- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqına (Aİİ) rotasiya qaydasındakı sədrliyi öz üzərinə götürməsi ilə əlaqədar olaraq quruma üzv dövlətlərin başçılarına müraciət ünvanlayıb. Əlbəttə, o, müraciətini həm də təşkilatın fəaliyyətdə olan sədri statusunda edib.
Bəli, Ermənistan bir il müddətinə Aİİ-yə sədrliyi həyata keçirəcək. Əslində, Rusiya ilə artan ziddiyyətləri fonunda İrəvanın Moskvanın egidası altında olan quruma rəhbərliyi bir yana, həmin qurumun üzvü kimi fəaliyyətinin davamına razılıq verməsi maraq doğurmaqdadır. Axı, baş nazir Nikol Paşinyan administrasiyası Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yollarını, faktiki olaraq, ayırmış durumdadır. Ona görə də Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötən ilin noyabrında Aİİ müstəvisində pozitiv mesajlar verməsi, istər-istəməz, təəccüb doğurmuşdu. Ancaq elə o zaman da məlum idi ki, bu mesajlar heç də elə-belədən səslənmir.
Qeyd edək ki, hazırda Paşinyan və komandası, demək olar, əllərinə düşən hər fürsətdə KTMT-nin fəaliyyətini heçə endirməkdə, onu əhəmiyyətsiz təsisat qismində göstərməkdədirlər. Bu tendensiyasının əsası 2022-ci ildə qoyulmuşdu. Həmin il Ermənistan rotasiya qaydasında təşkilata sədrliyi həyata keçirdi. Və KTMT-nin 2022-ci ilin noyabrında İrəvanda gerçəkləşmiş sammiti sədrliyin isterik anlarına şahidlik baxımından yadda qaldı.
Baş nazir N.Paşinyan sammitdəki çıxışda KTMT-ni Ermənistanın anti-Azərbaycan ritorikasının alətinə çevirməyə çalışdı. O, qurumun 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində yaşanmış gərginliyə siyasi qiymət verməsinə cəhd göstərdi.
Nikol Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı toplantıda son dərəcə həyasızcasına istədi ki, KTMT Azərbaycanı işğalçı kimi göstərən yekun qərar çıxarsın. Ancaq niyyəti reallaşmadı. Üstəlik, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Paşinyanın bu isteriyasına özlərinə xas üslubda cavab verdilər. Qazaxıstan lideri Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşmədiyini bildirərək, hazırkı durumun KTMT-nin ona qarışma səlahiyyətindən uzaqlığını əsaslandırdı. Lukaşenko isə daha sərt şəkildə dillənərək erməni baş nazirini sammitə toplaşanları uşaq yerinə qoymamağa çağırdı. Yəni, bu o demək idi ki, rəsmi İrəvanın KTMT platformasında oynamaq istədiyi oyun mənasızdır.
***
Bəli, hazırda N.Paşinyanın Aİİ-yə üzv dövlətlərin başçılarına müraciəti də KTMT müstəvisindəki mənasızlığın transfer cəhdinin ilk siqnalıdır. Tam aydın olur ki, rəsmi İrəvan bu qurumu özünün avantürist niyyətlərində, bir növ, plasdarm kimi istifadəni düşünür, eynilə KTMT xüsusundakı xəttin davamını rəhbər seçir. Deməli, Ermənistan Aİİ-yə sədrlikdən də Rusiyanı və onun hakim rol oynadığı təşkilatı nüfuzdan salmaq naminə bəhrələnəcək. Buna qətiyyən şübhə yoxdur. Elə Paşinyanın müraciətində üzərində dayandığı başlıca məsələ də belə fikir yürütməyə əsas verməkdədir.
***
Ermənistanın baş naziri Aİİ ilə bağlı başlıca perspektiv fəaliyyət istiqamətlərini açıqladığı müraciətində “Dünyanın kəsişməsi” ideyasını ortaya atır. O ideya ki, erməni avantürizminin müasir konseptini təşkil edir. Məlum olduğu kimi, rəsmi İrəvanın “Dünyanın kəsişməsi”, “Dünya kəsişməsi” və ya “Sülhün yol kəsişməsi” kimi təqdim etdiyi bu layihə Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına qarşıdır.
“Zəngəzur dəhlizi”nin məğzini ölkəmizin digər ərazilərinin Naxçıvanla birləşdirilməsi təşkil edir. Nəzərə alaq ki, məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gəlməkdədir. Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətinin, kapitulyasiyasının nəticəsi olaraq meydana çıxmış üçtərəfli bəyanatın doqquzuncu bəndində çox aydın şəkildə vurğulanıb ki, İrəvan Naxçıvana yol üçün təminat verməli, həmin yoldakı təhlükəsizliyi isə Rusiya Federal Təhlükəsizlik Xidməti qorumalıdır. Ermənistan üçün hazırda bu müddəa yoxmuş kimidir.
Azərbaycanın mövqeyi budur ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, həmin yolda sərhəd və gömrük nəzarəti olmamalıdır. Ümumən, “Zəngəzur dəhlizi” Şərqdən Xəzər dənizi və Rusiya ərazisi ilə Qərbə doğru Türkiyə vasitəsilə daşımaların regional episentrini təşkil etməlidir. “Dünyanın kəsişməsi” isə Ermənistanı həm qeyd edilən, həm də İran vasitəsilə Qara dənizə, oradan da Avropaya daşımaların mərkəzinə çevirmək məntiqinə əsaslanmaqdadır. Bu, ölkəmiz üçün tam yolverilməzdir.
Birincisi, 44 günlük müharibə olub. Yəni, Ermənistan öz xoşluğu ilə regiondakı düzənin formalaşmasına töhfə verməyib. Deməli, hələlik, ölkə, ilk növbədə, inamı itirmiş durumdadır. Ona heç cür böyük layihədə təhlükəsizliyin qorunması xüsusunda etimad etmək olmaz. Ermənistana etimad həm də ona görə göstərilməməlidir ki, ölkə üzərinə düşən öhdəliyi yerinə yetirmir, yəni Paşinyan öz imzasından imtina edir. Buna görə Azərbaycan Naxçıvana yolun İran ərazisindən keçməsi təklifini irəli sürür. Belə yanaşma Ermənistanın təcrididir. Daha doğrusu, təcridin davamıdır və haqlıdır.
Onu da nəzərə alaq ki, hazırkı durumda “Dünyanın kəsişməsi” nəinki anti-Azərbaycan, eyni zamanda, anti-Rusiya mahiyyəti daşıyan layihədir. Mövcud təşəbbüsün Moskvanın Cənubi Qafqaz regionundan tamamilə sıxışdırılması üçün həm siyasi, həm də iqtisadi müqavimət yükünü üzərinə götürməsinə hesablanıb. Buna görə də erməni rəsmilər, xüsusən, N.Paşinyan məsələni bütün beynəlxalq platformalarda fəal şəkildə təbliğ etməklə məşğuldur. İndi bu təbliğat Aİİ müstəvisinə keçməkdədir.
Təsəvvür edin ki, loru dildə desək, Ermənistan iqtidarı Rusiya bazarına öz məhsulunu çıxarmağı və bunun müqabilində bazar sahibinə heç bir ödənc etməməyi düşünür. Ancaq demək olarmı ki, Paşinyan və tərəfdarları planlarının gerçəkləşəcəyinə inanırlar. Onlar həddən artıq həyasız ola bilərlər, amma sadəlövh deyillər. Əlbəttə, hazırkı durumda sadəlövlükdən uzaqlıq başlıca parametr deyil. Vacib məsələ həyasızlıqdır. Əslində, baş nazir Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının ötən il dekabr ayının sonunda Sankt-Peterburqda keçirilmiş iclasındakı çıxışı da tipik erməni xislətinin nümayişi idi. Onun sözlərindən belə çıxmışdı ki, iqtisadi təşkilat olan Aİİ heç bir halda siyasi məqsədlər üçün alətə çevrilməməlidir. Ancaq biz görürük ki, hazırda Paşinyan, ilk növbədə, bu fikrindən yayınır. Hər halda, “Dünyanın kəsişməsi”nin tam bir siyasi layihə olduğu heç kəsə sirr deyil.
Bəli, Paşinyan və komandası inanmır ki, “Dünyanın kəsişməsi”ni Aİİ müstəvisinə gətirmək fayda verəcək. Ancaq bu istiqamətdə fəaliyyət İrəvan üçün vacibdir. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Ayran hər zaman var. Məsələ burasındadır ki, hazırda Ermənistan, obrazlı ifadə etsək, Aİİ daxilinə qoyulmuş saat mexanizmli bombadır. Vaxtın tamamında partlamalıdır. Necə ki, KTMT müstəvisində bir ilin tamamında partladı və hazırda həmin partlayışın “qəlpələri” ətrafa səpələnməkdədir. Yəni, Ermənistan KTMT-nin fəaliyyətsizliyi məsələsini qabartmaqla, anti-Rusiya siyasəti həyata keçirməkdədir. Bu siyasət avantürist notlara köklənməklə, Moskvanın hakim rol oynadığı təşkilatların işinin iflic hala salınmasına, bu qurumların heç bir əhəmiyyətinin olmadığı görüntüsünün formalaşdırılmasına yönəlib.
N.Paşinyan məqsədini reallaşdırmaq üçün gəlişigözəl fikirlər də səsləndirməkdədir. Məsələn, 2045-ci ilə qədərki dövr üçün Aİİ çərçivəsində iqtisadi proseslərin gələcək inkişafına dair qəbul edilmiş bəyannamənin əhəmiyyətini vurğulayan erməni baş nazir həmin sənədin qurumun inkişafı ilə əlaqədar prioritet istiqamətlər doğurduğunu deyir. O bildirir ki, xarici bazarlara çıxmaqdan ötrü Aİİ-nin coğrafi mövqeyinin tranzit potensialından və imkanlarından maksimum istifadə lazımdır. Nikol, həmçinin, Avrasiyanın nəqliyyat infrastrukturunun inkişafı və malların üçüncü ölkələrə ixracı, beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf institutları ilə əlaqələrin potensialını maksimum dərəcədə artırmaq yönümlü əlavə səylərin göstərilməsi üzərində dayanır. Hazırda bu kimi “həlli vacib məsələlərin” reallaşmadığını deyən Paşinyan mətləbə gəlir: “Bu kontekstdə Ermənistan Respublikası tərəfindən təklif olunan perspektivli “Dünyanın kəsişməsi” layihəsinin uğurla həyata keçirilməsi Avrasiya beynəlxalq nəqliyyat marşrutları üzrə tranzit daşımaların təmin edilməsi naminə nəzərdə tutulan məqsədlərə çatmaqda mühüm rol oynayacaqdır. “Dünyanın kəsişməsi” regionumuzun ölkələrini avtomobil, dəmir yolu, kabel, qaz kəmərləri və elektrik xətləri ilə birləşdirə bilər”.
Göründüyü kimi, Ermənistanın baş naziri Aİİ müstəvisində öz başını aşan məsələlərdən danışır. Nikol onu da çox yaxşı bilir ki, təşkilata üzv dövlətlərin hər birinin Azərbaycanla əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bütün bu bildirdiklərimizin fonunda belə qənaətə gəlmək mümkündür ki, erməni hökumət rəhbərinin quruma üzv dövlətlərin başçılarına müraciəti siyasi təxribatdan başqa bir şey deyil. Böyük ehtimalla, Paşinyan gələcəkdə mövcud istiqamətdəki təxribatlarının mövzu dairəsini və məzmununu xeyli zənginləşdirəcək. Əlbəttə, buna zənginləşdirmək demək mümkündürsə.
Ə.CAHANGİROĞLU