- Daxili siyasət
- 09:37 20.09.2024
NATO üzvü olan Avropa ölkələri belə yekdil bir fikirdədir ki, təxirə salmadan hərbi sənayeyə, logistikaya sərmayə qoyuluşunu artırmalıdırlar. Bu gün alyansın əsas problemləri Ukraynanın silah ehtiyatlarını tükətməsi, kadr çatışmazlığı və bu sahədə rəqabətdir. Ekspertlər izah edirlər ki, Vaşinqton Avropanın Amerika silahlarının almasını artırmaqda və Amerika sənayesi ilə rəqabətini azaltmaqda maraqlıdır.
Əlbəttə, İtaliya, İspaniya və Türkiyədə müdafiə xərclərinin böyük həcmdə artırılması ABŞ-ın müdafiə sənayesini əsaslı şəkildə zənginləşdirə bilər. Çünki bu ölkələrin müdafiə sənayesi Amerika ilə sıx bağlıdır. Amma bu dövlətlər Polşadan və Şərqi Avropanın digər ölkələrindən fərqli olaraq, hərbi xərcləri sosial xərclərin hesabına artırmağa tələsmirlər.
Rusiyalı ekspertlər qeyd edirlər ki, Avropada hərbi xərclərdə şəxsi heyətin və tikinti xərclərinin payı yüksəkdir, lakin silah tədarükü üçün Avropa ölkələrinin xərclərinin sürətli artımını da hesabdan silmək doğru olmazdı.
Trampın prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurası aparatına rəhbərlik etmiş Keyt Kelloq “Reuters” agentliyinə bildirib ki, Tramp seçkidə qalib gələrsə, Birləşmiş Ştatlar müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə müttəfiqlik öhdəliklərinin azaldılması üçün çoxsəviyyəli sistem təklif edəcək”. Təbii ki, belə bir açıqlama Avropanı bu məsələdə daha tədbirli davranmağa sövq etməyə bilməz.
Rusiyanın hərbi-siyasi məsələlər üzrə eksperti Proxor Tebin məhz bundan çıxış edərək deyir: “Avropada motivasiyalı kadrlar var, ümumi sənaye gücü yüksəkdir və onlar bir neçə ildən sonra müdafiə sənayesində istehsalı artıra biləcəklər. Avropalılar artıq Trampın mümkün qələbəsinə hazırlaşır. Bu, Rusiya üçün çağırışdır və Tramp qalib gəlsə belə, ABŞ Avropanı tərk etməyəcək”.
Amma bunlar olmadan da NATO-nun xərcləri son bir ildə rekord həddə çatıb. NATO-nun baş katibi Yens Stoltenberq fevralın 14-də alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü öncəsi verdiyi mətbuat konfransında deyib: “Keçən il biz avropalı müttəfiqlər və Kanada arasında görünməmiş – 11 faiz artımın şahidi olduq”. Onun sözlərinə görə, 2024-cü ilin sonunadək NATO-nun 31 üzvündən 18-nin ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaq tələbini yerinə yetirəcəyi gözlənilir. "Bu, daha bir rekord rəqəmdir", – deyən baş katib əlavə edib ki, bu, yalnız üç NATO dövlətinin bu tələbi yerinə yetirdiyi 2014-cü ildəki xərclərdən altı dəfə çoxdur.
Həqiqətən, alyansın müdafiəyə kifayət qədər böyük məbləğ ayırdığı aydın görünür. Belə ki, NATO-dakı Avropa ölkələri və Kanadanın ümumi xərcləri 380 milyard dollara çatdırılacaq. 2023-cü ildə təkcə ABŞ-ın xərcləri 858 milyard dollar təşkil edirdi. Hazırda alyansın 11 üzvü 2 faizlik tələbi yerinə yetirir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bildirir ki, NATO-nun müdafiə xərcləri qlobal ümumi müdafiə xərclərinin yarısına qədər artıb. Bu da ondan irəli gəlir ki, ABŞ istisna olmaqla NATO ölkələrinin müdafiə xərcləri 2014-cü ildən bəri 32 faiz artıb.
Y.Stoltenberq etiraf edib ki, “bəzi Avropa ölkələri artıq 2 faizdən çox xərcləyirlər, bəzi müttəfiqlərin isə müdafiə xərclərini hədəfə çatdırması üçün hələ də qət etməli olacaqları yol var”. Baş katib, eyni zamanda, keçmiş ABŞ prezidenti Trampı alyansın kollektiv təhlükəsizliyini pozduğuna görə tənqid edərək deyib: “Biz bütün müttəfiqləri müdafiə etməyə hazırlığımız, öhdəliyimiz və qətiyyətimizlə bağlı Moskvada səhv hesablamalara və ya anlaşılmazlığa yer qoymamalıyıq”.
Almaniya hökuməti də fevralın 14-də alyansa verdiyi hesabatda bildirib ki, ölkə müdafiə xərclərini son 30 ildə rekord həddə artırıb. “DPA” agentliyinin məlumatına görə, 2023-cü ildə Berlin ilk dəfə olaraq hərbi ehtiyaclara ÜDM-in 2,01 faizini və ya 73,41 milyard dollar xərcləyib. Əlbəttə, XX əsrdə soyuq müharibə illərində Almaniya ÜDM-in 3 faizə qədərini müdafiəyə xərcləyirdi. Müdafiə nazirlərinin Brüsseldəki görüşündən iki gün əvvəl Almaniya kansleri Olaf Şolz 2024-cü ildə müvafiq həddi aşacağına söz vermişdi.
Alyans üzvlərinin ÜDM-in 2 faizi qədər müdafiə xərcləri üçün minimum hədd NATO tərəfindən hələ 2006-cı ildə əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Amma bu hədd yalnız 11 iyul 2023-cü ildə Vilnüsdə keçirilən sammitdə təsdiqləndi. Bu vəsaitin 20 faizi yeni silah və hərbi texnikanın alınmasına, elmi tədqiqat, təcrübə-mühəndis təkmilləşdirmə işlərinə xərclənməlidir.
Trampın prezidentliyi dövründə Vaşinqton, ÜDM-in 2 faizlik səviyyəsinə əməl olunması ilə bağlı tələblərini daha da sərtləşdirmişdi. 2018-ci il sammitində Tramp müttəfiqlərini “dərhal” buna əməl etməyə çağıraraq, blokun üzvlərini öhdəliklərini azaltmaqla hədələmişdi. 2019 və 2020-ci illərdə 9 NATO ölkəsi, 2022-ci ildə isə 11-i ÜDM-in 2 faizini müdafiəyə xərcləyib.
“IISS”in hesablamalarına görə, NATO ölkələri, Rusiya, Çin və Hindistanın ümumi müdafiə büdcələri qlobal xərclərin 70 faizini təşkil edir ki, bu da 2022-ci ilin fevralından bu yana 9 faiz artaraq rekord həddə – 2,2 trilyon dollara çatıb.
“IISS”-in müdafiə iqtisadiyyatı üzrə baş elmi işçisi Fenella Makqerti açıqlayır ki, ABŞ və Avropa ölkələrinin qlobal hərbi xərclərinin artımının əsas faktoru Yaxın Şərq və Asiyayaya diqqət yönəltmələri ilə bağlıdır. Onun sözlərinə görə, müdafiə büdcələrinin bölgüsündə prioritetlər də dəyişib: 2014-cü ildə NATO ölkələri müdafiə büdcəsinin orta hesabla 15 faizini satınalma və inkişafa xərcləyirdisə, 2023-cü ildə artıq 30 faizdən çoxunu xərcləyirlər. Polşa, Macarıstan və Finlandiya bu büdcənin yarısını avadanlıqlara xərcləyib.
NATO-nun müdafiə büdcələrinin artmasına Ukraynadakı münaqişə fonunda Avropa ölkələrinin müdafiə xərclərinin artması, həmçinin 2023-cü ilin aprelində NATO-ya qoşulan Finlandiyanın müdafiə büdcəsinə əlavələr təsir edib. Həmçinin bildirilir ki, Ukraynadakı münaqişədə döyüş sursatından istifadənin hazırkı tempi fonunda, Qərb ölkələri illərlə kifayət qədər investisiya qoyulmayan müdafiə sənayesi məhsullarının istehsalındakı çatışmazlıqları düzəltməyə çalışırlar.
Bu böhrandan əlavə, “IISS” təhlükəsizlik mühitinin pisləşməsinə nümunə olan digər münaqişələri, o cümlədən HƏMAS və İsrail arasında qarşıdurma, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar, Niger və Qabonda çevrilişlər, Çinin Tayvan ətrafında və Cənubi-Çin dənizindəki manevrlərini, Baltik dənizində qaz kəmərləri və məlumat ötürən kabellərlə bağlı insidentləri də qeyd edib.
NATO-nun sülh yaratmaq üçün deyil, hərb üçün xərclədiyi bu milyardlar dünyaya yaxşı bir şey vəd etmir. Heç onun bu ilin birinci yarısında seçiləcək yeni baş katibinin də nəyisə dəyişəcəyinə ümid etmək sadəlöhvlük olardı.
Yeni baş katib nəyi dəyişəcək ki?
Yeri gəlmişkən, NATO-nun Brüsseldəki baş qərargah-mənzilində baş tutan müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən brifinqdə qeyd edilib ki, alyans yeni baş katibin seçilməsini bu ilin birinci rübündə keçirməkdə çox maraqlıdır.
Bu da onu göstərir ki, NATO-nun 75 illik yubileyi ərəfəsində alyansın, nəhayət, yeni baş katibinin seçiləcəyi məlum olub. Yens Stoltenberq, təqribən, 10 ilə yaxın vəzifədə qaldıqdan sonra bu il oktyabrın 1-də istefa verməyə hazırlaşır. Alyans üzvləri ondan artıq dörd dəfə vəzifədə qalmağı xahiş ediblər.
Bütün bu illər ərzində NATO-nun Rusiya ilə münasibətlərinin pozulduğunu və ABŞ-ın o zamankı prezidenti Trampın dövründə transatlantik əlaqələrdəki gərginliyi nəzərə alaraq, Brüssel Stoltenberqi əvəzləmək riskinə getmək istəmədi. Amma bu il iyulun əvvəlində Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitində yeni baş katibin rəsmən açıqlanacağı gözlənilir.
Jurnalistlərin sammitdən əvvəl yeni baş katibin seçilib-seçilməyəcəyi və Hollandiyanın hazırki baş naziri Ruttenin NATO-ya rəhbərlik etmək şansının olub-olmayacağı ilə bağlı sualı cavablandıran ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Selesta Smit deyib: “Məncə, müttəfiqlər seçki prosesini, yəqin ki, bu təqvim ilinin birinci rübündə başa çatdırmaqda çox maraqlıdırlar.” Hollandiyanın hazırki baş nazirinin namizədliyinə gəlincə, o qeyd edib ki, “bizim bunu Ruttenin özündən eşitdiyimiz sirr deyil – o, buna maraq göstərir və alyans onu nəzərdən keçirir”.
Avropa rəsmiləri və diplomatları “Politico” nəşrinin suallarına cavab verərkən bildiriblər ki, “Rutte aşkar favoritdir”. Rutte ilə yaxın şəxsi münasibəti olan Fransa Prezidenti Emmanuel Makron onu dəstəkləyən əsas simalardandır.
“Bloomberg”in məlumatına görə, Ruttenin namizədliyini dəstəkləyən ölkələr onun bu yay NATO-nun baş katibi olmasını təmin etmək üçün ciddi çalışırlar. Onların fikrincə, 56 yaşlı Rutte favoritdir. Ruttenin üstünlüyünü nümayiş etdirən faktlardan biri də onun, ABŞ prezidentliyinə mümkün qayıdışı gözlənilən Trampın "öhdəsindən gəlmək" üçün ən asan namizəd hesab edilməsidir. Çünki Rüttenin Trampla münasibətləri əvvəlcədən də yaxşı olub. Qeyd edilir ki, 2019-cu ildə Ağ evdə keçirilən görüşdə Rutte və Tramp zarafatlaşaraq əllərini bir-birinin çiyninə vurublar və Tramp deyib: “Biz son bir neçə ildə dost olduq".
Ruttenin namizədliyi ətrafında açıq konsensusun formalaşmasına baxmayaraq, o, Türkiyənin şəxsində bir maneə ilə üzləşə bilər. “Bloomberg”in məlumatına görə, Ankara onun təyinatını təsdiqləməzdən əvvəl ondan “qərəzsizlik zəmanəti” istəyir. Məsələ ondadır ki, Rutte və ya NATO-nun gələcək baş katibi Türkiyənin gərgin münasibətləri olan “Yunanıstan və Kiprin nazı ilə oynamamalıdır”. Türkiyə tərəfi, həmçinin Ruttedən onun Avropa İttifaqı ilə NATO tərəfdaşlığında iştirakına icazə verməsini və alyans müttəfiqləri arasında müdafiə məhsulları ticarətinə məhdudiyyətlər qoyulmamasını istəyir. Buna baxmayaraq, agentliyin müsahibi deyib ki, Rutte hələ də Türkiyənin tələblərinin siyahısını almayıb.
Hazırda isə maraqlı faktlardan biri odur ki, Stoltenberq postunu qeyd etdiyimiz vaxtda tərk etmiş olsa, NATO-nun baş katibi vəzifəsində ən uzun müddət ərzində rekorda sahib ola bilməyəcək. Rekord isə hələ də soyuq müharibə dövründə NATO-ya 13 il – 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandiyalı Yozef Lunsə məxsusdur.
Əlbəttə, uzun illər NATO-nun baş katibi olmaq mümkündür. Amma səmərəli xidmət uzun müddət bu postda qalmaqda yox, baş katib olduğun müddətdə dünyanın müharibə ocaqlarının artmasına imkan verməmək, əksinə, lokal müharibələri belə sülhlə sona çatdırmaqdır. Düşündüyümüzə görə, ən səmərəli rəqabət məhz bu sahədə olmalıdır. Lakin NATO-nun hərbi xərclərinin sürətlə artmasının şahidi olduğumuz bir zamanda alyansın hər hansı baş katibinin yeni müharibələrin anonsunu verməyəcəyinə inanmaq olmur. Bir də axı NATO Qərb üçün müdafiə konstruksiyası yox, həm də hegemonluq dəyənəyidir. Onun baş katibi kim olursa-olsun, baş komandantı, əlbəttə, ABŞ-dır. Onun isə bu qurumla bağlı öz siyasəti, öz planları var.
İlqar RÜSTƏMOV