- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması, regionda nəqliyyat kommunikasiyalarının açılması və davamlı sabitliyin təmin olunmasında səmimi olmadığı bu günlərdə bir daha öz təsdiqini tapdı. Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadının təsdiqlənməməsinə, nümayəndə heyətimizin assambleyanın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamənin qəbuluna ən çox çalışan məhz Ermənistanı təmsil edən deputatlar oldular.
Qeyd edək ki, əsası 1949-cu ildə qoyulmuş Avropa Şurasının 46 üzvü var. Şuranın məşvərətçi orqanı olan parlament assambleyası isə bütün üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən ibarətdir. Üç ən böyük dövlətin (Böyük Britaniya, Almaniya və Fransa) hər birinin AŞPA-da 18 nümayəndəsi var. Minimum nümayəndəlik hər bir dövlət üçün iki üzvdür.
Azərbaycan nümayəndə heyətinin 6, Ermənistan nümayəndə heyətinin 4 üzvü var. Hayastan nümayəndə heyətinə parlamentin sədr müavini Ruben Rubinyan rəhbərlik edir. Bu həmin Rubinyandır ki, Türkiyə ilə normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsidir. Türkiyə tərəfdən xüsusi nümayəndə isə Sərdar Kılıçdır. Onlar bir neçə dəfə Moskva və Cenevrədə görüşərək? Ermənistan–Türkiyə münasibətlərinin gələcəyini müzakirə ediblər.
R.Rubinyan 1990-cı il martın 8-də İrəvanda siyasətçi Karapet Rubinyanın ailəsində dünyaya gəlib. 2010-cu ildə İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini, 2011-ci ildə London Universitet Kollecində siyasət və təhlükəsizlik üzrə magistr dərəcəsini bitirib. 2012–2014-cü illərdə hərbi xidmətdə olub. 2017-2018-ci illər arasında Hrant Dink Vəqfinin Ermənistan–Türkiyə təcrübə mübadiləsi layihəsi çərçivəsində Sabancı Universiteti İstanbul Siyasət Mərkəzində “Qeyri-hökumət təşkilatlarının Türkiyədə demokratikləşmə prosesinə təsiri” mövzusunda akademik araşdırmalar aparıb və bu müddət ərzində Türkiyədə yaşayıb. O, 2015-ci ildə yaradılan “Mülki müqavilə” Partiyasının qurucularındandır. 2017-ci ilə qədər partiyanın idarə heyətinin üzvü olub və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Rubinyan Nikol Paşinyanın 2018-ci ilin yazında hökumətə qarşı başlatdığı itaətsizlik aksiyalarının aparıcı şəxslərindən biri olub. Məlum olduğu kimi, həmin aksiyalar prezident Serj Sarkisyan rejimini istefa verməyə məcbur etmişdi.
Rubinyan 2018-ci ilin mayından 2019-cu ilin yanvarına kimi Ermənistan Xarici İşlər nazirinin müavini vəzifəsində çalışıb. 2018-ci il dekabrın 9-da “Mənim addımım” alyansının seçki siyahısından deputat seçilib. Əvvəlcə parlamentdə xarici əlaqələr komitəsinin sədri olub. 2021-ci il avqustun 3-dən bu yana isə vitse-spikerdir.
2021-ci ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara–İrəvan əlaqələrinin normallaşması, qarşılıqlı birbaşa təmas üçün xüsusi nümayəndələrin təyin ediləcəyini açıqlamışdı. Az sonra Türkiyənin Vaşinqtondakı keçmiş səfir Sərdar Kılıçın Türkiyə nümayəndəsi təyin edildiyi məlum olmuşdu. 2021-ci il dekabrın 18-də isə Ermənistan Xarici İşlər Nazirliyi R.Rubinyanın Ermənistanın xüsusi nümayəndəsi təyin edildiyini bəyan etmişdi.
İki ölkənin nümayəndələri ilk dəfə 2022-ci il yanvarın 14-də Moskvada təkbətək görüş keçiriblər. Həmin görüşdə tərəflər tam normallaşma məqsədilə ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər. Güman etmək olar ki, Rubinyanın bir müddət Türkiyədə yaşaması və türk dilini orta səviyyədə bilməsi onun təyinatında əsas rol oynayıb. Hazırda da başlıca missiyasının Türkiyə ilə əlaqələrin normallaşmasına çalışmaq olduğunu vurğuladıq. Ancaq bu gedişlə onun məqsədinə nail olacağı sual altındadır. Məgər, Rubinyan Türkiyə–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıqdan daha üstün, “Bir millət, iki dövlət” formulu ilə ifadə edildiyini bilmir? O başa düşmür ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, nəqliyyat kommunikasiyaları bərpa edilmədən, ölkəmizə qarşı AŞPA-dakı kimi düşmən münasibət aradan qaldırılmadan Ankara ilə yaxınlaşma mümkün olmayacaq? Rubinyan fərqinə varmır ki, o, AŞPA-da təkcə özünü təmsil etmir və onun ölkəmizə qarşı atdığı növbəti düşmənçilik addımları yalnız, necə deyərlər, onun özünün ayağına yazılmır. Buradan çıxan nəticə odur ki, bütövlükdə Ermənistan sülh və dialoqda maraqlı deyil.
Ermənistan nümayəndə heyətinin üzvlərinin hamısı AŞPA-da Azərbaycanla bağlı qətnamənin lehinə səs veriblər. Onlar təkcə səs verməklə kifayətlənməyiblər, həm də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi üçün canfəşanlıq göstəriblər. Hər zaman dialoqdan, sabitlikdən və əmin-amanlıqdan danışan, özünü “sülh göyərçini” kimi təqdim edən Rubinyan Strasburqdakı çirkin, məkrli kampaniya və addımları ilə sübut edib ki, onun çağırışları nə qədər süni imiş və heç bir əsaslara malik deyilmiş. Halbuki, Ermənistanın AŞPA-da konstruktiv mövqe tutması iki ölkə arasında etimad quruculuğu istiqamətində atılan növbəti addım ola bilərdi.
Bu istiqamətdə fikirlərini “XQ” ilə bölüşən politoloq İlqar Vəlizadə bildirdi ki, Ermənistan tərəfinin təzadlı siyasət aparması ilk dəfə deyil. Onun sözlərinə görə, bu xüsus Azərbaycanda hər zaman qabardılıb: “Təəssüf ki, həmin dəst-xətt davam edir. Son proseslər göstərir ki, Ermənistan əslində sülh gündəliyinə məcburən razılaşıb. İrəvanın istəyi gerçək sülh deyil, yalnız görüntüdür. AŞPA-dakı səsvermə də bir daha bundan xəbər verir.
Rubinyanın davranışları təkcə Ermənistan–Azərbaycan sülh danışıqlarına yox, eyni zamanda, İrəvan–Ankara dialoquna mənfi təsir göstərəcək. Türkiyə–Azərbaycan münasibətlərində isə bir yanaşma aktualdır. Bu da ondan ibarətdir ki, Ankara hər zaman ölkəmizi dəstəkləyərək, Ermənistanla bağlı Azərbaycanın istəyi olmadan heç bir addım atmayacaq. Bunu Ermənistan rəhbərliyi, o cümlədən, Rubinyan da çox yaxşı bilir. Çünki Türkiyə rəsmiləri bunu hər zaman açıq-aşkar bəyan ediblər. Buna görə də Ermənistan nümayədə heyətinin AŞPA-dakı hərəkəti əslində, təxribatdır”.
İlqar Vəlizadə qeyd etdi ki, bu təxribat təkcə Ermənistan–Azərbaycan münasibətlərinə yox, həm də Ermənistan–Türkiyə münasibətlərinə qarşıdır: “Düzdür, müəyyən qüvvələr bu addımın atılmasında maraqlıdırlar. Onlar maraqlıdırlar ki, Ermənistanın Türkiyə ilə münasibətləri gərgin olaraq qalsın. Səsvermə həm də növbəti dəfə onu göstərdi ki, Ermənistan müstəqil addımlar atmaq iqtidarında deyil. Həmin ölkə yalnız bu və ya digər qüvvələrin təsiri altında fəaliyyət göstərə, yaxud hərəkət edə bilər. Nəticə etibarilə, regionda sülh, əmin-amanlıq, proqnozlaşdırılan siyasətin həyata keçirilməsi mümkün olmur. Çünki həmin siyasətin həyata keçirilməsində rol oynamalı olan ölkələrdən biri proqnozlaşdırılması mümkün olmayan, qeyri-ardıcıl, təzadlı siyasət yürüdür. Son nəticədə öz maraqlarına deyil, digər ölkələrin maraqlarına xidmət edir. Təəssüf ki, səsvermə Ermənistanın real olaraq, sülh yolunda olmadığını və imkan düşən kimi hansısa gərginliyə doğru addım atmağa hazır olduğunu bir daha göstərdi”.
Siyasi ekspert onu da bildirib ki, münaqişənin davam etdiyi dövrdə AŞPA ara-sıra anti-Azərbaycan, ermənipərəst çıxışlarla yadda qalıb. Sirr deyil ki, burada müəyyən qrupların diktəsi ilə qərarlar hazırlanıb. Belə ki, AŞPA-da Fransa və onun sıx işlədiyi dairələr daha fəaldır. AŞPA onların və digər ermənipərəst mövqeləri ifadə edən qüvvələrin təsiri altında olaraq bu cür qərarlar qəbul edirdi. İndi isə AŞPA-nın belə bir qərar verməsi Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlarla bağlıdır.
Politoloq Fikrət Sadıxov isə hesab edir ki, burada heç bir paradoks yoxdur. Belə ki, haylar əzəl gündən Azərbaycana, Türkiyəyə qarşı açıq şəkildə düşmənçilik mövqeyindədirlər və həmin mövqe dəyişmir: “Zənn edirlər ki, sülh onların şərti ilə həyata keçirilməlidir. Onlar hesab edilər ki, Azərbaycana və Türkiyəyə təzyiq edəcəklər, biz də onların şərtlərini yerinə yetirəcəyik. Təbii ki, onların istəyi heç zaman həyata keçə bilməz. Biz torpaqlarımızı azad etdikdən sonra onlar çox təşvişə düşüblər. Müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan özlərinə dəstək axtarırlar. Hesab edirlər ki, bu dəfə AŞPA-da istədikləri qətnamə qəbul olunubsa, bəlkə də Azərbaycan düşünüb onların şərtlərini qəbul edəcək. Bu, absurd fikirdir və nonsensdir”.
Fikrət Sadıxovun fikrincə, Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin düşüncəsi o qədər primitivdir ki, bunu sadəcə, başa düşə bilmirlər. Əgər onlar hər bir məqamı başa düşsəydilər, təhlil etsəydilər əvvəldən bizimlə düşmənçilik etməzdilər. Həmçinin, separatçı rejimi də dəstəkləməzdilər. Politoloq yaranmış təhlil edərək deyib ki, onların real siyasi düşüncəsi tam mənada sıfır səviyyəsindədir.
Səxavət HƏMİD