- Daxili siyasət
- 11:03 30.09.2024
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq işğal altındakı torpaqlarının böyük hissəsini azad etməsi, 2023-cü ilin sentyabrında isə cəmi bir sutka ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı xunta rejiminin nəzarətində qalan ərazilərdə də dövlət suverenliyimizin bərqərar olması Qərbdəki ermənipərəst dairələrin, necə deyərlər, yuxularının ərşə çəkilməsinə səbəb olub. Onlar illərlə himayə etdikləri separatçı rejimin təslimolma aktına imza atmasını, ağ bayraq qaldırmasını, daha sonra onun buraxılmasını, yaraqlılarının tərk-silah edilməsini, “qlavar”larının həbs olunaraq Bakıya gətirilməsini... heç cür qəbul edə bilmirlər.
Qərbdəki ermənipərəst dairələr, onların təmsil və idarə etdiyi dövlətlər Azərbaycan torpaqlarında separatizmin çiçəklənməsinə, geniş intişar tapmasına uzun illər ərzində böyük investisiya, el dilində desək, sanballı maya qoymuşdular. Onlar bizi uzun illər ərzində mövcud vəziyyətlə – torpaqlarımızın itirilməsi, status-kvo ilə barışmağa çağırırdılar. Bir çox hallarda təzyiqlər göstərirdilər. Ermənistanı silah-sursatla təchiz edirdilər. İndi həmin mayanın batmasını heç cür özlərinə və bizə bağışlaya bilmirlər. Bu gün bölgədə mövcud olan durum onların qorxulu yuxusu idi. İndi həmin yuxu gerçək olub. Buna görə də bəzi Qərb ölkələrinin hökumətlərində çoxluq təşkil edən ermənipərəstlər intiqam hissi ilə alışıb-yanırlar.
Əlbəttə, heç bir fransız, holland, flamand, alman, kanadalı, yaxud amerikalı ermənilərin əvəzinə gəlib bizimlə döyüşəsi deyil. Bu, bir reallıqdır. Heç Ermənistan ordusunun hərbçiləri belə Vətən müharibəsi dövründə bizimlə döyüşməyi bacarmadılar. Erməni mənbələrinin öz məlumatlarına görə, işğalçı ölkənin ordusunda 11 mindən çox fərari olmuşdur. Ermənistan rəhbərliyi həm Vətən müharibəsindəki məğlubiyyətdən, həm də 2021-2023-cü illərdə baş verən hərbi toqquşmalardakı uğursuzluqdan ibrət götürdü, Azərbaycanın qarşısında gücsüz olduğunu tam mənası ilə dərk etdi və nəhayət, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin I sammitində ölkəmizin ərazi bütövlüyünü tanıdı. Baş nazir Nikol Paşinyan bu mövqeyini 2023-cü ilin mayında İrəvanda keçirdiyi mətbuat konfransında da təsdiqlədi. Beləliklə, 2019-cu ilin sentyabrında Xankəndi şəhər mərkəzi stadionunda çıxış edərkən “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan “dəmir yumruğ”un gücünü gördükdən sonra “Azərbaycanın ərazi bütövlüyünə Qarabağ da daxildir”, başqa sözlə “Qarabağ Azərbaycandır!” dedi.
Ermənistan dövləti və onun rəhbərliyi hazırda aqressiv ritorikadan əl çəkmiş kimi görünür. Onlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, regionda nəqliyyat kommunikasiyalarının açılmasından, bunun Ermənistana verəcəyi iqtisadi faydalardan, “Sülhün kəsişməsi” layihəsindən, sərhədlərin delimitasiya və demarkasiyasından bəhs edirlər. Hətta, ölkənin baş naziri əsas qanundan və digər qanunvericilik aktlarından Azərbaycanla sülhə mane olan müddəaların çıxarılmasına çalışır. Ermənistan vətəndaşlarının sülhə əsas əngəl olan müstəqillik bəyannaməsi ilə münasibətlərini tənzimləməli olduqlarını bildirir. Başqa sözlə desək, Paşinyan bugünkü inkişafı tormozlayan, keçmişin qalığı olan müstəqillik bəyannaməsindən hayların canını qurtarmağa çalışır. Hay toplumunu mübtəla olduğu “miatsum” xəstəliyindən şəfalandırmaq istəyir.
Eyni zamanda, praktika göstərir ki, Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyət daha səmərəli nəticələr doğurur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir müddət öncə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində dediyi kimi, son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb. H.Hacıyev bunu deyərkən Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatının 2023-cü il dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad etdiyini vurğulayıb. Məlum olduğu kimi, bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edildi. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədliyini dəstəklədi. H.Hacıyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərdi.
Azərbaycan və Ermənistanın birbaşa danışıqlar yolu ilə münasibət qurmasının daha səmərəli yol olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin bugünlərdə keçirdiyi sorğu da bir daha təsdiq edib. Qeyd edək ki, sorğu Milli Məclisin deputatları, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında keçirilib. Sorğuda 100 respondent iştirak edib. “Azərbaycan və Ermənistan arasında danışıqlar hansı formatda davam etdirilməlidir?” sualına respondentlərin 91,6 faizi “Birbaşa danışıqlara üstünlük verilməlidir!” cavabı üzərində dayanıb.
Bütün bunlara baxmayaraq, Qərbdəki bəzi dövlətlər və dairələr Ermənistanı şirnikləndirərək, təxribata çəkərək İrəvanın sülhə gəlməsinə mane olurlar. Bu prosesdə, necə deyərlər, birinci skripkanı məhz Fransa “ifa” edir.
2020-ci ilin Vətən müharibəsi günlərində və ondan sonra Azərbaycanı hansısa sanksiyaların tətbiq olunacağı ilə təhdid edən, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaran ölkələrdən biri olan Fransa TŞ-nin sədri kimi rüsvayçılıqla üzləşməsinə baxmayaraq, sonrakı illərdə də öz əməllərindən əl çəkmədi. Lokal xarakterli antiterror tədbirlərindən sonra isə bu istiqamətdə çağırışların sayı daha da artıb. Demək olar ki, hər həftə Qərbdəki hansısa deputatın, konqresmenin, senatorun Azərbaycana sanksiya tətbiq olunmasına dair fikirlərinə rast gəlirik. Əfsuslar olsun ki, həmin siyasət son vaxtlar sistemli və ardıcıl xarakter alıb. Sanki onlar “ermənilərdən daha artıq erməni olmağı” qarşılarına məqsəd qoyublar. Yanvarın 17-də Fransa parlamentinin yuxarı palatası – Senat Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.
Bir neçə gündən sonra 2001-ci ildə böyük ümidlərlə daxil olduğumuz Avropa Şurasının Parlament Assambleyasındakı ermənisevərlər fransızların çağırışına qoşulublar. Assambleya Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun bir il müddətinə alınmasına dair qətnamə qəbul edib. Həmin qətnamədə də Qarabağdan erməni sakinlər gedişinə toxunulub. O ermənilərin ki, onlar özləri bölgəni könüllü tərk ediblər və bu, avropalılara da yaxşı məlumdur.
Bir neçə gün öncə isə AŞPA-dakı qaragüruhun səsinə okeanın o tayından səs gəlib. Məlum olub ki, daha bir qətnamə ABŞ Senatında hazırlanıb. Söhbət senatorlar Ed Marki və Bill Kesedi tərəfindən hazırlanmış kağız parçasından gedir. Sənədə digər ermənipərəst senatorlar – Marko Rubio, Harri Piters, Elizabet Uorren, Şeldon Vaythaus, Robert Menendes və Piter Uelç də qoşulublar. Senatorlar Dövlət Departamentini Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməyi dəyişdirməyə və ya dayandırmağa çağırıblar.
Maraqlıdır ki, Azərbaycanla bağlı bütün qətnamələrin mətni bir-birinə bənzəyir. Onların hamısında Qarabağdan erməni əhalinin “məcburi köçürülməsi”, “etnik təmizləmə”, bölgədəki hansısa “erməni mədəni irsinin dağıdılması” kimi fikirlər özünə yer tapır. Bu isə onların eyni mərkəzdən hazırlandığına şübhə yeri qoymur. Bu da diqqət çəkən detaldır ki, onlar azərbaycanlı əhali Qarabağdan zorla çıxarılanda, soyqırımları ilə üzləşəndə, torpaqlarımızdakı yeraltı və yerüstü sərvətlərimiz talan olunanda özlərini korluğa və karlığa vururdular.
Ancaq Qərbdəki dairələr birdəfəlik anlamalıdırlar ki, onların bir toxunuşla bütün istəkləri reallaşdıran “sehrli çubuq” kimi yanaşdıqları sanksiya aləti öz gücünü çoxdan itirib. Qərbin yeni müstəqillik qazanmış ərazi və əhalicə kiçik ölkələrə yanaşması hər zaman belə olub: Tənqid edək, təzyiq göstərək, qorxuya salaq, bundan sonra nəyi istəsək qəbul edəcəklər! Bu, uzun illər sınaqdan çıxarılmış siyasi texnologiya idi. Ancaq daha o zamanlar keçdi. Azərbaycanın ötən onilliklər ərzində edilən təzyiqlərə mərdliklə sinə gərməsi həmin siyasi texnologiyanın köhnəldiyini sübut etdi. Odur ki, Qərbdəki ermənipərəst dairələr köhnəlmiş siyasi texnologiyadan birdəfəlik əl çəkməlidirlər. Onsuz da, heç nə alınmayacaq.
Yeganə HACIYEVA,
politoloq
– Qərb ölkələri hələ bir neçə əsr öncədən ümid edirdilər ki, bölgəmizə ermənilərin köçürülməsi ilə buradakı türk və müsəlman dövlətlərə təzyiq mexanizmi formalaşdıra biləcəklər. Ancaq Azərbaycanın işğal olunmuş bütün ərazilərini azad etməsi, o cümlədən Xankəndidə Dövlət Bayrağımızın ucaldılması ilə onların bu oyunu pozuldu. Qərblilər Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Çünki ölkəmizə təzyiq elementləri Qərb dairələrinin əllərindən alınıb.
Eyni zamanda, Qərb ölkələri Ermənistanı himayə etməklə öz nüfuzlarını qorumağa çalışırlar. Onlar “hər şeyə qadir” Qərb mifinin dağıdılmasından narahatdırlar. “Qoca qitə” digər regionlarda da oxşar situasiyalarla üzləşib. Bizim regionda baş verənlər “domino effekti” verərək, Qərbin digər bölgələrdəki mövqeyinə də ciddi ziyan vurur. Ona görə də qərblilər beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə hansısa qətnamələri qəbul etməyə çalışırlar.
Söhbət ABŞ-dan gedirsə, deməliyik ki, ölkənin Konqresi çoxdan erməni lobbisinin, necə deyərlər, “işğalı altındadır”. ABŞ hazırda öz dövlətçiliyinin yaxşı mərhələsini yaşamır. Noyabrda keçirləcək prezident seçkiləri ilə bağlı proseslər ölkənin faktiki iki hissəyə bölündüyünü göstərir. Seçki ərəfəsində lobbi qrupları siyasi partiyalara, xüsusilə demokratlara diktə edə bilirlər. Lobbi qruplarının vasitəsilə il ərzində Konqresin müzakirəsinə istənilən erməniyönümlü sənəd çıxa bilər. Çünki erməni lobbisi ABŞ-da mütəşəkkil qüvvədir. Onların proseslərə birbaşa təsir aləti var. Zənnimcə, məsələ bu şəkildə dəyərləndirilə bilər.
Səxavət HƏMİD