- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan dövləti və xalqı torpaqlarının uzun illər ərzində işğal altında qalması ilə barışmayaraq, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi apararaq ərazilərinin böyük bir hissəsini, təxminən 10 min kvadratkilometri işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qanunsuz xunta rejiminin sığındığı digər ərazilər də separatçılardan təmizləndi. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində dediyi kimi, antiterror tədbirləri bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Dövlətimizin başçısı bildirdi ki, cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi.
Ancaq həm Vətən müharibəsi, həm də antiterror tədbirləri baş verməyə də bilərdi. Əlbəttə, əgər özünü “beynəlxalq ictimaiyyət” adlandıran, dünya ölkələrinin hamısının adından danışmağa cəhd edən bir neçə böyük dövlət Ermənistana havadarlıq etməsəydi, onun işğalçılıq siyasətini pisləsəydi bütün bu qanlı-qadalı hadisələr də baş verməzdi. Özlərini dünyada sülh və əmin-amanlığın təmin olunmasına cavabdeh kimi aparan həmin ölkələr isə ötən müddət ərzində İrəvana nəinki hansısa sanksiya tətbiq etdilər, heç ona “gözün üstə qaşın var” da demədilər.
Hadisələrin 1988-ci ildən üzü bəri xronoloji ardıcıllığına baxdıqda da, hayların torpaqlarımızı xarici havadarlarının köməyi ilə işğal etdiyini aydın görmək olar. Həmin dövrdə “yenidənqurma” adı altında, əslində, SSRİ-nin dağılması prosesi başlamışdı. Moskvadakı bəzi ermənipərəst mərkəzlər o dövrdə mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılması prosesini hər vəchlə dəstəkləyirdilər. Qarabağın idarəçiliyi Azərbaycan SSR-in mərkəzi hakimiyyətindən alınaraq Xüsusi İdarəetmə Komitəsinə verilmişdi. Bilavasitə Mixail Qorbaçovun tapşırığı ilə 1988–1990-cı illərdə bədnam Arkadi Volski Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik edirdi.
Ancaq ermənilərin havadarları təkcə sovet rejimi deyildi. Onları Avropada, okeanın o tayında da kifayət qədər dəstəkləyən var idi. Təsadüfi deyil ki, Qarabağın Azərbaycandan ayrılması ilə bağlı ilk mənfur çıxış hazırda ermənilərdən çox ermənilik edən Fransa qəzetində edilib. Prezident İlham Əliyevin qeyd etdiyi Fransa qəzeti isə həmin ölkədə çap olunan “Humanite” qəzetidir. 1987-ci ilin noyabrın 18-də Parisdə çıxan “Humanite” qəzetində M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın müsahibəsi dərc olunub. Bədnam müşavir–akademik həmin müsahibəsində deyib: “Mən Qarabağın Ermənistanın tərkibində olmağını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır”.
Yeri gəlmişkən, qeyd edək ki, Qərbin Qarabağdakı erməni separatizmini, eləcə də, bütövlükdə, erməniləri dəstəkləməkdə üç niyyəti var idi. Qərb İttifaq daxilində etnik separatizm ocaqlarının, millətlərarası münaqişənin yaradılmasına ilk növbədə SSRİ-nin dağılmasını sürətləndirəcək katalizator kimi yanaşırdı. Təsadüfi deyil ki, hazırda siyasi elmlər üzrə araşdırmaçılar SSRİ-nin dağılmasının səbəblərindən biri kimi etnik münaqişləri və millətlərarası münasibətlərin pisləşməsini qeyd edirlər. Qərbli siyasətçilərin ikinci məqsədi həmin ölkələrdə yaşayan erməni əsilli seçicilərin səslərini qazanmaq, üçüncüsü isə “üç tərəfdən müsəlman dövlətləri ilə əhatə olunmuş Şərqdə xristianlığın qalası”nı qorumaq idi.
Bu gün Azərbaycana hücumlar edən, əsassız ittihamlar irəli sürən Avropa Parlamenti hələ 1989-cu ilin yanvarında Qarabağda gərginləşən münaqişə ilə bağlı qəbul etdiyi qətnamədə ölkəmizi suçlamışdı.
Okeanın o tayındakı siyasətçilər, xüsusilə demokratlar da cidd-cəhdlə erməniləri dəstəkləmək işinə girişmişdilər. Onlar erməniləri məmnun etmək üçün onların separatçılığına və işğalçılıq əməllərinə göz yumurdular. ABŞ-dakı erməni lobbisinin gücü ilə bağlı 39-cu prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş polyak əsilli Zbiqnev Bjezinskinin sözlərini burada xatırlatmaq yerinə düşər. Bjezinski 2006-cı ildə “Foreign Policy” jurnalına müsahibəsində bildirmişdi ki, erməni lobbisi Amerikada ən təsirli, ən efefktiv işləyən etnik lobbilərdən biridir. Məhz erməni lobbisinin səyləri nəticəsində 1992-ci ildə Azərbaycana ABŞ-ın birbaşa yardımlarını qadağan edən bədnam 907-ci düzəliş qəbul edilmişdi.
Düzdür, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamə qəbul olundu. Ancaq ötən 27 il ərzində həmin qətnamələr icra olunmamış qaldı. Böyük dövlətlər Ermənistanın işğalçılıq siyasətini pisləmədilər, ona silah satışını qadağan etmədilər. Əksinə, ATƏT-in Minsk qrupu adlanan mənasız qurum yaradaraq vaxtı uzatmaqla, status-kvonu möhkəmləndirməklə məşğul oldular. Həmsədr ölkələr 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə ölkəmizin əleyhinə səs verdilər. Uzun, yorucu və səmərəsiz danışıqalr prosesi zamanı bəzi hallarda Azərbaycana təzyiq göstərərək reallıqla barışmağa çağırdılar. Əgər onlar fərqli mövqe tutsaydılar, Ermənistana sülhə gəlmək üçün təzyiq etsəydilər, İkinci Qarabağ müharibəsinə də ehtiyac qalmazdı.
Bu məqamlar Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli nitqində də özünə yer tapmışdı. Dövlətimizin başçısı bildiridi ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, ermənilərin arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər: “Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər. Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik...”
Bəli, Ermənistanın müharibə zamanı verdiyi itkilərdə, sonradan Qarabağdan köçüb getmələrində, daha sonra Ermənistanda da qalmayıb Rusiyaya, dünyanın dörd bir yanına səpələnmələrində hayların xəstə təxəyyülləri ilə yanaşı onlara dəstəvuz verən, arxasında dayanan qüvvələr məsuliyyət daşıyırlar. Bu gün onlar haylara “canıyananlıq” etməyə çalışırlar. Prosesin əsas istiqaməti qismində isə Azərbaycana əsassız hücumlar etməyi seçirlər. Ancaq onlar bilməlidirlər ki, bu günün Azərbaycanı 30 il əvvəlki ölkə deyil.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev də bu fikirdədir ki, İkinci Qarabağ müharibəsinin baş verməsində beynəlxalq sistemin və düzənin, beynəlxalq hüququn qorunmasında başlıca rol oynamalı olan təşkilatların, o cümlədən özlərini “böyük” hesab edən dövlətlərin birbaşa rolu var. O, “XQ”-yə açıqlamasında bildirdi ki, söhbət ilk növbədə BMT TŞ-nin 4 qətnaməsinin icra olunmamasından gedir. Həmin qətnamələrdə Qarabağın Azərbaycan əraziləri olduğu və işğal edildiyi açıqca bildirilib. Lakin buna baxmayaraq, qətnamələr yerinə yetirilmədi və nəticədə Azərbaycan öz hərbi gücü hesabına qətnamələri yerinə yetirməyə məcbur oldu: “Yəni Azərbaycan, əslində, beynəlxalq hüququn prinsipini yerinə yetirdi. Qətnamələr bunun birbaşa sübutudur. Digər tərəfdən, qətnamələrin yerinə yetirilmədiyini bir yana qoyaq, hətta işğalçı dövlət cəzalandırılmadı. Nəinki cəzalandırılmadı, əksinə ödülləndirildi. Beynəlxalq hüquqa, BMT Nizamnaməsinə görə, əgər bir dövlət işğalçıdırsa, ona sanksiya tətbiq olunmalı, cəzalandırılmalıdır”.
Politoloqun sözlərinə görə, biz gördük ki, Ermənistan ötən 30 ilə yaxın dövr ərzində mükafatlandırıldı. Ona maddi, hərbi yardımlar edildi, siyasi imkanlar yaradıldı: “Əksinə, Azərbaycana təzyiq etməyə çalışdılar. Mən bunu çox yaxşı xatırlayıram. Ermənistan ərazilərimizi işğal altında saxladığı halda Bakı–Tbilisi–Ceyhan əsas neft kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişlərinin müzakirəsi zamanı ölkəmizə təzyiq edirdilər ki, bu xətlər Ermənistandan keçsin. Təbii ki, bütün bunlar Azərbaycanın məsələnin sülh yolu ilə həllini tapacağına olan ümidlərini tamamilə yox etdi. Nəticədə müharibəyə doğru yol göründü. Əslində, müharibə ikili standartların nəticəsi kimi meydana çıxdı”.
C.Vəliyev əlavə etdi ki, Minsk qrupunun vasitəsilə davam edən danışıqlar zamanı tərəflərə layihələr təqdim olunurdu. Hər dəfə təklif edilənlər isə beynəlxalq hüququn kobud şəkildə pozulması idi: “Onlar deyirdilər ki, Azərbaycan tarixi torpaqlarından vaz keçsin və ermənilər orada öz dövlətlərini qursunlar. Əlbəttə, Azərbaycan bunu qəbul edə bilməzdi və etmədi. Nikol Paşinyan iqtidarı dövründə – müharibəyədək törədilən təxribatlara görə də Ermənistana heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan müstəqil, güclü dövlət olaraq beynəlxalq hüquqdan irəli gələn vəzifələri yerinə yetirdi və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq işğal altındakı ərazilərini azad etdi”.
Səxavət HƏMİD