- Daxili siyasət
- 09:37 20.09.2024
“Danışıqlar yolu ilə istədiyimi verin, əks halda müharibə ilə götürəcəyəm”. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanın mövqeyini belə xarakterizə edib. Əlbəttə, Nikolun dilə gətirdiyi sərsəmlikdir. Bu yerdə yaxşı deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Amma hər zaman doğru tərəf olan Azərbaycanın bağrı daha çatlamayacaq. Ona görə ki, istədiyini əldə edib, mövqeyi haqqa, ədalətə əsaslanıb.
Ermənistan işğalçı ölkə imicini üzərindən atmalıdır. Lap keçmişə getmədən bildirək ki, 44 günlük müharibənin başlanmasına rəvac vermiş “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirən Paşinyandır. Üstəlik, “yeni ərazilər uğrunda yeni müharibələr” şüarını irəli sürən də məhz Nikolun rəhbərlik etdiyi hökumətin müdafiə naziri olmuşdu.
Bəli, keçmişə qayıtmadan ötən dövrün bir-iki fraqmentini yada salmaq vacibdir. Ona görə ki, Ermənistanın baş naziri ölkəsinin vaxtilə gerçəkləşdirdiyi vandalizm aktlarını Azərbaycanın indiki davranışı kimi xarakterizə edir. Bu isə o deməkdir ki, rəsmi İrəvan səmimi deyil. Nəinki səmimi deyil, habelə təxribatçıdır.
Təxribatdan söz düşmüşkən, fevralın 13-dəki hərbi toqquşma zamanı ilk atəş açan məhz erməni hərbçisi olub. İrəvan hazırda elə görüntü yaradır ki, sanki, bunu edən erməni ordusu yox, hansısa könüllü dəstənin üzvüdür. Həmin dəstə üçün qəribə ad da düşünülüb. Necə deyərlər, eyni dalğa, eyni koordinat.
Vaxtilə Azərbaycan torpaqlarını işğal edənləri Qarabağın erməni könüllüləri kimi göstərirdilər. Nədənsə sonradan həmin “könüllülərin” hamısı Ermənistan rəhbərliyində yüksək vəzifə sahibinə çevrildilər. Biri baş nazir oldu, digəri müdafiə naziri, bir başqası isə prezident postunu tutdu...
Amma Azərbaycan tarixin təkrarlanmasına yol verməyəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, quş quşluğu ilə sərhədimizi keçə bilməməlidir və bilməyəcək. “Erməni bayquşları” da, həmçinin. Fevralın 13-də məhz həmin “bayquşlardan” dördü cəhənnəmə vasil oldu. Yeniləri peyda olsa, onları da eyni aqibət gözləyir. Paşinyan bunu nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır. Yəni, o, Azərbaycanı ittiham etməkdənsə, tipik erməni xislətini bir kənara qoysa, ölkəsi üçün daha çox iş görmüş olacaq.
***
Erməni baş nazirin fikirlərinin əksinə olaraq bildirək ki, Azərbaycan, heç bir halda, diqqəti Ermənistana qarşı hərbi zorakılıq siyasətinə yönəltmir. Bu ritorikanı İrəvan və onun xaricdəki havadarları tirajlayırlar. Meydana elementar sual çıxır: Necə olur ki, Azərbaycan zorakılıq həyata keçirmək istəyir, şərti sərhəddə silahları ilk dindirən ermənilərdir? Ortada böyük ziddiyyət var. Ancaq durumu bir qədər təhlil edəndə görürsən ki, ziddiyyət ilk baxışdandır.
Əslində, N.Paşinyan ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı aqressiv tonda danışır. O, yenə də “ampluasına” sadiqdir. Məlum olduğu kimi, ölkəmiz hazırda Ermənistanın işğalı altında olan dörd kəndi tələb edir. Prezident İlham Əliyev də bununla bağlı prinsipial mövqeyini açıqlayıb. Lakin Nikolun dünənki fikirlərindən belə çıxdı ki, İrəvan haqlı istəyimizi yerinə yetirmək fikrindən uzaqdır. Ən pisi isə budur ki, erməni baş nazir bəhanə kimi Azərbaycanın, guya, Ermənistana məxsus 31 kəndi ələ keçirdiyini vurğulayır və məsələni ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin pozulması kontekstində qiymətləndirir.
Əlbəttə, Paşinyanın mövqeyi iki ölkə arasındakı normallaşma prosesindən boyun qaçırmaqdan başqa bir şey deyil. Deməli, Ermənistan iqtidarı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirmək niyyətindən uzaqdır. Hərçənd, rəsmi İrəvanın sözügedən sənədi çoxdan boykot etdiyi də vurğulanmalıdır. Nəticə belədir: Paşinyan öz imzasına hörmətsiz yanaşır, nəinki dörd kəndi qaytarmaq istəmir, üstəlik Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılması öhdəliyinin yerinə yetirilməsindən də yayınır.
Ən paradoksal məqam budur ki, müxtəlif xarici qüvvələrin təhriki ilə Cənubi Qafqazı qan çanağına çevirmək məqsədi güdən Ermənistan Azərbaycanı hərbi eskalasiya mühiti formalaşdırmaqda ittiham edir. O, Azərbaycanın sərhədləri dəyişdirmək üçün Ermənistanla genişmiqyaslı müharibəyə başlamaq niyyətinin olduğunu deyir. Belə bir siyasi gedişə baş vurmaq, ilk baxışdan, sərsəmlik kimi görünsə də, məlumdur ki, bu, xaricdəki erməni havadarlarının “sifarişidir”.
“Sifariş” Azərbaycan torpaqlarının yenidən zəbti barədədir. Sülh prosesindən yayınmanın, silahlanmanın məqsədi də elə budur. Ermənistan və onu qlobal oyunların məngənəsinə atan xarici qüvvələr erməni avantürasına fokuslanaraq, Cənubi Qafqazdakı mövcud reallıqlara meydan oxumağa çalışırlar və İrəvanı illüziya bataqlığına çəkirlər. Hazırda Paşinyanın bəyanatları məhz həmin illüziyaların təsir gücünün təzahürüdür.
Sonda Paşinyanın hökumətin iclasında səsləndirdiyi daha bir fikrə diqqət yetirək. Azərbaycanı işğalçılıqda, Ermənistanın ərazi bütövlüyünə qəsddə günahlandırmağa köklənmiş baş nazir, faktiki olaraq, bildirir ki, Prezident İlham Əliyevin Ermənistan qanunvericiliyində dəyişiklik tələbi də ölkəsinin suverenliyinin pozulmasına cəhddir. Qeyd edək ki, Nikol konstitusiya islahatlarını özü gündəmə gətirmişdi. Hətta İspaniyadakı məşhur ənənəyə istinad edərək belə bir metaforaya baş vurmuşdu: Ermənistan konstitusiyası qırmızı parçadır və öküzləri özünə cəlb edir.
Əlbəttə, hazırkı davranışı nöqteyi-nəzərindən Paşinyanın metaforası konstitusiyanın yolverilməz mahiyyətinin təsdiqidir. Ona görə ki, ana qanunun istinad etdiyi istiqlaliyyət bəyannaməsi həm Azərbaycanın, həm də digər qonşuların suverenliyinin və ərazi bütövlüyünün şübhə altına alınmasıdır. Belə olan halda, əlbəttə ki, ölkəmiz sənədin dəyişdirilməsini tələb etməlidir və buna tam haqqı çatır. Ermənistan isə öz növbəsində, məsələyə həssas yanaşmalıdır. Düşünməlidir ki, bir ölkənin əsas qanunu, yaxud onun istinad etdiyi hansısa sənəd digər ölkələrə qarşı ərazi iddiası kimi avantüranı, separatizmi və ekstremizmi nəzərdə tutmamalıdır. Bəs erməni iqtidarı bu barədə düşünürmü, görəsən?
Ə.RÜSTƏMOV