- Daxili siyasət
- 09:37 20.09.2024
Tarixi hadisələr onların müəllifi və şahidi olan insanların, eləcə də sonrakı nəsillərin hafizəsinə həm də özünəməxsus rəmzləri, atributları ilə daxil olur. Bəzən də günün qəhrəmanının dilindən səslənən bir kəlmə söz, etdiyi jest həmin hadisəni daha əlamətdar və unudulmaz edir.
2024-cü il 7 fevral növbədənkənar prezident seçkilərini yaddaqalan edən atributlar yüksək seçici fəallığı, xalqın dilində əsl Zəfər seçkisinə çevrilməsi ilə yanaşı, eyni zamanda heç vaxt unudulmayacaq an və məqamlarla, çıxış və jestlərlə müşayiət olunması idi. Ağsuda 101 yaşlı ağbirçəyin öz ayağı ilə, Şabranda birinci qrup əlilin, daşınma qutusunu gözləmədən əlil arabasında seçki məntəqələrinə gəlmələri o coşqulu günün salnaməsinə yazıldı.
Amma həmin günün yaddaşına qızıl hərflərlə həkk olunan və Azərbaycan durduqca daim xatırlanacaq bir hadisə də baş verdi. Məhz tarixi hadisə adlandırılmağa layiq həmin jestin müəllifi xalqın beşinci dəfə böyük etimadını qazanmış və bunu haqq etmiş İlham Əliyev idi. Budəfəki seçkilərin əsas əlaməti, atributu ondan ibarət idi ki, müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilirdi.
“Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında söylədiyi bu sözləri həyəcansız dinləmək mümkün deyildi. Beş ay bundan əvvəl separatçıların tarixin “morq” adlı arxivinə göndərilmək üçün hazırlanmış tabutuna sonuncu – dördüncü mismarı seçki bülleteni formasında məhz cənab Prezident İlham Əliyev vurdu. Bu, ədalətin təntənəsi idi ki, buna bizimlə bərabər tarixin özü də şahidlik edirdi. Amma buna qədər artıq üç mismar separatçıların tabutunun qapağına vurulmuşdu. Əslində, bunu birmənalı olaraq deyə bilərik ki, 2020-ci ilin noyabrında ünvana çatdırılmış həmin qara tabutun dörd mismarının hamısının sifarişçisi “dəmir yumruq”lu Ali Baş Komandandır.
Xankəndidəki revanşist-separatçı rejimin “tərcümeyi-halına” qara günlərinin nişanəsi kimi yazılacaq qara tabutun birinci mismarı 2020-ci il noyabrın 10-da vurulmuşdu. Şuşanın azad edilməsi müasir hərb tarixinə yazılan əməliyyat planı olmaqla yanaşı, faktiki surətdə, İkinci Qarabağ müharibəsinə son qoydu. Qarabağın ən uca nöqtəsində qərar tutmuş bu qala–şəhərimizdə beli qırılan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Möhtəşəm zəfərimizlə başa çatmış 44 günlük qurtuluş savaşının məntiqi yekunu Lider-Xalq-Ordu vəhdətinin yaradıcılıq emalatxanasında döyülmüş o mismar oldu. Hülqumu ipdən nazilmiş, yarıcan edilmiş daşnak tör-töküntüləri Qarabağımızdan çıxmağa tələsmir, rəsmi İrəvan imzası ilə boynuna götürdüyü öhdəliyi – fərari ordusunu torpağımızdan geri çəkməyi yerinə yetirməkdən boyun qaçırırdı. Onların Avropadakı “bacılarının”, Asiyadakı “qardaşlarının” ucuz vədlərinə uyaraq boş ümidlərə qapılmasına, siyasi cığallığına, yersiz şıltaqlığına xalq kimi onun lideri də üç il dözdü. Səbrin və dözümün kasası 2023-cü il sentyabrın 19-da daşdı. İntizarla “sahibini” gözləyən qara tabutun ikinci mismarı həmin 23 saatlıq antiterror tədbirindən sonra vuruldu.
Yəqin, Azərbaycanın 2023-cü il noyabrın 8-də Xankəndinin mərkəzi meydanında keçirdiyi Zəfər paradını şərti sərhədin o üzündə əllərində durbin tamaşasına növbəyə durmuş erməni generalları daha maraqla izləyirdilər. Onlar həmin anlarda müzəffər nizami ordumuzun Zəfər paradını qəbul edən Ali Baş Komandanın göyə ucalmış dəmir yumruğunda tutduğu üçüncü mismarı da görməmiş deyildilər. Prezident İlham Əliyevin “bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!” – sözləri erməni hərbi-siyasi rəhbərliyinin qulaqlarında sırğaya dönən həmin gün qara tabutun üçüncü mismarı vuruldu.
Dövlətinə və torpağına sahib çıxmış Azərbaycan xalqı indi öz doğma yurdunda alnıaçıq, üzüağ, qürurla yaşayır, qollarını çırmayıb xoşbəxt gələcəyinin binasını hörməyə başlayıb. Tarix durduqca duracaq bu möhtəşəm bina-qalanın memarı iyirmi ildən çoxdur gücünü, səriştəsini, zehnini Vətəninin və xalqının yolunda fəda etmiş, ata vəsiyyətini milli doktrina kimi yerinə yetirmiş İlham Heydər oğlu Əliyevdir!
Biz daha tabut sifariş vermək istəmirik. Umu-küsüyə son qoyub, qonşu ölkələrlə, bütün dünya ilə sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik.
Fevralın 7-də cənab Prezidentin əlində mismara dönmüş həmin seçki bülleteni həm də ermənilərin keçilməz istehkama çevirdikləri sandıqları sonuncu aşırımın – “miatsum qalası”nın açarı oldu. Daha qarşımızda nə keçilməli aşırım, nə də fəth olunmalı qala qalıb. Prezidentliyinin 21-ci baharını qeyd etməyə hazırlaşan İlham Əliyevin üç gün bundan əvvəl andiçmə mərasimindəki nitqinin sonunda dediyi kimi:
“Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar! Yolumuz açıq olsun!”.
ARAYIŞ: 101 il əvvəl Xankəndinin Stepanakert olub şeytan yuvasına çevrilməsindən 2023-cü il sentyabrın 20-də üçrəngli bayrağımız asılana qədər keçilən tarixə qısa nəzər:
Muxtar Dağlıq Qarabağ Vilayəti (MDQV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılıb. 1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” (DQMV) qanun qəbul edib. 1988-ci il fevralın 13-dən Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də DQMV-nin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb. Bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib. 1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə DQMV Azərbaycanın idarəçiliyindən çıxarılaraq birbaşa Moskvaya bağlanıb və başında Arkadi Volskinin dayandığı Xüsusi İdarəetmə Komitəsi yaradılıb. Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilib. 1990–1991-ci illərdə bölgə Bakının yaratdığı Respublika Təşkilat Komitəsi (rəhbəri – Viktor Polyaniçko) vasitəsilə idarə olunub. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. Noyabrın 26-da Azərbaycan Ali Soveti DQMV-ni milli ərazi qurumu kimi ləğv edib. Həm 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qanunu qüvvədən salınıb.
1994-cü ildə atəşkəslə dayanan Birinci Qarabağ müharibəsində Xankəndi şəhəri, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən işğal edilib. Həmçinin Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndləri ələ keçirilib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ savaşı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı antiterror tədbirinə başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.
İmran BƏDİRXANLI