- Daxili siyasət
- 09:37 20.09.2024
Hindistanın Baş naziri Narendra Modi Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfər edib və tərəflər Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizinin yaradılması haqqında saziş imzalayıblar. Asiyadan Avropaya malların tranzitini sürətləndirəcək yeni layihə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün rəqibi hesab edilir. Bundan başqa, Narendra Modi Əbu-Dabidə Yaxın Şərqdə ilk Hindu məbədinin açılışında iştirak edib. Mütəxəssislər deyirlər ki, Hindistanda apreldə keçiriləcək ümumi seçkilər ərəfəsində üçüncü müddətə seçilən Narendra Modi “hindu dünyası”nın hamisi kimi Yaxın Şərqdə xal toplamağa çalışır.
Hindistanın baş naziri Narendra Modinin BƏƏ-ə iki günlük səfəri sayca yeddinci olub. Hava limanında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən qarşılanan Narendra Modi hava limanında bildirib ki, Əbu -Dabidə özünü evdəki kimi hiss edir. Bu da təsadüfi deyil, çünki doqquz milyonluq BƏƏ-də çoxsaylı hindistanlı yaşayır. BƏƏ prezidentini “qardaş” adlandıran Hindistan lideri “uzunmüddətli investisiya sazişi imzalamaqdan və iki ölkə arasında bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən şad olacağını” deyib.
Pakistanla qarşıdurma və millətçi “Bharatiya canata parti” hökumətinin Hindistan müsəlmanlarına təzyiq göstərməkdə ittihamları ilə əlaqədar müsəlman dünyasında Hindistana olan gərgin münasibətə baxmayaraq, BƏƏ ilə əlaqələr Narendra Modi üçün xüsusi əhəmiyyət daşıyır. İlk dəfə 2015-ci ildə BƏƏ-yə səfər edən N.Modi son 34 ildə ölkəyə səfər edən ilk Hindistan rəhbəri olub. Hazırda Hindistan BƏƏ neftinin ən böyük alıcısıdır və bu ölkədən maye qaz almaq imkanını nəzərdən keçirir. 2022-ci ildə imzalanmış azad ticarət sazişi ikitərəfli ticarətin hazırkı 50 milyard dollardan 100 milyard dollara qədər artırılmasını nəzərdə tutur.
Məlumatlara görə, N.Modinin BƏƏ-yə səfərinin əsas nəticələrindən biri Hindistan Xarici İşlər Nazirliyinin elan etdiyi Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizi layihəsi üzrə birgə iş üzrə çərçivə sazişinin imzalanması olub. Sazişin mətni açıqlanmır, lakin Hindistan mediası yazır ki, Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizi layihəsi 2023-cü ilin sentyabrında Yeni Dehlinin sədrliyi ilə keçirilən G20 sammiti çərçivəsində təqdim olunub. Bu irimiqyaslı layihə BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Hindistandan Avropaya dəmir yolu xətlərini və dəniz marşrutlarını birləşdirmək üçün nəzərdə tutulub. İddialara görə, bu yol malların bir qitədən digərinə daha sürətli və asan tranzitinə gətirib çıxaracaq. Bu təşəbbüs Hindistanın Yeni Dehlinin boykot etdiyi Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi qiymətləndirilir. Ancaq Hindistan – Sakit okeanı Yaxın Şərq və Avropa ilə birləşdirəcək bu dəhlizin reallaşması dəyərinə və mürəkkəbliyinə görə şübhə altına alınır.
Siyasi şərhçilərin sözlərinə görə, Hindistanda apreldə keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində üçüncü müddətə seçilən Narendra Modi Fars körfəzi ölkələrinə səfərdə xal toplamaq istəyir. Çərşənbə günü Əbu-Dabidə olarkən Harmoniya Festivalının dini və mədəni tədbirləri çərçivəsində Yaxın Şərqdə ilk hindu məbədi olan BAPS Şri Svaminarayan Mandirin açılış mərasimi baş tutub. Çəhrayı qum daşından tikilmiş hindu məbədi nə az, nə çox, düz 11 hektar ərazini əhatə edir. Onun tikintisi 2018-ci ilin fevralında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın icazəsindən sonra başlayıb. Tikinti işinin təxmini dəyəri 95 milyon ABŞ dollarıdır. Ənənəvi daş heykəllərlə bəzədilib. BƏƏ-də artıq kiçik hindu məbədləri mövcuddur. Ölkənin cəmi 1 milyon vətəndaşı olmasına baxmayaraq, BƏƏ-nin 9 milyona yaxın sakini əcnəbilərdir və əsasən, ölkənin işçi qüvvəsini təşkil edir. N.Modi məbədin açılış mərasimində deyib ki, “Bu, hindlilər və ərəblər arasında qarşılıqlı sevginin simvoludur”. Ancaq Modinin həm Hindistanda, həm də xaricdə tənqidçilərinin çoxu onun hakimiyyəti dövründə ölkədə dini qütbləşmənin artdığını, Hindistanın müsəlman azlığının daha da marginallaşdığını və zorakılığa məruz qaldığını qeyd edirlər.
Narendra Modi seçkilər ərəfəsində ölkənin strateji əhəmiyyətli Yaxın Şərq regionunda mövqelərini gücləndirmək üçün yola çıxdığı halda, Hindistanda üç illik fasilədən sonra fermerlərin kütləvi etirazları yenidən başlayıb. Çərşənbə axşamı N.Modi artıq Əbu-Dabiyə çatanda Hindistanın paytaxtı bir neçə saatlıq mühasirə vəziyyətinə düşüb.Bununla belə, N.Modi xarici səfərini təxirə salmadı, siyasi xal arxasınca ərəb ölkələrinə səfər etdi.
S.ELAY