- Daxili siyasət
- 09:37 20.09.2024
İran dövlətinin Ermənistandakı səfiri Mehdi Sübhani rəsmi Tehranın mövqeyinə tamamilə tərs mütənasib olan fikirlər səsləndirməkdə davam edir.
“Ermənistandan Qara dənizə yol Azərbaycan ərazisindən daha qısadır. Əgər biz zəruri infrastrukturu yarada bilsək, eləcə də gömrük tariflərini aşağı salsaq, bu halda Ermənistan bölgənin nəqliyyat qovşağına çevriləcək. Təbiidir ki, bu, yükdaşımaları ilə bağlı iqtisadi məsələdir. Yük maşınının sürücüsü görsə ki, bu yolla getmək daha sərfəlidir, o, bu marşrutu seçəcək. Yəni, bu, suverenliklə bağlı olmayan, sırf iqtisadi məsələdir”.
Altniyyətli bu sərsəm açıqlamanı səfir Mehdi Sübhani “news.am” saytına müsahibəsində verib. Onun Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə bağlı dedikləri heyrət qarışıq ironiya doğurur: “İran və Avrasiya İqtisadi İttifaqı ölkələri arasında sərbəst ticarət barədə razılaşma böyük təsir gücünə malikdir. Çünki İrandan ötrü Ermənistan 200 milyon əhalisi olan Avrasiya iqtisadi bazarına çıxış üçün platforma deməkdir. Əlbəttə, biz Ermənistanı da 3 milyonluq əhalisi ilə faydalı bazar kimi görürük”.
Səfir müsahibəsində son bir ildə iki ölkənin yüksək ranqlı məmurlarının qarşılıqlı səfərlərinin artdığını və bunun münasibətlərə xüsusi dinamika verdiyini ayrıca qeyd edir. Yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini ərz edən Sübhani həmin görüşlərin ikitərəfli münasibətlərin inkişafına yeni stimul verəcəyini, əməkdaşlığın gələcək istiqamətləri üçün uzun bir syahının hazırlandığını ayrıca vurğulayır.
Daha sonra “news.am” müxbirinin İran, Rusiya və Hindistanın Ermənistana Şimal–Cənub əsas nəqliyyat marşrutunun keçəcəyi ölkə qismində nəzərdən keçirdikləri barədə sualını səfir belə cavablandırıb: “Biz adekvat infrasktukturu yaratmaqdan ötrü İran iqtisadiyyatına kifayət qədər böyük həcmdə investisiyalar qoyuruq. Ermənistan büdcəsindən və digər imkanlarından istifadə edərək öz işini Asiya Bankı vasitəsilə həyata keçirir. Ola bilsin ki, bu layihəyə maraq göstərən xarici şirkətlər də tapılacaq. Düşünürəm ki, onlar bu addımı atmağa hazır olarlar. Burada ən önəmli məsələ yolun inşa edilməsidir”.
* * *
Cənab səfirin iki ölkə arasında ticari-iqtisadi əlaqələr barədə dedikləri ilə işimiz yoxdur. Əlbəttə ki, bu xarakterli əməkdaşlıq, xüsusilə, qonşu dövlətlərin maraqlarının kəsişdiyi layihələrlə bağlı ortaq layihələrin icrası həmin ölkələrin daxili işləridir. Sadəcə, bu iqtisadi məsələlərin altından boylanan və bölgədəki üçüncü ölkənin ərazi bütövlüyünə, suverenliyinə yönəlik avantürist ismarıclar, ehkamlar qətiyyən qəbul edilə bilməz. Dövlətlərarası münasibətlərə xələl gətirə biləcək belə təxribatçı siyasi açıqlamalar diplomatik ranqa malik səfirin dilindən səslənəndə isə tamamilə fərqli kontekstdə qəbul olunur, xüsusi məna kəsb edir. Çünki səfir öz ölkəsinin xaricdə təmsilçisi kimi, həm də onun siyasi kursunun, rəsmi mövqeyinin ifadəçisidir. Mehdi Sübhaninin məhz bu incə məqamı “unutduğunu” söyləyə bilərik. Həm də bu, üzdəniraq diplomatın eyni xarakterli ilk qələti deyil.
Səfirin erməni saytına müsahibəsinin “kulminasiya nöqtəsi” isə sonuncu sual və onun həmin suala verdiyi cavabdır:
“Cənab səfir, Tehran və Bakı Azərbaycanı Naxçıvanla birləşdirəcək ərazi üzərində yolun çəkilməsi ilə bağlı razılığa gəlmələrinə baxmayaraq, Azərbaycan yenə də “Zəngəzur dəhlizi” tələbi ilə təhdidlərini davam etdirir.Bu məsələdə Ermənistanın ərazi bütövlüyünü müdafiə edən İranın mövqeyi bizə məlumdur. Bəs, Tehran Azərbaycan tərəfdən Sünikə (Zəngəzura) təhlükəni görürmü?
– Bizim təqdim etdiyimiz imkanlar bütün ölkələrin biznesini və ticarətini inkişaf etdirmək üçün nəzərdə tutulub. Əlbəttə, bu əlaqələr, ilk növbədə, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və tanınmış sərhədlərinə hörmətə əsaslanmalıdır. Bu məsələdə beynəlxalq normaların pozulması yolverilməzdir”.
* * *
Vaxtilə İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi vəzifəsində işləmiş Mehdi Sübhani məhz sonuncu suala cavabında dişinin altında sıxıb saxladığını, başqa sözlə, sözünün “mustafası”nı açıq mətnlə ifadə edir. O, Bakıya ünvanladığı şübhə doğurmayan ismarıcında Hayastanın vəkili qismində çıxış edir. Sübhani özünün diplomatik missiyasına xəyanət edərək, üçüncü dövlətin ərazisi barədə beynəlxalq hüquqa zidd, reallıqdan uzaq bəyanatlar verir. Bu, həmin Sübhanidir ki, üç ay bundan əvvəl erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı rəsmi Tehranın mövqeyi necədir?” – sualına – “Qarabağ əhalisinin, hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən, Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz” – şəklində cavab vermişdi.
O zaman özünəməxsus şəkildə Qarabağ iqtisadi rayonumuzda yaşamış erməni əhalini “Qarabağ xalqı” adlandıran, onların üzləşdikləri təhlükə ucbatından bölgədən getməyə məcbur olduqlarını deyən, Zəngəzur dəhlizinin mahiyyətini təhrif edən Mehdi Sübhaninin təxribatçı açıqlamalarına Azərbaycan XİN layiqli cavab vermişdi. Fəqət rəsmi Tehran bu fakta hələ də münasibət bildirməyib.
İndiki məqamda Tehranın səfirin dili ilə Ermənistanla bağlı bu qədər açıq siyasi ritorika ilə danışması müəyyən ehtimallara yol açır. Üstəlik, bir neçə gün əvvəl İİR Ali Dini Rəhbərinin köməkçisi Kamal Xarazinin İrəvana səfəri, Ermənistanın siyasi rəhbərliyi ilə görüşü də suallar doğurur. Daha doğrusu, sualların mənzərəsini açıqlayır. Cizgiləri aydın görünən siyasi tablo onu deyir ki, Tehran güclü, döyüşməyə hazır İrəvan görməyi arzulayır. Bir qədər əvvəl həmin Sübhani Hindistan silahlarının İran ərazisindən Ermənistana daşınması məsələsinə şərh verərkən etiraf edib ki, Tehran güclü Ermənistan görmək istəyir. Növbəti qələtində isə səfir İranın Zəngəzurda söz sahibi olmağa çalışması ilə bağlı yayılan xəbərləri feyk adlandırmaqla tələskənliyə yol verib. O, bununla hətta rəsmi Tehranı qabaqlayıb.
İİR-in İrəvandakı elçisi Mehdi Sübhaninin öz statusu ilə bir araya sığmayan siyasi iddiası, təkcə diplomatik etiketi deyil, siyasi əndazəni aşması rəsmi Tehranın Azərbaycana qarşı qeyri-səmimi davranışının növbəti nümunəsi kimi qəbul edilməlidir. Bunun başqa izahı yoxdur!
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
İrəvanın Tehranla əlaqələrini inkişaf etdirməsi normaldır. Nikol Paşinyanın Böyük Britaniyanın “Telegraf” qəzetinə müsahibəsində Ermənistanın İranla hərbi, təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirəcəyini deyib. Bakının Naxçıvana çəkiləcək yolla bağlı Tehranla münasibətlərində müəyyən müsbət tendensiya var. Artıq həmin yolun inşası gedir. Amma təəssüflər olsun ki, bəzi fundamental məsələlərə yanaşmada İranla problemlərimiz hələ qalır. Məndə olan məlumata görə, Tehrandakı səfirliyimizə məlum hücumla bağlı məsələ hələ tam həllini tapmayıb. Tehranın İrəvandan Azərbaycana qarşı bir alət olaraq istifadə etmək siyasətindən əl çəkməyib.
Doğrudur, Bakı İran və Ermənistan arasında əməkdaşlığa etiraz etmir. Bu, onların suveren hüququdur və buna hörmətlə yanaşılmalıdır. Digər tərəfdən onu da qeyd etməliyik ki, məsələn, Şimal–Cənub nəqliyyat dəhlizi ən ucuz layihədir və onun cəmi bir seqmenti qalır. Söhbət Astara–Rəşt marşrutundan gedir. Bu layihə ilə də bağlı problemlər həll edilməyib. Bütün bunlar onu göstərir ki, İran bu transmilli nəqliyyat habının Azərbaycanın iştirakı ilə yaradılmasına maneçilik törətməyə çalışır. Əgər praqmatik yanaşılsa, bu dəhlizin Ermənistandan keçməsinə daha böyük sərmayə və daha çox vaxt tələb olunur. Halbuki, Azərbaycan ərazisi ilə bu marşturun bütün infrastrukturu artıq hazır vəziyyətə gətirilib. Yəni, bu, daha ucuz variant sayılır. Təbii ki, burada seçim İranındır və hər şeydən göründüyü kimi, Tehran seçimi Ermənistanın xeyrinə edəcək.
İ.HƏSƏNQALA