- Daxili siyasət
- 09:37 20.09.2024
Polşa “Veymar üçbucağı”nın işini intensivləşdirməyə, Fransa və Almaniya ilə birlikdə Avropanın gələcəyi və təhlükəsizliyinin məsuliyyətini öz üzərlərinə götürməyə qərar verib. Baş nazir Donald Tusk Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparmaq üçün Paris və Berlinə gedib. Paralel olaraq, üç ölkənin XİN rəhbərləri Parisdə ayrıca görüş keçiriblər. Tərəflər əmindirlər ki, əməkdaşlığın gücləndirilməsi Avropa Birliyini qorumağın yeganə yoludur.
“Veymar üçbucağı” Polşa, Almaniya və Fransa arasında əməkdaşlığın inkişafı üçün üçtərəfli regional qrupdur. Qrup əsasən üç ölkənin liderləri və xarici işlər nazirləri arasında sammit görüşləri formasında mövcuddur. “Veymar üçbucağı” ölkələrinin liderlərinin sonuncu sammiti 2022-ci il fevralın 8-də Berlində baş tutub. Əvvəlki görüşlər Varşavada (2011), Poznanda (1998), Nensidə (1999, 2005) və Hambaxda (2001) keçirilib. Xarici işlər nazirlərinin sammitləri ən azı 2016-cı ilə qədər daha müntəzəm olub. İndi bu formatın yenidən intensivləşdirilməsinə qərar verilib. Xüsusilə də Rusiya-Ukrayna münaqişəsi kontekstində və sabiq prezident Donald Trampın Birləşmiş Ştatlarda hakimiyyətə gəlməsinin mümkünlüyü fonunda Avropada öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağın zəruriliyi ilə bağlı müzakirələr aparılır. “Köhnə qitə”də mövcud problemlərin həlli üçün kollektiv səylər göstərmək barədə düşünürlər. Əlverişsiz qlobal şəraitə baxmayaraq, 2023-cü ilin sonunda Polşada hakimiyyət dəyişikliyindən sonra Paris, Berlin və Varşavanın həqiqətən də mövqelərini yaxınlaşdırmaq və əməkdaşlığı gücləndirmək şansları var. Polşanın baş naziri Donald Tusk və Polşanın xarici işlər naziri Radoslav Sikorski dialoq qurmaq üçün Qərbi Avropaya gediblər.
“Veymar üçbucağı” formatını yenidən aktivləşdirmək məqsədilə fevralın 12-də hər üç ölkənin xarici işlər nazirləri Radoslav Sikorski, Annalena Berbok və Stefan Sejurne Paris yaxınlığındakı La Sel-Sen-Klu şəhərində görüş keçiriblər. Məlumatlara görə, nazirlər Ukraynanın dəstəklənməsinə xüsusi diqqət yetiriblər, həmçinin müdafiə sahəsində əməkdaşlığı və iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitini müzakirə ediblər. Ümumiyyətlə, ABŞ-da yaxınlaşan prezident seçkiləri və Donald Trampın seçkilərdə qalib gəlmə ehtimalının artması fonunda Şimali Atlantika məsələləri xüsusilə aktual mövzuya çevrilib. Seçkiqabağı kampaniya gücləndikcə, sabiq prezident Donald Tramp qalmaqallı açıqlamalar verir. O çıxışında bildirib ki, Avropa ölkələri müdafiə xərclərini artırmasa, ABŞ onları müdafiə etməyəcək. Buna görə də, avropalılar respublikaçı namizədin qalib gələcəyi təqdirdə atacaqları addımları indidən hesablamağa başlayıblar.
Siyasi şərhçilərin sözlərinə görə, əslində, “Veymar üçbucağı” ötən müddət ərzində fəaliyyət göstərib. Polşanın əvvəlki hökuməti dövründə, məsələn, 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya daxil olmasına az qalmış oxşar formatda görüşlər keçirilib. Ancaq “Hüquq və ədalət” partiyasının hakimiyyəti dövründə Varşavanın Avropa İttifaqı və Qərbi Avropa ilə münasibətləri gərgin olduğundan üç ölkə arasında bu formatda görüşlər keçirilmirdi. İndi Varşava öz tərəfdaşlarına vəziyyətin dəyişdiyini və Polşanın Qərb ilə münasibətlərini daha da yaxşılaşdırmağa hazır olduğunu bildirir. Maraqlıdır ki, əvvəlki hakimiyyət dövründə Polşa daha çox ABŞ-a və onun silahına arxalanmağa üstünlük verirdi. Okeanın o tayından son zamanlar Avropanın müdafiə olunması ilə bağlı gələn narahatedici bəyanatlar Varşavanı Paris və Berlin ilə birlikdə hərəkət etməyə vadar edir.
Bununla belə, hər üç ölkə rəhbərliyi ABŞ və NATO barədə ehtiyatlı davranırlar. Parisdə mətbuat konfransında Polşanın baş naziri və Fransa prezidenti əmin ediblər ki, “Aİ, NATO və transatlantik əməkdaşlığa alternativ yoxdur”: “Avropa təhlükəsiz qitəyə çevrilməlidir və bu o deməkdir ki, Aİ, Fransa və Polşa güclü olmalı və öz sərhədlərini müdafiə etməyə hazır olmalı, həmçinin müttəfiqlərini və dostlarını qorumalı və dəstəkləməlidir”. Xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş yekun bəyanatda da qeyd olunur ki, məqsəd Avropa İttifaqını (Aİ) daha birləşmiş, daha güclü və təhlükəsizlik və müdafiə birliyi istiqamətində aktual təhlükəsizlik çağırışlarına daha yaxşı cavab verə bilmək və avropalıların gözləntilərini qarşılamaqdır. Bəyanatda xüsusilə qeyd olunur ki, tərəflər vahid və güclü Şimali Atlantika Alyansı Təşkilatına (NATO) sadiqdirlər.
Səbuhi MƏMMMƏDOV