- Daxili siyasət
- 09:37 20.09.2024
Fransa paytaxtının Bastiliya meydanında Paris meriyası və “L’OEuvre d’Orient” katolik icması birgə açıq səma altında “Dağlıq Qarabağ: erməni irsi təhlükə altında” sərgisini təşkil ediblər. Ermənistanın Fransadakı səfirliyinin yaydığı məlumatda qeyd olunur ki, sərginin nüvəsi “Dağlıq Qarabağın erməni tarixi və mədəni irsini təcəssüm etdirən” 30 eksklüziv fotoşəkildən ibarət imiş. “Böyük bacı”larının yaxından dəstəyi ilə təşkil olunmuş, Qarabağ üçün “həyəcan təbili”nin çalındığı sərginin rəsmi açılış mərasimində çıxış edən Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyanın “humanist təşəbbüsə” görə Paris meriyasına və katolik təşkilatına minnətdarlığını bildirməsi təbii qəbul olunmalıdır. Axı bu qurumlar həmişə Ermənistanın və erməni xalqının yanında olublar, onlara “haqq işlərində” hərtərəfli dəstək veriblər.
30 il işğal altında saxladıqları Qarabağımızda insanlarımıza və təbiətimizə qarşı vandalizmin ən son həddini sınaqdan çıxarmış ermənilərin milli-dini, tarixi-mədəni abidələrimizə tutduqları divanı, Yer üzündən sildikləri, əcnəbilərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamın xarabalıqlarını unudaraq, saxta irslərinin həyasızcasına təbliğinə və müdafiəsinə qalxmalarına ad verməkdə çətinlik çəkirik.
* * *
Üç il iki ay bundan əvvəl Azərbaycanın möhtəşəm Zəfərlə bərpa etdiyi tarixi ədaləti həzm etməyə başlamış ermənilərin “miatsum” xülyasını ölməyə qoymayan rəsmi Parisin körüklədiyi separatizm-revanşizm meyillərinin okeanın o tayında, Kaliforniyada da təzahürlərini tez-tez görürük. Bu cür avantürist ideyalara “siyasi züytutanlar”ın məqsədinin heç də ermənilərə canlarının yanmadığı, sadəcə Cənubi Qafqazda korporativ maraqlarını güddükləri barədə yazmışdıq.
Paris meriyasının və kilsənin həmrəyliyinin rəmzi sayılan həmin sərgidəki çıxışında erməni səfir Azərbaycanın “Dağlıq Qarabağda etnik təmizləmə apardığını”, indi isə bölgədə ermənilərin “mövcudluğunun izlərini silmək üçün addımlar atdığını” bəyan edib. “Dağlıq Qarabağ: erməni irsi təhlükə altında” sərgisində nümayiş etdirilən fotoşəkillərdəki kilsələr, heykəllər və monumentlər Bakının “bu siyasətinin sübutları” imiş.
Sərgi ilə bağlı Ermənistanın Fransadakı səfirliyinin məlumatında daha sonra deyilir ki, mərasimdə Paris merinin müavinləri Arno Nqaça və Karin Rollan, “L’OEuvre d’Orient” katolik icmasının prezidenti Jan-İv Tolo, eləcə də “Dağlıq Qarabağın Fransadakı nümayəndəsi” Ovanes Qevorkyan alovlu nitq söyləyiblər.
Parisin tarixi Bastiliya meydanında nümayiş etdirilən itib getməkdə olan “artsax irsi”nə aid fotoşəkillərin arxasından, əslində, ermənilərin Qarabağda törətdikləri və insanlıqla bir araya sığmayan vəhşiliklərin, vandalizmin “portreti” boylanır. Həqiqəti əks etdirən həmin “portreti” təkcə biz deyil, Fransanın sağlam düşüncəli ziyalıları, praqmatik siyasiləri də görürlər. Otuz ildən sonra əsl sahibinə qayıtmış və bir də geri dönməyəcək Qarabağ münaqişəsinin gerçək tarixinə az-çox bələd olan fransızlar da yox deyil.
Fransanın fəxri senatoru tituluna layiq görülmüş Alen Vassel qondarma sərgidəki fotoşəkillərə deyil, 30 il ərzində Azərbaycanın Qarabağ torpağında törədilən vəhşiliklərdən, eləcə də indi Fransanın özündə hayların yalan və riyakarlıqdan yoğrulmuş fəaliyyətlərindən kifayət qədər məlumatlı adamdır. O, Evian şəhərində ermənipərəst qüvvələrin təzyiqləri nəticəsində Azərbaycan parkına vurulan zərər, eləcə də şəhər meriyası tərəfindən parkın adının dəyişdirilməsi təşəbbüslərinə münasibət bildirib. Onun qənaətincə, baş verən hadisələrə narazılıq bildirməyin çeşidli üsulları, müxtəlif yolları var. “Amma yazıçılar, şairlər bizim ümumi tariximizdir. Aleksandr Düma və şair şahzadə Xurşidbanu Natəvan kimi dahilərin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur”, – deyən Vassel Evianda baş verənləri absurd, obyektivlikdən tamamilə uzaq ermənipərəst qüvvələrin qanunsuz əməllərinin nəticəsi kimi qiymətləndirib.
Yəni, dünya ədalət və reallıq hissini itirməmiş fransızlardan xali deyilmiş. Elə ermənilərin öz işərisində də millətinin gələcəyinin qonşuları Azərbaycan və Türkiyə ilə birgə yola çıxmaqdan başqa alternativin olmadığını dərk edən sağlam düşüncəlilər az deyil. İki ölkə arasında sülhün hənirtisinin duyulduğu indiki məqamda məhz onlar sözlərini deməli, mövqelərini sərgiləməlidirlər. Bundan ötrü Parisə getməyə gərək yoxdur, İrəvanın Teatr meydanı yetərlidir.
İ.HƏSƏNQALA