- Daxili siyasət
- 09:37 20.09.2024
Yanvarın 31-də Azərbaycan–Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının iclası keçirilib. Görüş şərti sərhədin Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti hissəsində baş tutub.
Qeyd edək ki, budəfəki görüş sayca altıncı idi. İlk iki görüş şərti sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi xaricdə (Moskva və Brüssel), sonuncu görüş isə 2023-cü il noyabrın 30-da indiki formatda, yəni şərti sərhədin Qazax–Tavuş hissəsində keçirilmişdi.
Onu da bildirək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Prezident İlham Əliyevin 2022-ci il mayın 23-də imzaladığı sərəncamla yaradılıb. Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayevdir. Ermənistan tərəfdən isə komissiyayaya baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir. Komissiyada Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini, Azərbaycanın xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri, habelə sərhədyanı rayonların – Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları təmsil olunurlar. Ermənistan tərəfdən də müvafiq nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri komissiyada təmsil olunurlar.
Belə geniş tərkibə malik komissiyanın iclasları hər iki ölkədə diqqətlə izlənilir. Əldə ediləcək nəticələr iki ölkə arasında etimad quruculuğu yolunda atılan daha bir addım kimi qiymətləndirilir. Sonuncu görüşdə tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirmiş, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirmişdilər. Görüşün yekunları ilə bağlı ölkəmizin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bildirilmişdi ki, tərəflər komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin, tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılaşıblar.
Qeyd edək ki, işçi qaydada keçirilən görüşlərdən hələlik hansısa mühüm nəticələr əldə olunduğunu demək tezdir. Bəlkə də müəyyən nəticələr var, amma onların tam mənası ilə açıqlanmasına zaman gərəkdir. Həmçinin komissiyaların iclasları intensiv qaydada keçirilərsə, il ərzində sərhədlərin delimitasiyası ilə bağlı hansısa ciddi razılaşma əldə etmək mümkün ola bilər.
Görüşlə bağlı fikirlərini “XQ” ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, komissiyanın işə başlaması faktiki olaraq müsbət haldır. Onun sözlərinə görə, bu, hər halda, iki ölkə arasında danışıqlar prosesinin getməsinin göstəricisidir: “Amma biz məsələyə konseptual yanaşsaq, deməliyik ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar. Bundan sonra delimitasiya aparıla bilər. Ona görə də məsələ yenə sülh sazişinin üzərinə gəlir. Sülh sazişi yoxdursa, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımırsa, delimitasiyadan danışmaq mümkün deyil”.
Fərid Şəfiyev deyir ki, delimitasiya ilə bağlı danışıqlar prosesi davam etdiriləcək. Orada müəyyən texniki məsələlər həll olunacaq: “Komissiya necə işləyəcək, onun protokolları necə hazırlanacaq, prosedur qaydalar necə olacaq və sair məsələlərə baxılacaq. Amma sülh sazişi ilə bağlı fundamental problemlər qalmaqdadır. İkincisi isə sərhədlərin müəyyənləşməsi ilə bağlı xəritə problemi var. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu barədə açıq danışdı. Dövlət başçısı Ermənistanın nə üçün məhz 1970-ci illərin xəritələrini əsas götürmək istədiyini əsaslandırdı. Ona görə də bu iki məsələdə fundamental problemlərimiz var. Əgər bu problemlər gələcəkdə də həll olunmasa, delimitasiya komissiyasının işində inkişaf çətin olacaq”.
Beynəlxalq hüquq üzrə mütəxəssis, siyasi ekspert Orxan Amaşov isə qəzetimizə açıqlamasında delimitasiya komissiyasının görüşündən böyük gözləntisinin olmadığını bildirdi. O, öz fikirlərini bununla əsaslandırdı ki, delimitasiya və ondan sonra həyata keçirilməli olan demarkasiya texniki məsələdir: “Bu proses böyük bir zaman alacaq. İndiki mərhələdə hansısa konkret razılığın əldə olunacağı qənaətində deyiləm. İclasların təşkilinin və keçirilməsinin reqlamenti təzəlikcə – ötən ilin sonunda müəyyənləşdirilib. Bu sahədə böyük bir iş aparılmalıdır. Sülh sazişi və delimitasiya-demarkasiya prosesi bir-birindən ayrılıb. Təbii ki, sülh sazişinin mətnində delimitasiya ilə bağlı müddəa ola bilər. Həmin müddəada tərəflərin delimitasiya işini hansı əsaslarla apara biləcəklərinin qeyd edilməsi mümkündür. Amma sülh sazişi imzalananadək delimitasiyanın başa çatmasına ehtiyac yoxdur”.
Orxan Amaşov qeyd etdi ki, tərəflər arasında böyük ziddiyyət var: “Azərbaycan hesab edir ki, əvvəlki dövrlərin xəritələrinə müraciət etmək olar və bu, ikitərəfli qaydada, hər iki tərəfdən ekspertlərin müzakirəsi əsasında həll olunmalıdır. Ermənistan isə sonuncu xəritələrə üstünlük verir və bu mövqedən çıxış edir ki, Sovet İttifaqı 1991-ci ildə dağılanda respublikalar hansı inzibati sərhədlərə malik idilərsə, həmin sərhədlərlə də delimitasiya işi aparılmalıdır. İlk baxışda belə görünə bilər ki, Ermənistan yalnız “uti possidetis” prinsipindən danışır. Yəni, Sovet İttifaqı daxilində müttəfiq respubliklar arasında hansı inzibati sərhədlər var idisə, müstəqil Azərbaycan və Ermənistan arasında da həmin sərhədlər olmalıdır. Azərbaycan “uti possidetis” prinsipinin tərəfdarıdır. Uzun müddət biz Qarabağ məsələsində öz mövqeyimizi ərazi bütövlüyü əsasında dünyaya çatdırırdıq və bu zaman həmin prinsipə istinad əsas rol oynayırdı. Lakin biz yaddan çıxarmalı deyilik ki, 1991-ci ildə də bizim sərhədlərimiz delimitasiya olunmamışdı. Bəs hansı dövrün inzibati sərhədləri dövlət sərhədlərinə çevrilməlidir? Bu, xəritələrə müraciət əsasında müəyyən oluna bilər. Azərbaycan dövlətinin rəsmi ifadə etdiyi mövqedən belə çıxır ki, xəritə məsələsi qarşılıqlı şəkildə müzakirə olunmalıdır. Ekspertlər müzakirə aparmalı və lazım gələrsə, 1969-cu ildən öncəki xəritələrə də müraciət etmək olar. Azərbaycan rəsmilərinin fikirlərinə nəzər salanda da bu mövqe ortaya çıxır”.
Orxan Amaşov daha sonra dedi: “Azərbaycan hesab edir ki, sülh sazişi imzalananda delimitasiya ilə bağlı müəyyən bir təsəvvür və ortaq mövqe olmalıdır. Bu ortaq mövqe bizim delimitasiya prosesini hansı əsasda aparacağımızı ehtiva etməlidir. Lakin sülh sazişi imzalananadək delimitasiyanın başa çatdırılmasına ehtiyac yoxdur. Ermənistan isə hesab edir ki, tərəflər bu məsələdə hansısa üçüncü tərəfə – zəmanətçiyə ehtiyac duymalıdırlar. Həmçinin onlar hesab edirlər ki, sərhədlərin delimitasiyası ilə bağlı meydana çıxan məsələlərlə əlaqədar hansısa üçüncü qüvvənin iştirakı ilə təhlükəsizlik təminatı olmalıdır. Bu fikirlər ötən ilin əvvəlində ifadə olunmuşdu. İndi isə onlar qarşılıqlı şəkildə hücum etməmək və hər iki ölkədə silahlanmanın qarşılıqlı şəkildə nəzarətdə saxlanılması təşəbbüsü ilə çıxış ediblər. Hesab edirlər ki, sülh sazişinin imzalanması geciksə, ən azı, bu istiqamətdə sənəd imzalamaq olar. Bu, Azərbaycan tərəfdən müsbət qarşılanmır. Hesab olunur ki, bu, əslində, tərəflərin sülh sazişi üzrə aparılan işdən yayınmasına səbəb ola bilər və səmərəli həll yolu deyil. Ermənistan hesab edir ki, hər iki tərəf ordusunu şərti sərhəd boyu “güzgü prinsipi” ilə geri çəkməlidir. Azərbaycan hesab edir ki, sərhəd şərti olduğu üçün bu təklif əhəmiyyətsizdir. Qarşılıqlı ziddiyyətlər var. Ona görə də bax, bu ziddiyyətlər fonunda mən delimitasiya üzrə komissiyaların iclaslarından hansısa dolğun nəticənin ortaya çıxacağını gözləmirəm”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov qeyd etdi ki, ilk baxışda komissiyaların iclasının nəticəsiz başa çatdığı təsəvvürü yaranır. Kimsə düşünə bilər ki, bu görüşlər görüş xatirinə keçirilir: “Amma, əslində, belə deyil. Yadda saxlamaq lazımdır ki, hansısa vasitəçinin iştirakı olmadan, yəni, birbaşa görüşlər keçirilməsi formatının bir hissəsi elə delimitasiya komissiyasının iclaslarıdır. Şərti sərhəddə görüşlərin keçirilməsi, 2023-cü il dekabrın 7-də birgə bəyanatın qəbul olunması ikitərəfli formatın şaxələndirilməsinin nəticəsidir. Üçüncü tərəf – nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ həmin danışıqlarda iştirak etməyib. Bu, ikitərəfli formatın, gözə görünən formatın bir hissəsidir. Digər tərəfdən, əlbəttə, sülh sazişi, yəni, siyasi qərar olmadan delimitasiya komissiyalarının fəaliyyətində nəzərəçarpacaq irəliləyiş də mümkün deyil. Çünki ölkələr arasında münasibətlər, ən azı, hansısa bir formaya salınmalıdır ki, komissiyaların fəaliyyətində də konkret nəticələr olsun”.
Fərhad Məmmədov əlavə etdi ki, ümumi götürdükdə, əlbəttə, prosesdə dinamikanın qorunub saxlanlılması çox vacibdir: “Bu dinamikada komissiyanın iclaslarının keçirilməsi də yaxşı haldır. Bir məqamı da nəzərə almaq lazımdır ki, komissiyalara rəhbərlik edən şəxslər, eyni zamanda, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsini də kurasiya edirlər. Belə olan halda istisna etmək olmaz ki, sərhədlə yanaşı, kommunikasiyalarla bağlı məsələlər də müzakirə olunacaq”.
Səxavət HƏMİD