- Daxili siyasət
- 09:37 20.09.2024
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel yenə öz ampluasındadır. Anti-Azərbaycan açıqlamalar verməyi vərdiş halına gətirmiş Borrel yanvarın 22-də növbəti böhtanlarını səsləndirib. Qeyd edək ki, həmin gün Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında münasibətlər də müzakirə olunub.
İclasın yekunlarına dair keçirilən mətbuat konfransı zamanı C.Borrel deyib: “Avropa İttifaqı Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından (?) narahatdır. Biz razılaşdıq ki, Azərbaycan Ermənistanla sülh və nizamlanma üzrə məzmunlu danışıqlara qayıtmalıdır. Azərbaycanın son vaxtlar ərazi iddiaları (?) ciddi narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün istənilən pozulması yolverilməz olacaq və Azərbaycanla münasibətlərimizdə ciddi nəticələrə gətirib çıxaracaq”.
Qeyd etdiyimiz kimi, J.Borrel hər zaman anti-Azərbaycan məzmunlu, ermənipərəst açıqlamaları ilə seçilib. Onun səsləndirdiyi fikirlər heç bir ölçüyə sığmayıb. Bu dəfə də istisna deyil. Halbuki, o, öz fikirlərini diplomatik etiket qaydalarına uyğun olaraq da ifadə edə bilərdi. Ancaq Borrelin erməni sevgisinin, necə deyərlər, dərəcəsinin yüksəkliyi onun bütün çərçivələri aşmasına gətirib çıxarıb. Diplomatiya isə yüksək vəzifəli şəxsdən fikirlərini ölçülüb-biçilmiş formada ifadə etməyi tələb edir.
Borrelin birinci yalanı Azərbaycanın Ermənistana qarşı, guya, ərazi iddiasının olması ilə bağlıdır. Azərbaycanın rəsmi şəxslərinin başqa ölkələrin torpağında gözümüzün olmadığını dəfələrlə vurğulamalarına baxmayaraq, Borrel və onun kimilər eyni fikri dönə-dönə təkrarlayırlar. Onların hansı səbəbdən bu qənaətə gəldiklərini müəyyənləşdirmək olmur. Bununla qeyri-ciddi göründüklərinin fərqinə də varmırlar. Azərbaycanın niyyəti isə özünün əzəli torpaqlarını işğaldan azad etmək idi. Bu məqsədlə uzun müddət aparılan danışıqlar səmərə vermədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımız azadlığına qovuşdu. Ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün tam təmin olunması, dövlət suverenliyimizin bərpası ilə nəticələndi. Qərbdəki bəzi dairələr 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanı Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın Meğri rayonunu tutacağını bildirirdilər. Halbuki, ölkəmiz ərazi iddiası yoxdur, bəyanatda əksini tapan müddəanın – kommunikasiyaların açılmasının həyata keçirilməsinə çalışır. Dəfələrlə bildirilmişdi ki, kommunikasiyalar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyasında qalacaq. Dəhliz sözü İrəvanda xüsusilə qıcıq doğururdu. Nəhayət, Ermənistanın öz öhdəliklərindən imtinası Azərbaycanın İran ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılmasına dair Tehranla razılığa gəlməsinə gətirib çıxardı. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılmasından dəm vurur, “Sülhün kəsişməsi” kimi təşəbbüslər irəli sürür və bildirir ki, Azərbaycan–İran sazişinin oxşarını o da Bakı ilə imzalaya bilər. Cənab Borrelin bütün bunlardan xəbərdar olmaması onun öz işinin öhdəsindən lazımınca gələ bilməməsinin göstəricisidir.
Ali nümayəndənin ikinci yalanı Azərbaycanın, guya, danışıqlardan imtina etməsi ilə bağlıdır. Borrel bu məsələdə də haqsızdır. Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Tərəflər arasında sülh sazişinin mətni razılaşdırılır. Bakı və İrəvan sazişə dair təkliflərini bir-birlərinə təqdim edirlər. Ermənistan sazişin mətni ilə bağlı sonuncu təkliflərini 70 gündən çox yubatdı. Göründüyü kimi, bu məsələdə də təqsirkar tərəf İrəvandır. Hazırda top Ermənistanın tərəfindədir. Onların həqiqətən, səmimi şəkildə istədikləri təqdirdə regionda sülh bərqərar olunacaq, istəməsələr indiki vəziyyət hələ uzun müddət davam edəcək. Bundan da əziyyət çəkən, ilk növbədə, Hayastan olacaq. Əgər Borrelin ermənilərə canı yanırsa, bu barədə İrəvandakı dostları ilə müzakirələr aparmasında fayda var. Bunu etmədən Azərbaycanı birtərəfli qaydada ittiham etmək mənasızdır.
Mövzu ilə bağlı fikirlərini “XQ” ilə bölüşən siyasi analitik Tofiq Abbasov bildirdi ki, C.Borrelin son açıqlaması çox cəfəng, lazımsız və zərərli açıqlamadır. Onun sözlərinə görə, ümumiyyətlə Qərbin ölkəmizə münasibəti köklü surətdə mənfidir. Bu isə dünənin və ya bu günün işi deyil: “Məsələ ondadır ki, Azərbaycana münasibət türk-müsəlman ölkəsi olduğu üçün neqativdir. Bunu açıq demək lazımdır. Erməni işğalçılığının davam etdiyi dövrdə Borrel kimi şəxslərin heç birinin səs-səmiri çıxmırdı. Onlar bunu normal qəbul edirdilər. Azərbaycanın fəryadını heç kim eşitmirdi. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində idi, müvəqqəti sülh şəraitində az qala hər gün itki verirdik, cəbhə bölgəsində yaşayan insanlar kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdilər. Onlar ermənilərin bütün bu cinayətlərinə göz yumurdular. İndi bütün bu proseslər hamısı geridə qalıb. Biz öz gücümüzlə Ermənistanın dərsini verdikdən sonra bunların, necə deyərlər, keflərinə soğan doğranıb. Özlərini elə aparırlar ki, guya, Azərbaycan bölgədə Ermənistana təhdid törədir. Ermənilər azərbaycanlılara divan tutanda, onları kütləvi şəkildə etnik təmizləməyə məruz qoyanda, Ermənistandan deportasiya edəndə heç kəsin səsi çıxmırdı. Odur ki, Borrel kimilərin bəyanatları siyasi alverin bariz nümunəsidir. Onlar düz yolda olan, heç bir qayda-qanunu pozmayan Azərbaycanı gözümçıxdıya salmağa çalışırlar. Məqsəd odur ki, ictimai fikri bizə qarşı yönəltsinlər. Digər tərəfdən, bizi borclu çıxarsınlar ki, guya, ermənilərə təhdid törədirik”.
Tofiq Abbasov qeyd etdi ki, hazırda Fransa canfəşanlıq edir, Belçika kimi ölkələr ona dəstəvüz verir, ABŞ bütün bu proseslərə əl çalır: “Amma onlar elə bilirlər ki, Azərbaycan 30 il bundan əvvəlki ölkədir. Xeyr, onlar səhv edirlər. Bu günün Azərbaycanı özünə güvənən, güclü orduya, güclü iqtisadi potensiala və ən əsası etibarlı strateji resurs bazasına malik dövlətdir. Bu bizə imkan verəcək ki, bütün təhdidlər qarşısında həm duruş gətirək, həm də öz işimizi məntiqi sonluğa çatdıraq”.
Siyasi analitik bildirdi ki, bəzi qüvvələr, ekspertlər, hətta, neytral mövqedən yanaşanlar da Azərbaycanın çox böyük, möhtəşəm qələbə qazandığını, Qərbin isə bunu ölkəmizə bağışlamaq niyyətinin olmadığını qeyd edirlər: “Bəs Azərbaycan nə edib? Bəyəm Ermənistanın torpaqlarını tutub? Xeyr, tutmayıb. Öz torpaqlarını azad edib. Bu məsələnin birinci tərəfidir. İkincisi də bizim Ermənistanın torpaqlarında gözümüz yoxdur. Borrel burada ağ yalan danışır, riyakarlıq edir. O, fitnə-fəsadla məşğuldur. Özü də bu, təkcə onun özünün sözü deyil. Bu, kollektiv Qərbin Azərbaycana olan münasibətinin göstəricisidir. Onlar mərdi qova-qova namərd etmək istəyirlər. Amma bizdən namərd çıxmaz. Bir namərd varsa, o da Ermənistandır ki, çoxdan Qərbin qulluğunda dayanıb”.
Qeyd edək ki, Aİ rəsmisinin açıqlaması ilə bağlı Xarici İşlər Nazirliyi də öz mövqeyini açıqlayıb. Nazirlik Borrelin Azərbaycana qarşı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. Qeyd edib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.
Tofiq ZÜLFÜQAROV,
politoloq
– Ermənistan və Azərbaycan arasındakı məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Ancaq proses yekunlaşmamış Cozep Borrel tərəfindən belə bir bəyanatın səsləndirilməsi, doğrusu, başadüşülən deyil. Buradan belə çıxır ki, onlar Bakı və İrəvandan əvvəl özləri üçün “sərhədləri” müəyyənləşdiriblər, yaxud da Paşinyanın təklif etdiyi variantları tanıyıblar. Borrelin açıqlaması məntiqsizdir, heç bir hüquqi əsası yoxdur və təbliğat xarakteri daşıyır. Əslində isə Ermənistana onun mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər.
Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqi üçün ciddi əsaslar və sübutlar olmalıdır. Bunlar isə yoxdur. Borrel hansı ərazi bütövlüyündən danışır? Ermənistanın konstitusiyasında və müstəqillik aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bəs bunu necə izah edəcəklər? Ermənistanın özü hələ 1975-1991-ci il xəritələrindən danışır. Yəni, ortada nəticə yoxdur. Nəticə əldə olunandan sonra artıq tərəf olmaq mümkündür. Həm müzakirələrə çağırıb, həm də Ermənistanın “ərazi bütövlüyünün pozulması ehtimalı”ndan danışmaq ikiüzlülükdür.
Fikrət SADIXOV,
politoloq
– Cozep Borrelin siyasi fəaliyyəti İspaniyadan başlayıb. Çünki o İspaniyanın nümayəndəsidir. Mənə elə gəlir ki, Borrell ilk növbədə ölkəsində baş verən hadisələrə münasibət bildirməlidir. O, vaxtilə İspaniyadakı separatçı rejimlə mübarizəni daha güclü şəkildə aparmalı idi. Düzdür, Borrel həmin vaxt Kataloniya separatçıları ilə bağlı tənqidi fikirlər söyləmişdi. Bəs indi nə olub? Niyə Borrel tərəfindən Qarabağ separatçılarına belə sevgi-məhəbbət nümayiş etdirilir? Aydın məsələdir ki, torpaqlarımızı azad etmişik, heç kəsdən asılı olan dövlət deyilik. Eyni zamanda, biz indi aydın şəkildə görürük ki, Qarabağ və orada yaşayan erməni əhali Azərbaycana qarşı, sadəcə olaraq, təzyiq vasitəsi kimi istifadə olunurdu. Yəni, biz, necə deyərlər, bu boyunduruqdan çıxmışıq, torpaqlarımızı azad etmişik. Təbii ki, bu, Avropa İttifaqı çərçivəsində normal, sivil şəkildə qəbul oluna bilmir.
Ümumiyyətlə, Avropa institutlarının Azərbaycana qarşı hücumlarında bir sinxronluq mövcuddur. Bizim Avropa Şurası ilə də münasibətlərimiz həmişə normal olub. 2001-ci ildə şuraya daxil olanda inamımız çox böyük idi. Ümid edirdik ki, Avropa Şurası ədalətli addımlar atacaq, obyektiv mövqe nümayiş etdirəcək. Biz indi Avropa Şurası tərəfindən ölkəmizə necə münasibət göstərildiyini görürük. Torpaqlarımızı azad etdikdən sonra bəlkə bizə heç Avropa Şurası da lazım deyil. Yəni, onlar atdıqları addımlarla bizi qorxuda bilməzlər. Çünki biz qarşıya qoyduğumuz bütün məqsədlərimizə nail olmuşuq.
Səxavət HƏMİD