- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 23-də keçirdiyi mətbuat konfransında söylədiklərindən gəlinən iki nəticə var. Birincisi, Ermənistan Azərbaycanla sülh gündəliyinə razı deyil, manipulyativ mövqe tutur, vəziyyəti gərginləşdirməyə, yeni oyun qaydaları qoymağa, fərqli reallıqlar formalaşdırmağa çalışır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. İkincisi, rəsmi İrəvan Rusiya ilə münasibətləri gərginləşdirməkdə və Moskva müstəvisində Azərbaycana qarşı əks mövqe tutmaqda israrlıdır.
A.Mirzoyanın üzərində dayandığı ilk məqama diqqət yetirək. O, İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından imzasını geri götürməsinə dair sualı cavablandırır və bildirir ki, guya, Moskva və Bakı həmin razılaşma ilə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınıb. Erməni nazir üçtərəfli Bəyanat xüsusunda bir qədər aşağılayıcı tonda danışmağı da özünə rəva bilir. “Hətta etibarını itirmiş bir şeydən imzanı geri götürmək də çətindir”, – deyən A.Mirzoyanın Ermənistanın sözügedən sənədə sadiq qaldığını vurğulamasının heç bir önəmi yoxdur. Çünki İrəvanın üçtərəfli razılaşmaya dəfələrlə xilaf çıxdığı danılmaz gerçəklikdir. Erməni XİN rəhbərinin bildirdikləri fonunda açıqlayacağımız digər məsələlər də İrəvanın qeyri-konstruktiv yanaşmasının növbəti təsdiqi olacaq. Elə isə A.Mirzoyanın açıqladığı üzərində dayandığı növbəti məqama diqqət yetirək.
Məlum olduğu kimi, Ermənistan 44 günlük müharibədən sonra Azərbaycana qarşı mina terroru gerçəkləşdirib. Bunu, əsasən, 2021-ci ilin istehsalı olan minaların ayrı-ayrı ərazilərimizdə quraşdırılması da təsdiqləyir. Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələrinin ötən il sentyabrın 19-da və 20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məqsədlərindən biri, məhz mina terroruna son qoymaq idi. O da məlumdur ki, bu cür təxribat əməlləri neçə-neçə dinc azərbaycanlının, o cümlədən, hərbçilərimizin həyatına son qoyub. Ermənistan rəhbərliyi isə məsələnin üzərinə gəlmir, Azərbaycanın etirazlarına etinasız yanaşırdı. Hətta, inkarçı mövqe də tuturdu.
Söylədiklərimizin fonunda hazırda A.Mirzoyanın bildirdikləri etirafdır. Yəni, onun dedikləri təsdiqləyir ki, Ermənistan Azərbaycana düzgün mina xəritələri verməyib. İkinci gəlinən qənaət budur ki, mina terroru İrəvanın anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Baxın, Mirzoyan, sanki, şərt qoyur. O deyir ki, əgər etimad mühiti yaranarsa, beynəlxalq ictimaiyyətin də iştirakı ilə Ermənistan Qarabağdakı mina sahələrinin yeni xəritələrini Azərbaycana verə bilər. Həqiqətən də dəhşətli düşüncədir. Deməli, indiyədək verilmiş xəritələr düzgün deyilmiş və hazırda Ermənistan düzgün xəritələri bizə şərtlə verəcəkmiş.
Ən əsası isə Mirzoyan həyasızlığa baş vurur. O deyir ki, guya, Qarabağda minaları azərbaycanlıların özləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində basdırıblar, Ermənistan isə tədqiqatlar yolu ilə yeni mina xəritələri hazırlamağa çalışır. Sual olunur: necə ola bilər ki, azərbaycanlılar 90-cı illərdə ərazidən çıxarkən minalar basdırıblar və ötən otuz ilə yaxın müddətdə bir nəfər də olsun erməni həmin minaların qurbanı olmayıb. Göründüyü kimi, erməni XİN rəhbərinin danışdıqları absurddur .
***
Bəli, Ermənistan Azərbaycanla sülhə gəlmək yolundan uzaqdır və istəyir ki, yeni müharibəyə başlasın. Ölkə rəsmiləri isə bu niyyəti ört-basdır etməyə çalışırlar. Elə A.Mirzoyan da eyni yolu tutur. O, durumu Ermənistanın təhlükəsizlik məsələlərini həll etmək üçün müttəfiqlər tapmağa çalışmaq kontekstində izah edir: “2020-ci il müharibəsi və sonrakı hadisələr zamanı bu (müttəfiqlər tapmaq – red.), daha aydın və zəruri oldu. Biz elə bir vəziyyətlə üzləşmişik ki, müttəfiqlik mexanizmlərimiz ümidlərimizi doğrultmayıb. Biz tez-tez təhlükəsizlik mexanizmlərinin işləməməsinin şahidi olduğumuz barədə qiymətləndirmələr səsləndirmişik. Belə bir şəraitdə təhlükəsizlik problemlərini həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışmağımız təbiidir”.
Sən demə, Ermənistanın təhlükəsizlik sahəsindəki hazırkı aləti Avropa İttifaqının tərkibi fransız jandarmlarından və pensiyada olan alman polislərindən ibarət mülki müşahidə missiyası imiş. Guya, həmin missiyasının Ermənistan–Azərbaycan sərhədində yerləşdirilmə təhlükəsizliyin səviyyəsini artırıb. Digər tərəfdən, Mirzoyan ölkəsinin tərəfdaşlarının, yəni dünyadakı, xüsusən, Avropadakı ermənipərəstlərin Ermənistanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına dair bəyanatları üzərində dayanır. Onun sözlərindən belə çıxıb ki, əgər bu bəyanatlar olmasaydı, Ermənistan işğal altına düşəcəkdi. Hər halda, bundan böyük cəfəngiyyatı uydurmaq, Qarabağda minaları 90-cı illərdə azərbaycanlıların yerləşdirmələrinə dair sərsəmləmək qədər həyasızlıq tələb edir ki, belə bir yaramaz xarakter isə Mirzoyanda artıqlaması ilə var.
***
A.Mirzoyan həyasızlığını Ermənistanın Azərbaycanla sülh müqaviləsi müstəvisində də işə salır. O, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərin sülh prosesinə zərər vurduğunu dilə gətirir. Erməni nazir yenə də əvvəl bildirdiklərini təkrarlayır və hər iki ölkənin qoşunlarının sərhəddən geri çəkilməli olduğundan söz açır. Hətta, bir beynəlxalq nəzarət mexanizmindən də dəm vurmağı yaddan çıxarmır. Sən demə, Azərbaycanın və Ermənistanın silahlanmasına nəzarət mexanizmi lazım imiş. Aydındır ki, belə bir şey ola bilməz və erməni tərəfi məsələni sülh müqaviləsi ilə bağlı hazırkı məqamlarla razılaşmamaq üçün qondarır. Hərçənd, özü özünü inkar edən Mirzoyan onu da bildirir ki, Azərbaycanla sülh müqaviləsinin mətninə silahların məhdudlaşdırılması ilə bağlı müddəanın daxil edilməsi müzakirə mövzusu deyil.
Azərbaycan–Ermənistan sülh prosesi üzrə 1991-ci ilin Alma-Ata Bəyannaməsi, 1970-ci ildən sonrakı xəritələrə əsasən sərhədlərin delimitasiyası və demarkasiyası, ölkələrin bir-birilərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət, kommunikasiyaların müstəqil yurisdiksiyalar əsasında açılması və digər bu kimi əvvəlki ritorikaya aid məsələləri qabardan A.Mirzoyan, faktiki olaraq, İrəvanın Azərbaycanın şərtlərini qəbul etmədiyini təsdiqləyir. Diqqət yetirək, necə? O deyir ki, Azərbaycan Prezidentinin tələbi, guya, Ermənistanın suverenliyinin pozulmasıdır. Məlum olduğu kimi, dövlətimizin başçısı həm ötən ilin sonlarına doğru, həm də bu ilin yanvarın 10-dakı müsahibəsində bildirmişdi ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycan yol” məntiqini rəhbər tutmalı və həmin istiqamətdə heç bir sərhəd və gömrük nəzarəti tətbiq edilməməlidir. “Sərhəd nəzarəti olmadan kiminsə, hansısa ölkə vətəndaşının sərhədimizi keçməsini məqbul hesab edə bilmərik. ...bu bizim üçün qəbuledilməz dəhliz (Zəngəzur dəhlizi – red.) məntiqidir”, – deyən A.Mirzoyanın Ermənistanın Naxçıvana yolda sərhəd və gömrük prosedurlarını sadələşdirməyə və mövcud istiqamətdə müzakirələrə hazır olduğunu bildirməsi isə aşkar manipulyasiyadır. Tam aydındır ki, erməni XİN rəhbəri Bakını prinsiplərindən döndərmək üçün, belə demək mümkünsə, diplomatik tülkülüyə baş vurur. Həm də ona görə ki, hazırda Ermənistan Azərbaycanın tələbinə alternativ olaraq “Dünyanın kəsişməsi” layihəsini irəli sürür.
Əlbəttə, Bakı İrəvanın Mirzoyanın dili ilə ifadə olunmuş mövqeyini qəbul etməyəcək. Bunun təsdiqi isə Naxçıvana yolun İran ərazisindən keçməsi ilə bağlı Tehranla əldə olunmuş razılıqdır. Doğrudur, Ermənistan və dünyadakı ermənipərəst qüvvələrin buna qarşı çıxdıqlarını və Qərbin yolun İslam respublikasından keçməməsi üçün ölkəmizə mənasız təzyiq cəhdlərini də görürük.
Digər tərəfdən, Azərbaycan Prezidentinin yanvarın 10-dakı müsahibəsində toxunduğu tarixi məqamların üzərində dayanan A.Mirzoyan dövlətimizin başçısının vurğuladıqlarını “yeni sərhədlər müəyyənləşdirmək” istəyi kimi qələmə verir və öz aləmində buna qarşı müqavimət formalaşdırır. O deyir ki, delimitasiya prosesində “qanuni müəyyən edilmiş sərhədlər” əsas götürülməldir. Mirzoyanın fikrincə, qanuni sərhədlər SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərdir və onlar Alma-Ata Bəyannaməsində göstərildiyi kimi bərpa edilməlidir. O zaman sual olunur: otuz ilə yaxın müddətdə Ermənistan həmin sərhədləri tanıyıbmı? Prezident İlham Əliyevin də bildirdiyi kimi, Ermənistan sərhədi Ağdamda müəyyənləşdirmişdi. Başqa bir yandan, elementar məntiq var və İrəvan bunu nəzərə almalıdır. Bir halda ki, Alma-Ata Bəyannaməsi və keçmiş müttəfiq respublikalarının SSRİ-dən çıxması prinsipi rəhbər tutulur, o zaman nə üçün Sovetlər Birliyinə daxil olarkən mövcud olan ərazilər üzərində dayanılmır. Hansı səbəbdən Ermənistan SSRİ-yə az ərazi ilə daxil olub, oradan çox ərazi ilə çıxmalıdır. Yaxud nəyə görə Azərbaycan birliyə çox ərazi ilə qoşulub, oradan az ərazi ilə ayrılmalıdır? Dövlətimizin başçısının üzərində dayandığı başlıca xüsus həm də bu idi.
Əlbəttə, Azərbaycanın yanaşması 1970-ci ildən sonrakı xəritələrin əsas sayılmasını heçə endirir. Mirzoyanın növbəti həyasızlığı isə ondadır ki, bu adam həmin xəritələrin, guya, ilk dəfə Azərbaycan tərəfindən təklif edildiyini və sonradan ölkəmizin təklifindən geri durduğunu bildirir. Yəni, erməni nazir ağ yalan danışır. Çünki Azərbaycan heç vaxt belə bir təkliflə çıxış etməyib. İkincisi, məsələ çoxdandır İrəvan tərəfindən dövriyyəyə çıxarılıb. Nə üçün indiyədək Ermənistan rəsmilərindən kimsə deməyib ki, təklifi irəli sürən Azərbaycandır. O zaman daha bir sual meydana çıxır: Ermənistan nəyə görə bu xüsusda ölkəmizi məhz indi günahlandırır? Cavab birmənalıdır. İrəvan üfüqdə közərən sülh prosesinə zərbə vurmaq üçün bəhanələr axtarır və istəyir ki, Bakını qeyri-ciddi təqdim etsin.
***
Nəhayət, Ararat Mirzoyanın inkarçı ritorikasındakı sonuncu məqamın üzərində dayanaq. Bu məqam Kreml ilə bağlıdır. Mirzoyan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını şərh edərkən deyir ki, "rusiyalı tərəfdaşlarımızı səbəb-nəticə əlaqəsini və hadisələrin xronologiyasını düzgün şəkildə təkrarlamağa çağırıram". Mirzoyanın xronologiyası Moskvanı ittiham üzərində qurulub. O bildirir ki, Lavrovun, eləcə də Kremlin digər rəsmilərinin Praqa və Brüssel görüşləri zamanı Ermənistanın Qarabağı Azərbaycana güzəştə getməsi ilə bağlı səsləndirdikləri fikirlər düzgün deyil. Erməni XİN rəhbərinin söylədiklərindən hasil olan qənaət budur ki, guya, İrəvanın Qərbə yuvarlanması Rusiyanın Ermənistana kömək göstərməməsi ilə bağlıdır. “2022-ci ilin avqustunda Rusiya tərəfi aşağıdakıları ehtiva edən təkliflər təqdim etdi: Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi qeyri-müəyyən müddətə təxirə salınsın. Avqustun sonu və ya sentyabrın əvvəlində Ermənistan tərəfi Rusiyanın təkliflərinə razı olduğunu, Azərbaycan tərəfi isə razılaşmadığını açıqlayıb. Bundan sonra 2022-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasının suveren ərazisinə hücuma keçib. Ermənistan həm Rusiya ilə ikitərəfli müqavilə, həm də çoxtərəfli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sazişi əsasında rusiyalı tərəfdaşlarına üz tutur. Ermənistan öz müraciətinə cavab alır və burada mahiyyətcə qeyd olunur ki, Ermənistan Respublikasının həmin hissəsində sərhədlər, kifayət qədər, aydın deyil. Ona görə Rusiya Ermənistanın ərazi bütövlüyünün pozulduğunu və nə dərəcədə pozulduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri, Azərbaycan Prezidenti, Fransa prezidenti və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə Praqada aparılan danışıqların nəticəsi olaraq dördtərəfli bəyanat qəbul edilib. Orada qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında sərhədlər və sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olmalıdır. Ermənistan və Azərbaycan arasında keçmiş Sovet respublikalarının inzibati sərhədlərinə uyğun sərhəd mövcuddur”.
Əlbəttə, aydındır ki, Mirzoyanın xronologiyası bəhanədən başqa bir şey deyil. Yəni, onsuz da Ermənistan Rusiyadan uzaqlaşmaq xətti götürüb. Ancaq erməni XİN rəhbərini bir məqamda, müəyyən qədər, haqlı saymaq mümkündür. Həqiqətən də KTMT müstəvisində Azərbaycan–Ermənistan sərhədinin dəqiqləşmədiyinə və buna görə də qurumun münaqişəyə qatıla bilməyəcəyinə dair fikirlər olub. Belə yanaşmanı obyektiv saymaq mümkündür. Ancaq, hər bir halda, Mirzoyanın haqqında söz açdığı səbəb-nəticə əlaqələrini gündəmə gətirməsi siyasi manipulyasiyadır. Həm də ona görə ki, birincisi, KTMT–nin Bakı-İrəvan ziddiyyətlərinə qarışmamaq qərarı yalnız Rusiyanın deyil. Qurum kollegial əsasda fəaliyyət göstərir. İkincisi, İrəvan açıq şəkildə çalışırdı ki, KTMT–Azərbaycan ziddiyyətləri yaradıb, konfliktdən uduşlu çıxsın. Bunu təşkilatdakılar yaxşı bilirdilər. Ona görə də Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı KTMT üzvlərini uşaq yerinə qoymamağa çağırmışdı. Özü də sərt şəkildə.
Sonda bir daha vurğulayaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransında bildirdikləri İrəvanın Azərbaycanla sülhdən yayınmaq cəhdlərinin növbəti təzahür formalarıdır və belə hallar şübhəsiz ki, bütövlükdə Cənubi Qafqazda etibarlı sülhün formalaşmasına mənfi təsirini göstərəcək.
Ə.CAHANGİROĞLU