USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Beynəlxalq səhnədə “yeni paradiqma”

Söhbət Fransa–Ermənistan–Hindistan hərbi alyansından gedir


https://img.baki-baku.az/news/2024/02/photo_11282.jpg

Paris və Dehlinin hər birinin bu yeni “üçlər ittifaqı”ndan umacaqları olduğu kimi, strateji məqsədləri də var. Onların bu korporativ məqsədlərindən İrəvanın maksimum öz xeyrinə yararlanmağa çalışdığı şübhə doğurmur. Xüsusilə Bakının 2023-cü il sentyabrında düzənlədiyi lokal antiterror tədbirindən sonra İrəvanın müasir silahlar almağa girişməsi və bu məqsədlə Paris və Dehli ilə bir neçə hərbi müqavilə imzalaması nəzərdən yayınmayıb. Fəqət bu zaman Hindistan və Fransa ilə müqayisədə Ermənistanın beynəlxalq nüfuz və çəki dərəcəsindəki ciddi fərq də özünü  göstərir. 

Makron Fransasının İrəvan üzərində böyük təsirə malik olması danılmaz faktdır. Əslində, Yelisey sarayının müvəqqəti sahibi Cənubi Qafqazla bağlı özünün təxribatçı mövqeyini heç vaxt gizlətməyib. Ermənistanın bu ölkələrlə münasibətlərini üçtərəfli rəsmi çərçivəyə salmağa can atır. Bəs, İrəvanın Qərb və Şərq istiqamətli bütün bu çırpıntıları, Parisin erməni revanşizmini reabilitasiya cəhdləri bölgədə yeni müharibənin alovlanmasına gətirib çıxara bilərmi? Bu mövzuya məqalənin sonunda aydınlıq gətirməyə çalışacağıq. 

* * * 

“Ermənistan baş naziri Nikol Paşinyan Fransa və Hindistandan silah tədarükü üzrə müqavilələri müdafiə edərək, ölkənin milli təhlükəsizliyinin və müdafiəsinin təminatının vacibliyini önə çəkib. Azərbaycan isə buna qarşıdır, Ermənistanın adıkeçən dövlətlərlə hərbi sövdələşmələrinə Cənubi Qafqaz bölgəsində silahlanma yarışının kəskinləşməsi kimi baxır. Üçlərin hərbi-texniki əməkdaşlığı özündə Ermənistanın xarici siyasətində Rusiyadan çoxdankı asılılığından əhəmiyyətli dərəcədə uzaqlaşmasını ehtiva edir”. Bu barədə “The Geopolitics” nəşri yazıb. 

Məqalədə qeyd olunur ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun əsas qonaq qismində Hindistan Respublikasının 75-ci ildönümünü ilə bağlı bayram tədbirlərində iştirakı zamanı iki ölkə bir-birnə “müdafiə sənayesinin yol xəritəsini” təqdim ediblər. Həmin sənədin başlıca tezisi hərbi silahların birgə istehsalıdır. Bundan başqa, tərəflər arasında kosmosda əməkdaşlıq barədə razılıq əldə olunub, eləcə də Hindistan və digər “dost ölkələr” üçün helikopterlər, sualtı qayıqlar kimi müdafiə texnikasının birgə istehsalı üzərində işləmək öhdəliyi götürüblər. 

“Bu hərbi əməkdaşlığın əsas istiqamətlərindən biri Hind–Sakit okean strategiyasıdır”, – yazan “The Geopolitics” Fransanın Hindistanın BMT Təhlükəsizlik Şurasında daim üzv olmasını dəfələrlə dəstəklədiyini də vurğulayıb.         

Fransa–Ermənistan–Hindistan triosunu Azərbaycana dost olmayan dövlətlərin ittifaqı kimi xarakterizə etmək lazımdır. Parisin və Dehlinin İrəvanı silahlandırmaq istiqamətindəki davamlı və sistemli fəaliyyətinin nüvəsində məhz bu amil dayanır.    Yeri gəlmişkən, keçən ilin yayında Hindistan mediası baş nazir Narendra Modinin Parisə səfəri ərəfəsində Hindistan və Fransa arasında birgə hərbi istehsalla bağlı müqavilələrin imzalanacağı barədə məlumatları tirajlamışdı. Bir müddət sonra Dehlinin Parisdən qırıcı təyyarələr alması ilə bağlı silah tədarükü müqavilələri imzalandı. Aydındır ki, Fransa və Hindistan arasındakı hərbi-texniki əməkdaşlığın indiki vəziyyəti bölgəmizdə də yaxından izlənilir. Bu zaman biz rəsmi İrəvanın Dehli ilə hərbi-texniki sahədə əməkdaşlığı canlandırmasına da şahidlik edirik. Ermənistanın Hindistandan artilleriya və PUA sistemləri tədarük edəcəyinə dair məlumatlarda onların arasında Fransa istehsalı olan sistemlərin mövcudluğuna diqqət çəkilirdi.  

* * * 

“The Geopolitics”in məqaləsində daha sonra qeyd olunur ki, Fransa özünün Ermənistanın müdafiə potensialını möhkəmləndirməyə meylini açıq şəkildə nümayiş etdirir: “Xüsusilə hava hücumundan müdafiə sahəsində əməkdaşlığı Cənubi Qafqazdakı regional problemlərə cavab olaraq düşünülür. “Yer–hava” tipli müasir raketlərin və radiolokasiya texnologiyasının göndərilməsi də bu məqsədə xidmət edir. 

Fransa Senatının 2001-ci ildə “erməni soyqırımı”nı tanıması, eləcə də bu ölkənin ATƏT-in Minsk qrupunun “Dağlıq Qarabağ münaqişəsi” üzrə vasitəçilik missiyasında həmsədr olması iki ölkənin siyasi münasiibətlərinin təməlini təşkil edir. İqtisadi planda isə əməkdaşlıq daha etibarlıdır və genişlənməkdədir. İki ölkə arasında ticarət dövriyyəsi artan templə inkişaf edir. Ermənistanın həyati əhəmiyətli sahələrinə yatırılan sərmayə sayəsində Fransa 2016-cı ildə maliyyə həcminə görə İrəvanın ikinci ən böyük investoru olub”.   

2020-ci ilin noyabr məğlubiyyətindən sonra isə Paris və İrəvan arasında əməkdaşlığın ağırlıq yükü hərbi sahəyə yönəldildi. Amma Makron hakimiyyətinin bu yöndə cəhdlərinin heç bir faydasının olmayacağını indidən söyləmək mümkündür. Avropalı və asiyalı tərəfdaşlarının Ermənistanı silahlandırmasının İrəvan üçün hansı təhlükələrə səbəb olacağı barədə Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib: 

“Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir. Hətta, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Cənab Prezidentin məsələyə qəti və birmənalı qiyməti İrəvana mesaj kimi qəbul edilməlidir. Əgər İrəvan bundan lazımi nəticəni çıxarmayıb, silahlanmaya davam etməyi məqbul sayırsa, son nəticəni də gözünün qabağına gətirsin.  

* * * 

Məqalənin sonunda “The Geopolitics”in analitiki yazır ki, bu yeni üçtərəfli (Fransa–Ermənistan–Hindistan) əməkdaşlıq ikitərəfli münasibətlərdən qlobal çağırışlara kompleks yanaşmaya strateji dönüş deməkdir: “Burada uzunmüddətli üç məqsədin yaxınlaşmasını qeyd etmək olar: Fransanın Hindistanın qlobal rolunu qəbul etməsi, Hindistanın Ermənistana texnoloji müdaxiləsi və Ermənistanın Avropaya inteqrasiyaya can atması. Fransa, Ermənistan və Hindistan arasında strateji ittifaqın formalaşması beynəlxalq münasibətlərdə yeni paradiqmanı nümayiş etdirir. Perspektivə hesablanmış bu sintez çoxqütblü və balanslaşdırılmış dünya düzəninin qurulmasına yönəldilib”.    

İlk baxışda mütərəqqi ideya təsiri bağışlayan və gəlişigözəl sözlərlə müşayiət olunan bu hərbi alyansın əsl məqsədinin heç də dünya düzənini sağlamlaşdırmağa hesablanmadığını anlamaq üçün politoloji təhsilə mailk olmağa gərək yoxdur. Sadəcə, düşmənçiliyi kənara qoymağa tələsməyən İrəvanın bu və buna bənzər hərəkətləri ilk növbədə Cənubi Qafqazda qeyri-standart situasiyalar, arzuolunmaz böhran şəraiti yarada bilər. Bunun da altını yenə İrəvan çəkməli olacaq. Ermənistan, doğrudanmı, Azərbaycanla yeni müharibəyə hazırlaşır? Onu növbəti və əvvəlkilərdən daha ağır fəlakətə düçar edəcək bu avantürist addımı atmağa kim təhrik edə bilər: Paris, yoxsa Dehli? Bəlkə ikisi də eyni vaxtda?     

Yeni “hərbi alyans”, “beynəlxalq paradiqma” adlandırdıqları “üçlər ittifaqı”nın üzvlərinin gündəliyinə bu notu salmağımız yetərlidir: xarakter və məqsədindən asılı olmayarq, heç bir alyans Azərbaycanın yer aldığı və artıq beynəlxalq güc mərkəzlərindən birinə çevrilmiş Türk Dövlətləri Təşkilatının ortaq hərbi gücü qarşısında heç nə etməyə qadir deyil. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

İmran BƏDİRXANLI