- Daxili siyasət
- 09:37 20.09.2024
Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki çıxışında bu günün Azərbaycanının mənzərəsini son dərəcə dolğun şəkildə canlandırdı. Dövlətimizin başçısı həm hazırda ölkəmizin qarşısında duran məsələlərdən, həm də perspektiv vəzifələrdən ətraflı söz açdı. Əlbəttə, Azərbaycan liderinin çıxışının geniş ictimaiyyət, o cümlədən, beynəlxalq aləm üçün daha vacib əhəmiyyət daşıyan hissəsi ölkəmizin Ermənistanla münasibətləri xüsusunda vurğuladıqları idi.
“Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.
Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirləri onun andiçmə mərasimindəki çıxışına, bir növ, möhür qoyur, tamamlayıcı motiv daşıyır. Yəni, dövlətimizin başçısı Ermənistanla sülh prosesinin gündəmdən çıxdığının anonsunu verir. Deməli, Cənubi Qafqazda sülhün xarici aspekti özünü ölkəmizin səmimi mövqeyinə kökləməli və eyni dərəcədə səmimiyyət nümayiş etdirməli idi. Amma bu gerçəkləşmədi. Əlbəttə, cənab Əliyevin vurğuladığı digər məqamların da nəzərə alınması mütləq xarakter daşıyırdı. Hansıdır o məqamlar? Bu barədə söz açacağıq.
Ümumən, ölkəmizin lideri nitqində həm Azərbaycanın hazırkı üstünlüyünü göstərir, həm də həmin üstünlüyü şərtləndirən iqtisadi, hərbi və mənəvi amilləri sadalayır. Deməli, Azərbaycan ortaya hansısa iddia və prinsip qoyursa, hər kəs bilməlidir ki, həmin iddia və prinsiplərin arxasında reallıq dayanır.
Məsələn, dövlətimizin başçısı bildirir ki, Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər Azərbaycanı heç nəyin dayandıra bilməyəcəyini anlamalıdırlar. Prezident Ali Baş Komandan olaraq Ordusunun hazırkı vəziyyətindən, daha doğrusu, yüksək peşəkarlıq səviyyəsindən və əzmindən tam xəbərdardır: “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir”.
Bəli, Ermənistan və havadarları dərk etməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiaları heç bir nəticə verməyəcək. Ərazi iddiası isə var və özünü Ermənistan qanunvericiliyində göstərməkdədir. Konkret olaraq, ölkə Konstitusiyasının qaynaqlandığı müstəqillik bəyannaməsində.
Bu nəticəyə gəlirik ki, hazırda Ermənistan rəhbərliyinin qaldırdığı konstitusiya islahatları mövzusu tez bir zamanda həyata keçməlidir, spekulyasiya predmetinə çevrilməməlidir. Rəsmi İrəvan nəzərə almalıdır ki, mövcud istiqamətdə vaxt itkisi onun səmimiyyətini şübhə altına alır: “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.
Məlum olduğu kimi, 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında vasitəçilik uğrunda yarış gedir. Bu yarış, eyni zamanda, vasitəçiliyə çalışan ölkələrin bir-biri ilə qlobal rəqabəti kontekstində özünü göstərir. Yəni, onlar, heç də, mütərəqqi niyyət gerçəkləşdirmək naminə hərəkətə keçməyiblər. Dövlətimizin başçısının məsələyə münasibəti isə kifayət qədər korrektdir: “Birincisi, vasitəçi olmaq üçün sən gərək, heç olmasa, üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma, heç olmasa, üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil”.
Bəli, iş ondadır ki, heç bir diplomatik qaydalara riayət etməyənlərin Azərbaycan–Ermənistan nizamlama prosesində ortaya düşdükləri aşkardır. Onlar özlərinin yarımçıq təfəkkürləri ilə vasitəçilik missiyasını ermənipərəst tərəfkeşliklə səhv salırlar. Ən başlıca məsələ isə bu yolu tutanların siyasi məğlubiyyətə düçar olmalarından sonra çıxardıqları oyunlardır. Yəni, belələri görəndə ki, İrəvanı müdafiə imkanları tükənir, tamam başqa mətləblərə baş vururlar. Məsələn, Azərbaycanı antidemokratik məmləkət kimi qələmə verir, xarici aləmdə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa girişirlər. Hansı üsulu seçirlər? Prezident İlham Əliyev bu mənzərəni son dərəcə dəqiq təsvir edir: “Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil”.
Beynəlxalq ictimaiyyət, böyük ölçüdə yanaşsaq, güc faktoruna tabedir. Ona görə Prezident İlham Əliyev ölkəmizin hədəfinin daha da güclənmək olduğunu açıqlayır. Ümumən, Azərbaycan iqtidarının illərdir gerçəkləşdirdiyi siyasətin məqsədi bu olub. Mövcud yanaşma hazırkı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası reallığını doğurub. Nəticədə, ölkəmiz indi diktə edən tərəfdir. Bu iradəyə görədir ki, Cənubi Qafqaz üçün gündəmi müəyyənləşdirən Azərbaycandır.
Hazırda Azərbaycanın qarşısında daha böyük hədəflər durur və həmin hədəflərə çatmaq üçün reallaşdırılmaqda olan kurs düşünülüb, hərtərəfli ölçülüb-biçilib. Artıq xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli deyil. Dövlətimizin başçısının da vurğuladığı kimi, məsələ, bu gün artıq, demək olar ki, gündəlikdə durmur.
Göründüyü kimi, vaxt Ermənistanın əleyhinə işləyir. Əgər əvvəllər Azərbaycan üçün Qarabağ münaqişəsi dövrü qapanmışdısa, bu gün artıq qapanan Ermənistan–Azərbaycan münaqişəsi dövrüdür. Məsələyə kənardan müdaxilələr də yolverilməzdir. Səbəbini izah etdik nə üçün. Əlbəttə, ermənipərəstlik konkret motivdir. Həm konkretdir, həm də süni şəkildə şişirdilmiş. Aydındır ki, məqsəd yalnız Ermənistanı müdafiə deyil, İrəvan burada sadəcə olaraq alətdir.
Bütün bunlara görədir ki, ölkəmizin rəhbəri əvvəldə də vurğuladığımız kimi, vasitəçilik səylərini kənarlaşdırır. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev məsələni, bir növ, ümumiləşdirir və qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə hazır olmaq vəzifəsini müəyyənləşdirir. Ən əsası: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar! Yolumuz açıq olsun!”
Ə.CAHANGİROĞLU