- Daxili siyasət
- 09:37 20.09.2024
Son zamanlar dini bayramların qeyd olunması xüsusunda Gürcüstan Pravoslav Kilsəsinə qarşı hücumlar müxalifət partiyaları, qondarma vətəndaş cəmiyyəti fəalları və Vahid Milli Hərəkat Partiyasına mənsub media orqanları tərəfindən həyata keçirilir.
Bunu Tbilisidə keçirdiyi brifinq zamanı Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Cənab Papuaşvilinin söylədikləri fikirlər, əslində, ötən ilin oktyabrında ölkəyə hakim kəsilmiş gündəm mövzusunun davamı kimi qiymətləndirilə bilər. Çünki parlament sədri yenə USAİD, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyindən söz açıb. Daha doğrusu, qurumun Gürcüstanı qarışdırmaq cəhdlərindən.
Haşiyə çıxaq ki, ötən il oktyabrın 2-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ölkədə hakimiyyət dəyişikliyinə cəhddə günahlandırmışdı. Dövlət qurumundan bildirilmişdi ki, təşkilat bu məqsədlə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalıları maliyyələşdirib. Belə ki, USAİD-in Şərq–Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı – Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç Gürcüstana gəlib.
Həmin şəxslərin əsas məqsədi oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub. Həmin vaxt bildirilmişdi ki, Serbiyanın adları çəkilmiş vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən təlimdə iştirak ediblər. Gürcüstan DTX 2003-cü ildə ölkədə yaşanmış inqilabi proseslərlə əlaqəli olan sözügedən serbiyalıların əvvəllər də saxlanıldığını açıqlamış və vurğulamışdı ki, onlar müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar hadisələrdə iştirak ediblər.
Bununla yanaşı, bildirək ki, ötən ilin oktyabrında hakim “Gürcü arzusu” partiyası da açıqlama yaymış və Amerika xalqının pulunun Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunduğunu bəyan etmişdi. Həmin vaxt Ş.Papuaşvili demişdi ki, USAİD Amerika xalqının pullarının başqa ölkəyə iğtişaşları qızışdırmaq, onları planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasına izahat verməlidir.
Qeyd edək ki, Gürcüstanda yaşananlar USAİD-lə əlaqədar yeganə qalmaqal deyil. Ümumən, bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və sair məsələlərdə daim hallanıb. Necə də hallanmasın, axı USAİD ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərir. Əlbəttə, bir qədər fərqli metodlarla. Yəni, təşkilat yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaradır. Əsas məqsəd isə Birləşmiş Ştatlara sərf etməyən hakimiyyətlərin devrilməsidir. Bəs təşkilat bunu necə reallaşdırmağı planlaşdırır?
Məlumdur ki, USAİD 2023–2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb. O da məlumdur ki, nəinki USAİD, ümumən, başda bu qurum olmaqla, ABŞ hökumətinə bağlı təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək adı ilə siyasi proseslərə müdaxilə yolu tutur, qarşıdurma yaradır, manipulyativ metodlara üstünlük verirlər. Söhbət NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlardan gedir. Yeri gəlmişkən, onlar Azərbaycanda da “fəallıq” göstəriblər və siyasi hakimiyyətə qarşı təzyiq şəbəkəsi formalaşdırmağa çalışıblar. Əlbəttə, istəklərinə nail ola bilməyiblər və məqsədlərinə çatmaları mümkünsüzdür. Çünki, xüsusən, 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyi daha da güclənib. Buna görə də USAİD-çilər taktikalarını dəyişiblər. Onlar milli dəyərlərə təhlükə olan LGBD-dən, “feministlər”dən, “NO WAR”çılardan yararlanmağa cəhd göstərirlər.
***
Gürcüstana, daha dəqiq desək, Ş.Papuaşvilinin indi bildirdiklərinə gəlincə isə vurğulayaq ki, parlament sədrinin sözlərinə görə, indiyədək Gürcüstan Pravoslav Kilsəsinə qarşı dini bayramların qeyd olunması xüsusunda nəzərə çarpan hücumlar əvvəlcədən planlaşdırılmış, əlaqələndirilmiş prosesin tərkib hissəsidir və vətəndaş sülhünə düzəlməz ziyan vura biləcək təhlükəli həddə çatıb. Ş.Papuaşvili açıqlamasında konkret ad da çəkib. Onun sözlərinə görə, sözügedən hücumlar “qondarma vətəndaş cəmiyyəti təşkilatları”, o cümlədən, “Sovet keçmişinin tədqiqi laboratoriyası” (SovLab) və onun direktoru Georgi Kandelaki tərəfindən planlaşdırılıb.
S.Papuaşvili, həmçinin, kampaniya iştirakçılarından birinin “Pravoslav Kilsəsinə qarşı düşmənçilik ritorikası ilə seçilən” İctimai Müdafiəçi yanında Tolerantlıq Mərkəzinin rəhbəri Beka Mindiaşvilinin olduğunu açıqlayıb. Söhbətin bu yerində yenə USAİD-ın adı hallanıb. “Tolerantlıq Mərkəzi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Müxtəliflikdə birlik” proqramlarından biri çərçivəsində maliyyələşdirilir”, – deyə gürcü parlament sədri əlavə edib.
Ş.Papuaşvili deyib ki, USAİD artıq onuncu dəfədir maliyyələşdirdiyi layihələrlə bağlı qalmaqalın episentrində dayanır: “Mən gözləyirəm ki, USAID rəhbərliyi bu məsələyə, tez bir zamanda, aydınlıq gətirəcək, Amerika və Gürcüstan xalqlarının maraqlarına uyğun hərəkət edəcək. Gürcüstanın QHT sektorunda, demək olar, tamamilə xaricdən maliyyələşən partiya təbliğatı ilə məşğul siyasətçilər üstünlük təşkil edirlər”.
Bu arada Gürcüstan Parlamentinin birinci vitse-spikeri Georgi Volski də sözügedən məsələ xüsusunda çıxış edib. O bildirib ki, ayrı-ayrı vətəndaşların kilsə müstəvisindəki aqressiv bəyanatları dövlətə qarşıdır və mövcud sabitliyi pozmağa yönəlib: “USAID, həmçinin, maliyyələşdirdiyi proqramlara və onların xidmət etdikləri, dəstəklədikləri və bu ölkədə çoxlu yaxşı işlər gördüyü icmaların maraqlarına necə uyğun gəldiyinə daha dərindən nəzər salmalıdır”.
G.Volski onu da bildirib ki, “Birlik və Müxtəliflik” adlanan proqram, əslində, USAİD-in maliyyələşdirdiyi proqramdan əsaslı şəkildə fərqlənir və adına uyğun gəlmir.“Əgər USAID maliyyələşdirdiyi proqramdan konkret bir şəxs və bir qrup insan tərəfindən sui-istifadə edildiyini bilməsəydi, mən şad olardım. Ümid edirəm ki, onlar bilmirdilər. Çünki sponsorluq etdikləri ad tamam başqadır”, – deyə Volski vurğulayıb.
Ə.RÜSTƏMOV