- Daxili siyasət
- 09:37 20.09.2024
Mütəxəssislərin fikrincə, qorxu hissinin canlının müxtəlif orqanlarına, xüsusilə sinir sisteminə mənfi təsiri nəticəsində yüngül və ya ağır fəsadlar ortaya çıxa bilər. Amma təbiətdə olduğu kimi, cəmiyyətdə, eləcə də siyasətdə bundan daha önəmli faktor bu hissi yaradan səbəblərdir. Yəni, bu xəstəliyə mübtəla olan subyekt/obyekt yanlış və zərərli hərəkətlərə yol verə, yaxud düzgün qərarlar qəbul etməkdə çətinlik çəkə bilər.
Bu xəstəlik konkret fərdlərlə yanaşı, bütöv bir toplumun, hətta beynəlxalq yarlıq altında gizlənən “təsisatların” davranışında özünü açıq şəkildə göstərmək ehtimalını yaradır. Eynən Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyanı ölkəmizə göndərməkdən çəkinən Avropa Parlamentinin (AP) başbilənlərinin nümayiş etdirdiyi tərəddüdlü mövqeyi kimi. Artıq rəsmən təsdiqlənmiş məlumatdır: AP 7 fevral növbədənkənar prezident seçkilərinin monitorinqini apamaqdan ötrü Azərbaycana müşahidəçi missiyasını göndərməyəcək. Bu, Strasburqdan gözlənilən qərar idi. Çünki Azərbaycan XİN, eləcə də Milli Məclis tərəfindən Prezident seçkisini müşahidəyə dəvət olunan beynəlxalq təşkilatların siyahısında bu qurumun adı yoxdur. Aydın məsələdir ki, diplomatik qaydalara əsasən, hələ dəvətə qədər tərəflər arasında konfedensial fikir mübadiləsi mərhələsi olur. Rəsmi dəvət məhz həmin müzakirənin yekunundan asılı olaraq göndərilir, ya da göndərilmir. Deməli, 7 fevral seçkisini müşahidə missiyasından imtina qərarının AP rəhbərliyinin özünün qəbul etdiyinə şübhə yeri qalmır.
***
Ümumavropa qanunverici orqanının açıqladığı bəyanatda deyilir ki, AP Azərbaycanda Prezident seçkisini müşahidə etməyəcək və buna müvafiq olaraq, qurum nə seçki prosesini, nə də onun nəticəsini şərh edəcək. Bu açıqlamasına əlavə olaraq AP xüsusi olaraq altını cızır ki, “Avropa Parlamentinin heç bir üzvü onun adından seçki prosesini müşahidə və şərh vermək səlahiyyətinə malik deyil”.
Yəqin AP-ın Strasburqdakı mənzil-qərargahında əyləşənlər belə bir düşünülmüş sual qarşısında qalıblar: Fevralın 7-də Azərbaycanda azad və demokratik, beynəlxalq hüquq və normalara tam riayət olunmaqla keçiriləcəyinə şübhə yeri qalmayan Prezident seçkilərinin səhərisi qurumun müşahidə missiyası hansı rəyi açıqlayacaq? Seçkilərin “pis” keçirildiyini söyləməyə əllərində əsasları olmayacaq, “yaxşı” keçirildiyini isə etiraf etməyə qorxacaqlar. Amma bütün hallarda reallıq avroparlamentarilərin “üzünə durub”: budəfəki Prezident seçkiləri, işğaldan azad olunmuş torpaqları daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək. Seçkinin hüquqi coğrafiyası təkcə Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcəri deyil, o cümlədən Şuşanı, Xankəndini, Xocavəndi, Ağdərəni, Xocalını da əhatə edəcək. Sadaladığımız inzibati ərazi vahidləri Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri ilə təsbit olunub. Görünür, avroparlamentariləri bu seçkilərdə “qorxudan” əsas amil prosesin təşkil edildiyi və onların müşahidə edəcəkləri bu ərazilərin, faktiki olaraq, tanınması anlamına gəlməsidir. Axı bu etiraf “Dağlıq Qarabağ ermənilərinin hüquqları” uğrunda mübarizə aparan, “onların haqqını tapdayan” Bakıya qarşı bəyanatlar qəbul edən AP-nin ermənipərəst missiyası ilə daban-dabana zidd olardı. Erməni lobbisinin pulları ilə hərəkətə gətirilən və okeanın o tayından verilən siyasi sifarişləri yerinə yetirmək üzrə “ixtisaslaşmış” avroparlamentarilər üçün sponsorları qarşısında verəcəkləri hesabat daha önəmlidir. Avropanın Azərbaycanafob, Türkiyəfob qüvvələrinin cəmləşdiyi bu qurumun 2023-cü ilin sentyabrında Bakının həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qaladıqları “siyasi-ideoloji tonqalın” külü hələ soyumayıb.
***
Əlbəttə, formal olaraq Avropa Parlamenti 7 fevral seçkilərinin monitorinqindən imtina etməkdə sərbəstdir. Bu, nə hüquqi cəhətdən mübahisələndirilə biləcək presedentdir, nə də cavab notasının, yaxud bəyanatın veriləcəyi məqamdır. Fəqət 2023-cü ilin payızında Azərbaycana qarşı ermənipərəst kağız parçalarını qəbul edən avroparlamentarilər elə o zaman ölkəmizin bütövləşmiş suveren ərazisində keçirilən seçkilərin monitorinqini aparmaq haqqını itirib. Burada söhbət, sadəcə, siyasi məsuliyyətdən gedə bilər. Bəs, “köhnə qitə”də bu məsuliyəti onun boynuna yükləyəcək qurum varmı? Yoxdur!
Yazımızın əvvəlinə qayıdaraq bir daha qeyd edək ki, Avropa Parlamenti hazırda öz içindəki qorxunun əsirinə çevrilib. Ağır, bəlkə də sağalmaz xəstəlikdir. Diaqnozu bizə də məlumdur, əlacını isə özləri tapsınlar.
İmran BƏDİRXANLI