- Daxili siyasət
- 09:37 20.09.2024
Sən demə, Azərbaycan Ermənistanın cənub sərhədlərinə hücuma hazırlaşırmış. Bu sərsəm iddianı bir neçə gün əvvəl fransız nəşri olan “Le Point” jurnalı gündəmə gətirib. Özü də Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətlə bağlı “Qaçılmaz müharibə” başlıqlı reportajında.
İlk növbədə, məqalənin sərlövhəsinə və Azərbaycanın hücumu məntiqinə diqqət yetirək. Məlum olduğu kimi, bu kimi iddialar son günlər Ermənistan cəmiyyətində geniş şəkildə yayımlanır. Ölkə iqtidarı isə sanki onların tirajlanmasında katalizator funksiyasını yerinə yetirir. Görəsən, məqsəd sadə erməniləri qorxu və təlaş içində saxlamaqdırmı? Məlumdur ki, 44 günlük müharibədən sonra ermənilərdə qorxu hissi onsuz da var. Bəs, nə üçün, belə demək mümkünsə, qorxunun damarına basılır?
Birincisi, Ermənistan hakimiyyəti avantürizmindən əl çəkmir. Nəzərə alaq ki, avantürizmin xarici qaynaqları da var. Bu baxımdan “fəaliyyətinə” diqqət yetirilməli ölkə isə məhz Fransadır. İrəvan Parisin direktivlərini yerinə yetirməklə, qeyri-konstruktiv mövqe tutmaqda, Azərbaycanla sülh prosesini əngəlləyir və mövcud istiqamətdəki barışmazlıq xətti yeni müharibə perspektivi doğurur. Deməli, indiki halda erməni cəmiyyətini Azərbaycanın hücumu ilə qorxutmaq lazımdır. Lazımdır ki, qorxu müqavimət hissinə çevrilsin.
İkincisi, Azərbaycanın Ermənistana hücum məntiqi, bir qayda olaraq, Azərbaycan tərəfindən səslənmiş bəyanatlardan sonra dövriyyəyə girir. Bakı reallıqları vurğulayır, prinsipial və haqlı baxışlarını ortaya qoyur, obyektiv tələblərini səsləndirir, İrəvanda isə bütün bunların işğal xəbərdarlığı olduğu deyilir. Təbii ki, məsələnin belə yolverilməz qoyuluşu aşkar manipulyasiyadır, həqiqətlərin təhrifinə yönəlmiş siyasi təxribatdır.
Bəli, Fransanın “Le Point” jurnalı da aşkar təxribat əməli ilə məşğuldur. Təxribatın hədəfləri barədə söz açmazdan əvvəl bildirək ki, sözügedən nəşrin məqaləsində Qarabağın Azərbaycan Ordusu tərəfindən, guya, işğal olunduğu bildirilir. Əlbəttə, məsələnin qoyuluşunun beynəlxalq hüquq prinsiplərinə tam zidd olduğunu vurğulamaq niyyətindən uzağıq. Çünki fransız siyasi dairələrinin, həmçinin, media orqanlarının təməl prinsiplərə əhəmiyyətsiz və etinasız yanaşacaq qədər azğın mahiyyətə kökləndikləri aşkardır. Eləcə də yüz mindən çox Qarabağ ermənisinin öz doğma torpağını məcburən tərk etməsi kimi cəfəng məntiqdən də təəccüblənmirik. Başlıca məqam primitivlikdədir.
Təsəvvür edin ki, o boyda ölkənin tanınmış nəşri bir keçmiş müharibə veteranının fikirlərinə nəzərən Azərbaycanın Ermənistanın üzərinə hücuma keçəcəyinə dair fikirlər tirajlayır. Hələ digər müharibə veteranı da “danışdırılır” və Gevorq adlı həmin şəxs, öz aləmində, vətənpərvərlik duyğularına güc verir: “Qorxu ölüb, Ermənistan isə diridir”.
Göründüyü kimi, fransız nəşri, Fransa hökuməti kimi illüziya yaratmaqla məşğuldur. Aşkar görünür ki, Parisin siyasi dairələrinin tapşırığını yerinə yetirən jurnal qızışdırıcı mövqe tutmaqdadır. Bu mövqenin daha bir təzahürü “Le Point”un məqaləsində yer almış və Ermənistandakı Qarabağ erməniləri ilə söhbəti əks etdirən məqamlardan aydın görünür. Diqqət yetirək, yazıda bildirilir: “Bu adamların (Qarabağdan köçkün düşmüş ermənilərin - red) qəzəb və müqavimətlərini görmək üçün erməni dilini bilmək lazım deyil”.
Bəli, “Le Point” təkcə ermənipərəstlik etmir. Jurnal, eyni zamanda, Fransanın hakimiyyət dairələrinin anti-Azərbaycan sifarişlərini yerinə yetirir. Bəs hazırkı dövr üçün bu sifarişlərin məqsədi nədən ibarətdir? Əlbəttə, ilk məqsəd ölkəmizi gözdən salmaqdır. Gözdən salmaq və Azərbaycanın qəddar obrazını formalaşdırmaq, dünyada ölkəmizə münasibətdə antipatiya yaratmaq.
Digər tərəfdən, Fransanın Ermənistanı silahlandırdığı məlumdur. Hazırda Paris bu əməlini, bir növ, legitimləşdirməyi düşünür. Yəni, göstərmək istəyir ki, İrəvana silah-sursat yardımı ermənilərin Bakının zülmündən xilası üçündür. Azərbaycanın Ermənistana hücum edəcəyinə dair fikrin qabardılmasındakı başlıca niyyət də məhz budur.
Deməli, Fransa Ermənistanı gücləndirməyə davam edəcək. “Le Point” jurnalının saxta sentimentallığa söykənmiş məqaləsindəki ayrı-ayrı fikirlər də deyimin təsdiqidir. Əlbəttə, strateji hədəf Ermənistanın Azərbaycana qarşı hücuma keçəcək qədər güclənməsinə nail olmaqdır. Bir sözlə, Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasına yol verməmək. Nəzərə alaq ki, regionda sülh Fransının qlobal maraqlarını təmin edilməmiş saxlayan perspektiv vəd edir.
Ə.RÜSTƏMOV