- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal etdikdən sonra özlərini və başqalarını da inandırmağa çalışırdılar ki, “hərbi əməliyyatlarının uğurlu alınmasında erməni əsgərlərinin döyüş ruhu, nizam-intizamı böyük rol oynadı”. Yəni ermənilər “güclü ordu ilə böyük qəhrəmanlıqlara” imza atmışdılar. Belə “qəhrəmanlıqlar” da erməni əfsanələrinin “bəzəyinə “çevrilmişdi. Amma hər kəs bilirdi ki, erməni ordusu deyilən hərbi institut yoxdur və ermənilər tarixin bütün dövrlərində qonşularına xaincəsinə basqın edən yaraqlı dəstələr yaratmaqla tanınırlar. Bu gün də heç nə dəyişmir, Ermənistan ordusundakı dərəbəylik indi də hökm sürür.
Hələ Azərbaycan torpaqlarında “ağalıq” etdikləri dövrdə erməni hərbi qulluqçularının orduda üzləşdikləri çoxsaylı qanun pozuntuları barədə faktlar qeydə alınırdı. Ermənistan ordusunda hökm sürən dərəbəylik barədə faktların ictimaiyyətə açıqlanması, xüsusilə də Aprel döyüşlərində sarsıdıcı zərbədən sonra intensivləşmişdi. Məsələn, 2017-ci ildə Armtimes.com yazırdı: “Bu boş şücaətdən əl çəkmək lazımdır, çünki Aprel döyüşlərində azərbaycanlıların əlimizdən aldığı Lələtəpənin yüksəkliklərini görən hər kəs özündə güc tapıb etiraf etməlidir: belə bir yüksəkliyi ancaq o ordunun əlindən almaq olar ki, orada mütləq xaos hökm sürür. Qəzalar, intiharlar, partlayışlar, əsasnamədən kənar davranışlar, 800 hektar ərazinin itirilməsi, yüzlərlə ölü və ordudan qaçan kütlələr. Yetər. Etiraf edək ki, ordumuz tam bir dərəbəylikdir, xanımlar və cənablar”. Amma erməni analitiklər əsas etirafı etməmişdilər: yüksəkliklər, pulsuz aldıqları silahlar Ermənistanı Azərbaycan əsgərinin ədalətsizliyə son qoymaq arzusundan xilas edə bilməzdi.
“Ermənistanın səsi” agentliyinin analitik qrupunun Ermənistan ordusunun vəziyyəti ilə bağlı araşdırmasında da yeni heç nə yox idi. 2022-ci ildə dərc edilmiş həmin araşdırmada qeyd olunurdu: “Müşahidələr belə düşünməyə əsas verir ki, hakim xunta tam hüquqlu bir ordu əvəzinə, vəzifəsi yalnız Ermənistan sərhədlərinin perimetri daxilində şərti nizamı qorumaq olacaq polis qüvvələrinə bənzər bir şey yaratmağı hədəfləyir”. Qəzet, həmçinin yazır ki, 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti nəinki təcili olaraq taqətdən düşmüş, halsız ordunun fiziki və mənəvi reabilitasiyası mexanizmlərini işə saldı, həm də onun əhali tərəfindən müsbət qəbulunu tamamilə dəyərsizləşdirmək və ordunun yerdə qalan potensialını da ləğv etmək üçün zəruri addımları atdı. Ermənistan ordusunda özbaşınalığın hökm sürdüyünü yazan “Ermənistanın səsi” əlavə edirdi ki, əsgərlərin maddi təminatı son dərəcə zəifdir: “Bir çox döyüş postları hələ də təc-hiz olunmayıb. Əsgərlər çılpaq yerdə çadırlarda yatırlar. Döyüş növbəsi çox vaxt zabitlərin olmadığı və düşmənin hücumu zamanı aydın göstərişlər olmadan həyata keçirilir”.
Ermənistan ordusunda vəziyyətin bu gün də yaxşılığa doğru dəyişmədiyini bildirirlər. Son günlər ordudakı qətl hadisələri və ölüm halları barədə faktların Ermənistanda geniş ictimai rezonans doğurduğu vurğulanır. Məsələn, yanvarın 13-də Ermənistan müdafiə nazirliyi güclü qar fırtınası və görmə qabiliyyətinin pis olması səbəbindən Benjamin Manuçaryan adlı əsgər ilə əlaqənin kəsildiyini bildirmişdi. Bir gün sonra isə həmin əsgərin meyiti qar ucqunu altından çıxarıldı. Bu ölüm faktı Ermənistan rəhbərliyini yenidən tənqid hədəfinə çevirdi. Məsələn, jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazır: “Orduda daha bir itki. Uçqun altından döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən, lakin uçqun altında qalan hərbçinin meyiti aşkar edilib. Faktiki olaraq müharibə vəziyyətində olan ölkənin ordusu tam bərbad vəziyyətdədir”. Erməni jurnalist ordudakı dərəbəyliyə görə müdafiə nazirini və baş qərargah rəisini günahlandırır: “Orduda xidmət edərkən komandirini bıçaqlayan və buna görə həbsxanaya düşən Suren Papikyan və baş qərargah rəisi Edurad Asrian vəzifələrindən möhkəm yapışırlar”. V.Sarkisyan yazır ki, ordudakı acınacaqlı vəziyyətə görə əsas məsuliyyət daşıyanlar və günahkarlar onlardır, lakin hər ikisi də məsuliyyət və təqsir hiss etmirlər.
Yanvarın 6-da həqiqi hərbi qulluğa çağırılmış gəncin hərbi komissarlıqda yoxlama zamanı ölməsi də Ermənistan ordusundakı acınacaqlı vəziyyəti bir daha göz önünə gətirdi. KİV-nin məlumatına görə, 20 yaşlı Erik Arutyanın səhhətində problemlərin olmasına baxmayaraq, hərbi komissarlıq əməkdaşları onun tibbi yoxlanışdan keçməsinin zəruriliyini bildirmişdilər. Valideynlərinin etirazına məhəl qoymayan hərbi komissarlığın əməkdaşları erməni gənci fiziki hərəkətlər etməyə məcbur etmişdilər. Bununla bağlı “ArmLur.am” yazır ki, sərt şəkildə təşkil olunmuş yoxlamadan keçdikdən sonra Erik Arutyunyan yanvarın 5-dən 6-na keçən gecə ürək tutmasından dünyasını dəyişdi. Əlbəttə ki, Ermənistan ordusunun rəhbərliyi bu dəfə də günahını boynuna almayaraq, ölən gəncin valideynlərinə başsağlığı verməklə kifayətləndi.
Təbii ki, belə biabırçı faktlar Ermənistan ordusunda mütəmadi olaraq baş verir. Əsgər və zabit arasında münasibətlərin tez-tez qanla bitməsi faktları erməni ictimaiyyətinin gündəmindən düşmür. Bu, bir daha onu göstərir ki, Ermənistanın elementar işlək mexanizmlərə malik ordusu yoxdur və erməni revanşistlərinin “güclü ordu” barədə sayıqlamaları boşboğazlıqdan başqa bir şey deyil.
Səbuhi MƏMMƏDOV