- Daxili siyasət
- 11:03 30.09.2024
Ötən il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz tam bərqərar olundu. Bu qələbə Ermənistanın son 35 il ərzində törətdiyi terror-təxribat əməllərinə də son qoydu. Lakin işğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar hələ də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Növbəti mina partlaması halı yanvarın 21-də qeydə alınıb.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, həmin gün saat 13:30-da Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı barədə məlumat daxil olub. Ağcabədi rayon Kürdlər kənd sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb. Bununla da 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb: “Ermənistanın ayrıseçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir. Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat versin”.
Baş verən hadisə Ermənistanın Azərbaycana qarşı dolayısıyla apardığı terror-təxribat hərəkətlərinin bitmədiyinin göstəricisidir. Rəsmi İrəvan bugünədək dəqiq mina xəritələrini vermək istəmir. Onun işğaldan azad edilmiş bir neçə rayon üzrə verdiyi mina xəritələrinin dəqiqliyi 25 faizdən yüksək deyil. Ermənistan regionda etimad quruculuğunun yaradılmasının vacibliyindən bəhs etsə də, xəritələri vermək kimi ən mühüm addımlardan birini atmır. Bununla da günahsız Azərbaycan vətəndaşlarının ölməsinə, yaxud əlil olmasına vəsilə olur. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mina qurbanına çevrilənlərin 50-si mülki şəxs olmaqla 65 nəfəri həlak olub. Böyük əksəriyyəti mülki şəxs olmaqla 277 nəfər isə yaralanıb.
Mövzu ilə bağlı “XQ”yə açıqlama verən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın katibi, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi ki, ölkəmizdəki mina qurbanlarının sayı Cənubi Qafqazın digər regionlarında olan bütün mina qurbanlarının sayından çoxdur. O qeyd etdi ki, bu faktı həm yerli, həm də beynəlxalq tədbirlərdə qabardırlar: “Çox təəssüf ki, bu say artmaqda davam edir və necə deyərlər, tunelin sonu görünmür. Çünki problemin miqyası böyükdür. Bu problem üç-beş günlük problem deyil və görünür, hələ uzun müddət bizimlə olacaq. Onu da nəzərə almaq lazımdır ki, keçmiş məcburi köçkünlər artıq öz dədə-baba torpaqlarına qayıdırlar. Bu, minaya düşmə hallarının sayına da təsir edə bilər”.
H.Səfixanov qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursat problemi çox ciddi şəkildə gündəmdədir: “Bəzi ekspertlər həmin ərazilərdə təxminən 1,5 milyon mina və partlamamış hərbi sursatın olduğunu qeyd edirlər. İkinci Qarabağ müharibəsi başa çatandan Azərbaycan dövlətinin israrlı tələbləri nəticəsində Ermənistan ölkəmizə 3 mina xəritəsini verdi. Birinci mina xəritəsi Ağdam bölgəsini əhatə edirdi. Burada 97 min minanın olduğu bildirilirdi. İkinci dəfə Füzuli, üçüncü dəfə Zəngilan rayonları üzrə xəritələr verildi. Burada 92 min minanın olduğu qeyd olunmuşdu. Ancaq sonra aydın oldu ki, verilmiş mina xəritələri keçmiş cəbhə xəttinə aid əraziləri əhatə edir. Yəni, 27 sentyabr 2020-ci ilə aid olan cəbhə xəttinə aiddir. Araz çayından Murov dağınadək olan 280 kilometrlik bir ərazidir. Digər ərazilərə aid xəritələr hələ də ölkəmizə verilməyib. Apardığımız tədqiqatlar göstərir ki, 2020-ci il noyabrın 10-dan sonra minaya düşən 342 nəfərin 70-71 faizi təmas xəttindən kənarda, yəni xəritəsi verilməmiş ərazilərdə minaya düşən şəxslərdir. Bu bir daha onu göstərir ki, minalanmış digər ərazilərin də xəritəsi təcili şəkildə Azərbaycana verilməlidir. Çünki həmin ərazilərdə Azərbaycan çox böyük infrastruktur layihələri həyata keçirir. İnsanların geri qayıtması üçün kəndlər, şəhərlər yenidən qurulur. Mina qurbanlarının arasında da infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edən Azərbaycan vətəndaşları olur. Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki, orada mina qurbanı olmasın”.
Göründüyü kimi, minalarla bağlı problem hazırda ölkəmiz üçün son dərəcə aktualdır. Minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi uzun, ağır zəhmət, böyük vəsait tələb edən yorucu prosesdir. Ermənistan iki ölkə arasında etimad yaradılması üçün minalarla çirkləndirilmiş ərazilərin dəqiq xəritəsini ləngimədən ölkəmizə verməli, bu məsələ ilə bağlı dürüstlük nümayiş etdirməlidir. Rəsmi İrəvanın bu məsələdə atacağı konstruktiv adım sonradan iki ölkə arasında digər sahələrdə əməkdaşlıq üçün də baza rolunu oynaya bilər.
Səxavət HƏMİD