- Daxili siyasət
- 11:03 30.09.2024
Yenə köhnə komanda “iş” başındadır. Söhbət ABŞ-dakı ermənipərəst komandadan gedir. Bunlar kimlərdir? Bir daha yada salaq: konqresmenlər Frank Pellone, Qus Bilirrakis, Adam Şiff və Devid Valadao. Ölkədəki erməni lobbi və diaspor təşkilatlarının, necə deyərlər, qulbeçələri olan bu şəxslər həm də ABŞ Konqresinin Ermənistan üzrə İşçi Qrupunun həmsədrləridir. Onlar bir araya gələrək bəyanat yayıblar. “Köhnələr” bəyanatlarında elə köhnə havalarda olduqlarını göstəriblər – Ermənistanın ərazisi işğal olunub, Qarabağın erməni əhalisi etnik təmizləmə ilə üzləşib və sair, ilaxır. Bir sözlə, vay-şivən.
Bəli, ABŞ konqresmelərinin bəyanatında bildirilib ki, guya, Azərbaycan Ermənistan ərazisindən qoşunlarını çıxarmaq istəmir və bu, Qarabağın 100 mindən çox sakininə qarşı etnik təmizləmə siyasətinin davamıdır. Sən demə, vəziyyətin belə alınmasında beynəlxalq ictimaiyyət günahkar imiş, xarici aləm Bakının “aqressiv planlarına” layiqli siyasi qiymət vermirmiş və nəticədə onun iştahası artırmır.
Məlum olduğu kimi, bu sayaq fikirlər Ermənistan hakimiyyətinin anti-Azərbaycan siyasətinin mühüm tərkib hissəsi kimi diqqət çəkməkdədir. Yəni, rəsmi İrəvan hansı məsələlərə fokuslanırsa, Birləşmiş Ştatların konqresmenləri də məhz həmin məqamları gündəmə gətirirlər. Bəyanatdakı növbəti qeyd edəcəyimiz xüsus da Ermənistan iqtidarının sərsəm beyin mərkəzlərinin zay məhsulu olaraq diqqət çəkməkdədir.
Beləliklə, konqresmelər qənaətə gəliblər ki, ABŞ və onun regional tərəfdaşları Azərbaycan hakimiyyətinin Ermənistana qarşı açıq təhdidlərinə cavab olaraq, ikincinin ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən, sanksiyalardan istifadə etməlidirlər. Sağ olsunlar, yaxşı ki, Pentaqonun Ermənistan ərazisini qorumaq üçün qoşun göndərməsindən söz açmayıblar. Görünür, bu işi kollektiv ermənipərəst Qərbin digər təmsilçisi olan Fransanın öhdəsinə buraxıblar. Ancaq sanksiya məntiqi məhz Birləşmiş Ştatlara məxsusdur.
Qeyd edək ki, sanksiya dedikdə, adətən, ABŞ Konqresinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı qərarın ləğvi üzərində dayanılırdı. Nəzərə alaq ki, 907-ci düzəliş Vaşinqtonun Bakıya birbaşa hərbi yardım göstərməsini əngəlləyirdi. Lakin 2001-ci ildən başlayaraq, Birləşmiş Ştatların prezidentləri sözügedən düzəlişin qüvvəsinin hər il dayandırılması ilə bağlı qərar çıxarmaq səlahiyyətinə malikdirlər. Erməni lobbi və diaspor təşkilatlarının, habelə, onların Konqresdəki “danışan dillərinin” məqsədləri bu olub ki, ABŞ-ın dövlət başçıları malik olduqları səlahiyyət üstünlüyündən məhrum edilsinlər. Daha doğrusu, onlar Konqresin təqdimatı əsasında özlərinin bu səlahiyyətlərinə xitam versinlər.
Əlbəttə, 907-ci düzəlişlə bağlı durum, bilavasitə, sanksiya məntiqi ilə uzlaşmır. Nə də Vaşinqtonun ölkəmizə hərbi yardım göstərməməsi hansısa sıxıntılı durum yaradır. Yəni, ölkəmiz silahı haradan alacağını yaxşı bilir... Ancaq, məsələ, heç şübhəsiz, mənəvi anlam daşımaqdadır və “zərurət” yarandığı təqdirdə, sanksiya gündəliyini işə salmaq üçün istinadgah kimi nəzərdən keçirilə bilər. Görünür, konqresmenlər, belə demək mümkünsə, trayektoriyanı dəyişmək qərarına gəliblər. Onlar birbaşa sanksiya üzərində dayanırlar. Nə qədər olmasa, məsələ daha gurultulu səslənir...
Ermənipərəst konqresmenlərin növbəti tələbi ABŞ Dövlət Departamentindəndir. Onların bəyanatlarında bu qurum və onun beynəlxalq tərəfdaşları Azərbaycanın istənilən təcavüzünün qarşısını almaq və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırılıb. Əslində, oxşar motiv Fransa Senatının ötən həftə qəbul edilmiş qəntaməsində də əksini tapmışdı. Bu, bir daha onu təsdiqləyir ki, Vaşinqton ermənipərəstlik yarışında Parisə uduzur. Nəzərə alaq ki, Fransa Senatı qətnamə çıxarır və həmin sənəd yüksək səs çoxluğu ilə qəbul edilir. ABŞ-da isə ortaya düşən yalnız beş-altı mənasız konqresmendir. Ancaq onlar, əvvəldə də diqqətə çatdırdığımız kimi, Konqresin Ermənistan üzrə İşçi Qrupunun həmsədrləridir.
Təsəvvür edirsinizmi, bir ölkənin parlamentində başqa ölkənin işləri ilə məşğul olmaq üçün ayrıca qrup yaradılır? Hər halda, qrupun formatı müxtəlif dövlətlərin ali qanunverici orqanları arasındakı əlaqələr və əməkdaşlıq üzrə işçi qrupu kimi deyil. Burada söhbət Ermənistanı himayəyə götürməkdən gedir. Digər tərəfdən, əslində, sözügedən qrup konqresin ermənipərəstlik klubudur. Klubun üzvləri isə adlarını çəkdiyimiz şəxslərdir. Əlbəttə, onların ən fəalı Frank Pellonedir. Ona görə də məhz Pellone haqqında söz açdığımız qərəzli və anti-Azərbaycan motivlərinə söykənmiş bəyanatı özünün “X” sosial şəbəkəsindəki hesabında yayıb.
Sonda onu da deyək ki, indiyədək F.Pellone və dostlarının Azərbaycanla əlaqədar qərəz dolu yanaşmaları az olmayıb. Görünür, bu şəxslər ölkəmizə qarşı çoxsaylı sənədlər yaydıqlarının fərqindədirlər. Çox güman, həmin sənədlərin heç bir faydasının olmadığını da gözəl bilirlər. Yəqin elə bildikləri üçündür ki, öz aləmlərində bəyanatlarına, bir növ, daha təsirli notlar əlavə ediblər. Məsələn, bildiriblər ki, Azərbaycanın Cənubi Qafqazda ermənilərə qarşı törətdiyi əməllərə görə cavab verməsinin vaxtı çatıb. Maraqlıdır, bunu necə müəyyənləşdiriblər? Sual ritorikdir. Çünki cavab aydındır. Erməni lobbisinin maliyyə yardımı artdıqca, Pellone kimilərin hər cür həyasızlığı gündəmə gətirməsi mümkündür. Nə deyəsən? Prinsipcə, bu cür sərsəmliklə bağlı deyiləcək elə bir söz də yoxdur. Yalnız ağlımıza məşhur Azərbaycan filmi olan “Bəxt üzüyü”ndəki bir səhnə düşür: qoymayın, üstümə Rasim gəlir!
Ə.CAHANGİROĞLU