- Daxili siyasət
- 09:37 20.09.2024
“Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Yazıya nə üçün dövlətimizin başçısının bildirdikləri ilə başladığımıza aydınlıq gətirəcəyik. Mövzumuz isə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, son ayların qatı ermənipərəsti Jozep Borrelin fevralın 13-də Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında dedikləri barədədir.
Cənab Borrell, sözün əsl mənasında, başını itirib. Ali nümayəndənin söylədiklərinin bir adı var – həyasızlıq. Onun dediklərindən bu rəyə gələ bilərik ki, ermənipərəstliyin səviyyəsi tam haqsız durumlarında belə, Ermənistan üçün haqq qondarmağın yüksəklik faizi ilə ölçülür. Deməli, cənab Borrell özü ilə fəxr edə bilər. Çünki, hazırda onun “səviyyəsinə” kimsə, daha doğrusu, hansısa digər erməni sevdalısı çata bilmir...
Əlqərəz, Aİ-nin ali nümayəndəsi Azərbaycan – Ermənistan sərhədində yaşanmış qanlı insidentə münasibət bildirib. O, deyib ki, Ermənistan tərəfinin birinci atəş açması, təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verib. Sən demə, sərhəddəki erməni komandanlığını, atəş açan əsgərlə bərabər çağırmalı və tənbeh etməli imişik. Yadımızda qalsın, gələn dəfə atəşkəs pozulanda, Jozep müəllimin dediyi tərzdə davranaq. Hələ bir az da dərinə gedək – atəş açan əsgərin valideynlərini çağıraq, ona etirazımızı bildirək. Daha yaxşı olar ki, Borrell özü də gəlib həmin əsgəri danlasın, ailə üzvlərinə iradını çatdırsın. Bir sözlə, əsl sülhyaratma missiyası həyata keçsin. Beləcə “şıltaq erməni əsgərlərini” yola verək, “cavandırlar” deyib səhvlərini bağışlayaq. Çox güman, Aİ-nin ali nümayəndəsinin proporsional və adekvat reaksiya məntiqində məhz bunlar yer alır.
Amma, xeyr, J.Borrell o qədər də sadəlövh deyil. Onun bildirdiyi fikir Ermənistanı müdafiə məqsədi güdən davranışın, daha doğrusu, çoxgedişli davranışlar sisteminin yalnız kiçik elementidir. Aİ rəsmisinin “düşüncə arsenalında” belə elementlərin həddən artıq çoxluğu şübhəsizdir. Onun haqqında söz açdığımız həyasızlığı da elə bundan ibarətdir. Amma, gərək, cənab Borrell erməni əsgərinin açdığı atəşə görə təəssüflənməyəydi. Çünki təəssüf hissi həyasızlığa, ali nümayəndənin təbirincə desək, qeyri-proporsionaldır. Nə isə...
Bəli, J.Borrellin həyasızlığı istənilən situasiyada Ermənistana haqq qazandırmaq təbiətinə malikdir və bu baxımdan daha bir məqam var. Azərbaycanı qınamaq yolu tutan ali nümayəndə, eyni zamanda, deyib ki, rəsmi Bakı Ermənistanın Müdafiə Nazirliyinin baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb. İlk baxışdan, cənab Borrelin nə demək istədiyi anlaşılmazdır. Təsəvvür edin, Azərbaycan sərhədçilərinə atəş açılır, hərbçilərimiz cavab vermir və gözləyirlər ki, Ermənistanın Müdafiə Nazirliyi məsələyə münasibət bildirsin. Bu mümkündürmü? Əlbəttə, yox! Görünür, Borrelin ermənipərəstliyi bütün mümkünsüzləri mümkün qiyafəsində sırıyacaq qədər güclüdür...
Ermənistan tərəfindən atəş açılıb, bir hərbçimiz yaralanıb, Azərbaycan tərəfinin cavab atəşi nəticəsində dörd erməni hərbçisi cəhənnəmə vasil olub. Ermənistanın Müdafiə Nazirliyi açıqlamanı insident böyüdüyü üçün yayıb. İndi düşünək ki, Azərbaycan hərbçiləri əks tədbir görmürlər.
Sual yaranır: o halda qarşı tərəf məsələyə münasibət bildirəcəkdimi? Qətiyyən yox! Əksinə, erməni hərbçiləri düşünəcəkdilər ki, cavab yoxdursa, deməli, belə hərəkətləri gələcəkdə də davam etdirmək mümkündür. Cəzasızlığın hansı nəticələr doğurduğunu çox görmüşük. 44 günlük müharibəyədək nəinki Borrrellin təmsil olunduğu qurum, həmçinin, dünyanın özünü mütərəqqi sayan təşkilatları bizə təxminən belə deyiblər: sakit qalın, cavab verməyin... Azərbaycan sərt siyasi ritorikaya üstünlük verəndə isə münaqişənin hərbi həll yolunun mümkünsüzlüyündən dəm vurublar.
Göründüyü kimi, onların söylədikləri düz çıxmadı. Çünki Ermənistanın anladığı gücün dilidir. O zaman keçək Borrelin açıqlamasının məğzinə. Əslində, bu məğz sərhəddə yaşanmış hərbi insidentin əsl məqsədinin müəyyənləşdirilməsi baxımından son dərəcə vacibdir.
***
Fikrimizə aydınlıq gətirmək üçün üzərində dayanacağımız başlıca məqam Azərbaycan Prezidentinin əvvəldə diqqətə çatdırdığımız fikirləridir. Onu da deyək ki, İrəvan rəsmiləri bütün beynəlxalq platformalarda Azərbaycanın Ermənistan ərazilərini işğal etdiyinə dair cəfəngiyyat tirajlamaqda, ölkəmizi təcavüzkar kimi göstərməkdədirlər. Halbuki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Yəni, demək olmaz ki, ölkəmiz dövlət sərhədini pozub. Həm də, ona görə demək olmaz ki, otuz ilə yaxın müddətdə Ermənistan üçün Azərbaycanla sərhəd dövlətimizin başçısının bildirdiyi kimi, Ağdamda olub. Ağdamda, Füzulidə və Tərtərdə. Yəni, işğal edilmiş torpaqlarımızda. Ermənistanın havadarları isə illərlə çalışıblar ki, bu anlayış beyinlərdə möhkəmlənsin. Ona görə də torpaq itkimizlə bağlı status-kvonun qorunmasına çalışıblar.
Azərbaycan Prezidentinin diqqətə çatdırdığımız fikirlərindən, eləcə də mövzu ilə bağlı müxtəlif vaxtlarda bildirdiklərindən gəlinən qənaət isə həm də budur ki, hazırda sərhədlər məsələsi sülh müqaviləsinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Ölkəmizin lideri yanvarın 10-dakı müsahibəsində sərhədlərin hansı prinsiplər əsasında müəyyənləşməsinin vacibliyinə izahat verib. Belə görünür, cənab İlham Əliyevin, ümumən, Azərbaycan dövlətininin ədalətli mövqeyi Ermənistanı və havadarlarını qane etmir. O cümlədən, J.Borreli də. Deməli, bu iki qütb hərəkətə keçib. Necə? Əlbəttə ki, şərti sərhəddə, yəni, qoşunların təmas xəttində gərginlik yaratmaqla.
Diqqət yetirək, görək, Aİ-nin ali nümayəndəsi başqa nələri deyib: “Bu (sərhəd insidenti - red), bir daha qüvvələrin təcili çıxarılmasının (geri çəkilməsinin - red) zəruriliyindən xəbər verir. Avropa İttifaqının suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması prinsipləri əsasında uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiq etməyi zəruri hesab edirəm”.
Bəli, ayının min oyunu bir armudun başındadır. Ermənistan qəsdən sərhəddə gərginlik yaradır ki, Azərbaycanın Ermənistan ərazisinə, guya, təcavüz reallaşdırdığına dair özünün yaramaz məntiqini beynəlxalq ictimai rəyə sırısın. Axı, həmin A.Mirzoyan ötən ilin sonunda qoşunların güzgü şəklində geri çəkilməsi təklifi ilə çıxış etmiş və məsələni sülh gündəliyinin komponenti kimi vurğulamışdı. Yəni, hazırda J.Borrell erməni XİN rəhbərinin timsalında rəsmi İrəvanın aktiv təbliğatçısı rolundadır. O zaman Prezident İlham Əliyevin yanvarın 10-dakı müsahibədə səsləndirdiyi bir fikri də diqqətə çatdıraq: “Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir”.
Deməli, Azərbaycan möv- qelərdən geri çəkilməyəcək. Eyni zamanda, Ermənistan Azərbaycan üçün dözülməz olan durumu əbədiyyətə daşımağa çalışır. Sərhəd təxribatının daha bir məqsədi budur. İrəvan və onun xaricdəki havadarları çalışırlar ki, öz reallıqlarını diktə edib ölkəmizi haqlı mövqeyindən daşındırsınlar. Habelə, istəklərinə bölgədəki durumu daha da gərginləşdirmək yolu ilə nail olmağı düşünürlər. Gərginlikdən söz düşmüşkən, hazırda bu baxımdan əsas “rol” Aİ-nin Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış mülki müşahidə missiyasına məxsusdur. O missiyaya ki, tərkibində fransız jandarmları və pensiyada olan alman polisləri yer alır. O missiya ki, Ermənistan hərbçiləri onlara güvənib Azərbaycan tərəfini atəşə tuturlar. Hesab edirlər ki, avropalı müşahidəçilərin arxasında gizlənmək fayda gətirəcək, ölkəmiz beynəlxalq reaksiyalardan çəkinib cavab tədbirləri görməyəcək. Halbuki, belə deyil və Azərbaycan Prezidenti bu barədə də mövqeyini açıqlayıb. Dövlətimizin başçısı tam əmin tərzdə vurğulayıb ki, Ermənistan hərbçiləri tərəfindən törədiləcək təxribat əməli layiqli cavabını alacaq. Hazırda Borrell ağzına gələni həmin cavab tədbirinin qətiyyətli alınmasına görə danışır.
Bəli, Azərbaycan sərhədçilərinin qətiyyətinə görədir ki, Aİ-nin ali nümayəndəsi başını itirib. Bununla belə, o, nəticə çıxarmaq istəmir, A.Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Aİ-nin Ermənistandakı missiyasının yenilənməsindən söz açır, müşahidəçilərin tərkibinin artırıldığını vurğulayır. Ən əsası isə deyir ki, missiya üzvləri Bakı – İrəvan münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyən mühitin yaradılmasına kömək göstərməyə davam edəcəklər. Bir halda ki, Ermənistan hərbçiləri müşahidəçilərin gözlərinin önündə qarşı tərəfə atəş açır, bu qənaət hasil olur ki, Borrelin “münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyən mühit” məntiqi missiya üzvlərinin erməni ordu birləşmələri tərkibində Azərbaycana qarşı döyüşmələridir. Aİ təmsilçisinin ölkəmizə yönələn qərəzi o qədər böyükdür ki, başqa cür düşünmək, sadəcə, mümkün deyil.
Ə.CAHANGİROĞLU