- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan yenə də sakit dayanmır. Qərbin, konkret olaraq ABŞ və Fransanın idarə etdiyi İrəvan Azərbaycana qarşı hərbi təxribata əl atır. Fevralın 12-də Azərbaycan–Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn addım atmaqla Ermənistan xaricdəki kuratorlarının siyasi sifarişlərini yerinə yetirməyə çalışır. Əlbəttə ki, ermənilərin törətdikləri təxribat cavabsız qalmadı, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq “qisas əməliyyatı” keçirildi. Ermənilər və xaricdəki təlimatçılar anlamalıdırlar ki, Azərbaycan belə təxribatlara bundan sonra da cavab verəcək və postmüharibə reallıqlarının nəticələrini dəyişməyə cəhd göstərən qüvvələrə qarşı milli maraqlarına uyğun addımlar atacaq.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionundakı proseslər yeni reallıqlar şəraitində inkişaf edir. Postmüharibə reallıqlarının məntiqinə uyğun olaraq Azərbaycan Ermənistana əməkdaşlıq əlini uzadır və regional təhlükəsizliyin güclənməsinə, eyni zamanda, iki ölkə arasında münasibətlərin normallaşmasına şərait yaradacaq sülh müqaviləsini imzalamağa çağırır. Lakin ABŞ başda olmaqla Qərb Cənubi Qafqazdakı yeni reallığı qəbul etmək istəmir və Ermənistanı sülh gündəminə sadiq qalmasına yox, təhlükəsizliyə təhdid törədən yol tutmağa şirnikləşdirir. Əlbəttə, Ermənistanın Qərb üçün strateji əhəmiyyəti böyük deyil, İrəvan bir əsr öncə olduğu kimi, bu gün də digər ölkələrə qarşı, indiki halda Rusiyaya qarşı alət rolunu oynayır. Qərb ermənilərin əli ilə regiona soxulmaq və Rusiyanı buradan çıxarmaq məqsədini güdür. Ermənistanın son iki ildə anti-Rusiya siyasəti və Qərb ilə dialoqunu gücləndirməyə çalışması buna sübutdur.
Təbii ki, Cənubi Qafqaz regionunun uzun əsrlər boyu tarixin müəyyən dövrlərində böyük dövlətlər üçün böyük strateji əhəmiyyətə malik olduğu məlumdur. Böyük İpək Yolu dövründən Cənubi Qafqaz regionunun Çini Avropa ilə birləşdirən ən qısa quru dəhlizi kimi mühüm rol oynaması da heç kimə sirr deyil. Bölgə həm də Qara və Xəzər dənizləri arasında körpüdür və Yaxın Şərq və Mərkəzi Asiyaya giriş qapısı kimi xidmət edir. Buna görə də, Cənubi Qafqazın coğrafi mövqeyinin strateji aspektləri və nəqliyyat kommunikasiyaları sistemində tutduğu yer çox önəmlidir. Regionun strateji əhəmiyyətinə görə ABŞ-ın rəhbərliyi altında kollektiv Qərb Cənubi Qafqazda möhkəmlənməyə çalışır və bunun üçün destruktiv addımlar atmaqdan çəkinmir. 44 günlük müharibədə darmadağın edilmiş və müharibənin acısını hələ də unutmamış Ermənistana siyasi-hərbi dəstək verməsi Qərbin bölgədə Böyük oyun oynamağa başladığını təsdiqləyir.
Əslində, Qərb hər zaman təsir dairəsi yaratmaq istədiyi hər bölgədə məhz belə siyasət yürüdür. Qərb bu siyasəti bir çox regionlarda və ya ölkələrdə – Yaxın Şərqdə, Əfqanıstanda, Ukraynada həyata keçirir. Problem dərinləşəndə və ya münaqişəyə çevriləndə Qərb müvafiq bölgəni və ya ölkəni problemləri ilə tək qoyub uzaqdan seyr etməyə üstünlük verir. Çox az hallarda dəstək verir. İndi də Qərb Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistan vasitəsilə hərəkət edir. Qərb regionda təsirini artırmağa çalışır. Belə ki, o, xüsusilə, regionda böyük enerji ehtiyatlarına malik olan Azərbaycana nəzarət etməyi, Rusiyanı regiondan çıxartmağı, Türkiyə və İranının təsirini məhdudlaşdırmağı hədəfləyir. Ermənistan Qərbin bu təhlükəli oyununda marianet olmağa razıdır. Lakin regional və qlobal vəziyyətə nəzər salsaq, kifayət qədər infrastruktura malik olmayan Qərbin başladığı bu oyunda uğur qazana bilməyəcəyi dəqiqdir. Bu gün regionda əsas aktorlar Azərbaycan, Rusiya, Türkiyə və İrandır, buna görə də bu ölkələrlə hesablaşmamaq mümkün deyil. Ermənistan isə Qərbin alətinə çevrilməklə düşdüyü hazırkı çətin vəziyyətini daha da ağırlaşdıracaq.
Azərbaycan bütün ərazisi üzərində öz suverenliyini bərqərar etdi. Heç bir mübahisəli məsələ qalmadı. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Nikol Paşinyan heç bir səbəb olmadan Azərbaycana qarşı əsassız bəyanatlar verir, sülh müqaviləsinin imzalanmasına süni əngəllər yaradır. İrəvanın da belə məsuliyyətsiz davranmasında ABŞ və Fransa günahkardır. Bu ölkələr geosiyasi maraqları naminə Ermənistana sülh yox, müharibə yolunu tutmağa sürükləyir. Qərb Ermənistanın himayədarı kimi çıxış edir, bu da onu Ukrayna, Suriya kimi dövlətlərin vəziyyətinə salır. Nikol Paşinyan hökuməti Ermənistanı sülhün yox, böyük dövlətlərin haqq-hesab çəkdikləri məkana çevrilməsi üçün əlindən gələni edir.
Ermənilər də etiraf edirlər ki, Nikol Paşinyan ölkə üçün təhlükəli siyasət yürüdür. Məsələn, Ermənistan İrəvan Dövlət Universitetinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər namizədi, dosent Vladimir Martirosyan mətbuata müsahibəsi zamanı deyib ki, Nikol Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də region və digər ölkələr üçün təhlükəsizlik problemi yaradır: Onun sözlərinə görə, xüsusilə təhlükəsizlik sahəsində qonşularla münasibətdə gözlənilməzlik Ermənistan rəhbərinin irəli aydın prinsiplərin olmaması ilə bağlıdır: “Bu, xarici siyasət tərəfdaşları üçün onun müxtəlif təhlükəsizlik vəziyyətlərində davranışını proqnozlaşdırmaqda çətinlik yaradır. Xarici siyasət tərəfdaşları Paşinyana qulaq assalar da, onu öz ölkələrinin təhlükəsizliyinə potensial təhlükə kimi görürlər”.
Göründüyü kimi, Ermənistanın xarici kuratorlarının təlimatları əsasında fəaliyyət göstərdiyini erməni mütəxəssislər də etiraf edirlər. Rusiya rəsmiləri də hesab edirlər ki, Birləşmiş Ştatlar Cənubi Qafqazdan Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün istifadə etmək istəyir. Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirmişdi ki, “bütün bunlar region xalqlarının həqiqi maraqlarına əsaslı şəkildə ziddir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da hesab edir ki, Ermənistan xarici siyasətini yenidən istiqamətləndirmək niyyətini nümayiş etdirir. Onun fikrincə, ABŞ və Avropa İttifaqının hərəkətləri “Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədinə tabedir”. “Onlar regionda mövcud təhlükəsizlik mexanizmlərini məhv etmək istəyirlər, eyni zamanda, Moskvanın iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaları, sözün əsl mənasında, həyasızcasına oğurlayıb, konyektur mülahizələrə uyğun dəyişmək istəyirlər”. Belə görünür, İrəvan ona ünvanlanmış bu xəbərdarlıqları ciddiyə almır və ona görə də, Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən Azərbaycan əsgərinə snayperdən atəş açır. Bu isə o deməkdir ki, ABŞ və Fransa Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların əsas sponsorlarıdır.
S.ELAY