- Daxili siyasət
- 11:03 30.09.2024
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. Yazımızda həmin cəhətləri təsnifatlandıracaq və mövcud xüsusdakı bir sıra zəruri məqamların üzərində dayanacağıq. Elə bilirik ki, vurğulayacaqlarımız məlum qərarın çıxarılmasına rəvac vermiş bütün qütbləri, habelə, onlarla əlaqədar olanların hər birini ciddi şəkildə düşündürməlidir.
Birincisi, məlum qərar ölkəmizin milli maraq və mənafelərinə uyğun məsələlərə münasibətdə hansısa kənar təsirlərin yolverilməzliyinin vurğulanmasıdır. Dünyanın mövcud reallığı nəzərə almasının vaxtı çoxdan çatıb. AŞPA-dakı nümayəndə heyətimizin addımı vaxtı çatmış məsələ ilə əlaqədar, bir növ, təbil zəngidir.
İkincisi, qərar Avropa Şurasının və onun ayrı-ayrı strukturlarının Azərbaycan ilə təzyiq dili ilə danışmasına sərt münasibətinin ifadəsidir. Hesab edirik ki, həmin strukturlar hazırkı insidentdən dərs götürməlidirlər.
Üçüncüsü, AŞPA-dakı nümayəndə heyətimizin qərarından dərs götürməli olan yalnız Avropa Şurası deyil. Nəzərə alaq ki, ölkəmiz “köhnə qitə”nin, eləcə də dünyanın digər təşkilatlarında da təmsil olunur, yaxud həmin təşkilatlarla əməkdaşlıq ələqalərinə malikdir. Yəni, onlar da hazırkı durumun ciddiliyinə həssas yanaşmalıdırlar.
Dördüncüsü, nümayəndə heyətimizin addımı dünyanın aparıcı təşkilatları üçün siqnal olmalıdır, o anlamda ki, həmin təşkilatlarda birləşmiş çoxluq, sanki, dəvənin başını samanlığa salıb arxasına diqqət etməməsinə bənzər görkəmdədir. Bu çoxluğun nümayəndələri anlamalıdırlar ki, təmsil olunduqları qurumların gəlişigözəl ifadələrdən o yana keçməyən məramları ilə manipulyasiya cəhdlərini kənardan çox yaxşı görənlər və tutarlı reaksiya verənlər var. Obrazlı desək, belələri özlərini dəvə olmaqdan qurtarmalıdırlar. Başlarını samanlıqdan çıxarıb ətrafı yaxşı-yaxşı müşahidə etməlidirlər.
Beşincisi, AŞPA-dakı nümayəndə heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından xəbər verməkdədir. Azərbaycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranışları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədirlər.
Altıncısı, nümayəndə heyətimizin addımı nəinki AŞ-nin, bütövlükdə Avropanın və dünyanın aparıcı təşkilatlarının ermənipərəstlik mərəzindən qurtulması üçün də siqnal olmalıdır. Bu təşkilatlar Ermənistanın və havadarlarının siyasi oyunlarında alətə çevrilərək, anti-Azərbaycan mövqe tutmaqla, dünya üçün son dərəcə təhlükəli presedent formalaşdırmaqdadırlar. Çünki hərəkətləri, böyük ölçüdə, separatizm və ekstremizm xüsusundakı siyasi avantürizmə dəstəkdir. Bu dəstək bumeranq effekti yarada bilər. İndiki halda nəzərə alaq ki, “köhnə qitə”nin bir çox yerlərində potensial separatizm ocaqları mövcuddur. AŞPA-nın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqe isə həmin ocaqların baş qaldırması üçün presedentdir. Belə hal yaşanacağı təqdirdə, Avropanın siyasi və mənəvi industriyasının hansı vəziyyətə düşəcəyini proqnozlaşdırmaq qorxunc düşüncələrə yol açır.
Yeddincisi, AŞPA-dakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi, bilavasitə, Ermənistan hakimiyyətinə və onun xaricdəki havadarlarına da dərs olmalıdır. Onlar düşünməlidirlər ki, Azərbaycan beynəlxalq təşkilatlar vasitəsilə özünə ünvanlanmış təzyiqlər qarşısında geri çəkilmir, prinsipial mövqeyinin qorunması naminə hər cür mötəbər sayılan tribunadan imtina əzminə malikdir.
Səkkizincisi, Avropa Şurası və AŞPA öz məhvərinə qayıtmalıdır. Əslində, bu gün Azərbaycan üçün onlardan tamamilə ayrılmaq su içimi kimi bir şeydir. 2001-ci ildən təşkilata üzvük və onun parlament məclisində təmsil olunuruq. Sual olunur: bu üzvlük və təmsilçilik bizə nə qazandırıb? Sualı birbaşa qoyaq: Avropa Şurası Azərbaycan üçün nə edib? Əslində, heç nə. Qurum ölkəmizdə insan hüquqları, media azadlığı və sair bu kimi layihələr reallaşdıraraq, yerli şəbəkə formalaşdırıb Azərbaycana qarşı təzyiq üçün “materiallar” toplamaq funksiyasını gerçəkləşdirib. Daim qərəz toxumları səpib. AŞ, ilk növbədə, məhz bu yanaşmasında dəyişiklik aparmalıdır. Onun məhvərinə qayıtması mövcud xüsusda baş verməlidir.
Əlbəttə, “Avropa Şurası Azərbaycan üçün heç nə etməyib” fikri ətrafında düşünərkən, Qarabağ məsələsi üzərində ayrıca dayanmaq lazımdır. Məlum olduğu kimi, qurum uzun müddət Azərbaycan torpaqlarının işğalına səssiz yanaşıb. Arqument bu olub ki, münaqişənin həllində səlahiyyətli deyil. Çünki onunla ATƏT-in Minks qrupu məşğul olur. Halbuki, ortada insan amili var idi. Bir milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasından qaçqın düşmüşdü, həmvətənlərimizin həyat ehtiyaclarına, azadlıqlarına təcavüz gerçəkləşmişdi. Bəs, onlar insan deyildilərmi?..
Doqquzuncusu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs Avropa Şurası və ümumən dünyanın təsisatları baxımından da keçərlidir. O anlamda ki, ölkəmiz haqq və ədalət tələb edir. Bu təsisatlar isə məsələyə prinsipial yanaşma irəli sürə bilmirlər. Elə təsir bağışlayır ki, onlar dünya üçün əhəmiyyətli qərarlar verən qurumlar yox, yalnız müəyyən məqsəd və mənafelər naminə bir araya toplaşmış insanların klubudur. Məsələn, ötən il Avropa Parlamentinin bir deputatı iclas zalında narkotik maddə qəbul edərkən, yaxalanmışdı. Heç şübhəsiz, təşkilatın deputatları içərisində geylər və transvestitlər də var. Belələri haqq və ədalət carçısı ola bilərlərmi? Məsələ heç də bu adamların cinsi orientasiyasında deyil. Nəhayət öz həyatlarını bildikləri kimi yaşamaq hüququna malikdirlər. Problem ondadır ki, belələri ayrı-ayrı ölkələrin necə yaşamalı olduğunu diktə edirlər və özlərinin yaşam tərzinə uyğun gəlməyən durumu təməl prinsiplərin pozulması kontekstində dəyərləndirirlər.
Nəticə etibarilə bu yanaşma ehkamlaşaraq, onu irəli sürənlərin təmsil etdikləri təşkilatların strategiyası halına gəlir. Əsil fəlakət də məhz o zaman yaşanır. Deməli, indiki halda biz Avropanın və dünyanın aparıcı qurumlarında xristian təəssübkeşliyi motivlərini aşkar görürüksə, bu, məhz din amili üzərində manipulyasiya edənlərin siyasi səhnəni zəbt etmələri təəssüratını formalaşdırır. Heç şübhəsiz ki, zaman keçdikcə haqqında söz açdığımız geylər və transvestitlər də meydana atıla bilərlər. Bilavasitə ölkəmizə olmasa da, digər dövlətlərə münasibətdə mövcud tendensiyanın ayrı-ayrı təzahürlərini müşahidə etməkdəyik. Belə bir mürəkkəb konfiqurasiya şəraitində deformasiyaya uğrayıb sıradan çıxan isə bəşəri dəyərlər, haqq və ədalət olur.
Nəhayət, onuncu və sonuncu məqam üzərində dayanaq. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə müddətindəki çıxışlarının birində bildirmişdi ki, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycana haqsız müharibə apardığını deyib irad tuta bilməzlər, çünki ölkəmiz illər ərzində onların qəbul etdikləri sənədlərdə Ermənistanın işğalçı kimi vurğulanmasına nail olub. Yəni, həmin təşkilatların özlərini inkar yolu tutmaları məntiqi deyil. Biz müharibədən sonrakı müddətdə bu qurumların bəzilərinin məhz özlərini inkar yolu tutduqlarının şahidi olduq və olmaqdayıq. Özünü danmaq yolu tutanlardan biri də məhz AŞPA-dır. Qeyd edək ki, qurumun növbətçi də olsa, bəyanatlarında Azərbaycan torpaqlarının, o cümlədən, Qarabağın ermənilər tərəfindən işğal olunduğu bildirilib. Hazırda qurumun tutduğu ermənipərəst mövqe isə həm də o anlama gəlir ki, təcavüzkar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Əlbəttə, bu yanaşma, bütövlükdə, AŞ-ni prinsipsizləşdirir. Bu yanaşmanın qurumu haqsızlıq və ədalətsizlik üçün vasitəyə çevirdiyi də öz yerində.
Bəli, AŞPA nə vaxt prinsipsizliyindən, buqələmunluğundan daşınar, o zaman Azərbaycan onunla əməkdaşlığa, qurumda təmsilçilik məsələsinə baxa bilər. Doğrudur, bu, elə də asan məsələyə oxşamır. Ona görə də ölkəmizin müəyyənləşdirdiyi müddət qeyri-müəyyəndir.
Ə.CAHANGİROĞLU