USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna, Gürcüstan və Moldova – dost dosta tən gəlməyəndə...

Bu ölkələrin AŞPA müstəvisində Azərbaycanla bağlı tutduqları mövqe anlaşılmazdır


https://img.baki-baku.az/news/2024/01/photo_10853.jpg

Dünya dövlətlərinin bəzi hərəkətləri var ki, onları başa düş­mək qəlizdir. Bəzən nəinki başa düşmək, heç başa düşməyə çalışmaq da mümkün deyil. Əlbəttə, biz çox vaxt belə anla­şılmaz, səbəbsiz davranışları ölkəmizlə yaxından-uzaqdan heç bir bağlılığı olmayan dövlətlərdən görmüşük. Belə hallara əhəmiyyət­siz yanaşmış, hərdən “uşaqdır, başa düşməyib, böyüyəndə biləcək” deyiminə güc vermişik. İndi durum bir qədər fərqlidir. 

Hər halda nə Ukrayna, nə Moldo­va, nə də yaxın qonşumuz Gürcüstan “uşaqdır”. Hesab edirik ki, hər birinin, kifayət qədər təcrübəsi var. Ən əsası isə keçdikləri yola bələdik. Məsələn, Moldova. Ölkə hələ də separatizmdən əziyyət çəkir. Məlum olduğu kimi, tanın­mamış “Dnestryanı respublika” var ki, onun mövcudluğu Moldovanın suveren­liyi üçün açıq təhdiddir. Əsasən şərab ixracından dolanan ölkənin, hələlik, bu problemi aradan qaldırmaq üçün hansı­sa potensialının olduğunu demək müm­künsüzdür. Bəli, bu yerdə Moldovanı bürümüş demokratiya eyforiyasının da köməyə gələcəyini söyləmək mümkün deyil. 

Gürcüstan barədə söz açacağıq, amma onun təcrübəsi göstərdi ki, dün­yanın demokrat kimi qəbul etdiyi eks prezident Mixeil Saakaşvilinin bu məf­huma güvənərək həyata keçirdiyi kurs Rusiya qoşunlarının paytaxt Tbilisinin on kilomertliyinədək çatması reallığı­nı doğurdu. “Demokratlar” gürcülərin halına zarımaqdan başqa heç nəyə yaramadılar. Çox təəssüf ki, acı reallıq budur.

Əlqərəz, Moldovaya nəzərən də ölkənin Qərbyönümlü siyasət xəttinin oradakı separatçılığı aradan qaldırmaq baxımından güclü olacağını bildirmək olmur. Hər bir halda Azərbaycan hə­mişə Moldovanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Yenə də eyni mövqedədir. Ölkəmiz üçün “Dnestryanı respublika” adlı qurum yalnız və yalnız qondarmadır. Belə olan halda...

Keçək Ukraynaya. Bəribaşdan deyək ki, Azərbaycan Ukraynanın da ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əlbəttə, bu zaman biz qlo­bal siyasətin ayrı-ayrı seqmentlərini in­cələyib fikir yürütmək, ölkənin hazırkı iq­tidarının beynəlxalq miqyasda apardığı siyasətin yanlış kimi qiymətləndirilmək­də olan tərəflərinə varmaq niyyətindən uzağıq. Məsələyə prinsipial yanaşırıq. Yanaşmamız isə budur ki, Ukrayna ərazisində də qondarma və separatçı mahiyyət daşıyan, özünü dövlət kimi qələmə verən birləşmələr olmamalıdır. Daha dəqiq desək, ölkənin ərazi bütöv­lüyü və suverenliyi toxunulmazdır. 

Üstəlik, Azərbaycanın Rusiya-Uk­rayna müharibəsindən əziyyət çəkən ikinciyə humanitar yardımları da vurğu­lanmalıdır. Əlbəttə, insafən Ukraynanın İkinci Qarabağ müharibəsindəki mənə­vi dəstəyini də unutmuruq və unutmarıq da. Ancaq...

İndi isə uzaqdan yaxına keçək. Yəni, Gürcüstan barədə danışaq. Az əvvəl Rusiya tanklarının Tbilisinin həndəvə­rinə gəlməsindən söz açdıq. Məlum olduğu kimi, 2008-ci ildə yaşanmış bu hadisə işğalçılıq idi. Onun hansı zəmin­də meydana çıxmasından da danışdıq. Əlbəttə, sözümüz elə anlaşılmamalıdır ki, o zamankı Prezident M.Saakaşvili nəyisə düz etməmişdi. Yenə də möv­cud xüsusdakı beynəlxalq miqyaslı mü­lahizələrin təfərrüatlarına varmaq kimi məqsədimiz yoxdur. 

Əlahəzrət fakt budur ki, hazırda Gürcüstan da separatizmdən əziyyət çəkir. Söhbət Cənubi Osetiya və Abxa­ziya problemindən gedir. Bu problemlə­rin qalması ölkənin torpaqlarının işğalı deməkdir. Azərbaycan isə hər zaman belə mövqedə olub ki, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi toxunul­mazdır. 

Bəli, adlarını çəkdiyimiz üç dövlə­tin hər birinə, daha doğrusu, onların üzləşdikləri durumlara həssas münasi­bətimiz olub və var. Müəyyən mənada, borclu qalmadıqlarını deməliyik. Ancaq indiki davranışlarını da vurğulamasaq, olmaz. Yuxarıda bu ölkələrin hər birini birləşdirən xoşagəlməz durumdan, heç də təsadüfən, söz açmadıq. Bir daha deyək ki, ölkələr separatizmdən və fak­tiki olaraq işğaldan əziyyət çəkirlər. 

Azərbaycanın da torpaqları otuz ilə yaxın müddətdə işğalda olub. Yəni, biz onların düşdükləri durumun həssaslı­ğını daha çox anlayırıq və bu anlayı­şımıza uyğun davranışımızı da davam etdiririk. Onu da bildirməliyik ki, ölkəmi­zin bu gün dünya miqyasında üzləşdiyi problemlər də məhz işğala və separa­tizmə son qoymasından qaynaqlanır. Söhbət həm də Avropa Şurası Parla­ment Assambleyası müstəvisində qar­şılaşdığımız ədalətsiz münasibətdən gedir. 

Bəli, dünyanın ermənipərəstləri ölkəmizdən 44 günlük müharibənin də, lokal xarakterli antiterror tədbirlərinin də qisasını almağa girişiblər. Ölkəmi­zin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi onlara ağrılı gəlir. Hər vasitədən, hər yoldan istifadə edirlər ki, Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salsınlar, erməni avantürizmi üçün zəmin hazırlasınlar. Nəhayət, Cə­nubi Qafqazda sülh prosesini pozsun­lar. Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlən­məməsi də bunun nəticəsidir. Məsələ­nin mahiyyətinə varmaq, əsl həqiqətə söykənmək o qədərmi çətindir? Fikri­mizcə, yox! Elə isə keçək birbaşa mət­ləbə. 

Beləliklə, Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətləri AŞPA da keçirilmiş səsvermədə Azərbayca­nın nümayəndə heyətinin mandatın­dan məhrum edilməsinə səs veriblər. Yuxarıda sadaladıqlarımız isə ölkəmi­zin onların üzləşdikləri bəlalara müna­sibətinin, həmrəyliyinin nümunələri idi və bu həmrəylik, şübhəsiz, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlə­rin axarını da müəyyənləşdirən başlıca faktor rolunda çıxış edir. Belə olan hal­da nə üçün arxadan zərbə almalıyıq? 

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova keçmiş sovet respublikala­rı kimi bir-birilərinə, belə demək müm­künsə, bir köynək daha yaxındırlar. Yəni, bir-birilərinin dərdlərini, acılarını Avropadakılardan, okeanın o tayın­dakılardan daha yaxşı bilirlər. Əlbəttə, əsl demokratiyanın, insan haqlarının nə olduğunu bildiklərinə də şübhəmiz yoxdur. Sözümüz ondadır ki, bu ölkələr AŞPA müstəvisində Azərbaycana qarşı mövcud xüsusda oyun oynanıldığını fərqinə varmağa, sadəcə, borclu idilər. Axı, biz hər zaman özümüzü onların haqlarını tanımağa borclu bilmişik. Uman yerdən küsməzlərmi? Küsərlər!

Əlbəttə, Azərbaycan heç kəsdən küsmək niyyətində deyil. Ölkəmiz bütün müstəvilərdə rasional davranış nümayi­şinin tərəfdarıdır. Rasional davranış isə həm də hadisə və proseslərə adekvat yanaşma tələb edir. Ölkəmiz aktiv diplo­matiya potensialına malikdir. Bunu kim­lər bilməsələr və qəbul etməsələr də, adlarını çəkdiyimiz üç ölkənin duruma dərin bələdçiliyi var. Üstəlik, Azərbay­canın Gürcüstan, Moldova və Ukrayna ilə birgə təmsil olunduğu GUAM-a səd­rliyi məsələsini də vurğulamalıyıq. Heç şübhəsiz, Bakı potensialından istifadə edərək, təşkilata yeni nəfəs vermək qabiliyyətindədir. Ancaq indiki durumda Azərbaycan düşünmək məcburiyyətin­dədir. Çünki heç gözləmədiyi istiqamət­dən zərbə alıb. 

Yəqin razılaşarsınız ki, dost ölkələri arxadan zərbə vuran ampluasında gör­mək, onların bilərəkdən, ya bilməyərək­dən ermənipərəstliyə köklənmiş oyun­da iştirakçıya çevrilmələri səmimiyyətə xələl gətirir. Yaxşı olar ki, həm Gürcüs­tan, həm Ukrayna, həm də Moldova bunu nəzərə alsın. Nəzərə alsın və nə­ticə çıxarsın.

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV