- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və ondan sonrakı dövrdə bir-birinin ardınca əldə etdiyi hərbi-siyasi qələbələr, o cümlədən ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi Qərbdəki anti-Azərbaycançı, islamofob və türkofob dairələrin, necə deyərlər, yuxusunu ərşə çəkib.
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə səsləri çıxmayan, işğalçıya tutduğu torpaqlardan, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan yeddi rayondan çıxması üçün heç bir təzyiq göstərməyən həmin dairələr gücümüz hesabına torpaqlarımızı düşmən tapdağından qurtarmağımızı ölkəmizə bağışlaya bilmirlər. Onlar müxtəlif bəhanələrlə ölkəmizə əsassız hücumlar edir, böhtanlar atır, haqq işimizə kölgə salmağa çalışırlar.
Yanvarın 24-də Avropa Parlamentinin Brüsseldəki binasında keçirilmiş “Dağlıq Qarabağın mədəni və dini irsinin qorunması” adlı konfrans da bu qəbildəndir. Konfransın belə təxribatçı ad altında keçirilməsi, orada səslənmiş fikirlər tədbirin Azərbaycana qarşı hücumların tərkib hissəsi olduğunu deməyə əsas verir. Konfransda Avropa Parlamentinin slovakiyalı deputatı Miriam Leksman, italiyalı deputat Fabio Massimo Kastaldo, “Avropa Nostra” təşkilatının baş katibi Sneşki Kuedvliq Mixayloviç, Avropa Kilsələri Konfransının katibi Petea Pavloviç çıxış ediblər. Onlar Qarabağdakı mədəni və dini irslə bağlı ənənəvi yalançı erməni tezislərini təkrarlayıblar. Əsas məruzəçilərdən biri beynəlxalq hüquq sahəsində mütəxəssis, erməni mediasının “BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Qarabağın tarixi-mədəni irsi üzrə nümayəndəsi” kimi təqdim etdiyi Pyer de Arjan olub.
Tədbirdə iştirak etmək üçün Brüsselə gedən Eçmiədzin kilsəsinin təbliğat mərkəzinin direktoru və “Qarabağın mənəvi və mədəni irsi idarəsinin rəhbəri” arximandrit Qaregin Ambarsumyan, “mədəni irs üzrə mütəxəssis” Armine Tiqranyan, Ermənistanın Belçikadakı səfiri və Aİ-dəki nümayəndəsi Tiqran Balayan isə çıxışları zamanı qərbli “canıyananlar”a dəstəvuz veriblər. Xüsusilə, Armine Tiqranyan diqqətə çatdırıb ki, bu gün 4000-dən çox erməni abidəsi (?), monastır kompleksləri, digər mədəni obyektlər Azərbaycanın nəzarəti altındadır və guya, azərbaycanlılar onları məhv edə bilərlər.
İştirakçılar ölkəmizi Qarabağda, yəni öz ərazisində “mədəni soyqırımı törətməkdə” (?) suçlayıblar və qeyd ediblər ki, bunun qarşısını almağın əsas yollarından biri beynəlxalq sülhməramlıların yerlərdə mövcudluğu və aydın mexanizmlərin olmasıdır. Avroparlamentin deputatları “əzabkeş erməni xalqının” nümayəndələrinin könlünü xoş etmək üçün onları əmin ediblər ki, bu məsələnin Avropa İttifaqının icra orqanının diqqət mərkəzində qalması üçün əllərindən gələni əsirgəməyəcəklər. Deputat Fabio Massimo Kastaldo gələcəkdə beynəlxalq strukturlarda istifadə etmək məqsədilə Qarabağda baş verən hər şeyi izləmək və sənədləşdirmək üçün Avropa peyklərindən istifadəni məqbul sayıb. Konfransın sonunda iştirakçılar təşkilati işlərdə iştirak edən Avropa Parlamentinin fransalı deputatı Belyaminin videomüraciətinə baxıblar.
Qeyd etdiyimiz kimi, hazırda Qərbin Fransa başda olmaqla, bəzi dövlətləri, Parisin təsirinin güclü olduğu regional təşkilatlar “erməni məsələsi”ni əllərində bayraq edərək, ölkəmizin üzərinə hücuma keçirlər. Onların yanaşmaları orta əsrlərin səlib yürüşlərini xatırladır. Zaman göstərir ki, Qərb zahirən dəyişsə, inkişaf etsə də, daxilən yerində sayır. Onun təmsilçilərinin təfəkkürü hələ də orta əsrlərdə ilişib qalıb. Bu yanaşma isə acı təəssüf doğurur.
Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31-də xalqa müraciətindən iqtibas gətirmək yerinə düşər: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi...”
Bəli, Qərbdəki həmin dairələr Ermənistanın cinayətləri zamanı susdular, Azərbaycanı isə hazırda əsassız ittiham etməklə məşğuldurlar. Bunu edən avropalılar son yüzilliklər ərzində davamlı qələbələrə öyrəşiblər. Onlar böyük imperiyalar qurub, müstəmləkə ərazilərinin yeraltı və yerüstü sərvətlərini metropoliyalara daşıyıb, əhalisini isə qul kimi işlədib, alıb-satıb, qarşılarına qoyduqları bütün məqsədlərinə çatıb, hegemon qüvvəyə çevriliblər.
Qərb koalisiya yaradaraq, 1991-ci ildə İraqı, 1999-cu ildə keçmiş Yuqoslaviyanı bombalayıb, 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə İraqa müxtəlif adlar altında müdaxilə edib. Bəzi hallarda heç BMT Təhlükəsizlik Şurasının qətnaməsinə də ehtiyac duymayıb. Qərbin qızışdırıcı siyasəti sayəsində 2011-ci ildə Yaxın Şərqdə və Şimali Afrikada “Ərəb baharı” adı alan proseslər start götürüb. Nəticədə 30-a yaxın ölkədə, o cümlədən, Suriyada, Misirdə, Bəhreyndə, Livanda, Yəməndə, Tunisdə, Əlcəzairdə və digər ölkələrdə kütləvi iğtişaşlar, vətəndaş müharibələri başlayıb. Bəzi ölkələrdə qanuni hökumətlər devrilib, bəzilərində qanlı münaqişələr hələ də davam edir. Hesablamalara görə, həmin hadisələr mülki şəxslər də daxil olmaqla, ən azı 800 min insanın ölümünə səbəb olub. Lakin kimlərsə Qədim Romadan miras qalan “Divide et impera” (“Parçala və hökm sür”) yanaşma, tipik imperiya təfəkkürü ilə bu proseslərdə öz marağını güdüb.
Qərb Ermənistanı Cənubi Qafqaz regionundakı əsas dayağı adlandırır. Rəsmi şəxslər dilə gətirməsələr də, ermənipərəst mədəniyyət və incəsənət xadimləri, jurnalistlər Ermənistanı üç tərəfdən müsəlman ölklələri ilə əhatə olunmuş “xristianlıq qalası” adlandırırlar. Məsələn, Britaniyanın məşhur “Queen” qrupunun üzvü Brayan Mey 2022-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasındakı sərhəd toqquşmasından sonra demişdi: “Ermənistan heç bir nefti, qazı və ya böyük sərvəti olmayan kiçik bir ölkədir. Hər tərəfdən müsəlman rejimlərlə əhatə olunmuş xristianlıq və demokratiya adasıdır. Bu, dünyanın ən sülhsevər ölkələrindən biridir. Hazırda Ermənistan yenidən yer üzündən silinmək planı ilə təhdid edilir. Azərbaycan–Türkiyə–Rusiya ittifaqına (?) qarşı Ermənistan tamamilə müdafiəsizdir və sağ qalmaq üçün Qərbin tam dəstəyinə ehtiyacı var”.
Bəli, Qərbin rəsmi şəxslərinin mütləq əksəriyyətinin də yanaşması bundan ibarətdir. Belə bir şəraitdə onlar əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, sekulyar dövlətçilik modelini seçmiş Azərbaycanın Qərbin regiondakı dayaq nöqtəsi üzərində qələbə çalmasını həzm edə bilmirlər. Zənnimizcə, ölkəmizə hücumların kökünü burada axtarmaq lazımdır. Eyni zamanda, bu hücumlardakı sinxronluq da onların eyni mərkəzdən idarə olunmasının göstəricisidir. Ancaq onlar deyəsən, başa düşmürlər ki, bununla ilk növbədə elə “halına yandıqları” Ermənistana ziyan vururlar. Kənardan olan müdaxilələr Bakı və İrəvan arasında sülhün əldə olunmasına neqativ təsir göstərir. Sülhün yaranmaması isə Ermənistanın əvvəlki kimi dalan, təcrid vəziyyətində qalması deməkdir.
Bununla bağlı fikirlərini “XQ” ilə bölüşən “Qafqaz tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov dedi ki, Avroparlamentdə keçirilən qondarma tədbir Fransa və onun əlaltısı olan bəzi dairələrin davamlı anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, istər AŞPA, istərsə də Avropa İttifaqı strukturları səviyyəsində Azərbaycana qarşı kampaniyanın başladığını görürük: “Guya, onlar mədəni irslə bağlı narahatdırlar və sair. Ancaq burada sadə bir sual yaranır. Belə tədbirlərdə qarşı tərəfin mövqeyini ifadə edən heç olmasa, bir nəfər şəxs olmalıdır. Orada səsləndirilən ittihamlara əks arqumentlər gətirilməlidir. Bunu etməmək özü də sırf qərəzdən xəbər verir. Əsas istəkləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdir. Bu fikir də orada səsləndirilib. Heç bir nəticəsi olmayacaq. Bu baxımdan səslənın fikirlər təbliğatdan başqa bir şey deyil”.
Qarabağdakı abidələrə gəldikdə isə Rizvan Hüseynov qeyd etdi ki, iqtisadi rayondakı abidələr qorunur: “İstər erməni, istər alban irsinə aid abidələrin vəziyyəti bəllidir. Azərbaycan dövləti məsələyə həssas yanaşır. Niyə həmin tədbirdə bir dəfə deyilmir ki, Ermənistan ərazisində və işğal dövründə Qarabağda Azərbaycan irsinə aid abidələr – məscidlər, türbələr, qəbiristanlıqlar, karvansaraylar, qalalar dağıdılıb. Məscidlər, qəbiristanlıqlar təhqir edilib. Deməli, bu, həm qərəzdir, həm xristian təəssübkeşliyi prizmasından səlibçilərin keçirdiyi bir tədbirdir. Deməli, Azərbaycana qarşı səlib yürüşü davam edir. Orta əsrlərdə səlib yürüşlərinin qarşısını Azərbaycandan çıxan sərkərdələr – Nurəddin Mahmud Zəngi, onun yetirməsi Səlahəddin Əyyubi alıblar. Onlar səlibçiləri darmadağın ediblər. Görünür, indi də müasir səlibçilər onların taleyini yaşamaq istəyirlər. Azərbaycan o vaxt olduğu kimi, hazırkı proseslərdə də öz tarixi rolunu oynayacaq”.
Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Avropa Parlamentinin yanaşması heç vaxt reallığı əks etdirməyib və anti-Azərbaycan mövqeyinə əsaslanıb. Onun sözlərinə görə, biz istər işğal dövründə, istərsə də işğaldan sonrakı dövrdə bunun şahidi olmuşuq: “Avroparlamentdə üzv ölkələrdən olan partiyalardan ibarət siyasi qrupların erməni lobbisi ilə sıx əlaqələri var və onların maraqlarına xidmət edirlər. Buna görə də, belə bir tədbirin keçirilməsi adi haldır. Orada səslənən fikirlər reallığı əks etdirə bilməz”.
Yeganə Hacıyevanın fikrincə, Vətən müharibəsindən əvvəl Avropa Parlamentinin qəbul etdiyi qətnamə və bəyanatlarda erməni işğalı ifadəsi əksini tapsa da, məsələdə Azərbaycana qarşı həmişə ikili standartlar siyasəti yürüdülüb: “Qurum Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün heç vaxt təzyiq göstərməyib. Heç bir halda işğalı təsdiqləyən BMT-nin qətnamələrinə riayətə və beynəlxalq hüququn normalarına və prinsiplərinə hörmətə çağırmayıb”.
Politoloq qeyd etdi ki, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında mübahisələrin həllini, danışıqlarda vasitəçilik istəyirlərsə, mütləq prinsipial, ədalətli və qərəzsiz mövqe tutmalı, heç bir tərəfin maraqlarına xidmət etməməlidirlər.
Səxavət HƏMİD