- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanla Azərbaycan arasında kövrək sülhün hənirtisinin duyulduğu, ikitərəfli danışıqlarda müsbət dinamikanın üstünlük təşkil etdiyi indiki mərhələdə regionda əmin-amanlığın bərpasını arzulamayan bəzi qüvvələrin fəallaşdığını görməmək mümkün deyil. Burada erməni Qriqorian kilsəsinin xüsusi “canfəşanlığını” ayrıca qeyd etmək lazımdır.
Son iki əsrdə Ermənistan və Azərbaycan arasında yaşanmış qarşıdurmalarda separatçı, ekstremist, bir çox hallarda terrorçu təmayüllərə yön verən erməni kilsəsi yenə də özünün məkrli niyyətindən əl çəkmir. Libasları kimi əməlləri də qara olan hay keşişləri Cənubi Qafqazda sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı çıxır, sülh prosesinə mane olmaqdan ötrü cəmiyyətdə revanşizmi körükləyir, xalqı qisasçılığa çağırırlar. Dinin xoşməramlı, sülhyaradıcı missiyasını arxa plana atan erməni kilsəsinin revanşist mövqeyi, müharibə çağırışları nəinki etiqad azadlığı ilə, ümumən, bəşəri dəyərlərlə də bir araya sığmır.
Baqratın revanşist çağırışı
“Dirçəliş üçün bizə yalnız qələbə lazımdır. Biz bu cür yaşaya və dünyadan yarımçıq, vətəndən məhrum, şərəfsiz və bədbəxt vəziyyətdə köçə bilmərik”. Bu sitat Ermənistanın Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstyanın ibadət moizəsindən götürülüb. Dindaşlarına xəstə təxəyyülündən irəli gələn “tarixi ideyaları” təlqin etməyə girişən Qalstyanın moizəsindən növbəti sitat: “Biz bu dünyadan özümüzə ölümsüzlük qazanmaqla, vətənimizlə, şərəflə və sevinclə köçməliyik. Qoy, bu, təfəkkürümüzün, qəlblərimizin devizinə, həyatımızın son saniyəsinə kimi amalımıza çevrilsin”.
Arxiyepiskop Baqrat Qalstanyan bir ay bundan əvvəl də özünün revanşist çıxışı ilə gündəmə gəlmişdi. “Bəli, mən özümü revanşist sayıram və ömrümün sonuna qədər belə yaşayacağam”, – deyən dinsiz keşiş qisasçılığı ona görə əldə silaha çevirməyi irəli sürürmüş ki, “minlərlə insan həyatımız üçün canını verib”.
Qətliamların, terror aktlarının, işğalçılığın ilhamvericisi və təşkilatçısı rolunda çıxış etməkdə “zəngin təcrübə”si olan erməni kilsə ideoloqlarının məhz indiki məqamda öz xalqını yenidən qan çanağına sürükləmələri göz önündədir. Elə Qalstyanın açıqlaması da bunun bariz nümunəsidir. Ağlı yerində olan heç bir din xadimi Allahın evində bu cür sərsəm fikirləri, qan-qada çağırışlarını dilinə gətirməz. Sanki, reallıqla barışmayan, bu dünyadan əllərini üzən erməni qriqorian kilsəsinin rəhbərləri anti-Azərbaycan təbliğatlarının son üsulu kimi utopik tələblərə, avantürist çağırışlara keçid alıblar.
Bir müddət əvvəl qriqorian hayların Livanda yerləşən “Böyük Kilikiya Evi”nin katolikosu I Aramın da Azərbaycan əleyhinə qisasçılığa, müharibəyə çağırış xarakterli açıqlamaları məhz bu kontekstdə qiymətləndirilməlidir. I Aram “Dağlıq Qarabağı” Ermənistana birləşdirməyə, bununla da “vahid erməni dövləti” yaratmağa çağırışlar edirdi: “Qarabağ işğal edilmiş ərazi yox, bizim qəhrəmanlarımızın qanları ilə qaytarılmış doğma torpaqdır. Birləşmiş Ermənistan görüntüsünün reallaşdırılması Qarabağın Ermənistana birləşdirilməsindən başlayır”.
Bu, hələ də yuxularında “Dənizdən–dənizə Böyük Ermənistan” görən, tarixin gerçəklərindən uzaq haylarda artıq vərdiş halını alıb. Bəli, revanşist və avantürist müharibə çağırışları, bir qayda olaraq, “din xadimlərinin” dilindən səsləndirilir. Əslində, bu çağırışlar beynəlxalq hüququ saya salmamağın aşkar “nümunəsi” olmaqla yanaşı, Ermənistanı indiki məğlubiyyətə uğradanların 33 il əvvəl Qarabağın işğalına göz yummasını və bu ərazidə yaşayanların “öz müqəddəratını təyinetmə” hüququna mailk olmadığını hələ də dərk etməməsini aydın şəkildə açıb göstərir.
Aqoniya və ya sağalmaz xəstəliyin simptomları
Daşnakların ASALA terror təşkilatı ilə yaxından əməkdaşlıq edən, onlarla eyni zehniyyətli keşişlərin, din pərdəsi altında hər cür haqsızlığa gedən hay katolikoslarının həm də erməni diasporu və lobbiçilərin gizli “qara kassası” missiyasını yerinə yetirmələri barədə informasiyalar yetərincədir. Arxaya boylanıb tarixə nəzər salsaq, görərik ki, “milli ideologiyanın mərkəzi” kimi tanınan erməni kilsəsi ötən əsrin ortalarında xalqımıza qarşı dözümsüzlük və nifrət təbliğatını fəallaşdırıb.
1955-ci ildən 1994-cü ilə qədər bütün ermənilərin patriarxı olmuş I Vazgen hələ 1950–1960-cı illərdə dünyanın müxtəlif ölkələrindəki erməni koloniyalarına baş çəkmişdi. Məhz I Vazgenin səyi ilə erməni qriqorian kilsəsinin yeparxiyalarının beynəlxalq şəbəkəsi yaradılıb. Sonradan həmin şəbəkə Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının, işğalçılıq siyasətinin və zorakılığının dəstəklənməsində, beynəlxlaq ictimaiyyətə feyk-xəbərlərin təqdim olunmasında, Qarabağ separatçılarına maddi dəstəyin göstərilməsində, Azərbaycana hərbi təcavüzün silah-sursat təminatında xüsusi rol oynayıb. 1995–1999-cu illərdə erməni qriqorian kilsəsinin dini rəhbəri I Qareginin də “xidməti” böyük olub. O, ABŞ-dakı erməni lobbisinin maddi dəstəyinin Ermənistana yönəldilməsində fəallıq göstərib. Hətta I Qaregin bir neçə dövlətlə danışıqlar aparıb, Ermənistanın silahlandırılmasına yardımçı olub. Onun Azərbaycana təcavüzün davam etməsində, sülh danışıqlarının uzadılmasında mövqeyi birmənalı olub.
Ermənistanın bəzi mənbələri indi də vaxtilə Ermənistan parlamentində olan qətliamın (Karen Dəmirçiyanın ölümü ilə nəticələnən) sifarişçisi qismində məhz I Qareginin adını çəkir. Düzdür, I Qaregin bu qətliamdan 3 ay qabaq ölmüşdü. Ancaq Qarabağdakı erməni separatçılarının Ermənistanda hakimiyyəti zəbt etməsi üçün onun yüksək səviyyədə işlər gördüyü bildirilir. O ki qaldı, hazırkı patriarxa, II Qaregin də öz sələflərindən geri qalmır. O da daim revanşist çıxışlar edir, ölkəsində hərbi-siyasi “dəyişikliklərin” zəruriliyini xüsusilə qabardır.
İndi aqoniya vəziyyətində çapalayan, qızdırmalı xəstəni xatırladan erməni “din xadimləri”nin Birinci Qarabağ müharibəsi dövründəki “fəaliyyətini” də unutmaq olmaz. SSRİ-nin dağılmasından yararlanan, Qərbdəki yeni ağalarına arxalanan və Rusiyadakı ermənipərəst qüvvələrə söykənən Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəyə başlamasına məhz qriqorian kilsəsi “xeyir-dua” vermişdi. Üstündən 30 il keçəndən sonra Cənubi Qafqazda Azərbaycanın dəyişdiyi reallığı görmək istəməyən erməni kilsəsi yenə də İrəvana revanşizm, işğalçılıq siyasi ideologiyasını, sülhdənqaçma meyillərini diktə etməyə çalışır. Kilsənin bu anti-dini fəaliyyəti, bir növ, sağalmaz mərəzə mübtəla olmuş xəstənin başqalarını da xəstə görmək durumunu xatırladır.
Tanrıya ibadət, mədəniyyətlər və dinlərarası dialoq kimi gerçək missiyasını unudan, bölgədə separatizmi alovlandırmağa çalışan kilsə və onun xaricdəki züytutanları 30 illik müharibə vəziyyətindən bezmiş erməni cəmiyyətinə sülh çağırışı səsləndirmək yerinə, müharibə ritorikasını işə salıblar. Bundan da artıq təəssüf və təəccüb doğuran isə haylara heç bir nikbin sonluq vəd etməyən belə təxribatçı-revanşist çıxışları, anti-bəşəri çağırışları Ümumdünya Kilsələr Şurasının, digər beynəlxalq dini təsisatların lal-kar bir susqunluqla qarşılamasıdır.
İmran BƏDİRXANLI