- Daxili siyasət
- 09:37 20.09.2024
Qlobal fırıldaqçı Ruben Vardanyan yenə gündəmə gəlib. Bu dəfə “xeyriyyəçi” dələduzu nüfuzlu BBC xatırlayıb. Britaniya Yayım Korporasiyası yayımladığı geniş araşdırma materialında Ruben Vardanyan obrazını ifşa edib, onu, sözün əsl mənasında, yerdən yerə çırpıb. “Konformist milyarderdən əlverişsiz siyasətçiyə qədər. Ruben Vardanyan necə Azərbaycanda həbsxanaya düşdü?” başlıqlı materialda BBC oxucularının diqqətinə çatdırıb ki, R.Vardanyanın “xeyriyyəçi” və “uzaqgörən” obrazının arxasında hiyləgər bir adam gizlənir. Nəhayət, Qərb mətbuatı da Azərbaycanın R.Vardanyan barədə uzun müddətdir ki, geniş ictimaiyyətin diqqətinə çatdırdığı təkzibolunmaz faktları qəbul etdi.
Erməni əsilli Rusiyanın sabiq vətəndaşı, milyarder Ruben Vardanyan barədə kifayət qədər material yayımlanıb. Şimal qonşumuzun pasportundan imtina edərək, Qarabağ ərazisinə köçmüşdü. Pul dəllalı bu yerdəyişməni, guya, xalqının “iztirablarını” yüngülləşdirmək üçün atdığını bildirmişdi. Qarabağdakı “soydaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması” məqsədi ilə, hətta, “artsax inkişaf və təhlükəsizlik fondu”nu da yaratmışdı. “Xeyriyyəçi” libasını geyinməklə R.Vardanyan daha böyük məqsədlər arxasınca gəldiyini sonradan büruzə verməyə başlamışdı. Elə ilk günlərdən bilinirdi ki, 90-cı illərin qaranlıq küçələrinin “övladı” bəzi dairələrin geosiyasi layihəsidir və xeyirxahlıq obrazına girməsi də məhz buna hesablanmışdı. BBC yazır ki, R.Vardanyan 2022-ci ildə hamını təəccübləndirdi, Moskvadakı sakit həyatından ayrıldı, Rusiya pasportunu təhvil verdi və Qarabağa getdi. Orada “dövlət naziri” postunu tutdu. Sonrakı proses də hamıya məlumdur. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizmi tarixin zibilliyinə atıldı və R.Vardanyan regionu tərk etmək istəyərkən sərhədçilərimiz tərəfindən yaxalandı. İndi erməni “xeyriyyəçi” Bakı həbsxanasında digər erməni separatçıları ilə Azərbaycan çayı içir.
Əlbəttə, Ruben Vardanyan və onun siyasətdəki və kriminal aləmdəki yüksək rütbəli himayədarları Qarabağda ciddi problemlər yaratmağa ümid edirdilər. Yəni, Azərbaycanın başladığı inteqrasiya prosesləri Ruben Vardanyan və onun himayədarlarının planlarını pozurdu. Erməni milyarder və onun himayədarları uzun müddət idi ki, külli miqdarda pulların yuyulması, köçürülməsi və leqallaşdırılması ilə bağlı maxinasiyalar həyata keçirən maliyyə fırıldaqçıları kimi tanınırlar. BBC-nin hazırladığı məqalədə də R.Vardanyanın “Troyka Dialoq” və bütöv ofşor şirkətlər sisteminin fırıldaqları təqdim edilir, onların vasitəsilə nüfuzlu adların pullarının gizli şəkildə xaricə ötürüldüyünə ehyam vurulur. Xatırladaq ki, 2019-cu ildə R.Vardanyan 2012-ci ilə qədər rəhbərlik etdiyi “Troyka Dialoq Bank”la əlaqəli ofşor sxemlər vasitəsilə vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunub. OCCRP-nin araşdırmasına görə, o və tərəfdaşları müxtəlif ölkələrdə gizli şirkətlərdən və hesablardan istifadə edərək vergi orqanlarından təxminən 8,8 milyard dollar gizlədiblər.
BBC yazır ki, hələ 2020-ci ildə rusiyalı müxalifətçi Aleksey Navalnının bir sıra şübhəli maliyyə əməliyatlarının aparıldığı ofşorun tamamilə Ruben Vardanyana məxsus olduğunu bildirmişdi. A.Navalnının araşdırmalarına görə, ofşorda izi itirmək üçün R.Vardanyan həmin əmlaka 3 milyard rubl ödəmişdi. Bundan başqa, BBC əlavə edir ki, Qarabağa köçən Ruben Vardanyan Rusiyadakı bütün var-dövlətini ailəsinin nəzarətinə vermişdi. 2022-ci ilin oktyabrında, Vardanyan Rusiyanı tərk etdikdən dərhal sonra Zonabend Vardanyanın əvvəllər səhmlərinə sahib olduğu bir neçə kiçik şirkətin ortaq sahibi oldu. Məsələn, 2022-ci ilin oktyabrında R.Vardanyan Qarabağa köçdükdən sonra “Mediakrat” reklam agentliyini alıb. Ancaq artıq 2023-cü ildə agentlikdəki pay Emilia Zonabendə keçdi (soyadına görə, bu milyarderin həyat yoldaşının qohumudur-BBC).
Britaniya Yayım Korporasiyası materialında R.Vardanyanın digər qaranlıq işlərinə işıq salıb: “Vardanyan hazırda Rusiya ordusu üçün yük maşınları və zirehli maşınlar istehsal edən KAMAZ şirkəti ilə bağlıdır. 2021-ci ilə qədər KAMAZ-ın 24 faizi “Avtoinvest” şirkətinə məxsus idi və Vardanyan hələ də etimadı ilə bu şirkətin ortaq sahibidir. O, həm də KAMAZ-ın İdarə Heyətindədir”. “Transparency International” təşkilatınadan İlya Şumanov BBC-ə bildirib ki, o, pul çıxarmaqla məşğul olan və korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi görünməyə çalışır. Buna görə də, BBC yazır ki, R.Vardanyan Qarabağa getmək qərarına gələndə onun səmimiliyinə heç də hamı inanmadı.
BBC-nin materialında da bu fırıldaqları xatırlanır: “Araşdırmadan məlum oldu ki, “Troyka Dialoq” bütöv ofşor şirkətlər sistemi yaradıb. Onların vasitəsilə nüfuzlu şəxslərin pulları gizli şəkildə xaricə ötürülürdü: bu şəxslərdən biri jurnalistlər Vladimir Putinin dostu, musiqiçi Sergey Rolduqinin adını çəkiblər. Uzun illərdir ki, müstəntiqlər violonçel ifaçısı prezidentin “pul kisəsi” adlandırırlar”. Britaniya Yayım Korporasiyası R.Vardanyanın araşdırmalara verdiyi cavabı dərc edib. Erməni əsilli milyarder “etiraf” edib ki, guya, fırıldaqlara məcburiyyətdən gedib, Rusiya elitasının tələblərinə boyun əyməkdən başqa çarəsi olmayıb. BBC daha ifşaedici məqamlara toxunmayıb. Məsələn, fırıldaqçı “xeyriyyəçi”nin fəaliyyətinin bir hissəsi vaxtı ilə Azərbaycan ərazisində çirkli pulların yumaqdan, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə məşğul olmaqdan ibarət olmuşdu. Bundan başqa, R.Vardanyan Qarabağın təbii sərvətlərinin oğurlanmasında və daşınmasında da iştirak etmişdi. Erməni milyarderin adı ortağı sayılan Livan əsilli, həm Kanada, həm də ABŞ vətəndaşı, milyarder Noubar Afoyan ilə birlikdə qara işlərdə hallanırdı. Yaxın Şərq regionunda silah alverçisi kimi tanınan bu cütlük Azərbaycanın ərazilərinin qanunsuz məskunlaşmasında da fəal iştirak etmişdilər. BBC R.Vardanyanın Rusiyanın Meduza saytına 2019-cu ildəki müsahibəsini xatırladır: “Başa düşün, mən mələk deyiləm. Rusiyada sizin üç seçiminiz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Beləliklə, mən konformistəm... Mən özümü və prinsiplərimi qorumağa çalışıram”.
Hə, burada xoruzun quyruğu görünür. Yəni, özünü digər “akulalardan” qorumaq üçün oğru prinsiplərini dövriyyəyə buraxmağı məqbul sayıb. BBC də R.Vardanyanın bu sayaqlamasına inanmadığını materialında belə qeyd edib: “... hadisələrin bu versiyası milyarderin hakim elitanın əhatəsində olmağa çalışması faktına uyğun gəlmir. OCCRP sayəsində məlum oldu ki, erməni iş adamı Sergey Çemezov və “Rostex” dövlət şirkətinin digər rəhbərlərinin kotteclərinin yerləşdiyi dəniz sahilindəki İspaniya kəndində ev tikib”. BBC, həmçinin bildirir ki, milyarder R.Vardanyan “Rostex”in baş direktoru Sergey Çemezov və dövlət korporasiyasının digər rəhbərləri ilə “Vremena Qoda” ov klubunun üzvü olub, S.Çemezovun pullarını idarə edib. Təbii ki, R.Vardanyan özünü qara işlərdən kənar tutmağa çalışıb. Erməni iş dəllalı Rusiyanın Qərbin sərt sanksiyaları ilə üz-üzə qaldığını nəzərə alaraq öz kapitalının əhəmiyyətli hissəsini ermənilərin yaşadığı ərazi olan “boz zona” vasitəsilə daşımaq və leqallaşdırmaq istəyirdi. Bu pulların yuyulması üçün o, hər cür xeyriyyə təşkilatları yaradır, infrastruktur və digər layihələr həyata keçirməyə çalışırdı.
BBC materialında R.Vardanyanın siyasi ambisiyalarının olmasına da diqqət çəkib. Bununla bağlı Britaniya mətbuatı yazır: “Politoloq Qriqoryan əmindir ki, R.Vardanyanın Ermənistanda öz siyasi ambisiyaları var idi. Milyarderlə yaxından tanış olan iqtisadçı Ruben Yenikolopov da onunla razılaşır. “Onun ambisiyaları çox aydın idi: o, Ermənistanın başçısı olmaq istəyirdi”. Politoloq Tiqran Qriqoryan deyir ki, onun gəlişi əvvəlcə qarabağlıları ruhlandırdı: “Bu qəbildən olan bir adam çətin vəziyyətdə gələndə əhalidə ümid yaradır ki, bəlkə burada hələ hansısa gələcək var”. Bununla yanaşı, politoloq Qriqoryan BBC-yə müsahibəsində R.Vardanyanın “prinsiplərinin adamı” olduğunu deməyə çalışsa da, sözlərindən belə aydınlaşır ki, erməni iş adamı adi avantürist və burnundan uzağı görməyən birisidir. İş adamının qəti şəkildə Azərbaycanla razılaşmaların və güzəştlərin əleyhinə olduğunu vurğulayan erməni politoloq əlavə edir ki, “Vardanyanın bir az “ura-vətənpərvər” mövqeyi vardı: sona qədər mübarizə aparmalıyıq. Amma necə döyüşmək barədə dəqiq yol xəritələri yox idi. Buradan da görünür ki, R.Vardanyan psevdo-vətənpərvər obrazında ancaq pul maraqlandırıb. Əsgərsiz və paqonsuz general kimi ortalığa atılan erməni iş adamının napoleonluğu da yalnız sosial şəbəkələrdə çərənləməkdən o tərəfə keçmirdi.
BBC-nin müxbiri politoloq Qriqoryandan soruşub ki, R.Vardanyan öz planında səhvə yol verməyib? Cavab gözləniləndir: “O, demək olar ki, ümidsiz bir vəzifə götürdü və gözlənildiyi kimi, möcüzə baş vermədi”. İndi R.Vardanyanın himayədarları möcüzə gözləyirlər: fırıldaqçı “filantrop” həbsdən nə zaman çıxacaq? Azərbaycan qanunlarına görə, iş adamı terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələrin yaradılmasında iştirakda və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Bu isə o deməkdir ki, R.Vardanyanın dostları möcüzəni başqa yerdə axtarmalıdılar. Qarabağın sərvətlərini talayan və Azərbaycana hörmətsizlik edən fırıldaqçı “xeyriyyəçi” ədalətli cəzasını çəkməlidir.
Səbuhi MƏMMƏDOV