- Daxili siyasət
- 09:37 20.09.2024
Söhbət fransalı heykəltaraş Frederik Ogüst Bartoldinin 1886-cı ildə Nyu-York yaxınlığında ucaltdığı “Azadlıq” heykəli adlı möhtəşəm sənət əsərindən gedir. İndi həmin heykəltaraşın soydaşları dünyada qan tökülməsi üçün dəridən-qabıqdan çıxırlar. İndiyədək tökdükləri qanlar da heç zaman qurumayacaq. ABŞ rəsmilərinin isə “demokratiya” və “azadlıq” gətirdiyi ölkələrin hərəsi əlli-altmış il geriyə düşüb. Üstəlik, həmin ölkələrin əksəriyyətində hələ də qan “dizə çıxır” və ya vətəndaş müharibəsinin sonu görünmür.
Neoklassisizm üslubunda, tökmə texnikası ilə ərsəyə gəlmiş həmin heykəlin sənətkarlıq baxımdan mükəmməlliyi böyükdür. Elə ona görə də hər il onu üç milyondan çox turist ziyarət edir. Amma təəssüf ki, heykəlin dili yoxdur. Əgər dili olsaydı, o, “həmyerlilərinin” Vyetnamda, İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Gürcüstanda, Ukraynada və onlarca başqa ölkədə törətdiklərinə görə xəcalət çəkər, metal canı əriyib gedər və ya haray çəkərdi ki, mənim adımı dəyişdirin.
Ad demişkən, bu sənət əsərinə Roma azadlıq ilahəsi Libertasın şərəfinə “Azadlıq” adı verilib. Heykəl bir əlində azadlıq məşəlini, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabulanı (qanunların yazıldığı tablet) tutmuşdur. Bu sənət əsəri haqqında olan məlumatlarda qeyd edilir ki, azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqlara “xoş gəldin deyir!”.
Bir az mistik görünsə də, xatırladılmalı bir məqam da var, Belə ki, bu heykəl bir neçə dəfə təmir olunmuş, təmirdən sonrakı açılışın ertəsi günü isə qasırğa səbəbindən bağlanmışdır. Başqa bir məlumatda bildirilir ki, heykəltaraş bu əsərin modelini milyonçu aktyor İsaak Zinger Merrittin həyat yoldaşı İzabella Yugen Boyerin duruşuna (bədəninə) baxaraq yaratmışdır. Ancaq burada Şərq xalqlarına – bəlkə elə İslam dininə hörmətsizlik əlaməti olan bir element də xatırladılır.
Bartoldinin özünün dediklərinə əsaslanan mənbələr yazırlar ki, heykəltaraş həmin dövrdə Misir rəhbərliyinin Süveyş kanalının şimal girişindəki Port-Səiddə kəndli Misir qadını formasında və əlində məşəl tutmuş nəhəng mayak layihəsi hazırlamaq sifarişini də qəbul etmişdi. Eskiz və modellər, əslində, həmin layihə üçün hazırlansa da, həyata keçirilməmiş qalmışdı. Yəni “Azadlığ”ın kökündə qısqanclıq və ayrı-seçkilik də dayanırdı.
Həmin qısqanclıəq, ayrı-seçkilik bu gün daha kəskin, daha ciddi şəkildə davam edir. ABŞ rəsmiləri, sözün həqiqi mənasında, hansısa ölkənin bir addım irəli getməsini, tərəqqisini, müstəqil siyasət yeritməsini qəbul edə bilmirlər. Kim ötən illərdəkinə nisbətən bir azca inkişaf edirsə və ya öz azadlığına, müstəqilliyinə nail olmağa çalışırsa, dərhal Ağ evdə həmin ölkə üçün qara resept yazılır və oraya özünəməxsus “demokratiya” ixrac olunur.
Bu gün Avropanın inkişaf etmiş ölkələrinin Ağ ev istehsalı olan iki çətirin altına yığışdırılması da ( NATO və Avropa İttifaqı) , Rusiya və Çinin düşmən elan edilməsi də başa düşüləndir. Yəni avropalılar ABŞ-ın dedikləri ilə durub oturmalı, Pekin və Moskva isə Ağ evin siyasi nüfuzuna və ya iqtisadi maraqlarına mane ola bilməməlidir. Bunlar aydındır. Bəs ABŞ rəsmiləri Azərbaycan kimi yeni müstəqillik əldə etmiş və öz problemlərinin həllinə nail olmağı bacaran ölkəyə nə üçün qara yaxmaqla məşğuldur? Bakı ABŞ-ın maraqlarına əngəl törətmək və ya qazancına ortaq olmaq iqtidarında və hətta fikrində deyilsə, onda Ağ ev nə üçün ədalət prinsiplərini ayaq altına ataraq gənc müstəqil dövlətin haqlı səsini eşitməkdən imtina edir? Məgər Ermənistanın son otuz ildə törətdiyi vandallıqları, vəhşilkiləri, soyqırımlarını görmədilərmi? Fikrimcə, bu da çətin sual deyil. Sadəcə, Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmirlər. İmperialist düşüncəsi onlardan tələb edir ki, bütün ölkələr günəbaxan kimi eyni istiqamətə baxsınlar. Ancaq bu xülyaların zamanı artıq arxada qalmışdır. Azərbaycanın qüdrətli lideri də var, beynəlxalq aləmdə kifayət qədər dəstəyi də. Sonda bir səfərdə rastlaşdığım faktı yada salmaq istəyirəm. 2000-ci ildə İraqda səfərdə idik. Bağdaddakı Saat meydanının yanında – beşmərtəbəli binanın pəncərələr olmayan bir tərəfinə elə binanın özü boyda – Femidanın şəkili olan plakat vurulmuşdu. Femidanın əlindəki tərəzinin bir gözündə qanlı xəncər, digər gözündə isə qanun kitabı əks olunmuşdu. Xəncər daha ağır gəlmişdi. Çünki İlahənin gözlərini rəvayətdəki ənənəvi dəsmalla yox, ABŞ bayrağı ilə bağlamışdılar. Yəni imperialistlər Libertas və Femidanın adı ilə alver edirlər. O zaman mən mərhum şair Oqtay Rzanın “Dünya, yaman yiyəsizsən...” şeirini xatırlamışdım.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist