- Daxili siyasət
- 09:37 20.09.2024
İran İslam Respublikası Cənubi Qafqaz regionundakı bütün ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və heç bir şəraitdə coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir. Bunu Ermənistanda səfərdə olan İranın Ali Dini Rəhbərinin müşaviri, ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Seyid Kamal Xərrazi deyib. İslam respublikasının İrəvandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, K.Xərrazi qeyd edib ki, ölkəsi Ermənistanla tarixi və dostluq əlaqələrini genişləndirməkdə qərarlıdır, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən qovşaq kimi ondan istifadəyə hazırdır.
K.Xərrazi Tehranın regionun inkişafına və tərəqqisinə xidmət naminə Ermənistanın iqtisadi və elmi potensialından bəhrələnməyi vacib saydığını dilə gətirib. Əlbəttə, İranın yüksək ranqlı rəsmisi başqa məqamlara da toxunub ki, bu barədə söz açacağıq. Ancaq, ilk növbədə, onu vurğulayaq ki, cənab Xərrazinin İranın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən qovşaq kimi Ermənistandan istifadəyə hazır olduğuna dair fikirləri ikincinin hakimiyyət orqanları tərəfindən ortaya atılmış “Dünya kəsişməsi”, yaxud “Dünyanın kəsişməsi” layihəsinə dəstək kimi qiymətləndirilməkdədir. Hər halda, İrəvandakı siyasilər məsələyə mövcud kontektsdən yanaşırlar. Nəzərə alaq ki, “Dünyanın kəsişməsi” 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanın siyasi leksikona daxil etdiyi “Zəngəzur dəhlizi” ideyasına zidd təşəbbüsdür.
O da məlumdur ki, “Zəngəzur dəhlizi” ideyası Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol kontekstindədir. Ölkəmiz məsələnin “Azərbaycandan – Azərbaycana yol” məntiqini əsas götürərək, həmin istiqamətdə hansısa gömrük və sərhəd nəzarətinin olmamasının vacibliyi üzərində dayanır. İrəvan isə buna razı deyil. Baxmayaraq ki, Bakı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək niyyətindən uzaqlığını dəfələrlə vurğulayıb. Bəs qarşı tərəf ölkəmizin mövcud xüsusdakı fikirlərinə hansı səbəbdən əhəmiyyət vermir? Hesab edirik ki, suala cavab İran üçün də əhəmiyyətlidir və məsələyə yazının sonunda qayıdacağıq.
Hələlik isə onu deyək ki, Ermənistanın hakimiyyət nümayəndələri Naxçıvana yol xüsusunda Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən, rəsmilərimizin səsləndirdikləri fikirləri qəsd kimi qiymətləndirirlər və ölkələrinin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı məntiqini qabardırlar. Vurğuladığımız kimi, cənab Xərrazi də İrəvandakı açıqlamasında eyni məqama toxunur. İlk baxışdan, Tehranın ifadə tərzi ilə İrəvanın və Qərbin ermənipərəst dairələrinin mövqeləri üst-üstə düşür. Amma ilk baxışdan.
İran Qərbin timsalında regionda kənar oyunçuların görünməsini istəmir. Həmin oyunçuları cəlb edən İrəvandır. Hər halda, İslam respublikasında bu məqam nəzərə alınmamış deyil. Sual yaranır: ola bilərmi ki, Xərrazi İrəvana məsələnin yolverilməzliyini bildirmək üçün yollanmışdı? Çünki İran rəsmisinin Ermənistandakı bəyanatları xüsusunda üzərində dayandığı ilk məqam sərhədlərin dəyişməsinin yolverilməzliyidirsə, ikinci xüsus “region region ölkələri üçündür” deyimidir. Nəzərə alaq ki, sərhəd erməni avantürizmi səbəbindən dəyişə bilər. Hazırda həmin avantürizmi körükləyən isə Qərbdir.
Cənubi Qafqazda kənar oyunçuların görünməsinə xoş yanaşmayan İran Rusiyanın, Türkiyənin, Ermənistanın, Azərbaycanın, Gürcüstanın və özünün iştirakı ilə “3+3” platformasını dəstəkləyir. Yəni, regiona diqqətini mövcud müstəvidə artırır. Bu platforma hazırda İslam dövlətinin baxışlarına fundamentallıq qazandıran müstəvidir. Ekspertlərin fikrincə, K.Xərrazinin regiona səfəri və bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin Moskvadakı danışıqları, Tehranın regiondan kənar, yəni, Qərb qüvvələrini sıxışdırmaq istəyindən xəbər verir. Yəni, cənub qonşumuz hərəkətə keçib.
Bəli, İran “3+3” formatını aktivləşdirməyə çalışır. K.Xərrazi Ermənistanın paytaxtında bu barədə danışdı. Tehran indiyədək iştirakdan imtina edən Gürcüstanı da mövcud müstəviyə cəlb etməyə çalışır. İstəyir ki, regiondakı qüvvələrin tam konsolidasiyası reallaşsın, nəticədə Cənubi Qafqazın siyasi problemlərinə kənar müdaxilələrin qarşısı alınsın.
Tehranın nəzərindəki “ekstraregional qüvvələr” ifadəsi özündə Avropanı, ABŞ-ı və İsraili ehtiva edir. Məlumdur ki, İranın siyasi dairələrində vaxtaşırı İsrailin Azərbaycandakı hərbi-siyasi mövcudluğu xüsusunda mülahizələr səslənməkdədir. Bu mülahizələr gündəmə gəlir, ardınca ölkənin ayrı-ayrı rəsmiləri, sanki, təhlükə hiss edirlərmiş kimi bəyanatlar verirlər. Ancaq reallıq budur ki, Azərbaycan – İsrail münasibətləri nə qədər güclü olsa da, ikincinin regionda hərbi-siyasi mövcudluğu xüsusundakı baxışlar subyektivlikdən o yana getmir. Həm də o səbəbdən ki, Azərbaycan müstəqil xarici siyasət kursu aparmaqdadır və bunun örnəkləri, kifayət qədər, çoxdur.
Ancaq Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda fəallığını artırması faktdır və bu trayektoriyada Ermənistan vacib halqanı təşkil etməkdədir. Daha doğrusu, alətə çevrilməkdədir. Bunu da nəzərə alaq: İranda belə bir fikir var ki, Ermənistan Qərblə münasibətləri gücləndirmək perspektivinə əsaslanaraq, İranla münasibətləri lazımi və istədiyi səviyyədə dərinləşdirməkdən çəkinir. Lakin, buna baxmayaraq, İran Ermənistanla bütün sahələrdə əlaqələri genişləndirməyə səy göstərir. K.Xərrazi İrəvana səfəri zamanı, o cümlədən, ekspertlərlə görüşdə bu marağı bəyan edərək, hərbi sənaye, informasiya təhlükəsizliyi, iqtisadiyyat və enerji sahələrindəki qarşılıqlı əməkdaşlıqdan söz açıb. O, hətta, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün İranın yardımının mümkünlüyü barədə bəyanat da səsləndirib.
Ancaq indiki məqamda demək olmaz ki, İran Ermənistana görə Azərbaycan faktorunu kənara atmaq niyyətindədir. Yəni, buna getmək Tehrana sərfəli deyil. Ümumən, İslam respublikası həmişə öz siyasətini aparıb. Bu siyasətdə Qərbə dirəniş vacib məqamdır. Ukraynada müharibə başlayandan sonra Qərb Rusiyaya qarşı hər cür sanksiyaları tətbiq edəndə, bu, Moskva ilə Tehranı yaxınlaşdırdı. Nəzərə alınmalıdır ki, Kremlin iflası Tehranın süqutu deməkdir. Yəni, İran yaxşı bilir ki, Moskva Ukrayna cəbhəsində uğursuzluqla üzləşsə, növbə ona çatacaq.
Məsələyə Qərbin prizmasından da yanaşaq: Əgər 2022-ci ilə qədər “şər oxu”nu İran, Suriya və Şimali Koreya formalaşdırırdısa, indi Rusiya da onlara qoşulub. Qərbdə Tehranın uzun müddətdir Yaxın Şərqin müəyyən dövlətlərində öz müvəkkil qüvvələrini yaratması və onların zaman-zaman fəallaşması xüsusunda fikirlər gündəmə gətirilir. Hesab edilir ki, indiki mərhələdə Tehran mövcud istiqamətdə Rusiyanın dəstəyini alır.
Bəs İranla yaxın, Rusiya ilə isə tarixinin ən pis münasibət dövrünü yaşayan Ermənistan hakimiyyətinin Aİ-nin mülki müşahidəçilərini Ermənistan – Azərbaycan sərhədində patrul xidmətinə dəvət etməsi, Tehranın İrəvana münasibətini dəyişibmi? Sualı başqa cür də qoymaq mümkündür. Qərbin regional aktivliyinə qarşı çıxan Tehranı sözügedən missiyanın mövcudluğu narahat etmirmi? Qeyd edək ki, ötən il Azərbaycanla gərginlik şəraitində İrandan səslənmiş rəsmi bəyanatların birində bildirilmişdi ki, Aİ müşahidəçilərinin regiondakı mövcudluqları İslam respublikasının maraqlarına zidd deyil. Hərçənd, həmin açıqlamadan sonra mövzuya qayıdılmır. Belə nəticə hasil olur ki, sözügedən bəyanat sırf Azərbaycana inad xüsusunda səslənmişdi. Daha dəqiq desək, həmin vaxtkı soyuqluğun ruhundan irəli gəlirdi. Hazırda soyuqluq tam aradan qalxmaq üzrədir…
Əlbəttə, onu da vurğulamalıyıq ki, Qərbin Ermənistandakı varlığı İranın regional siyasətində, xüsusən də İrəvana münasibətdə real dəyişiklik yaratmır. Qeyd etdiyimiz kimi, İran hakimiyyəti həm “qırmızı xətləri”ni, həm də “heç bir şəraitdə coğrafi sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini” bildirir və bildirməyə davam edir. Çox güman ki, İslam respublikası avropalı müşahidəçilərə Azərbaycanı cilovlayan, ümumən cilovlayıcı real faktor kimi yanaşmır. Ona görə də Tehranın şübhələri çoxdur. Əslində, K.Xərrazinin səfəri şübhələri aradan qaldırmaq niyyətindən irəli gəlməkdədir.
Bəli, Tehran Aİ-ni “Azərbaycanın Ermənistana qarşı potensial təcavüzünün qarşısını almaq” ritorikasının keçərliliyi baxımdan da hesaba almır. Görünür, İranın prinsipial şəkildə düşündüyü budur: Qərbin regiondakı mövcudluğu, ilk növbədə, Rusiyaya, sonra isə İrana qarşı yönəlib. Yəni, Tehran İrəvanı vasitə və alət kimi görmək məntiqindən uzaqdır. Bəs, riskləri minimuma endirmək mexanizmi nədir? Yenə də “3+3” platformasının üzərinə gəlirik. İran hazırda bu platformanın dərinləşməsində maraqlıdır. Onun Ermənistana münasibətinin dəyişib-dəyişməməsinə gəlincə, bu, yalnız Qərbin regiondakı hərbi komponentinin meydana çıxmasından sonra mümkündür.
K.Xərrazinin Ermənistana səfəri xüsusunda siyasi ekspertlərin qabartdıqları bir nüans da var. Azərbaycan Tehranın etirazlarına rəğmən, Ermənistana təcavüzə girişərsə, ikinci Cənubi Qafqaz regionundakı maraqlarını qorumaq naminə nə qədər uzağa gedə bilər? Yəni, İran Ermənistanın müdafiəsinə qalxarmı? Əlbəttə, suala birmənalı cavab vermək çox çətindir. Amma indiyədək keçilmiş yol var. İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını həmişə bəyan edib. Baxmayaraq ki, İslam respublikasında Qarabağ məsələsində İrəvana dəstək baxışı da aktuallığını saxlayıb. Ancaq Bakı Tehranın istər 44 günlük müharibəyə, istər ondan sonrakı hərbi qarşıdurmalara, istərsə də lokal xarakterli antiterror tədbirlərinə seyrçi qalmasını təmin etməyi bacardı. Həm də ona görə ki, İranın rəsmi diplomatiyası, ölkənin qaragüruh siyasilərindən fərqli olaraq, kifayət qədər, rasionaldır.
Digər tərəfdən, İranın doktrinal əsasları ölkənin qüvvələrinin xaricdəki müharibələrdə iştirakına isti yanaşmır. Yəni, indiki durumda Tehranın İrəvana dəstəyi də Qərbin ikinciyə dəstəyi kimi konsultativ mahiyyətə söykənməkdədir. Eyni zamanda, bildirməliyik ki, İran Ermənistana münasibətdə Qərbdən daha sərtdir. Yəni, ölkənin İrəvanın şıltaqlıqlarına dözmək kimi niyyəti istisnadır. Burada “qırmızı xətlər” məsələsi yalnız ikinciyə münasibətdəki siyasi jestdir. Ermənistanla bütün sahələrdə, o cümlədən, hərbi sahədə əməkdaşlığa maraq da, İrəvanın müdafiə qabiliyyətini gücləndirmək istəyi də Tehranın regiondakı “qırmızı xətlərini” qorumaq əzminin məhsuludur. İslam dövləti regionda hərbi ssenarinin qarşısını almaq üçün hər şeyi edir. Yəni, ölkənin jesti ona yönəlib ki, Ermənistan cızığından çıxmasın. Elə K.Xərrazinin “Dünyanın kəsişməsi” avantürasına dəstəyə oxşar fikirlər səsləndirməsi də, həmçinin. Ancaq İrəvan cızıqdan çıxmağa öyrəncəlidir.
Sonda söz açacağımızı bildirdiyimiz məqama keçid alaq. Vurğuladığımız kimi, Ermənistan Azərbaycanın “Zəngəzur dəhlizi” ideyası ilə barışmır. Dəhliz məntiqini özünün suverenliyinə zidd sayır. Ancaq ölkə Naxçıvana yolun öz ərazisindən keçməsi naminə canfəşanlıq göstərir. “Azərbaycandan – Azərbaycana yol” məntiqi ilə hərəkət edən rəsmi Bakı sözügedən 40 kilometlik zolaqda sərhəd və gömrük nəzarətinin mümkünsüzlüyünü bəyan etməklə, prinsipiallıq göstərir.
Prinsipiallığın digər istiqaməti Naxçıvana yolun İran ərazisindən keçməsi ilə bağlı Tehranla əldə edilmiş razılıqdır. Məlum olduğu kimi, Qərb dünyası sözügedən razılığı süngü ilə qarşılamaqdadır. Məsələn, ABŞ. Birləşmiş Ştatlar Azərbaycandan tələb edir ki, Naxçıvana yol İrandan deyil, Ermənistandan keçsin. Ölkəmiz məsələnin belə qoyuluşu ilə razılaşmır və istəmir ki, öz öhdəliklərini yerinə yetirməyən İrəvan nəqliyyat və kommunikasiya qovşağı kimi üstünlüyə yiyələnsin. Ancaq bu yerdə K.Xərrazinin Ermənistanı qovşaq kimi görmək istəməsi ilə Qərbin eyni mövqedən çıxış etməsi arasında prinsipial fərqin mövcudluğunu da diqqətə çatdıraq. İkinci Ermənistanın qovşaq ampluası üçün İrana meydan tanımır və indiki durumda Tehranın İrəvanı bu yoldan döndərmək kimi şansı yoxdur. Şans yoxdursa, İslam respublikasının “qırmızı xət”lərinə yenidən baxmaq zərurəti var. Heç şübhəsiz, Kərrazinin səfəri bunu, ümumən Cənubi Qafqazda son durumu soyuq dəyərləndirmək baxımından da vacibdir.
Əvəz CAHANGİROĞLU