- Daxili siyasət
- 11:03 30.09.2024
AŞPA-dakı Azərbaycan əleyhinə aparılan kampaniyanın müəllifi, ölkəmizin qurumdakı nümayəndə heyətinin fəaliyyətinin dayanmasının baiskarı almaniyalı deputat Frank Şvabenin BBC-nin Azərbaycan xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər bir neçə cəhətdən maraqlıdır. Bu barədə söz açmazdan əvvəl bildirək ki, ümumən, müsahibə AŞPA-da götürülmüş anti-Azərbaycan xəttinə, bir növ, bəraət cəhdinə oxşayır.
Şvabe çalışır ki, qurumun yanaşmasına hansısa formada haqq qazandırsın. Əlbəttə, bu, cəhd olaraq da qalır. Çünki almaniyalı parlamentari, necə deyərlər, köhnə havalardadır. Ancaq deputatın bildirdiklərində “yeniliklər” də var və onlara nəzər salarkən, Avropanın və dünyanın özünü mütərəqqi adlandıran təşkilatlarındakı durumun son dərəcə acınacaqlı olduğuna dair yetkin qənaət formalaşır. Düşünürük ki, bu qənaəti oxucularımız da bölüşəcək. Elə isə diqqət yetirək və görək cənab Şvabe nədən danışır.
***
Beləliklə, F.Şvabeyə ünvanlanmış ilk sual Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsinin ölkəmizi öhdəliklərini yerinə yetirməyə və əməkdaşlığa nə dərəcədə məcbur edəcəyi ilə bağlıdır. Deputatın cavabındakı qərəzyüklü məntiqsizlik ilk cümləsindəcə özünü göstərir. O bildirir ki, guya, Azərbaycanda insan haqları və qanunun aliliyi ilə bağlı vəziyyət pisdir. Ancaq, sən demə, hazırkı problem, konkret olaraq, ölkəmizin nümayəndə heyətinin qurumla əməkdaşlıq etmək istəməməsi ilə bağlı imiş. O zaman sual olunur: Şvabe nəyə görə birbaşa mətləbə keçmir? Yaxşı, tutalım, Azərbaycanda qeyd edilən parametrlər baxımından vəziyyət pisdir. Görəsən, AŞPA-nın monitorinqləri durumu düzəldəcək gücdədirmi? İndiyədək qurumun bu kimi hansı tədbirləri səmərəli olub? AŞPA-nın təmsilçiləri mövcud istiqamətdə iş aparmaqla, hansısa pozitiv nəticələr əldə ediblərmi? Yox!
Mahiyyətcə məqsəd Azərbaycana nədəsə kömək göstərmək olmayıb. Ümumən, Avropa Şurası hər zaman ölkəmizə münasibətdə qərəzli olub, sırf ikili standartlar prizmasından yanaşıb. Elə Şvabenin Azərbaycanda insan hüquqları, qanunun aliliyi baxımından olan vəziyyəti “pis” qiymətləndirməsi də bunun təzahürüdür. Çünki ölkəmizdəki hazırkı durum belə deməyə əsas vermir...
Guya, Ermənistanda vəziyyət ürəkaçandır? Necə olur ki, ölkə bütün reytinqlərdə həmişə Azərbaycanı qabaqlayır? Hazırkı Qərb-yönümlü Nikol Paşinyan hakimiyyətindən əvvəl də Ermənistanın adı insan hüquq və azadlıqlarına riayətlə bağlı bizdən ön sıralarda idi. Oradakı xunta rejimi çoxmu demokratik idi? Necə oldu ki, bəşəri dəyərlərə hörmət nöqteyi-nəzərdən həmişə Azərbaycandan irəlidə “sayılan” Ermənistanda xalq dözməyib inqilab elədi? Hər şey yaxşı idisə, hakimiyyət dəyişikliyinə nə ehtiyac var idi?
...Şvabe və dostları Azərbaycana gəlib siyasi məhbuslarla görüşmək istəyibmişlər, guya, buna imkan verməmişik. Yəqin, siyasi məhbus dedikdə, Qarabağdakı separaçı rejimin keçmiş liderlərini nəzərdə tuturmuşlar. Şvabe kimilərdən nə desən gözləmək olar... Digər yandan, “siyasi məhbus” ifadəsinin özü də qərəzli münasibətin göstəricisidir. İllərdir Avropa Şurası və ona bənzər təşkilatların təmsilçilərinə çatmır ki, belə yanaşma yolverilməzdir. Onlar üçün Azərbaycan qanunvericiliyini pozaraq həbsə düşmüş şəxs anlayışı yoxdur. Qabaqlarına kim keçirsə, siyasi məhbusa “çevirirlər”. Sonra da məsələni Azərbaycan əleyhinə kampaniya halına gətirirlər...
***
Növbəti məqama keçid alaq. Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərinə AŞPA-nın müşahidəçilərinin dəvət edilmədiyini iddia edən F.Şvabenin mövcud xüsusdakı müqayisəsi də primitivdir. Belə təəssürat yaranır ki, o, ATƏT-in təmsilçilərinin seçkiləri müşahidə etmək üçün dəvət olunmalarına qısqanclıqla yanaşır. Şvabenin təbirincə desək, seçkiləri müşahidəyə dəvət edilmə rəsmi Bakının istəyinə bağlı olan bir şey deyildisə, o zaman nəyə görə dəvət gözlənilirdi? Bəlkə, alman deputat ayaqlarının altına xalça sərilməsini gözləyirmiş?
Hər halda, seçkiləri müşahidənin də bəlli proseduru var və indiyədək yerinə yetirilib. Nəhayət, Azərbaycan nə üçün təşkilatlar arasında fərq qoysun? Guya, AŞPA-nın gəlib prosesi izləməsi nə isə fərqli durum ortaya çıxaracaq? Onsuz da seçki demokratik şəkildə keçiriləcək.
Ümumən, Şvabenin söylədiklərinin hamısında məntiqsizlik var. Bilmək olmur ki, onun təmsil etdiyi təşkilat Azərbaycan nümayəndə heyəti ilə bağlı qərar verərkən, konkret nəyi əsas götürüb. Almaniyalı parlamentari, ümumən, indiyədək anti-Azərbaycançı qüvvələrin dilə gətirdikləri şablonları təkrarlamaqdan başqa heç nə demir. Axırda da sanki prinsipiallıq nümayiş etdirir. Ola bilər, öz aləmində lütf etdiyini düşünür: “Əgər Azərbaycan bu təşkilatda ona hörmət edilməsini və nümayəndə heyətinin geri qayıtmasını istəyirsə, onlar əməkdaşlıq etməlidirlər”.
***
Əlbəttə, ölkəmizə Şvabe kimilərin minnətli münasibəti lazım deyil. Nəzərə alaq ki, ümumən Avropa Şurası kimi Fransa neokolonializminin alətinə çevrilmiş qurumun da ölkəmizə heç bir faydası yoxdur. Alman parlamentari bununla bağlı sualı da özünəxas ədabazlıqla cavablandırır. “Bəlkə də, Azərbaycan hökuməti üçün ölkədə insan haqlarının vəziyyətini monitorinq edən beynəlxalq bir təşkilatda yer alması böyük əhəmiyyət daşımır, ola bilsin onlar bunu istəmirlər, lakin rəsmi Bakı beynəlxalq təşkilatlardan kənarda qalmağı da istəmir”, – deyən Şvabe, niyəsə, ardınca İqlim Dəyişikliyi ilə bağlı COP29 sammitinin və Formula-1 yarışının Bakıda keçirilməsindən söz açır. Elə zənn edir ki, bu mötəbər hadisələrin Azərbaycanda reallaşması Bakını tutduğu prinsipial yoldan döndərməlidir. Nə əlaqə?
Şvabe Avropada yalnız Rusiya, Belarus və Vatikanın AŞPA-da təmsil olunmadığını bildirərək, görüntü formalaşdırır ki, sanki, qurumda yer almamaq hansısa böyük fəlakətdir. Əlbəttə, yanılır. Həm də ona görə yanılır ki, əslində, AŞPA-nın işi heç də yalnız insan hüquqları sahəsində monitorinq aparmaqdan ibarət deyil. Halbuki, alman parlamentari bunu sanki ehkamlaşdırmaq yolu tutur. Görəsən, xoruz olmayanda, səhər açılmır?
Üstəlik, Şvabenin dediklərindən anlaşılmır ki, onun Azərbaycan nümayəndə heyətinin pozduğunu iddia etdiyi qaydalar nədən ibarətdir. Haradasa yazılıbmı o qaydalar? Seçkidə müşahidəçilik qaydadır? Bunu da soruşaq: qayda pozuntusu AŞPA-nı deyil, ATƏT-i müşahidəçi kimi seçkilərə dəvət etməkdir? Hər halda, aşkardır ki, alman deputatın dediklərinin heç bir prinsipial əsası yoxdur.
Azərbaycan cəmiyyəti hər zaman bu fikirdə olub ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar ölkəmizə həmişə öz maraqları prizmasından yanaşırlar. Buna görə onlara münasibətdə etimadsızlıq mühiti formalaşıb. F.Şvabe də BBC-yə müsahibəsində təmsil olunduğu təşkilatın qeyri-səmimi davranışını nümayiş etdirir. Məsələn, BBC-nin müxbiri Azərbaycan hökumətinin Avropa Məhkəməsini tərk etmək qərarı verəcəyi təqdirdə, bunun sadə azərbaycanlılara mənfi təsir göstərəcəyinə dair sual ünvanlayır və iddia edir ki, guya ölkəmizin məhkəmələri ədalətsiz qərarlar verirlər və vətəndaşların ümidi Avropa Məhkəməsinədir.
Əvvəldə Şvabenin Azərbaycanda insan hüquqlarının pozulduğundan dəm vurduğunu açıqladıq. Əlbəttə, onun diqqətə çatdırdığımız suala cavabının nədən ibarət olduğunu tam şəkildə vurğulamağa lüzum görmürük. Qısaca deyək ki, alman parlamentari üçün də insan amili heç nədir. Ortada təzad yaranır. Bir halda ki, Azərbaycanda, Şvabenin təbirincə desək, insan hüquqları pozulur, əhali məhkəmə ədalətsizliyi ilə üzləşir, o zaman AŞPA nə üçün ölkə ilə ziddiyyətə gedir? Nəyə görə indiki acınacaqlı olduğu bildirilən durumda hansısa mücərrəd qaydalar uydurur? Bəs sadə azərbaycanlılar?
Bəli, Şvabe ona ünvanlanmış konkret suala cavabında yenə də qaydalardan danışır. Deməli, insan amilini nəzərə almır. Bu, bir daha onu göstərir ki, insan hüquq və azadlıqları mövzusu həm Şvabe, həm də onu ortaya atanlar üçün yalnız və yalnız manipulyasiyadır, başqa heç nə.
***
Məlum olduğu kimi, ukraynalı deputat Aleksey Qonçarenko Azərbaycan xüsusunda AŞPA-dakı parçalanmadan, ölkəmizin qurumu tərk etməsinin ancaq Rusiyanın işinə yarayacağından söz açmışdı. Onun dediklərindən belə nəticə çıxmışdı ki, tutalım, Azərbaycanda vəziyyət pisdir, ancaq, bu, yalnız indininmi söhbətidir? Qonçarenkonun fikirləri, həmçinin, onun “niyə indi” sualı onu deməyə əsas verir ki, AŞPA-nın ölkəmizlə ziddiyyəti başqa amillərlə bağlıdır. BBC də faktiki olaraq eyni sualı F.Şvabeyə ünvanlayır.
Şvabe isə cavab vermir, sanki qərəz püsgürür. O deyir ki, “Azərbaycanda vəziyyət hər il, hər ay, hər həftə və hətta hər gün daha da pisləşir. İndi daha çox siyasi məhbus var və ölkədə demokratiyanın inkişafı üçün heç bir imkan qalmayıb. Son bir neçə ayda isə, deyərdim ki, vəziyyət daha da pisləşib”. Və belə bir adam AŞPA-da təmsil olunur. Aydındır ki, o, anti-Azərbaycan təbliğatı ilə “doldurulmuş” biridir. Görəsən, hansı hesablama ilə ölkəmizdə vəziyyətin hər gün daha çox pisləşdiyini müəyyənləşdirir? Bu adam, ümumən, nə danışdığının fərqindədir? Onun düşüncəsində canlandırdığı pisləşmə tezliyi ilə yanaşsaq, o zaman gərək bir aydan sonra Azərbaycanda adam qalmasın, hamısı dar ağacından asılsın...
Həqiqətən, alman parlamentarinin dəhşətli yanaşması var. Ola bilər, oxuduğu kitablar nəticəsində Hitler Almaniyası dövrünün təsirindən çıxa bilmir. Bəlkə, özünün hansısa psixoloji sarsıntısı var. Avropa Parlamentinin iclasında narkotik maddə qəbul edən deputat ola bilirsə, heç bir şübhə yoxdur ki, AŞPA-da da beləsinin təmsilçiliyi mümkündür. Başqa nə düşünəsən?!
Əlqərəz, Şvabe suala cavabında bildirir ki, Azərbaycan hansı təşkilatları seçkiyə dəvət edəcəyini, hansıları dəvət etməyəcəyini özü müəyyənləşdirə bilməz. Bu yanaşma da yolverilməzdir, yuxarıda əsaslandırdıq nə üçün. Üstəlik, belə deyim bütün etiket qaydalarının pozulmasıdır.
Almaniyalı parlamentari onu da bildirir ki, seçkiyə saxta müşahidəçi təşkilatın dəvət edilməsi yetərli deyil. Həqiqətən, ilk baxışdan, gülməli, əslində isə tragikomik vəziyyət yaranır. Görəsən, Şvabe Azərbaycanda seçki prosesini izləmək üçün gələn hansı təşkilatı saxta hesab edir?..
Siyasətçiyə yaraşmayan leksikonda danışan alman deputat iki seçki müşahidə missiyasının əsas götürüldüyünü vurğulayır –ATƏT-in və Avropa Şurasının. Ardınca isə deyir ki, Azərbaycan 2015-ci ildə Avropa Şurasının müşahidə missiyasını seçkini izləməsi üçün ölkəyə dəvət etdi, lakin ATƏT seçkini izləyə bilmədi: “Niyə? Çünki onlar bilirdi ki, Avropa Şurasından seçkini izləməyə gəlmiş müşahidə missiyalarının çoxu Azərbaycan hökumətindən rüşvət alıb”.
F.Şvabe onu da bildirir ki, hazırda 2015-ci yox, 2024-cü ildir və guya, Azərbaycan indi Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacağını bilir, ümid edir ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Görəsən, alman parlament üzvü bu fikri ilə nə demək istəyir? Belə çıxır ki, hazırda rüşvət almaq növbəsi ATƏT-indir? Hesab edirik ki, almaniyalı deputat nəinki Azərbaycanın, elə ATƏT-in də ünvanına son dərəcə ciddi ittiham səsləndirir. Dəhşətli durumdur. Belə mənzərə formalaşır ki, Şvabeni və AŞPA təmsilçilərini hiddətləndirən ATƏT nümayəndələrinin rüşvət ala bilməsi, onlara heç nəyin çatmamasıdır. Başqa nə düşünəsən?!
Avropanın, o cümlədən, dünyanın mütərəqqi təşkilatları adına son dərəcə utancverici durum var. Hələ bu durumda Azərbaycanın adının rüşvətdə hallandırırlması kimi yaramazlığı bir kənara qoyuruq. Əsas məqam rüşvət almaq uğrunda mübarizə təəssüratının mövcudluğudur. Budurmu Şvabenin haqqında ağızını köpüklədərək danışdığı oyun qaydaları? Azərbaycan bu qaydalarımı pozub?
Ancaq F.Şvabenin ittihamları bildirdiklərimizlə yekunlaşmır. O, əməlli-başlı nağıl danışır və vurğulayır ki, ATƏT demokratik institutdur və hazırda Azərbaycan tərəfindən güclü təzyiq altındadır. Bu fikri dilə gətirən alman deputatın, hər halda, analiz verməsinə ciddi ehtiyac var. Bəlkə, müsahibə ərəfəsində xarab, vaxtı keçmiş hansısa məhsul qəbul edib, onda batulizm, yaxud ensefalit yaranıb. Adam, həqiqətən, yoxlanılmalıdır...
Şvabe, guya, fikrinə aydınlıq gətirir və deyir: “Avropa Şurası və ATƏT arasında bir fərq var ki, ATƏT-in işləməsi üçün səs yekdilliyilə verilən qərarlara ehtiyac var. Azərbaycan, Rusiya və Türkiyə kimi ölkələr ATƏT-in zəif təşkilat olmasını istəyər. Onlar istəyir ki, ATƏT-in etimadını zəiflətməyə çalışsın. Lakin Avropa Şurasına qarşı bunu etmək olduqca çətindir, çünki biz qərarların əksəriyyətini majoritar prinsiplə, yəni çoxluğun nəyi dəstəkləməsinə əsasən veririk. Bu cür vəziyyətlərdə biz daha yaxşı işləyirik və biz bu metodu istifadə etmək niyyətindəyik. Azərbaycan tərəfi isə bu iki təşkilatı bir-birinə qarşı qoymaq üçün oyun oynamağa çalışır”.
BBC-nin Azərbaycan xidmətinə müsahibəsi ərəfəsində Şvabe hansısa maddə qəbul edərək, özündən biixtiyar halı pisləşməyibsə və bu durum onun nitqinə mənfi təsir göstərməyibsə, o zaman onu indidən cəmi iyirmi üç ilini yaşadığımız XXI əsrin siyasi konspriologiya nəzəriyyəsinin ən görkəmli nümayəndəsi saymaq mümkündür. Ümid edək ki, alman deputatın səhhəti qaydasındadır. Əks halda, yalnız bizim yox, elə AŞPA-dakıların özlərinin də işi çox çətin olacaq.
Bu adam, loru dildə desək, danışdıqca batır. Üstəlik, özü ilə birlikdə təmsil olunduğu qurumu da, sözün əsil mənasında, batırır. O, sanki diplomat deyil, cığal uşaqdır və bu cığal məntiqlə təkcə Azərbaycanı deyil, elə ATƏT-i də birbaşa hədəfə alır. Diqqət yetirək necə: “ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Yəni ya biz birlikdə çağrılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”.
Sonda əvvəldə vurğuladığımız fikrə qayıdaq. Bəli, F.Şvabenin müsahibəsinə nəzər yetirəndə, istər-istəməz, belə bir qənaət formalaşır: bu təfəkkür və düşüncə tərzinə malik şəxsi və onun təmsil etdiyi təşkilatı, prezident seçkisi kimi taleyüklü prosesə deyil, heç adi ictimai birliyə keçirilən seçkilərə də dəvət etmək olmaz. Çünki o, Avropanın və dünyanın özünü mütərəqqi sayan təşkilatlarındakı böhranın ən bariz göstəricisidir. Şvebeyə bənzər söz sahibləri AŞPA-da, elə Almaniya Parlamentinin özündə təmsil olunurlarsa, deməli, böhran özünün pik həddindədir. Güman edirik ki, əlavə şərhə ehtiyac yoxdur.
Əvəz CAHANGİROĞLU