: Cənubi Qafqaz uğrunda böyük geosiyasi oyun davam edir. Təbii ki, 44 günlük müha­ribədən sonra güclənən Türkiyə–Azər­baycan tandeminə qarşı düşərgədə Ermənistana Cənubi Qafqazın Livanı rolu ayrılıb. Bu da onun boyuna uyğun seçilmiş missiyadır...

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Keçmiş hərbçilərdən və kəşfiy­yatçılardan ibarət Avropa İttifaqının müşahidə missiyası iki ölkənin şərti sərhədində nəyi izləyə bilərdi? Aydın məsələdir ki, onların əsas məqsədi bölgədə vəziyyəti müşahidə etmək, zəruri məlumatları toplamaq və həmin informasiyaları öz ölkələrinə göndər­məkdən ibarətdir. Yəni, söhbət ondan gedir ki, həmin missiya “binokl diplo­matiyası” adı altında regionda real şəkildə, çox güman ki, gizli fəaliyyətlə məşğul olur. Digər tərəfdən, bu missi­ya Ermənistanı kimdən və necə qoru­yur? Axı, şərti sərhəddə Ermənistanın təhlükəsizliyi hansı formada təmin edilir? 

Azərbaycanın Ermənistana qarşı heç vaxt ərazi iddiası olmayıb. Bundan sonra da, yəqin ki, olmayacaq. Əgər Aİ missiyası, həqiqətən də, vəziyyə­ti müşahidə edib, hansısa qoruyucu tədbirləri həyata keçirirlərsə, onda ilk növbədə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını almalıdır. Sərhədin bu üzündəki əs­gərlərimizə erməni snayperləri tərə­findən atəş açılır. Bu halda onlar nəyi müşahidə edirlər, nəyi izləyirlər? Buna sərhəd zolağında sabitliyin qorunma­sı adını vermək olarmı? Düşünürəm ki, avromissiyanın bu xarakterli qey­ri-müəyyən fəaliyyəti heç bir konkret nəticə verə bilməz. Çünki Aİ-nin mülki missiya ilə bağlı qərarında açıqlanan əsas məqsəd və funksiyalar, sadə­cə olaraq, görüntü xarakteri daşıyan müddəalardır.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşadırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Avropa İttifaqı Cənubi Qafqaza özünün mülki missiyasını göndərən­də onu hər iki respublikada yerləş­dirmək istəyirdi. Azərbaycan Prezi­denti, haqlı olaraq, bunun əleyhinə çıxdı. Zatən Qarabağda Rusiya hər­bi kontingenti olduğu halda, bölgəyə avromissiya da gəlsəydi, bu, müt­ləq qarşıdurmaya səbəb olacaqdı. Azərbaycana əlavə problem lazım deyildi. Amma Ermənistan baş nazi­ri Nikol Paşinyan Brüsselin bu tək­lifini sevincək qəbul etdi. Bunun bir səbəbi də İrəvanla Moskva arasında yaşanan gərginlik idi. Yəni, Paşinya­nın Rusiyadan narazılığı onun Avro­paya üz tutmasına səbəb oldu. 

Keçən bir ildə Aİ misiyasının bölgəyə heç bir faydası olmayıb. Əksinə, əlavə gərginlik yaradan ele­mentə çevrilib. Bu mülki missiyanın sərhədlə bağlı doğru-düzgün fəa­liyyəti də yoxdur. Missiyalarına uy­ğun onlara yaxşı ad da qoymuşuq: “binokl diplomatiyası”. Yəni, həmin fransız və alman emissarlar şərti sərhədin o üzündən Azərbaycan tərəfə baxır, şəkillər çəkir, hətta on­ları internetdə də yayırlar. Bundan məqsədləri Azərbaycanı qıcıqlan­dırmaqdır. Halbuki, Aİ İrəvanla ya­naşı, Bakı ilə də əməkdaşlıqda ma­raqlıdır. Fəqət bu xarakterli missiya Aİ–Azərbaycan münasibətlərinə ancaq ziyan vurur. Şərti sərhəddə ortaya çıxmış son insident isə İrəva­nın seyrçi mövqe tutduğunu ortaya qoydu. Azərbaycan sadəcə təxriba­ta adekvat cavab verdi. Aİ məsuliy­yəti atdı Rusiyanın üzərinə. Guya, sərhədin həmin hissəsi Rusiyanın nəzarətindədir. 

Avropa, faktiki olaraq, Rusiya və Ermənistan arasında maraqların mübarizəsini aparır. Digər tərəfdən, Moskva anlayır ki, Aİ monitorinq missiyasının əsl məqsədi heç də sərhəddə müşahidə aparmaq deyil, Rusiyanın Gümrüdəki hərbi bazası, sərhədçiləri barədə kəşfiyyat məlu­matları toplamaqdır. Hansı tərəfdən baxsaq, bu mülki missiyanın bölgə üçün heç bir faydası olmadı. Ən bö­yük ziyanı isə Ermənistan özü gör­dü.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI