- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanın İnzibati Məhkəməsi Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın və Hollandiyadakı “Ay Data” ofisinin rəhbəri Masis Abrahamyanın ölkə ərazisinə girişinə qadağanı aradan qaldırıb. Məhkəmə Milli Təhlükəsizlik Xidmətinə adları “qara siyahısı”ya salınmış bu 2 şəxsin respublikaya gəlişinin qarşısını almaq üçün heç bir əsasın olmadığına dair direktiv ünvanlayıb.
Hazırda Ermənistanın siyasi dairələri bu məsələ ətrafında diskussiya açıblar və onlar baş nazir Nikol Paşinyan üzərinə yükləniblər. Axı Papazyanın və Abrahamyanın Ermənistana girişinə qadağa məhz baş nazirin göstərişi ilə qoyulmuşdu. Görəsən, nə üçün və nəyə görə hazırda bu məsələ ölkənin Milli Təhlükəsizlik Xidmətinə rüsvayçı damğasının vurulması kimi qiymətləndirilir? Deməli, qurum səhv edib? Ermənistan üçün təhlükəli olan şəxslərin kimliyini düzgün müəyyənləşdirə bilməyib? Yəni, hər şey bu qədərmi primitivdir? Bəli, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin reputasiyası ayaqlar altındadır, bu, öz yerində. Ancaq məsələnin mahiyyəti, tamamilə, fərqlidir.
***
Başlayaq ondan ki, Nikol Paşinyan hakimiyyətə gələndə, belə demək mümkünsə, keçmişin qalıqlarından qurtulmaq yolu tutdu, erməni lobbi və diaspor təşkilatlarından, daha doğrusu, onların hegemonluğundan, yerli-yersiz ölkə siyasətinə təsirindən uzaq durmaq istədi. Baş nazir papazyanlardan asılı olmayan ölkə qurmağa girişdi. Hesab etdi ki, Qərb onu demokratik lider kimi qəbul edir və bu, müstəsna siyasi və mənəvi dividenddir. “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verəndə də, Şuşada, Cıdır düzündə yallı gedəndə də, şərab içib yerə səriləndə də buna güvəndi...
Əlqərəz, 44 günlük müharibə rüsvayçı sonluqla bitdi. Savaşdan sonrakı proseslər də Ermənistan və erməni avantürizmi üçün acınacaqlı nəticələr doğurdu. Nəhayət, erməni “milli identikliyinin” rəmzi olan Qarabağ əldən getdi. İndi erməni siyasilər başqa ərazilərin də Ermənistanın nəzarətində çıxacağını bildirib hay-şivən qoparırlar. Deməli, “təmiz və vicdanlı demokrat” olmağa çalışan Paşinyanın hesablamaları düz çıxmadı.
Bu gün xaricdəki erməni lobbi və diaspor təşkilatları Ermənistan hakimiyyətində təmsil olunanlardan tam fərqli düşüncədədirlər. Hələ əllərində imkan olsa, Paşinyanın, necə deyərlər, bir qaşıq suda boğarlar. Lakin Nikol Qərbin hakimiyyətə gətirdiyi şəxsdir. İkinci, nisbətən fərqli Paşinyanı yetişdirmək isə mümkünsüzdür. Ona görə də xaricdəki erməni lobbisi və diaspor təşkilatları ilə Ermənistan hakimiyyəti arasında kompromiss olmalıdır. Çox güman, bu, elə Qərbin diktəsidir. Nəzərə alaq ki, Qərb özü də erməni mərəzindən xilas ola bilmir. Digər tərəfdən, nəzərə alaq ki, 2020-ci il müharibəsi ilə sarsıdıcı zərbə almış dünya erməniliyinin, belə demək mümkünsə, reabilitasiyası “şərtdir”. Beynəlxalq aləmdə bunu istəyənlərin canfəşanlıqlarını yaxşı görürük.
Bir məqam da var ki, fikir və düşüncə baxımından Paşinyanla tam əks qütbdə dayanmış erməni lobbi və diaspor təşkilatları müharibədən sonrakı müddətdə Ermənistan hakimiyyətinin yol verdiyi nöqsanları aradan qaldırmaqla məşğul oldu. Yəni, bu qütbün təmsilçiləri Nikola bəslədikləri hiddətli münasibəti şəxsləşdirmədilər. Nəhayət, Paşinyan hakimiyyətinin xarici müstəvidə az-çox əldə etdiklərində lobbinin “xidməti” var. Hazırkı durumda isə Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurası və Hollandiyadakı “Ay Data” ofisi bu baxımdan daha “aktivdir”. O cümlədən, onların rəhbərləri. Yəni, Papazyan və Abrahamyan. M.Papazyan, bilavasitə, Fransa hakimiyyətinin təmsilçiləri, eləcə də senatorlarla, kifayət qədər, sıx əlaqədədir. Abrahamyan isə ümumən Avropanın digər bölgələrindəki erməni lobbi və diaspor təşkilatlarının işini əlaqələndirmək baxımından öndədir.
Deməli, hakimiyyət kürsüsünün Paşinyanda oyatdığı liderlik instinkti və eqosu sabun köpüyünə çevrildi. Xaricdəki erməni nüfuz sahiblərini inkar edilməsi əməli nəticə vermədi. Ona görə də əminliklə deyə bilərik ki, Papazyanın və Abrahamyanın “qara siyahı”dan çıxarılması N.Paşinyan hakimiyyətinin üzləşdiyi növbəti biabırçılıqdır. Nikolun “demokratik düşüncə tərzi” məğlubiyyətə uğradı. O, yenilikçi ola bilmədi və köhnələrə sığınmaq qərarına gəldi. Necə də sığınmasın? Axı hazırda dünyada, o cümlədən, Avropada aparılan anti-Azərbaycan kampaniyasına rəhbərliyi papazyanlar və abrahamyanlar həyata keçirirlər.
Bəli, hazırda xaricdəki anti-Azərbaycan kampaniyası özünün pik həddinə çatıb. “Köhnə qitə”də ölkəmizə qarşı sanki səlib yürüşü başlayıb. Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, eləcə də qitədəki müxtəlif insan hüquqları və media təşkilatları üstümüzə total hücuma keçiblər. Deməli, Papazyanın və Abrahamyanın “qara siyahı”dan çıxarılmaları heç də Nikolsayağı amnistiya deyil. Çox güman, Qərbdəki digər erməni avantüristlərinə də Paşinyanın “humanistliyi” şamil ediləcək.
***
“Qara siyahı”dan söz düşmüşkən, Ermənistana girişi məhdudlaşdırılanlar sırasında başqa kimlərin, ən əsası, hansı ermənilərin olduğuna diqqət yetirək. Onların Nikolun “əfvinə” sığınmasının mümkünlüyü perspektivinə də həmçinin. Və bu yerdə xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəzi rusiyalı siyasətçi və politoloqların öz fikirlərini sərbəst ifadə etmələrinin Ermənistanda, bir növ, süngü ilə qarşılanmasından söz açmışdı. Bildirmişdi ki, həmin şəxslər ölkədə “arzuolunmaz” elan ediliblər. Çox güman, Lavrov Rusiya Dövlət Dumasının qatı ermənipərəst deputatı Konstantin Zatulini, habelə, ölkənin RTR telekanalının baş redaktoru Marqarita Simonyanı, politoloq Andranik Miqranyanı nəzərdə tutmuşdu. Heç şübhəsiz, siyahıda başqaları da var. Nəzərə alaq ki, adlarını çəkdiyimiz şəxslər “böyük demokrat” N.Paşinyan haqqında olmazın ifadələr işlədib, onu təhqir ediblər. Əslində, Papazyan və Abrahamyan da bu mənada onlardan geri qalmayıb. Ancaq Nikol fərq qoyur. Axı ikincilərdən fərqli olaraq, birincilər Rusiya yönümlüdürlər. Erməni iqtidarı isə anti-Rusiya ritorikasına köklənib. Deməli, simonyanlar, zatulinlər, miqranyanlar “əfv oluna” bilməzlər.
***
Mövcud xüsusda Ermənistan cəmiyyətində gedən müzakirələrdə bir xarakterik məqam da diqqət çəkməkdədir. Erməni siyasilər keçmişə müraciət edirlər. Onlar bildirirlər ki, 2008-ci ildə Ermənistan–Türkiyə protokollarının hazırlanması prosesinin getdiyi “futbol diplomatiyası” dövründə diasporda sabiq prezident Serj Sarkisyana qarşı minlərlə nümayiş təşkil olunmuşdu. Lakin Sarkisyanın ağlına da gəlmirdi ki, proseslərə qatılanlardan, yaxud təşkilatçılardan hansınasa Ermənistana giriş qadağası qoysun. Amma “demokrat” Paşinyan və onun “demokratik” komandası bunu edir.
Hazırda erməni siyasilər bir sual da ünvanlayırlar: Paşinyanın komandası rəsmi Moskvanın adekvat davranacağı təqdirdə, nələrin baş verəcəyini düşünübmü? Həqiqətən də maraqlı. Əgər Rusiya ölkə prezidenti Vladimir Putin haqqında nalayiq fikirlər gündəmə gətirən Ermənistanın politoloqlarının, siyasətçilərinin və ictimai xadimlərinin öz ərazisinə girişinə qadağa qoysa, heç şübhəsiz, “qara siyahı”da Paşinyanın yüzlərlə tərəfdarı yer alacaq. Ancaq məlumdur ki, Kreml İrəvan qədər bəsitlik nümayiş etdirib gülüş obyektinə çevrilmək istəməz...
***
Sonda bir məqamı da vurğulayaq. Böyük şotland şairi Robert Börns yazırdı ki, kral taxtında əyləşmiş təlxək nə qədər yazıqdırsa, onu dəstəkləyənlər bir o qədər axmaqdırlar. Deyimi Ermənistan üzərinə gətirsək, ortada Paşinyanın təlxək simasını görürük. Papazyan və Abrahamyan kimi avantüristlərin və xəstə zəkalıların “qara siyahı”dan çıxarılmaları və onların ölkəyə girişlərinə məhdudiyyətin aradan qaldırılması təlxəkliyin miskin mənzərə formalaşdırdığını göstərməkdədir. Bu müstəvidə canlanmaqda olan yazıq duruma düşmüş Nikolu əhatə edənlərin axmaq obrazlarıdır. Təlxək və axmaqlar isə yeni heç nə düşünə bilmirlər. Onlar keçmişdə ilişib qalmağı nicat yolu kimi təsəvvürə gətirəcək qədər qısırdırlar.
Ə.CAHANGİROĞLU