- Daxili siyasət
- 09:37 20.09.2024
Mövzunun aktuallığı və həssaslığı göz önündədir. Məsələnin həssas tərəfi onunla bağlıdır ki, bu, bir ölkənin sülhyaratma qüvvələrinin ikinci ölkənin ərazisini sadəcə tərketmə müddəti ətrafında cərəyan edən diplomatik məsələ deyil. Əslində, məsələ həm də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin bölgədən nə zaman gedib-getməyəcəyi ilə məhdudlaşmır. Onların bölgədə qalma müddəti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda birmənalı şəkildə göstərilib: 2025-ci ilin noyabrı.
Həmin müddətin bitməsinə bir il doqquz ay var. Bu tarixin arxasında Cənubi Qafqazda maraqları olan böyük güclərdən birinin strateji planları və nəyin bahasına olursa-olsun, bölgədə mövcudluğunu davam etdirmək niyyəti dayanır.
* * *
Mövzunu aktuallaşdıran və onu yenidən gündəmə gətirən səbəb isə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimovun Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentlə bağlı “İzvestiya” qəzetinə müsahibəsində dediyi fikirlər oldu. Rus diplomatın bu yöndəki mülahizələri qızğın müzakirələr yaradıb. M.Yevdokimov müsahibəsində Rusiya sülhməramlı kontingentinin taleyi ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu söyləyib. Səfirin açıqlamasından belə bir nəticə hasil olur ki, 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq sülhməramlılar 2025-ci ilin noyabrına qədər bölgədə qalacaq və hazırda bunu şərtləndirən amillər kifayət qədərdir.
Səfir M.Yevdokimovun məlum açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi kifayət dərəcədə konkret bəyanatla cavab verib. XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin məsələ ilə bağlı yaydığı məlumatda deyilir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 2020-ci il 10 noyabr tarixli Bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır”.
Qarabağdakı sülhməramlı kontingenti ilə bağlı buna qədər də Moskvadan “maraqlı” diplomatik açıqlamalar verilirdi. Bunlardan biri, guya, sülhməramlıların ərazidə minaların zərərsizləşdirilməsi işində Azərbaycana yardım etməklə məşğul olması idi. Fəqət Azərbaycan XİN-in rəsmisi A.Hacızadənın açıqlamasından məlum oldu ki, Rusiya hərbi kontingenti Qarabağ torpağının minalardan təmizlənməsinə o qədər də maraq göstərmir. XİN-in açıqlamasında yer almış “ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur” cümləsi Kremlin bu versiyasının yanlış olduğunu ortaya çıxardı. Yəni, hayların torpağımıza basdırdığı minaların zərərsizləşdirilməsi istiqamətində sülhməramlılarla birgə fəaliyyət yoxdur.
* * *
İlk baxışda məsələnin mahiyyəti tərəflərə aydındır, amma sülhməramlıların bölgədə uzun müddətə qalma ehtimalı kontekstində Moskvadan müxtəlif versiya və mülahizələr eşidilir. Bu dəfə açıqlanan versiya özünün “konkretliliyi” ilə diqqəti çəkir. Yeni versiya, sadəcə, mövzu ətrafında diplomatik polemikanın əsəbləri oynadacaq həddə kimi genişləndiyinə dəlalət edir. Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS agentliyinə verdiyi açıqlamasında irəli sürdüyü “variantı” başqa cür xarakterizə etmək mümkün deyil. Onun Qarabağı könüllü şəkildə tərk etmiş ermənilər barədə dedikləri heyrət doğurur. M.Qaluzinin sözlərinə görə, Rusiya Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmalarına zəruri şəraiti yaratmağa hazırdır. O, daha sonra ermənilərin bölgəyə yenidən qayıdışının “mexanizmini” təsvir edir: “Təəssüf ki, Qarabağ ermənilərinin böyük əksəriyyəti artıq bölgəni tərk edib. Bəli, bu, onlar üçün ağır, amma könüllü seçim olub. Bu baxımdan yanaşanda, indi geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etmək şərtilə onlara zəruri şəraitin yaradılması vacibdir. Biz bu prosesə hərtərəfli yardım göstərməyə hazırıq. Həmin yardımı Rusiya sülhməramlı kontingenti vasitəsilə həyata keçirmək olar. Onların bölgədə olması böyük əhəmiyyət daşıyır”.
Kreml rəsmiləri hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da Qarabağ bölgəsində qala bilər” – dedikcə Bakıdan onlara “2020-ci il 10 noyabr Bəyanatına görə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə bitir” cavabı verilib. Amma, görünür, bu dəfə Bakının reaksiyası daha kəskin olacaq. Ən azı ona görə ki, Rusiya baş diplomatının müavininin bu açıqlamasının fərdi və subyektiv xarakter daşımadığı bir yana, onun sözləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik, eləcə də daxili işinə müdaxilə kimi qiymətləndirilməlidir.
* * *
2023-cü ilin sentyabrından sonra Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Erməniləri də yaşadıqları o bölgədən heç kəs zorla çıxarmayıb, İrəvandan aldıqları “komanda” ilə öz xoşları ilə tərk ediblər. Hətta ərazini könüllü tərk edən zaman rəsmi Bakı onlara alternativ seçim imkanı təklif etmişdi: Azərbaycan vətəndaşlığı üçün müraciət edin, qanunlarımıza tabe olun və üçrəngli bayrağımız altında yaşamağa davam edin. O ki qaldı dediyimiz şərtlər daxilində bölgəyə qayıtmağa qərar verən ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinə, bu, artıq Azərbaycanın daxili işidir. Rusiya sülhməramlı kontingentinin ermənilərin hüquq və təhlükəsizliyinin qarantı statusunda çıxış etməsi, belə bir missiyanı yerinə yetirməyə girişməsi isə onların mandatı xaricindədir və beynəlxalq hüquqa ziddir.
Yerli ekspertlərin bir çoxu belə hesab edir ki, rus qoşunlarının Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb. Onların bundan sonra fərqli təyinat alacaqları da gözlənilmir. Bu reallıq o qənaətə gəlməyə əsas verir ki, 2020-ci ilin noyabrında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bölgədə qalma müddətinin uzadılması müzakirə mövzusu ola bilməz. O başqa məsələdir ki, Kreml sülhməramlıların dislokasiya yerini başqa bir əraziyə, məsələn, Qərbi Zəngəzura dəyişə bilər. İntəhası, burada nəzərə alınmalı vacib bir məqam var. Adıçəkilən ərazilər də Azərbaycanın qədim torpaqlarıdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı məsələ, təbii ki, dövlət başçıları səviyyəsində həll olunacaq. Mən qəti şübhə etmirəm ki, bu məsələ Azərbaycanın maraqlarına uyğun şəkildə həllini tapacaq. Əgər problem varsa, bu, heç də nazir müavini səviyyəsində müzakirə mövzusu ola bilməz. Mixail Qaluzin bu barədə öz fikrini söyləyə, nəsə bəyan edə bilər.
Reallıq ondan ibarətdir ki, Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyini Azərbaycan özü təmin etməyə qadirdir. Bu məsələdə bizə nə sülhməramlılar, nə də kənardan başqa kömək lazımdır. Rusiya Xarici işlər nazirinin müavininin bu versiyanı hansı səbəbdən ortaya atdığı qeyri-müəyyəndir. Əvvəla, Qarabağa qayıtmağı arzulayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycan bütün vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edən bir dövlətdir. Təkrar edirəm, bu məsələdə hansısa sülhməramlı hərbçilərin yardımına ehtiyacımız yoxdur. Düzü, demək çətindir ki, həmin sülhməramlılar erməniləri kimdən qoruyacaq və təhlükəsizliklərinə hansı təminatı verəcəklər? Digər tərəfdən, bu məsələ, 10 noyabr Bəyanatında göstərildiyi kmi, 2025-ci ilin mayına qədər müzakirə predmeti ola bilər. Amma daha Qaluzinin səviyyəsində deyil, dövlət başçılarının səviyyəsində müzakirə mövzusudur. Əminəm ki, bu zaman Azərbaycan heç bir problemlə üzləşməyəcək. Çünki, bizim bu məsələ ilə bağlı mövqeyimiz konkret və kifayət qədər aydındır.
İmran BƏDİRXANLI