- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan-Ermənistan sərhədində yaşanmış hərbi toqquşma fonunda Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər Ermənistanda geniş müzakirə olunmaqdadır. Əlbəttə ki, mövcud istiqamətdəki diskussiyalar manipulyativ xarakter daşımaqla, reallıqların təhrifinə, ölkəmizlə bağlı mənfi rəyin formalaşdırılmasına yönəlib. Bununla əlaqədar müxtəlif məqamlardan söz açmaq mümkündür. Bu qeydlərimizdə onların yalnız bəzilərinin üzərində dayanacağıq.
Ermənistanın hakimiyyətə yaxın ekspert və politoloq cameəsinin təmsilçiləri, təxminən, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell kimi danışırlar. Xatırladaq ki, cənab Borrell bir müddət əvvəl bildirmişdi ki, sərhəddə ilk atəş açan erməni tərəfi olub, ancaq Azərbaycan hərb-çilərinin cavabı adekvat deyildi.
Erməni siyasi müşahidəçilər Borrelin söylədikləri fonunda Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlərə söykənir və belə bir absurd rəyə gəlirlər: Azərbaycan Ermənistana atəş açılması ilə bağlı insidenti araşdırmaq üçün bir həftə vaxt verməli idi (?). Vaxt verilməyibsə, deməli, Bakı işğalçılıq niyyətinə köklənib. Həqiqətən də, gülünc yanaşmadır.
Əslində, baş nazir Nikol Paşinyan da, demək olar, eyni fikirdədir. O, ölkə hökumətinin iclasında bildirib ki, guya, Azərbaycan sərhəddəki xırda toqquşmalardan Ermənistana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamaq üçün bəhanə kimi yararlanmağa çalışır. Belədə iki sual yaranır: birincisi, ilk tətiyi çəkən kimdir? Nikolun məntiqindən belə çıxır ki, erməni tərəfi nə vaxt istəsə, atəş açacaq, Azərbaycan cavab verməməlidir. Yaxud, Azərbaycan cavab versə, bu, təcavüz kimi qiymətləndiriləcək. İkincisi, ordu birləşmələrimizin Ermənistan tərəfə keçmək istəkləri olsaydı, buna kim mane olacaqdı – erməni hərb-çiləri, yoxsa şərti sərhəddə patrul çəkən Avropa İttifaqının mülki müşahidə missiyasının üzvləri? Yəni, ölkəmizin işğalçılıq niyyəti yoxdur, əgər olsaydı, qarşımızda dayanan tapılmazdı...
Bəli, Azərbaycan Ermənistana qarşı ərazi qəsbini reallaşdırmaq məqsədindən uzaqdır. Rəsmi İrəvan isə obrazlı desək, buynuzunu çobanın çomağına sürtən keçidir. Sonra isə “günah keçisi” axtarışına çıxır. Nə düşünəsən? Bəlkə baş nazir Nikol Paşinyan və komandası ölkəni güdaza vermək istəyir? J.Borrelin dediyi kimi, Bakının cavabının qeyri-proporsional alınmasınımı arzulayır? Görünür, istəyi budur ki, Azərbaycanı işğalçı kimi göstərmək xətti daha da dolğunlaşsın. Ancaq durumun fəsadlarını düşünməyəcək qədər korazehindir...
Məlumdur ki, hərbçilərimiz təhlükənin gəldiyi hər bir hədəfi, onun harada yerləşməsindən asılı olmayaraq, məhv edirlər. İrəvanda bunu çox yaxşı bilirlər. Ona görə də qəsdən təxribat törədirlər ki, Bakı əks addım atsın. Fevralın 13-də erməni snayper hərbçimizi yaraladı və cavabını aldı. Belə çıxır ki, Ermənistan növbəti dəfə dərinlikdəki nöqtələrdən də Azərbaycan əsgərlərinin mövqelərini atəşə tuta, ölkəmizin hərbçiləri sırf həmin nöqtələri zərərsizləşdirdikdə, məsələ ərazi iddiası kimi qələmə verilə bilər. Təxribata çəkmək də elə budur.
Yeri gəlmişkən, bir məqamı da xatırladaq ki, hazırda erməni siyasi cameəsində Azərbaycan hərbçilərinin dayandıqları mövqelərin də Ermənistan olduğunu iddia edən və hərbi toqquşmanın ölkə ərazisində yaşandığını bildirənlər fəallaşıblar. Bu təsadüf sayıla bilməz. Axı Borrel sərhəd insidentinə münasibət bildirərkən onu da demişdi ki, hadisə hər iki tərəfdən qoşunların geri çəkilməsi zərurətini aktuallaşdırmaqdadır. Deməli, təxribatın əsas məqsədi elə budur. Və deməli, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ötən ilin sonlarına doğru səsləndirdiyi fikir məqsədli siyasi düşüncə halına gətirilir.
***
Sərhəd toqquşması fonunda erməni politoloqların qabartdıqları növbəti məqama keçid alaq. Onlar bildirirlər ki, Bakı münasibətlərin qaydaya salınmasının konkret formulunu vermir, İrəvana qarşı uzunmüddətli təzyiqlərin gündəmdə saxlanılmasına çalışır. Amma heç də belə deyil. Ölkəmizin rəhbərliyi, şəxsən Prezident İlham Əliyev mövqeyini qəti və aydın şəkildə açıqlayır: İşğal altında qalan səkkiz kəndimiz geri qaytarılmalıdır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu təmin edilməlidir.
Ermənistan müharibə məğlubu kimi sözügedən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yerinə yetirmir və erməni siyasilər, məsələn, bunu bildirirlər: Azərbaycan Ermənistandan 8 kənd tələb etsə də, bu tələbi hansı xəritə ilə irəli sürdüyünü açıqlamır. Onlar mövcud müstəvidə Bakının konkretlikdən qaçdığını vurğulayır və əlavə edirlər ki, guya, sərhədlərin delimitasiyası və demarkasiyası üçün hansısa xəritənin seçilməsi Bakını İrəvana qarşı hərbi hücumlar üçün saxta bəhanələr uydurmaq imkanından məhrum duruma salacaq.
Əlbəttə, bu tezis də cəfəngiyyatdır. Məsələ ondadır ki, Azərbaycan Ermənistanın nə üçün 1970-ci illərin xəritələrini əsas götürdüyünü sorğulayır. Bu barədə Prezident İlham Əliyevin də mövqeyi var. Dövlətimizin başçısı bildirib ki, 1918-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan Ermənistana paytaxt kimi verildi. Lakin ermənilər bununla razılaşmayıb, keçmiş Sovetlər Birliyi dönəmində ərazi iddialarından daşınmadılar. 1969-cu ilin mayınadək Ermənistana torpaq peşkəşləri edildi. Yalnız ulu öndər Heydər Əliyev respublikamızda rəhbərliyə gəldikdən sonra proses dayandı.
Belə olan halda nə üçün 1970-ci illərin xəritələrinə istinad olunmalıdır? Hansı əsasla? Heç bir əsas yoxdur. Ona görə Azərbaycan sərhədlərin müəyyənləşdirilməsinin fərqli metodologiya ilə həyata keçirilməsini tələb edir. Bu, tam ədalətli mövqedir. Sərhədlər qarış-qarış müəyyənləşməli, mövcud istiqamətdə ekspert qrupları fəaliyyət göstərməlidirlər. Erməni tərəfi haqqın və ədalətin bərpasında maraqlı olmalıdır. Çünki Azərbaycanın irəli sürdüyü ədalət formulu ilə Ermənistan adlı dövlətin mövcudluğu davamlı ola, ən əsası isə onun varlığı təsdiqlənə bilər. Paşinyanın təbirincə desək, ölkə özünə “doğum şəhadətnaməsi” alar. İndiki durumda Ermənistanın bic doğulmuş uşaqdan heç bir fərqi yoxdur.
***
Erməni ekspertlər “uzaqgörənliklə” də məşğuldurlar. Onlar bildirirlər ki, guya, Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı qeyri-müəyyənliyi saxlamaqla, Donald Trampın ABŞ prezidenti seçilməsinə ümid bəsləyir. Bu yerdə onlar Birləşmiş Ştatların eks prezidentinə yüklənirlər və bildirirlər ki, o, Azərbaycan Türkiyə və Rusiya ilə razılaşaraq, 2020-ci ildə Qarabağa hərbi hücum həyata keçirməyə icazə verdi.
Göründüyü kimi, ortada son dərəcə absurd yanaşma var. Erməni siyasilər, elə Ermənistan rəsmiləri kimi, “Azərbaycanın Qarabağa hücumu” məntiqini qabardırlar. Onlar üçün heç bir beynəlxalq hüquq normaları yoxdur. Bu adamlar bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığından söz açırlar, digər yandan əsaslandırma apararkən, Qarabağı Ermənistan kimi göstərməyi qanunauyğunluq sayırlar.
***
Erməni siyasi istableşmentinin hazırkı anti-Azərbaycan ritorikasının tərkibində yer alan mövzulardan biri də haqqında söz açdığımız Naxçıvana yol məsələsidir. Məlumdur ki, ölkəmiz mövcud xüsusda “Azərbaycandan – Azərbaycana yol” məntiqini irəli sürür və bildirir ki, həmin yolda sərhəd və gömrük nəzarəti tətbiq edilməməlidir. Eyni zamanda, üçtərəfli bəyanata uyğun olaraq, ərazidə təhlükəsizlik Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməlidir.
İrəvan bu məsələ ilə razılaşmır və üçtərəfli bəyanatın doqquzuncu bəndini inkar edir. Nə üçün? Bu, sırf Rusiyaya inaddır? Əlbəttə, Moskva ilə münasibətləri gərginləşdirmək Qərbin Ermənistan qarşısında qoyduğu tələbdir. Ancaq onu da nəzərə alaq ki, hazırda Ermənistanın Türkiyə ilə sərhədində rus həbçiləri var. Eləcə də ölkənin İranla sərhədində. Belə olan halda, onların Naxçıvana gedən yolda görünmələri nə üçün Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirilməlidir? İrəvan Moskvadan Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağı tələb edə bilirmi? Bu bazanın mövcudluğu ölkənin ərazi bütövlüyünün pozulması deyil, bəs nədir? Deməli, əsas məqsəd Azərbaycana qarşı çıxmaqdır, qalan şeylər bəhanə təfərrüatlarıdır.
Erməni siyasilərin anti-Azərbaycan ritorikasındakı daha bir gülməli arqumentə baxın. Sən demə, Azərbaycanın “Zəngəzur dəhlizi” ideyası Qərbin sanksiyalarından yayınmağa ümid bəsləyən Rusiya üçün sərfəlidir. Əlbəttə, Moskva sözügedən ideyanın gerçəkləşməsinə iqtisadi maraqları müstəvisində yanaşa bilər. Ancaq təkcə Kremlmi təşəbbüsün reallaşmasında səy göstərib iqtisadi maraq güdür?
Deməli, gəlinən qənaət budur ki, İrəvan anti-Azərbaycan ritorikasına anti-Rusiya məntiqini əlavə etməklə, ölkəmizi Rusiyanı dəstəkləyən tərəf kimi göstərməyə çalışır. İstəyir ki, Qərb Bakını Kremlin tərəfində təsəvvürə gətirib mübarizə hədəfinə çevirsin. Yəni, ortada bu dərəcədə primitiv düşüncə var.
Nəzərə alaq ki, Azərbaycan Rusiya ilə bərabərtərəfli münasibətlərə malikdir. Ancaq bu günün Ermənistanı özünün müəyyən iqtisadi inkişafına görə Moskvaya borcludur. Yəni, el dilində ifadə etsək, yenə də it arabanın kölgəsində yatır, elə bilir ki, öz gölgəsidir.
Erməni siyasi dairələrin müzakirə mövzusuna çevirdiyi məsələlərdən biri də “Qarabağın gələcəyi” kimi adlandırdıqları azğınlıqdır. Bununla bağlı Qarabağ ermənilərinin qayıdışı kimi sərsəm ritorika gündəmdədir. Əlbəttə, Azərbaycan dövləti bölgənin erməni sakinlərinin əraziyə qayıtmalarına etiraz etmir. Üstəlik, hazırda nəinki Qarabağın, ümumən Azərbaycanın müxtəlif yerlərində ermənilər yaşayırlar. Ancaq bir halda ki, qayıdış məsələsi xüsusi prinsipial məqam kimi qoyulur, o zaman bu, nə üçün qarşılıqlı olmamalıdır? Yəni, Qarabağ ermənilərinin Azərbaycan ərazisinə qayıtmaları əsas götürülürsə, vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların da doğma yurd-yuvalarına qayıtmaları eyni prinsipiallıqla nəzərə alınmalıdır. Erməni siyasi dairələrini əndişələndirən də məhz bu məqamdır.
Məlum olduğu kimi, erməni müxaliflər qeyd etdiyimiz xüsusda baş nazir Paşinyanı ittiham edirlər. Onların bildirdiklərinə görə, Nikol Qarabağ ermənilərinin qayıdışı məsələsini ona görə qaldırmır ki, Bakı azərbaycanlıların Ermənistana qayıtmalarını tələb etməsin. Guya ki, bunlar fərqli-fərqli məsələlərdir. Halbuki, elə deyil. Ortada insan amili varsa, yanaşma eyni olmalıdır.
***
Bəli, Azərbaycan Prezidentinin andiçmə mərasimində səsləndirdiyi fikirlər xüsusunda Ermənistanda konstitusiya islahatları mövzusu da aktiv müzakirə predmetinə çevrilməkdədir. Ölkəmizin lideri Ermənistanın öz qanunvericiliyini normal vəziyyətə gətirməsinin vacibliyini Bakı–İrəvan sülh müqaviləsi kontekstinə gətirir və mövqeyində haqlıdır. Ona görə ki, Ermənistan konstitusiyasının istinad etdiyi istiqlaliyyət bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var.
Erməni siyasiləri isə bildirirlər ki, sözügedən bəyannamə, guya ki, xüsusi tarixi əhəmiyyət daşıyan sənəddir və keçmişə qayıdıb Qarabağın və Ermənistanın birləşdirilməsi müddəasını ləğv etmək mümkün deyil. Bu fikri ortaya atan rəsmi İrəvana yaxın ekspertlər, eyni zamanda, onu da vurğulayırlar ki, istiqlaliyyət bəyannaməsinə daxil edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında 1989-cu il dekabrın 1-də qəbul edilmiş birgə qərar SSRİ dövründə hüquqi qüvvəsini itirmişdi. Çünki 1991-ci ilin noyabrında SSRİ Konstitusiya Nəzarəti Komitəsi həmin qərarı ləğv etmişdi. Ən əsası isə qərarın etibarsızlığı bununla əsaslandırılır: Dağlıq Qarabağda 1991-ci il dekabrın 12-də “referendum” keçirilmiş və bölgənin müstəqilliyi elan edilmişdi.
Erməni siyasilər, həmçinin Azərbaycan SSR rəhbərliyinin Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə bağlı qərarının keçmiş SSRİ konstitusiyasına zidd olduğunu və ləğv olunduğunu bildirirlər. O zaman necə ola bilər ki, dekabrın 12-də keçirilmiş saxta, Qarabağın ancaq erməni əhalisinin qatıldığı, azərbaycanlıların boykot etdikləri “referendum” əsas götürülür, ancaq DQMV-nin ləğvi ilə bağlı Azərbaycan SSR-in çıxardığı qərar SSRİ konstitusiyasına zidd sayılır? Əgər söhbət qanunsuzluqdan gedirsə, o zaman bir müttəfiq respublikanın ərazisindəki inzibati ərazi vahidini ləğv etməsi, yoxsa, həmin ərazinin özünü tamamilə müstəqil elan etməsi qeyri-qanunidir?
Göründüyü kimi, erməni siyasilər belə spekulyasiyalara baş vururlar və bu şəxslər birbaşa N.Paşinyan administrasiyası tərəfindən hərəkətə gətirilir. Onlar nəinki daxildəki ictimai rəyə, eyni zamanda, beynəlxalq aləmə də təsir göstərmək yolu tuturlar. Nəticədə İrəvanın realllıqların təhrifi oyununda ideoloji katalizatora çevrilirlər.
Bəli, hiss olunur ki, Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirmək yolu tutur və mövcud prosesdə başlıca rolu həm də rəsmi İrəvana yaxın politoloqlar və ekspertlər oynamaqdadırlar. Onlar, faktiki olaraq, erməni cəmiyyətinə reallıqlarla barışmamağı təbliğ edir, Azərbaycanı təcavüzkar kimi göstərirlər. Belə yanaşma, əlbəttə, sülh prosesinə zərbə vurur.
Erməni politoloq və ekspertlər, eyni zamanda, ABŞ və Fransa başda olmaqla, beynəlxalq dairələrin ölkəmizə qarşı sərt tədbirlərə əl atması ideyasını da gündəmə gətirirlər. Beləliklə, erməni cəmiyyətini bunun baş verəcəyinə inandırmağa çalışaraq onda illüziya hissini doğururlar.
Sonda Ermənistan daxilində qaldırılan bir mövzunu da diqqətə çatdıraq. Məlum olduğu kimi, rəsmi İrəvan Azərbaycanın və Ermənistanın bir-birinin silahlanmasına nəzarəti həyata keçirmələrinə dair mexanizmin formalaşdırılması təşəbbüsünü ortaya atıb. Təşəbbüsün müəllifi baş nazir Nikol Paşinyandır. Paşinyan, hətta, iki ölkə arasında hücum etməmək haqqında müqavilənin imzalanmasının zəruriliyindən də söz açıb. Əlbəttə, belə bir cəfəng məsələyə hansısa formada müsbət reaksiya vermək qeyri-mümkündür.
Qeyd edək ki, Nikolun fikirləri Ermənistan daxilində də məsxərə predmetinə çevrilib. Bundan sonra rəsmi İrəvan tərəfindən qondarılmış xüsus dəyişdirilib. Necə? İndi bildirilir ki, Cənubi Qafqazda sülhə nail olmağın yeganə yolu regionda qüvvələr arasında balans yaratmaqdır. Hazırda erməni siyasi ekspertlər də mövcud istiqamətdə “uzaqgörən” nəticələr çıxarmaqdadırlar. Bu, nə deməkdir? Cavab çox sadədir.
Ermənistan hakimiyyəti Azərbaycanı işğalçı kimi təqdim edir və mövcud fonda qüvvələr nisbətini eyniləşdirmək cəhdləri baş qaldırırsa, deməli, Ermənistan beynəlxalq aləmdən özünün silahlandırılması istiqamətində yardım istəyir. O həddə qədər ki, hərbi güc baxımından Azərbaycanla eyniləşsin.
İrəvanın hərbi güc nöqteyi-nəzərindən ölkəmizdən üstünlüyünün vaxtilə hansı faciəli nəticələr doğurduğunu yaxşı gördük, otuz ilə yaxın müddətdə həmin durumun məhrumiyyətlərini yaşadıq. Belə nəticəyə gəlirik ki, Ermənistanın silahlandırılması Cənubi Qafqazda münaqişə ocağı yaratmaq, bölgəni qan çanağına çevirmək niyyətindən başqa bir şey deyil. Azərbaycan buna qəti şəkildə yol verməyəcək!
Ə.CAHANGİROĞLU