- Daxili siyasət
- 11:03 30.09.2024
Münxen Təhlükəsizlik Konfransı işə başlayıb. 150-dən çox dünya lideri qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Almaniyaya toplaşıb. Konfransda bir sıra aktual məsələlər, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində Avropanın rolu, qlobal nizama yeni baxış, iqlim dəyişikliyinin nəticələri, texnoloji tərəqqi və digər məsələlər müzakirə olunacaq. Ukraynaya kömək də konfransda müzakirə ediləcək. Forum çərçivəsində dünyanı narahat edən məsələləri müzakirə etmək üçün qarşı tərəfin xahişi ilə Prezident İlham Əliyev də Münxenə səfərə gedib.
Fevral 16-da dünyanın ən nüfuzlu xarici siyasət və müdafiə forumlarından biri olan və bu il 60 illik yubileyini qeyd edən Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Forumun əsas müzakirə sənədi Münxen Təhlükəsizlik hesabatıdır. Bu il hesabat “Lose-Liose?” adlanır ki, onu da “Hamı uduzacaq?” kimi tərcümə etmək olar. Sənədin məzmunu, artıq adından da göründüyü kimi, çox bədbindir. Gündəlikdə qlobal təhlükəsizlik böhranı, silahlı münaqişələr, miqrasiya problemləri, iqlim və yeni texnologiyaların inkişafı var. Konfransın rəhbəri Kristof Hoysqenin sözlərinə görə, hazırkı hesabat “geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənliyin artması ilə qeyd olunan dünya siyasətində azalma tendensiyasını əks etdirir”. Ölkələr daha az əməkdaşlığa və yalnız öz maraqlarına hörmət etməyə daha çox meyllidirlər, buna görə də mövcud böhranların əksəriyyətində iştirak edən bütün tərəflər uduzur və siyasi qeyri-müəyyənlik artır.
Hesabatda aşağıdakı mövzular vurğulanır ki, Rusiya–Ukrayna müharibəsi, Avropadan öz müdafiəsinə və Ukraynaya dəstək üçün maliyyə və səylər sərf etməyi tələb edir. Eyni zamanda Hind-Sakit okean regionunda artan gərginlik, xüsusən söhbət Çinin təsirindən gedir. Bundan başqa, hesabatda Yaxın Şərqdə zorakılığın artması, bölgədə müharibənin genişlənməsi ehtimalı ilə bağlı narahatlıqlar, o cümlədən Afrika ölkələrində bir sıra dövlət çevrilişləri, humanitar böhrana səbəb olan Sudan müharibəsi, habelə Qlobal Cənub ölkələri ilə əməkdaşlıq, yeni iqlim siyasəti və texnologiyanın inkişafı – strateji texnologiyalarda rəqabət (süni intellekt, yarımkeçiricilər) kimi mövzular öz əksini tapıb.
Bu il konfransda Qlobal Cənub ölkələrindən daha çox nümayəndə iştirak edəcək və onlarla müzakirələr aparılacaq. Latın Amerikası və Cənub-Şərqi Asiyadan, əvvəlki illərdə kifayət qədər təmsil olunmayan bölgələrin nümayəndələrinin iştirakı gözlənilir. Konfransın rəhbəri Kristof Hoysqerin sözlərinə görə, yüksək çinli məmurların da iştirakını gözləyirlər. Qeyd edək ki, ötən il foruma Çin Xalq Respublikasının xarici işlər naziri Van İ də gəlmişdi. Amma təşkilatçılar Rusiya və İran hakimiyyətinin nümayəndələrini foruma dəvət etməyiblər. K.Hoysqer bunu onunla izah edib ki, Rusiya və İran rəsmiləri danışıqlara ciddi maraq göstərməyiblər. Lakin hər iki ölkədən qeyri-hökumət təşkilatları dəvət alıb.
Ukraynaya kömək etmək konfransın əsas müzakirə mövzularından biri olacaq. Tədbir çərçivəsində Almaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş bağlanıb. Razılaşmanı Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts imzalayıb. Əvvəllər Ukrayna ilə Böyük Britaniya arasında oxşar saziş bağlanıb. Burada söhbət təhlükəsizlik təminatından getmir: Kiyev və London arasında razılaşma tərəflərdən heç birini digər tərəf üçün mübarizə aparmağa məcbur etmir. Bununla belə, o, hərbi yardımın göstərilməsini (o cümlədən silah və texnikanın tədarükü, hərbi və tibbi personalın təlimi), kəşfiyyat məlumatlarının mübadiləsini, kibertəhlükələrə qarşı birgə mübarizəni və təhlükəsizlik sahəsində əməkdaşlığın digər formatlarını rəsmiləşdirir.
Hesabatda, həmçinin qeyd olunur ki, Avropa İttifaqı və NATO üzvlük yolunda olan ölkələrə fəal dəstək verməlidir. NATO müttəfiqləri, lazım gələrsə, üzvlüyə qədər aralıq ikitərəfli təhlükəsizlik zəmanətləri təqdim etməlidirlər. Yanvarın 17-də Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Fransa da Ukrayna ilə ikitərəfli təhlükəsizlik zəmanəti müqaviləsi imzalayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev də Münxendədir və konfrans təşkilatçılarının xahişi ilə Almaniyaya səfərə gedib. Dövlət başçımızın belə bir mühüm tədbirə dəvət olunması, əlbəttə ki, Azərbaycanın artan nüfuzundan xəbər verir. Azərbaycan ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır və xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət, xoş münasibət, daxili işlərə qarışmamaq prinsiplərinə söykənir. Bütün ölkələrlə ikitərəfli münasibətlərimiz müsbət, qarşılıqlı hörmət və etimada əsaslanır.
S.MƏMMƏDOV