- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanda konstitusiya islahatları fonunda gedən diskussiyalar hər gün güclənməkdə, daha doğrusu, sərt xarakter almaqdadır. Mövcud müstəvidə ölkə iqtidarına qarşı təzyiqlər də artmaqdadır. Yazımızda Ermənistandakı son proseslərə münasibətdəki iki baxışı təqdim edəcəyik.
Bəri başdan deyək ki, baxışlardan birincisi ənənəvidir – erməni iqtidarı, necə deyərlər, ağına-bozuna baxmadan tənqid olunur, ölkədəki durumdan heç bir çıxış yolu göstərilmir. Bir sözlə, psixoz yaşantısı baş verir. Hesab edirik ki, ikinci baxış Ermənistan dövlətinin və erməni cəmiyyətinin faciə mənzərəsini vurğulamaq baxımından dolğundur, həmçinin ibrətamizdir, düşünməyə vadar edir. Bəs kim və ya kimlər düşünəcək?..
Başlayaq ondan ki, Ermənistan parlamentinin “Ermənistan” müxalif fraksiyasının katibi Artsvik Minasyan hakim “Vətəndaş sazişi” partiyasını keçmiş sovet təhlükəsizlik orqanlarının, dəqiq desək, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (“KQB”) üsullarını təkrarlamaqda günahlandırıb: “Sizin “KQB”dən heç bir fərqiniz yoxdur. Yanaşmalarınız bolşeviklərdən fərqlənmir. Siz milli olan hər şeyə hücum çəkirsiniz. Milli kimliklə bağlı hər şeyi məhv etmək ideyasını təbliğ edirsiniz”.
Minasyan onu da bildirib ki, hakim qüvvə dövlətçiliyin əsaslarını qorumaq adı altında həmin əsasları çürüdür. Habelə, iqtidarın irəli sürdüyü ideyalar onun seçki proqramında əksini tapmış müddəalarla ziddir: “Seçki proqramınızda bunun tam əksini dediniz. Qarabağın işğaldan azad edilməsi, onun mühafizəsinin gücləndirilməsi və “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasının təşviqi məsələlərinə toxunurdunuz. Amma indi siz bütün bunlardan imtinaya əsaslanmış gündəmi təbliğ edirsiniz. Eyni zamanda, bunu Ərdoğanın (Türkiyə Prezidenti – red.) və Əliyevin (Azərbaycan Prezidenti – red.) tələblərini yerinə yetirməklə reallaşdırırsınız”.
Minasyan hesab edir ki, bütün yuxarıda deyilənlər fonunda, Paşinyan iqtidarı Ermənistanın milli qüvvələrini baş verənlərdə günahkar kimi göstərməyə çalışır və bu, ölkə hakimiyyətinin tam siyasi deqradasiyasından xəbər verir: “Yalan tezislər irəli sürməklə, dövlətçiliyimizi öldürürsən, Qarabağı düşmənə verirsən, sonra durub yalan danışırsan, hamını və hər şeyi günahlandırırsan. Cəmiyyətə hörmət etmirsənsə, heç olmasa, özünə hörmət et. Yalan yaymağı dayandırın! Nə vaxtadək belə davam edəcəksiniz?! Ölkəni məhv edənə qədər?!”.
Əlbəttə, A.Minasyanın söylədikləri reallıqdır. Paşinyan hakimiyyəti, həqiqətən də özünün deqredasiya dövrünü yaşayır. Ancaq söhbət yalnız ölkənin hazırkı hakimiyyətinin böhranındanmı gedir? Əlbəttə yox! Bu, ümumən müasir Ermənistan dövlətçiliyinin üzləşdiyi məntiqi qanunauyğunluqdur, acınacaqlı sonluqdur. Minasyanın söylədikləri isə heç də vəziyyətdən çıxış yolu deyil, əksinə, durumun bir qədər də mürəkkəbləşdirilməsinə çağırışdır. Çünki partiya funksioneri olan müxalifətçi deputat konstitusiya islahatları müstəvisində Paşinyan iqtidarının reallığı dəyişmək cəhdini xəyanət kimi qiymətləndirir.
Əslində, Minasyan tipik erməni xislətinin ümumiləşdirilmiş obrazıdır. Yəni, onun kimi düşünənlər Ermənistan cəmiyyətində kifayət qədərdir. Bu qəbildən olanların işi-gücü ittihamdır. Onlar özlərinin ucuz populizmlərini işə salaraq, obrazlı desək, ölkəni gözləyən fəlakət üçün qapıları taybatay açırlar. Elə isə Ermənistanın hazırkı vəziyyətinə nəzər salmaq baxımından növbəti düşüncə məhsulunu diqqətə çatdıraq. Yəni, yazımızın ikinci hissəsinə keçid alaq.
***
Əslində, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonovun “Bunin&Co” teleqram kanalı üçün yazdıqları erməni deputat A.Minasyanın bildirdiklərinin fundamental ifadəsidir. Ən əsası isə ikincidən fərqli olaraq birinci, Ermənistanla bağlı hadisə və proseslərə, o cümlədən, erməni iqtidarının konstitusiya islahatı gündəminə ayıq başla yanaşır, habelə, ortaya xeyli dərəcədə həssas sayılacaq münasibət qoyaraq, acı reallıqları sadalayır, vəziyyətin çıxılmazlığını əsaslandırır.
Beləliklə, S.Markedonov bildirir ki, Ermənistanda konstitusiya islahatı ilə bağlı müzakirə, faktiki olaraq, erməni milli və xarici siyasət kimliyi ilə bağlı mübahisəyə çevrilir. “Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Radiosunun “Təhlükəsiz mühit” proqramına müsahibəsində deyib ki, postsovet Ermənistanı dövlətçiliyinin əsasını qoyan 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsi ölkə və onun vətəndaşları üçün sülh təminatı deyil. O, Ermənistanın “Miatsum” (Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi) ideyasına əsaslanan öz müqəddəratını təyinetmə prinsipini gələcək üçün risklər yaradan layihə kimi qiymətləndirir”, - deyən politoloq durumu özünəxas şəkildə təsvir etməsi ilə diqqət çəkir.
Markedonov bildirir ki, Paşinyan 1990-cı il Bəyannaməsi və ölkə konstitusiyası ilə təsbit olunmuş erməni siyasi kimliyini “öküzləri” qıcıqlandıran “qırmızı paltar”la müqayisə edib və təhdidləri aradan qaldırmaq üçün həmin paltarları çıxartmağın vacibliyi üzərində dayanıb. Siyasi müşahidəçinin sözlərinə görə, erməni baş nazirin fikirləri “qırmızı paltarları” tikən “sevimli nənə”nin artıq həyatda olmaması deməkdir. “Beləliklə, baş nazir Ermənistan dövlətçiliyinə əsaslı şəkildə yenidən baxılmasını, yəni Qarabağdan və “Böyük Ermənistan” ideyasından, tamamilə, imtinanı təklif etdi”, - deyən rusiyalı politoloq vurğulayır ki, Paşinyan “üçüncü respublika”nın postsovet dövlətçiliyinin əsaslandığı prinsiplərdən uzaq dayanmasının vacibliyini önə çəkir.
S.Markedonovun diqqət çəkdiyi daha bir xüsus var. O deyir ki, hazırda Ermənistan daxilindəki vəziyyətin gərginlik paradiqması ölkədə konstitusiya islahatlarına dair məsələnin Azərbaycan rəhbərliyi tərəfindən də irəli sürülməsi ilə bağlıdır. Politoloq bunda təəccüblü heç nə görmədiyini bildirir. Onun sözlərinə görə, rəsmi Bakı uzun illərdir belə mövqe nümayiş etdirib. Rusiyalı siyasi icmalçının fikrincə, Ermənistanda konstitusiya islahatlarının təşviqi məsələsinə boz rəng çalarları qatan ölkənin iki hərbi məğlubiyyəti və Qarabağın ermənisizləşməsidir. Buna görə də Paşinyanın açıqlamaları və metaforaları ziddiyyətli qiymətləndirmələrə səbəb olub. Markedonov bu mənada İctimai Radionun icraçı direktoru Qaregin Xumaryanın baş nazirlə müsahibəyə görə üzr istəməsinə diqqət çəkib. Qeyd edək ki, Q.Xumaryan Nikolla müsahibə sonrası bunları bildirib: “Bizə dedilər: türklər güclüdür, ermənilər zəifdir, türklər erməniləri qırır. Və bundan belə nəticə çıxarmaq olar: “Gəlin özümüzü gücləndirək”. Amma əvəzində deyildi ki, gəlin erməni olmağı dayandıraq”.
Bu da hadisə və proseslərə ayıq başla baxmalı olan erməni ziyalısının mövqeyi! Göründüyü kimi, fəlakəti yaxınlaşdıran elə Ermənistanın intellektual kəsimidir. Yəni, düşünməli olan təbəqə sərsəmləyirsə, başqalarından nə gözləyəsən? Əlbəttə, heç nə! Elə Markedonov da mövcud məqamın üzərinə gəlir. Ancaq bir qədər fərqli formada. O bildirir ki, media adamının, yəni Xumaryanın özəl qiymətləndirməsi Ermənistandakı ictimai narazılığı qeydə almaq üçün yetərli göstərici sayılmaya bilər. Yəni, prinsipcə, partiyaların və siyasi müxalifət nümayəndələrinin təşəbbüsləri daha önəmlidir. Siyasi təhlilçi bu mənada “Ayakve” (Erməni səsi) Hərəkatının koordinatoru Avetik Çələbyanın bildirdiklərinə toxunur və vurğulayır ki, Çələbyan siyasətdə yeni sima deyil, müxtəlif fondlar və qurumlar yaradıb: “2022-ci ildə hətta həbs edilib. Bu gün Çələbyan Paşinyan və komandasının hərəkətlərini konstitusiya çevrilişinə cəhd kimi qiymətləndirir. Onun sözlərinə görə, “erməni xalqından müharibə ilə şərəfsizlik arasında seçim etmək istənilir”.
Bəli, Markedonov, bəlkə özü də fərqinə varmadan, erməni cəmiyyətindəki bəlaları sadalayır. Nəhayət, o, belə qənaətə gəlir ki, Paşinyanın təkliflərini nikbin adlandırmaq olmaz. Çünki baş nazirin irəli sürdükləri millətin ən ağır travmalarının dindirilməsidir. Ancaq politoloqun gəldiyi yekun nəticə də var: “Ermənistan ordusunun, dövlətinin və cəmiyyətinin Paşinyanın qarşısını almaq, məğlubiyyətin və yeni itkilər riski olmadan mənfi tendensiyaları aradan qaldırmaq üçün real imkanları varmı? Və bəlkə də ən vacibi: Yenidən Qarabağlaşma və ya “Miatsum” üçün kənardan qarant, daxildən isə hərəkətverici qüvvə kim ola bilər?”
***
Göründüyü kimi, Markedonov Minasyanın haqqında söz açdığı faciəvi durumu incəliklərinədək təsvir edir. Bu təsvir, heç şübhəsiz, mesajdır. Politoloq, əslində, demək istəyir ki, hazırda Ermənistanın fəlakətli durumdan heç bir çıxış yolu yoxdur. Eyni zamanda, onun söylədikləri ölkənin üzləşdiyi indiki acınacaqlı situasiyanın nə üçün yaşandığı barədə düşünməyə sövq edir. Bəli, istər-istəməz, belə qənaət formalaşır ki, Ermənistanın bəlalarının kökü onun 2018-ci ildən Rusiyadan uzaqlaşması və Qərb xətti götürməsi ilə əlaqədardır. Axı, “Miatsum” ideyasına əsaslanmış müasir Ermənistan dövlətçiliyi məhz Moskvanın patronajlığı altında idi. Yəni, onun bütün ideya bazası, avantürist mahiyyəti gücünü şimaldan alırdı.
Məsəl var, deyirlər ki, it arabanın kölgəsində yatır, elə bilir öz kölgəsidir. Eyni durumu Ermənistan üzərinə gətirsək, hazırda Rusiyanın kölgəsinin Ermənistan üzərindən getdiyini demək mümkündür. Kölgə yoxdursa, deməli, erməni dövləti layihəsi də bitib, tam iflas növbəsi çatıb. Ölkədə mövcud reallığı dərk edənlərin və qorxunc aqibətdən uzaqlaşmaq istəyənlərin sayı isə çox azdır, yaxud yalançı vətənpərvərlərin, ucuz populistlərin yanında onların səsi eşidilmir.
Ə.RÜSTƏMOV