- Daxili siyasət
- 11:03 30.09.2024
Qırx dörd günlük Vətən müharibəsi zamanı “Dəmir yumruğ”un gücünü görən, lokal xarakterli antiterror tədbirləri əsnasında Azərbaycan Ordusunun qüdrətinin və peşəkarlığının daha da artdığına əmin olan baş nazir Nikol Paşinyan, deyəsən, ölkəmizə və Türkiyəyə qarşı ərazi iddialarını qanunvericilik müstəvisindən də yığışdırmaq qərarına gəlib. Hər halda onun Ermənistanın yeni konstitusiyaya ehtiyacının olması barədə səsləndirdiyi fikirlər belə deməyə əsas verir.
Qeyd edək ki, N.Paşinyan bu barədə yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən müşavirədə danışıb. Deyib ki, ölkəsinin “demokratik legitimliyinin və yaşarılığının təmin edilməsi üçün” konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, yeni konstitusiya yeni geosiyasi və regional şəraitdə Ermənistanı “daha rəqabətli və həyat qabiliyyətli” etməlidir: “Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı”.
Bununla belə, baş nazir yeni konstitusiyanın nə vaxt qəbul olunacağı ilə bağlı heç nə deməyib. Qeyd edək ki, Ermənistan konstitusiyası 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunub. 2005-ci ilin noyabrında və 2015-ci ilin dekabrında ona düzəlişlər edilib. İkinci düzəlişdən sonra ölkə yarıprezident üsul-idarəsindən parlament idarəetməsinə keçib. 2018-ci ilin mayında hakimiyyətə yiyələnən Paşinyan 2021-ci ildə parlament sisteminin yaxşılaşdırılması üçün Konstitusiya İslahatları Şurası yaradıb.
Girişdə qeyd etdiyimiz kimi, N.Paşinyanın yeni konstitusiyanın qəbulu barədə səsləndirdiyi fikirlər regionda yaranmış geosiyasi reallıqlarla birbaşa əlaqəlidir. Azərbaycan Ermənistandan bir daha revanşizm cəhdlərinin olmayacağı barədə rəsmi şəkildə təsdiqlənmiş zəmanət istəyir. Bununla bağlı Prezident İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda aydın şəkildə fikrini ifadə edib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır...
Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur”.
Yazını hazırlayarkən Ermənistanın mövcud konstitusiyasını nəzərdən keçirdik. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalması, Türkiyə, Azərbaycan, o cümlədən, Qarabağla bağlı birbaşa heç nə yazılmayıb. Lakin hayların əsas qanununun preambulasında bunların hamısını özündə əks etdirən 1990-cı ilə qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinad edilir. Bəyannamədə isə öz növbəsində, Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir.
Bundan əlavə, konstitusiyanın Ermənistanın dövlət rəmzləri ilə bağlı məsələləri tənzimləyən 21-ci maddəsində ölkənin gerbində – qalxanın mərkəzində Nuh peyğəmbərin gəmisinin oturduğu və hayların “Ararat” adlandırdıqları Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvir olunduğu birbaşa yazılıb. Bu isə Türkiyəyə ərazi iddiaları deməkdir. Beləliklə, əgər Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə sülh istəyirsə, regionda davamlı sabitliyin və əmin-amanlığın bərqərar olmasında maraqlıdırsa, qanunvericilikdən də ərazi iddiasına səbəb verən müddəaları yığışdırmalıdır.
Gözlənildiyi kimi, müxalifət Paşinyanın yeni konstitusiya ilə bağlı fikirlərini, necə deyərlər, süngü-bıçaqla qarşılayıb. Sabiq prezident Robert Koçaryanın “Hayastan” fraksiyasından beş deputat baş nazirin ölkəyə yeni konstitusiya lazım olması təşəbbüsünə birgə bəyanatla cavab veriblər.
Bəyanatda deyilir ki, Paşinyan konstitusiyanı dəyişməklə gələcək siyasi qərarlarına legitimlik verməyə çalışır. Deputatlardan biri Kristine Vardanyan deyib: “Ermənistanın yeni konstitusiyası ondan daha hansı ərazi dəyişikliyi tələb edəcək? Ən böyük dəyişiklik Azərbaycanın Qarabağ üzərində nəzarətinin bərpa olunmasıdır. Paşinyan bizə açıq şəkildə deyir ki, bizim konstitusiyamız bu reallığı əks etdirməlidir”.
Konstitusiya hüququ üzrə ekspert, 2015-ci il konstitusiyasının həmmüəlliflərindən biri Vardan Poqosyan isə “Nyus.am”a müsahibəsində deyib ki, mövcud sənəd Paşinyana əngəl törədir. Onun sözlərinə görə, əsas qanunun birinci sətri artıq baş nazirin məqsədlərinin həyata keçirilməsinə maneədir: “Söhbət “Artsax”ı və “soyqırımı”nı milli məqsədlər kimi müəyyən edən Müstəqillik Bəyannaməsindən gedir. Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən, Ermənistan ərazisinin dəyişdirilməsi məsələsi. O, həmçinin konstitusiyanın erməni kimliyinin qorunub saxlanmasında Erməni Apostol Kilsəsinin müstəsna rolunu təsbit edən 18-ci maddəsini ləğv etməyə səy göstərəcək. Paşinyan, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini də aradan qaldırmağa çalışacaq”.
Onun sözlərinə görə, Paşinyan ayrı-ayrı müddəaların dəyişdirilməsi yolunu tutmadı, çünki bu halda Konstitusiya Məhkəməsindən rəy almaqda problemlər yarana bilərdi: “Əgər bütün konstitusiya dəyişdirilərsə, belə bir rəy almağa da ehtiyac qalmır”.
Poqosyan əmindir ki, yuxarıda qeyd olunan dəyişikliklər olacağı təqdirdə Ermənistan hakimiyyətin güman etdiyi kimi rəqabətədavamlı olmayacaq, əksinə, tam asılı dövlətə çevriləcək: “Baş nazir göstərir ki, o, Azərbaycanın tələblərinə (?) əməl edir və Müstəqillik Bəyannaməsinə əsaslanan “Üçüncü Ermənistan Respublikası”nın tarixini bağlayır. Paşinyan yeni respublika yaratmaq istəyir”.
Poqosyan yeni konstitusiyanın qəbulu prosedurunu da təsvir edib: “Konstitusiyanın qəbulu üçün parlament 2/3 səs çoxluğu ilə əsas qanunla bağlı layihə qəbul etməli, sonra referendum keçirilməlidir. Konstitusiyanın qəbulu üçün səsvermə iştirakçılarının 50%+1 faizi onun lehinə səs verməlidir”.
O xatırladıb ki, baş nazir parlamentdə çoxluğa malikdir, buna görə də ciddi problemlə üzləşməyəcək. Onun fikrincə, Paşinyan bütün bu dəyişiklikləri il ərzində həyata keçirməyə çalışacaq.
Göründüyü kimi, Paşinyan bir sıra vacib məsələlərdə olduğu kimi, yeni konstitusiyanın qəbulu məsələsində də radikal-revanşist kəsimin etirazı ilə üzləşəcək. Ancaq Ermənistanın milli maraqları, Azərbaycan və Türkiyə ilə sülhün əldə olunması belə bir addımın atılmasını zəruri edir. İrəvanın bir tərəfdən Azərbaycanla sülh sazişini imzalamağa, Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olmasını bəyan etməsi, lakin konstitusiyasında hər iki ölkəyə ərazi iddialarının qalması ziddiyyətli olardı. Ərazi bütövlüyünü təkcə sözdə tanımaq şərt deyil. Konstitusiyadakı məntiqə zidd maddələr də aradan qaldırılmalıdır. Bu həqiqəti Ermənistan hakimiyyəti kimi, müxalifətinin də dərk etməsi lazımdır.
Elxan ŞAHİNOĞLU,
politoloq
Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirirdi. Əsas qanunda qonşu dövlətlərə ərazi iddiasını əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın reallığı əks etdirmədiyinə işarə edirdi. Bu, həqiqətdir ki, Ermənistan müstəqilliyini bərpa etdiyi illərdə həmin ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq.
Zənnimcə, radikalların və “Qarabağ klanı”nın müqavimətindən asılı olmayaraq Paşinyan yeni konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bunlar həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə rəğmən, yenə Paşinyana səs verdilər. Güman edirəm ki, onlar yeni konstutisiyaya da “yox” deməyəcəklər. Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, konstitusiyasından məlum bəndləri çıxartmalıdır. Əks halda, hər iki qonşusu ilə dayanıqlı sülhə ümid edə bilməz.
Zaur MƏMMƏDOV,
politoloq
Azərbaycanla danışıqların səmərəli olması üçün İrəvan mütləq qaydada bəzi düzəlişləri etməlidir. Ermənistan yazılı şəkildə Qarabağı Azərbaycanın ərazisi kimi tanımalıdır. Sülh müqaviləsinin imzalanması o halda baş tuta bilər ki, Ermənistan bütün hüquqi sənədləri dəyişsin. Bu, təkcə konstitusiya ilə bağlı deyil. Müstəqillik Bəyannaməsində qeyd olunanlar da yolverilməzdir.
Ermənistan parlamentinin bu istiqamətdə qəbul etdiyi qərarların ləğvinə də ehtiyac duyulur. Bunlar sülhə nəinki mane olur, ümumiyyətllə onların qalması sülh müqaviləsinin imzalanmayacağı deməkdir. Əgər Ermənistan sülh istəyirsə, bizim ölkəmizin tələbələrini mütləq şəkildə yerinə yetirməlidir ki, yeni səhifə açılsın.
Biz görürük ki, Paşinyan cəmi üç il əvvəl imzalanmış üçtərəfli bəyanatı fərqli şəkildə interpretasiya edir. Əlbəttə, sülh müqaviləsi də konstitusiyada dəyişiklik olmadan, oradan Müstəqillik Bəyannaməsinə istinad çıxarılmadan imzalanarsa, Ermənistanın gələcək rəhbərləri sərsəm bəyanatlar səsələndirə bilərlər. Ona görə də əgər dayanıqlı sülhdən söhbət gedirsə, o zaman bu məsələyə hərtərəfli şəkildə yanaşılmalı, tələskənlik nümayiş etdirilməməlidir. Ermənistan cəmiyyəti bu dəyişikliyi referendumla özü qəbul etməlidir. Bundan sonra biz rahat şəkildə Ermənistan–Azərbaycan, Ermənistan–Türkiyə münasibətlərdən danışa biləcəyik.
Səxavət HƏMİD