USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın “psixoz gündəliyi”

Yaxud erməni siyasi düşüncəsində miskinlik


https://img.baki-baku.az/news/2024/01/photo_10624.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da ölkəmizin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Ermənistanda psixoz durum formalaşdırıb. Bu isə onu deməyə əsas verir ki, erməni ictimaiyyəti normal və məntiqi düşünmək imkanından məhrumdur. Mövzumuz bu vəziyyətin ayrı-ayrı məqamları ilə bağlıdır.

Əvvəla, ondan başlayaq ki, hayların ekspert və jurnalist cameəsi Azərbay­canla Ermənistan arasında imzalanma­sı gözlənilən sülh müqaviləsindən son­ra da vəziyyətin normallaşmayacağına dair fikirlər tirajlamaqdadır. Elə görüntü formalaşır ki, sanki kimlərsə münasi­bətləri korlamaq üçün start fitinin ça­lınmasını gözləməkdədir. Belələri hər məqamı nəzərə alır və mövcud xüsus­da “uzaqgörən” mülahizələr yürüdərək, erməni cəmiyyətində çaşqınlıq yaradır­lar. 

Əlbəttə, əvvəllər də bu meyil özünü göstərib. O zaman elə təəssürat var idi ki, belə bir yarıtmaz dəst-xətti seçənlər baş nazir Nikol Paşinyan administrasi­yasına müxalif qüvvələrdir. Ancaq hazır­kı mənzərə tam əksini söyləməyə əsas verir. İndi elə Nikolun tərəfdarları olan başbilənlər də növbəyə düzülərək, an­ti-Azərbaycan mövqeyini gücləndirməyə girişiblər. Əslində, Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında səsləndirdiyi fikirlər də beyin qıcqırması keçirənlər üçün, bir növ, motivasiyadır. 

Nəzərə alaq ki, Ermənistanın hö­kumət rəhbəri Bakıdan gələn bəya­natları sülh prosesinə ciddi zərbə kimi qiymətləndirdiyini dilə gətirib. Mövzunu daha da “genişləndirən” erməni baş­bilənlər isə iddia edirlər ki, Azərbaycan Ermənistanı müti, zəif, inkişaf etməyən, ona tabe statusunda saxlamaq niyyəti güdür.

Əlbəttə, belə yanaşma həm də xa­ricə mesajdır. Elə Paşinyan özü də sö­zügedən iclasdakı çıxışında xaricdəki ermənipərəst qüvvələrə səslənmişdi. Səslənmiş və bildirmişdi ki, Azərbaycan sülh müqaviləsi ilə, guya, Ermənistanın suveren ərazilərini işğal etmək üçün le­gitim əsas formalaşdırmaq istəyir. Bu te­zisi bir qədər də “zənginləşdirən” erməni ekspert, politoloq dairələrinin təmsilçilə­rinin qaldırdıqları şivən ritorikasında məzmun həm də budur: Bakı İrəvanın Qərbə doğru gedən yolunu əngəlləmək istəyir. 

Göründüyü kimi, ənənəvi məzlum erməni “siyasi metodologiyası” seçilir. Bu xətt hər cür avantürizmi pərdələmək mahiyyəti daşıyır. Elə “Azərbaycan Ermənistanı blokadada saxlamaqda davam edəcək” deyimi də “məzlumun ahı sinfoniyası” kimi səslənməkdədir. Həqiqətən də, ortada son dərəcə böyük həyasızlıq var. Həm reallığı qəbul etmək istəmirlər, həm də vay-şivən qaldırırlar. Söylədiklərindən belə çıxır ki, “Zən­gəzur dəhlizi” Ermənistanın müəyyən etdiyi şərtlərlə açılmalı imiş. Yəni, sər­həd və gömrük nəzarəti gerçəkləşdiril­məklə. Halbuki, Bakı Naxçıvana yolun “Azərbaycandan–Azərbaycana yol” məntiqinə söykənir və mövqeyində tam haqlıdır. Ermənistan haqqı qəbul etmir­sə, o zaman təcriddə qalmalıdır. Necə deyərlər, özü yıxılan ağlamaz. Erməni başbilənləri bu atalar sözümüzdən xə­bərsiz olmamalıdır. Ancaq xislətləri im­kan vermir ki, sağlam düşünsünlər. 

Bəli, Azərbaycanla sülhün olmaya­cağını deyən erməni politoloq və eks­pertlər vurğulayırlar ki, Bakının məqsədi Ermənistanın iqtisadi inkişafına, eləcə də Qərblə hərbi-siyasi əməkdaşlığın qurulmasına maneçilik törətməkdir. Əlbəttə, İrəvanın Qərbə inteqrasiyası ilə işimiz yoxdur. Ancaq biz niyə onun hərbi-siyasi əməkdaşlığına seyrçi qal­malıyıq? Axı, Azərbaycan xalqı otuz ilə yaxın müddətdə erməni işğalından əziyyət çəkib. Məgər, Ermənistan işğal­çı ampluasını dəyişmək üçün hansısa addımlar atıbmı, səmimiyyət nümayiş etdiribmi? Qətiyyən yox! Ona görə də İrəvanın işğalçılıq qoxulu səylərini boğ­malıyıq. Həm də ona görə boğmalıyıq ki, maraqlı olduğumuz Cənubi Qafqaz regionunda sülh yaransın. Elə bir sülh ki, iqtisadi əməkdaşlıq üçün etibarlı zə­min formalaşdırsın. Hazırda Ermənistan özünün qeyri-konstruktivliyi ilə məhz bu mühitin yaranmasını əngəlləyir. 

Maraqlı bir məqam da var. Belə ki, erməni başbilənlərin anti-Azərbaycan baxışlarındakı günahkar həm də Qərb­dir. Onlar iddia edirlər ki, Bakı Qərbə Türkiyə və Azərbaycanla münasibətləri tam tənzimləyən Ermənistanın lazım ol­duğunu yaxşı dərk edir və bu səbəbdən İrəvana təzyiq yolu tutur. Yəni, belə çıxır ki, İrəvan özünü Qərbə Azərbaycana və Türkiyəyə qarşı çıxacaq fiqur kimi təqdim etməyə çalışır. İstəyir ki, bey­nəlxalq qüvvələr məsələni məhz bu cür dəyərləndirsinlər və hərəkətə keçsinlər. Göründüyü kimi, ortada son dərəcə sər­səm və sərsəm olduğu qədər də qorxulu yanaşma var. Bu yanaşmanın Ermənis­tanı tam məhvə aparacağı isə birməna­lıdır. 

Ermənistanda günahı Rusiyada axtarmaq meyili də aktuallığını saxla­maqdadır. Bu tendensiyanın tərəfdarları Prezident İlham Əliyevin müsahibəsin­dən sonra ölkəmizin Rusiya ilə sinxron şəkildə hərəkətə üstünlük verdiyini vurğulamaqdadırlar. Onların fikrincə, Rusiya Ermənistanın rus neoimperi­alizminin təsir dairəsini tərk etməsini istəmir. Həmçinin, onların düşüncəsinə görə, Bakı, guya, Vaşinqton və Brüssel­də kontruktiv danışıqlardan imtina ilə Moskvanın regional maraqlarının mü­dafiəsinə çalışır. Belə yanaşma isə heç şübhəsiz, Azərbaycanı Qərblə üz-üzə qoymaq məqsədi güdməkdədir. 

Təsəvvür edin, Azərbaycan özünə məxsus səkkiz kəndin qaytarılmasını tələb edir, Ermənistanda isə bildirirlər ki, Bakı beynəlxalq ictimaiyyət qarşısında İrəvana qarşı münaqişələrin saxlanıl­masına haqq qazandırmaq yolu tutur. Bu iddianı ortaya atan baş nazir Nikol Paşinyana yaxın ekspertlərin məqsə­di nədir? Hesab edirlər ki, danışdıqları nağıl erməni cəmiyyətində silkələn­məyə gətirəcək? Bəlkə cəmiyyəti “işğal­çı Azərbaycana” qarşı yeni müharibəyə təhrik etmək istəyirlər? Nə desən göz­ləmək mümkündür. Hər halda, erməni avantürizminin sağalmaz xəstəlik oldu­ğu hər kəsə yaxşı bəllidir. Xəstəlik daşı­yıcılarının çərənləmələrinin kulminasiya nöqtəsi isə budur: Azərbaycan “Zəngə­zur dəhlizi”ni açmaq üçün Sünikə hərbi hücum gerçəkləşdirəcək.

Bəs, bütün iddiaları müqabilində er­məni başbilənlər nə tələb edirlər? İstə­yirlər ki, Ermənistan üçün yüksək sə­viyyədə təhlükəsizlik və iqtisadi inkişafa şərait yaradılsın. Hansı yolla? Əlbəttə, Avropa İttifaqına sıx inteqrasiya yolu ilə. Eyni zamanda, ABŞ və Fransadan güclü dəstək almaqla. Söhbət silah-sursat və maddi dəstəkdən gedir. Axı, psixopatlar yığınının belə bir tezisi var ki, zəifləmiş, hücuma məruz qalmış Ermənistan Qər­bin arxalanacağı dövlət ola bilməz. Yəni ki, dünyada hər kəs erməniləri güclən­dirməyin qayğısına qalmalı imiş (?). Öz­lərini böyük bir şey zənn edirlər. Sanki, bu coğrafiyada Ermənistan adlı dövlət olmasaymış, nə isə tərs gedəcəkmiş. Bir sözlə, əvvəlki erməni miflərinə isti­nad hayların siyasi düşüncəsinə də ha­kim kəsilmiş durumdadır.

Sonda bir məqamı da vurğulayaq. Təsəvvür edin ki, Qərb 2018-ci ildə inqilab edib özünə yaxın qüvvəni Er­mənistanda hakimiyyətə gətirdi. İstər 44 günlük müharibə, istər ondan sonra yaşananlar, istərsə də hazırkı durum onu göstərir ki, Qərb Paşinyanı iqtidara yiyələndirən inqilabı gerçəkləşdirməkdə çox tələsdi. Bəlkə indi peşmandır da. Çünki, belə demək mümkünsə, inqila­bın övladları ipə-sapa yatmayacaq qə­dər miskindir və bu xarakterləri, sözün əsl mənasında, bezdiricidir. Axı, real ya­naşsaq, ortaya suallar çıxır: Ermənistan Qərbin nəyinə lazımdır? Yaxud, Qərbə Ermənistanmı lazımdır, yoxsa Azər­baycan? Suallara soyuq baxış müasir erməni dövlətçiliyi üçün bir aqibəti vəd edir – fəlakət! 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV