- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistan baş naziri Nikol Paşinyanın reytinqi getdikcə aşağı düşür. Mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-ın “GALLUP International Association” analitika və məsləhət şirkətinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri bundan xəbər verir.
“GALLUP”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib ki, vətəndaşların baş nazirə inamının səviyyəsi azalıb. Sorğunun nəticələrinə görə, 1000 nəfər arasında keçirilən sorğuda respondentlərin 38,1 faizi Paşinyana, ümumiyyətlə etibar etmədiklərini bildirib. Rəyi soruşulanların cəmi 15,1 faizi hökumət başçısına tam etibar etdiyini vurğulayıb. Respondentlərin 13,9 faizi Paşinyana güvəndiyini, 28,3 faizi isə az güvəndiyini qeyd edib. Sorğuya qatılanların 4,6 faizi cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, sorğu zamanı son vaxtlar Ermənistan siyasi gündəminin aktual mövzularından olan konstitusiyaya düzəlişlər, yaxud yeni əsas qanunun qəbuluna dair də hayların fikirləri öyrənilib. Beləliklə, iştirakçıların 38,1 faizi konstitusiyanın dəyişdirilməyəcəyini, 34,2 faizi bəzi müddəaların dəyişdiriləcəyini, 13,4 faizi isə yeni əsas qanunun qəbulunun lehinə olduğunu bildirib.
Qeyd edək ki, Ermənistan konstitusiyası 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunub. 2005-ci ilin noyabrında və 2015-ci ilin dekabrında ona düzəlişlər edilib. Sonuncu düzəlişdən sonra ölkə prezident üsul-idarəsindən parlament idarəetməsinə keçib. Həmin vaxt ölkəyə rəhbərlik edən Serj Sarkisyanın düzəlişlərin edilməsində məqsədi var idi. Məsələ onda idi ki, 2018-ci ildə Sarkisyanın prezident kimi (ikinci dönəm) səlahiyyət müddəti başa çatırdı. O isə baş nazir olaraq ölkəyə rəhbərlik etmək xəyalında idi. Hiyləgərlikdə tayı-bərabəri olmayan Sarkisyan məqsədinə addım-addım yaxınlaşdı. Nəhayət, öz partiyadaşı olan baş nazir Karen Karapetyanı, necə deyərlər, aşıraraq baş nazir kürsüsünə yiyələndi. Ancaq onun sevinci uzun çəkmədi. 2018-ci il aprelin 17-də baş nazir “seçilən” Sarkisyan bir neçə gün sonra – aprelin 23-də geniş xalq kütlələrinin təzyiqi nəticəsində istefa verməyə məcbur oldu. Artıq hakimiyyəti əla almış Paşinyan tərəfdarları baş nazir vəzifəsinin icrasını müvəqqəti olaraq, Karapetyana tapşırdılar. Müəyyən hüquqi prosedurlar başa çatdıqdan sonra – mayın 8-də Paşinyan baş nazir oldu.
İlk dövrlərdə Nikolun ölkədə populyarlığı xeyli yüksək idi. Haylar ona “Qarabağ klanı”nın ölkəyə rəhbərlik etdiyi 20 ildən çox dövrdə yığılıb qalmış bütün problemləri – korrupsiya və rüşvətxorluğu, ölkənin təbii sərvətlərinin talanmasını, iqtisadi durğunluğu, məhkəmə sistemindəki özbaşınalığı, ordudakı hərc-mərcliyi, həmçinin Qarabağ məsələsini bir “sehrli toxunuşla” həll edəcək qüvvə kimi baxırdılar.
Ancaq ermənilər zaman keçdikcə xəyal qırıqlığına uğradıqlarını anladılar. Məlum oldu ki, Paşinyan bütün problemləri həll edəcək potensiala malik deyil. Üstəlik, onun mövqeyi üzündən Azərbaycanla danışıqlar kəsildi, 2020-ci ilin yayında Tovuz döyüşləri, həmin ilin payızında İkinci Qarabağ müharibəsi baş verdi. Hər iki halda Ermənistan sarsıdıcı məğlubiyyətə uğradı. 2020-ci il noyabrın 10-dan Ermənistanda kütləvi etiraz aksiyaları başladı. Aksiyalar paytaxt İrəvanla yanaşı, ölkənin digər iri şəhərləri – Gümrü, Vanadzor, İcevan və Qafanda da keçirildi. Nəhayət, Paşinyan 2021-ci ilin martında növbədənkənar parlament seçkilərinin həmin ilin iyunun 20-də keçiriləcəyini elan etdi. O, aprel ayında baş nazir vəzifəsindən istefa verdi, lakin növbədənkənar seçkilər keçirilənə qədər vəzifəsinin icrasını davam etdirdi. İyun ayında keçirilən seçkidə “Mülki müqavilə” partiyası qalib gəldi və Nikol Paşinyan yenidən Ermənistanın baş naziri seçildi.
İndi isə Paşinyanın reytinqi ölkəsində xeyli aşağı düşüb. Bunun da əsas səbəbi şühbəsiz ki, Ermənistanın uğursuzluq seriyasının 2021-2023-cü illərdə də davam etməsi, Azərbaycanın isə yeni-yeni qələbələr qazanması ilə bağlıdır. Məhz 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Paşinyanın reytinqinin aşağı düşməsinin digər əsas səbəblərindən biri də onun ölkəyə yeni konstitusiyanın gərək olması barədə yanvarın 19-da səsləndirdiyi fikirlərdir. Konstitusiyada ölkənin 1990-ci ildə qəbul olunmuş müstəqillik bəyannaməsinə istinad edilir. Orada isə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları özünə yer tapıb. Paşinyan fevralın 1-də ictimai radioya müsahibəsində hayları müstəqillik bəyannaməsi ilə münasibətləri tənzimləməyə çağırıb. Baş nazirin əleyhdarları isə Paşinyanın bu təşəbbüsü öz xoşu ilə irəli sürmədiyini, bunun Azərbaycanın tələbi ilə həyata keçirildiyini bildirirlər. Paşinyan isə konstitusiya məsələsində geri çəkilənə oxşamır. Sonuncu dəfə fevralın 7-də bu istiqamətdə fikirlərini parlamentdə çıxışı zamanı açıqlayan baş nazir deyib: “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu, o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa heç nə ilə əlaqəsi yoxdur, bu, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”.
Beləliklə, Ermənistan baş nazirini il ərzində daha bir ciddi sınaq gözləyir. Bu sınaq öncəsi onun reytinqinin aşağı düşməsi isə radikal revanşist kəsimin işinə yarayır.
Mövzu ilə bağlı “XQ”nin sualını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirdi ki, “GALLUP” şirkətinin Ermənistan nümayəndəliyi sabiq prezident Robert Koçaryanın oğlu Levona yaxınlığı ilə seçilir. Buna görə də onlar Paşinyanın reytinqinin aşağı göstərməkdə maraqlıdırlar: “Hər halda, Paşinyanın reytinqinin aşağı düşməsi, hətta, doğru, reallıq olsa belə, çox güman ki, bu, onun yeni konstitusiyaya dair səsləndirdiyi fikirlərlə bağlıdır. Məncə, səbəb bu ola bilər”.
Müsahibimiz qeyd etdi ki, Paşinyanın reytinqinin aşağı düşməsi bizim üçün müsbət deyil: “Əslində, konstitusiyanın dəyişdirilməsi bizim tələbimizdir. Müstəqillik bəyannaməsində Qarabağla bağlı müddəalar var. Onların qaldığı müddətdə sülh müqaviləsinin imzalanması qeyri-mümkündür”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktorunun müavini, politoloq Fuad Çıraqov qəzetimizə açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, Vətən müharibəsində məğlubiyyətdən sonra Paşinyana etibar ciddi şəkildə zədələnmişdi. Amma iki məsələdə Nikolun bəxti gətirdi və bunlar onu xilas etdi: “Birincisi, Ermənistan əhalisi məğlubiyyətə baxmayaraq keçmiş cinayətkar “Qarabağ klanı”nın nümayəndələrinə daha çox nifrət edir və heç bir şəkildə onların yenidən hakimiyyətə gəlməsini istəmir. Bunu ən azı 2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələri də göstərdi. Paşinyanın bəxtinin gətirdiyi ikinci məqam isə Ermənistanın siyasi spektrində alternativ siyasi liderin və siyasi platformanın yoxluğu ilə bağlıdır. Məhz buna görə də Ermənistan əhalisinin böyük hissəsi hazırda hamıdan narazı olaraq, heç bir siyasi qrupu aktiv dəstəkləmir. Yəni, apolitikdir”.
F.Çıraqov qeyd etdi ki, ötən müddət ərzində bəzi ölkələrin dəstəyi ilə özlərini alternativ siyasi fiqur kimi ortaya atmaq istəyənlər oldu, ancaq heç biri uğur və əhalinin dəstəyini qazana bilmədi: “Bu məqam da Paşinyanın maraqlarına xidmət etməkdədir. Yəni, Paşinyan hazırkı vəziyyətin qalmasında, ondan narazıların da elektoral prosesdə iştirak etməməsində maraqlıdır. Seçkilərdə aşağı iştirak faizi qeydə alındığı üçün Paşinyan administrativ resurslardan istifadə edərək nəticələri öz xeyrinə dəyişə bilir. Ötən ilin sentyabrında İrəvanda mer seçkiləri bunu bariz şəkildə göstərdi.
Eyni zamanda, son sorğular göstərir ki, Paşinyana etimad getdikcə azalır. Bu isə təbiidir. Bütün inqilabi eyforiyalardan sonra küçədən gələnlərə sevgi bir müddətdən sonra nifrətlə əvəzlənir. Bu trend belə də davam edəcək. Ancaq narazılıq kulminasiya nöqtəsinə çatanda və alternativ siyasi fiqur ortaya çıxanda Paşinyan hakimiyyəti üçün təhlükə yarana bilər. Hələlik, belə bir fiqur yoxdur. Hərçənd ki, narazılıq artıqca həmin fiqurun ortaya çıxma ehtimalı da artır”.
Politoloq İlyas Hüseynov isə dedi ki, Paşinyan nə qədər ziddiyyətli fiqur olsa da, Ermənistan ictimai rəyində ona inam və etimad yüksək olub. Onun sözlərinə görə, Paşinyan müharibədə məğlub olsa da, növbədənkənar parlament seçkilərində xalq ona yenidən mandat verdi: “Ancaq Paşinyan ona görə qalib gəldi ki, əsas rəqibi “Qarabağ klanı”nın nümayəndələri – Serj Sarkisyan, Robert Koçaryan və “Daşnaksütyun” partiyasının təmsilçiləri idilər. Onlar da bir qayda olaraq, keçmişi təcəssüm etdirir, hər zaman hansısa “qələbələrdən”, hansısa “yenilməz ordudan” danışırlar. Erməni xalqı Paşinyana ona görə “yaşıl işıq” yandırdı ki, Azərbaycanla sülh müqaviləsi imzalasın. Dayanıqlı sülh üzərində seçim etsin, sülhün gücləndirilməsi naminə addım atsın. Ermənistan cəmiyyəti yaxşı bilir ki, müharibə, itkilər, qan tökülməsi çıxış yolu deyil. Paşinyan isə xalqı reallıqla barışmağa çağırmaq əvəzinə, Ermənistanın gücləndirilməsinə, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, eləcə də silah alışına ciddi diqqət yetirdi. Avropa İttifaqının yarımhərbi missiyasını ölkəyə dəvət etdi, geopolitik qarşıdurmaya yol açdı, Fransadan, Hindistandan silah-sursat aldı”.
İ.Hüseynov qeyd etdi ki, Paşinyan hər nə qədər sülhmeyilli baş nazir təəssüratı yaratsa da, onun atdığı addımların ölkəni qarşıdurmaya sürüklədiyini erməni xalqı yaxşı başa düşür. Buna görə də Paşinyana etimad ciddi surətdə sarsılıb. Nikol ona etimadın azalmasını göstərən sorğunu ciddi qəbul etməli və sülhə doğru real addımlar atmalıdır.
Səxavət HƏMİD