- Daxili siyasət
- 09:37 20.09.2024
Aralıq dənizinin dördüncü ən böyük adası sayılan Korsika tarixi ərzində dəfələrlə işğala məruz qalıb. 1755-ci ildə ada yenidən azadlığına qovuşsa da, orada Korsika Respublikası elan edilsə də, 1768-ci ildə Fransanın bir hissəsinə çevrilməklə, müstəqilliyi ilə vidalaşıb. Fransaya birləşdirilsə də, Korsika ötən müddət ərzində müstəqilliyi üçün mübarizəni dayandırmayıb. Buna görə də, ada ilə Paris arasında münasibətlər iki əsrdən çoxdur gərgin olaraq qalır və Korsika sakinləri hələ də materikdən ayrı yaşamağa ümid edirlər.
Qərbin bir çox ölkəsi kimi, Fransa da “zəngin” müstəmləkəçilik tarixinə malikdir. Bir vaxtlar nəhəng müstəmləkə imperiyasının qalıqları hazırda Fransanın müasir dənizaşırı mülkləridir (xarici departamentlər, icmalar və xüsusi statusa malik inzibati-ərazi qurumları), onlardan yalnız Fransa Qvianası materikdə yerləşir. Korsika da, həmçinin fransız millətçiliyinin qurbanlarından biridir. Uzun illərdir ki, ada sakinləri mərkəzdən ayrılmağa çalışırlar. Lakin hər dəfə Paris korsikalıların müstəqillik istəklərini sərt şəkildə rədd edir, repressiya maşınını işə salır.
Bununla belə, mübarizə bu gün də davam edir. 2014-cü il iyunun sonunda Korsikanın FLNC adlı radikal təşkilatı fəaliyyətini dayandırdıqdan sonra ada sakinləri Parislə mübarizəni hüquq müstəvisində həll etməyə çalışırlar. Ancaq dialoqun dalana dirəndiyini Paris də etiraf edir və Korsikanın mərkəzdən ayrılmasına qarşı sərt siyasət yürüdür. Bu yaxınlarda Fransa məhkəməsinin Korsikada dövlət qurumlarında yerli dilin qadağan edilməsi ilə bağlı qərarı da bunu təsdiqləyir. Korsika Milləti Partiyasının lideri Jan-Kristof Ancelini Fransa məhkəməsinin qərarını “ədalətsizlik və biabırçılıq” adlandırır: “Bu qərar bizim üçün təhqir kimi səslənir”. Qərar BMT-də də tənqid edildi. Təşkilatın milli azlıqlar üzrə xüsusi həmməruzəçisi Fernand de Varenne Parisin qərarını “ayrı-seçkilik” kimi qiymərləndirdi.
Xatırladaq ki, müstəqillik tərəfdarlarının sözlərinə görə, Korsika dili bütün sahələrdə – televiziya və radiodan tutmuş ictimai xidmətlərin göstərilməsi və qanunların yazılmasına qədər fransız dili ilə eyni səviyyədə istifadə edilməlidir. Amma Paris bu istəyə qarşı çıxır, korsikalıların milli identikliyinin kodu olan dillərini qoruyub saxlamağa imkan vermir. Fransa artıq tarixə dönmüş SSRİ-nin yolu ilə gedir. Sovet hakimiyyəti də bütün xalqları, obrazlı desək, bir qazanda bişirib sovet xalqı əldə etmək istəyirdi. Nəticəsi məlumdur, SSRİ arxivdə, 15 respublikanı təmsil edən xalqlar isə müstəqildir. Müstəmləkə sakinlərini fransız qazanında bişirməyə çalışan, ancaq nifrət və kin qazanan Paris arxaya baxmadan ot basmış təhlükəli çığırla addımlayır. Bundan əlavə, Fransanın Milli Azlıqların Müdafiəsi Konvensiyasına qoşulmaması ölkənin insan haqları və demokratik dəyərlərlə öyünməsi ilə ziddiyyət təşkil edir. Korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra regionlarında separatizmi dəstəkləyir.
Bir sözlə, bu gün Fransa istəyir ki, Korsika müstəqillik arzusundan əl çəksin. Ancaq korsikalılar 200 ildən artıqdır ki, öz ideyalarından əl çəkməyiblərsə, onları nəsildən-nəslə ötürüblərsə, indi onlardan əl çəkəcəklərinə inanmaq sadəlövhlükdür. Ən azından ona görə ki, bu gün korsikalılar lider hesab etdikləri Paskal Paolinin sözlərini unutmurlar: “Mənim bütün həyatım, deməliyəm ki, azadlığa davamlı and içmək olub”. Fransa müstəmləkə hökmranlığına qarşı yaradılmış “Nazione” hərəkatının təsis edilməsi də bunu təsdiqləyir.
Yeni yaradılmış “Nazione” hərəkatının üzvləri Korsikanın müstəqilliyini istəyirlər. Ancaq Fransa hökuməti təşkilatın iki fəalını hələ də həbsdə saxlayır. Demək lazımdır ki, dünya ictimaiyyəti Fransa bürokratiyasının əzdiyi xalqların taleyinə biganədir. Bu torpaqların yerli xalqları öz hüquq və azadlıqlarının tapdalanması ilə bağlı fəryad qoparsa da, dünya laqeyd şəkildə susur. Təzadlı haldır, elə deyilmi? Fransa başqa ölkələrə gəldikdə insan hüquqlarının qorunmasından danışır, lakin öz sərhədləri daxilindəki dəyərlərə əməl etmir. Bir sözlə, bu gün müstəmləkəçiliyin “yaxşı” ənənələrinin uğurla davam etdiyi Fransa torpaqlarında baş verənlər birbaşa dövlətin siyasətinin aqressiv və dağıdıcı xarakterindən xəbər verir. Ancaq korsikalılar bütün çətinliklərə baxmayaraq, müstəqillik uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər.
Aydındır ki, keçmiş müstəmləkə ölkələrində cərəyan edən prosesləri alovlandıran əsas amillərdən biri fransız imperializminə qarşı güclü nifrətdir. Nifrət isə güclü silahdır, tarixi yaddaşı istismarla, təhqir edilməklə dolu olan xalqların əlində isə daha dəhşətli silahdır.
S.ELAY