- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi, sülh müqaviləsi, delimitasiya-demarkasiya prosesi, işğal altındakı 8 kənd və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər, ölkəmizin mövqeyinin həmişəki kimi aydın, birmənalı və prinsipial şəkildə ifadə olunması Ermənistanda geniş əks-səda doğurub. Ölkənin müxtəlif informasiya resursları, o cümlədən xəbər saytları müsahibədən çıxarışlar edərək, onu öz səhifələrində yerləşdiriblər. Müsahibə xəbis niyyətli bəzi siyasətçilər, deputatlar, politoloqlar və jurnalistlər arasında isə ajiotaj yaradıb. Ənənəvi anti-Azərbaycan ritorikasına köklənən, bundan özləri üçün, necə deyərlər, xal qazanmağa çalışan həmin şəxslər müsahibəyə isterik reaksiya veriblər. Belələrindən biri özünü “Cənubi Qafqazın problemlərinə diqqət yetirən müstəqil və azad düşüncəli jurnalist” adlandıran Robert Ananyandır.
O, “X” platformasındakı hesabında müsahibə ilə bağlı yerləşdirdiyi irihəcmli yazısında qeyd edib ki, guya, Azərbaycan Prezidenti Ermənistanı hədələyib. Ananyan bu fikrini dövlət başçımızın dediyi “Azərbaycandan–Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir” sözləri ilə “əsaslandırmağa” çalışıb. Deyib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizini təmin etmək istəməsə, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən mühasirədə (?) qalmaqda davam edəcək.
Erməni jurnalistin yuxarıdakı fikirləri “hədə” kimi qəbul etməsi anlaşılan deyil. Onun yanaşması qüsurludur. Başqa necə olmalıdır? Ölkənin bir yerindən digər yerinə gedən insanların və aparılan yüklərin yoxlamaya məruz qalması harada görünüb? Azərbaycanın bu tələbi ədalətlidir və beynəlxalq hüquqa uyğundur. Məsələn, SSRİ-nin dağılmasından sonrakı illər ərzində Rusiya vətəndaşlarının ölkənin ən qərb vilayəti olan Kalininqrad eksklavına rahat gediş-gəliş imkanı olub. Yalnız 2004-cü ilin mayında Polşa və Litva Avropa İttifaqına daxil olduqdan sonra Kalininqrad vilayətinin sakinləri sərhədləri keçmək və Rusiyanın qalan ərazilərinə səyahət etməkdə çətinliklərlə üzləşdilər. Hətta, 2022-ci ilin fevralında Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Qərb ölkələri tərəfindən şimal qonşumuza tətbiq olunan güclü sanksiyalar da Kalininqrada tranzitə təsir etməyib.
R.Ananyanın Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla sərhədlərin heç bir başqa yerdə açılmayacağı fikrinə dözümsüz yanaşması da başa düşülmür. Zəngəzur dəhlizinin açılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Əgər Ermənistanla Azərbaycan arasında sərhədlər açılmalıdırsa, bu proses ilk növbədə Zəngəzur dəhlizindən başlamalıdır. Digər sərhəd-nəzarət buraxılış məntəqələrinin açılması bundan sonra baş verə bilər. Yaxud, bütün sərhəd qapılarının eyni vaxtda açılması mümkündür.
Bu da sirr deyil ki, Zəngəzur dəhlizinin açılmasından təkcə Azərbaycan deyil, Ermənistan və bütün region ölkələri faydalanacaq. İrəvan isə dəhlizin açılmasının suverenliyinə təhdid olacağını bəyan edərək, onu açmaqdan imtina edir. Halbuki, Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermənistanı “dəhliz” ifadəsindən qorxmamağa çağırıb, ölkəmizin Zəngəzur bölgəsinə iddiasının olmadığını bəyan edib. Elə haqqında söhbət açdığımız müsahibə zamanı Prezident İlham Əliyev deyib: “Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşdür. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, – Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, – amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq, bu, piar aksiyadan başqa bir şey deyil”.
Hay jurnalistin Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən mühasirəyə (?) alınması iddiası isə nonsensdir. Bu, bir faktdır ki, Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində dalan vəziyyətinə düşüb. Türkiyə isə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğal olunmasından sonra Ermənistanla sərhədi bağlayıb. Bu gün də bölgədə əmin-amanlıqda səmimi görünməyən İrəvanın yürütdüyü “gah nala, gah mıxa vurmaq” siyasəti üzündən sərhədlərin açılması mümükn olmur. Belə olan təqdirdə Ananyan, o cümlədən onun həmvətənləri başqalarından inciməməli, özlərindən küsməlidirlər.
Ananyan isə tək deyil. Ermənistanda onun kimi düşünənlər çoxluq təşkil edirlər. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan insanların və malların Zəngəzur dəhlizindən yoxlamasız keçməsini Ermənistana “de-fakto ultimatum” kimi qəbul etdiyini bildirib.
Ölkənin sabiq prezidenti, Azərbaycana qarşı qanlı etnik separatizmin fəal iştirakçısı Robert Koçaryanın oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryan deyib ki, Azərbaycan və Türkiyənin Ermənistanla sülh yaratmaq istədiyini düşünənlər yanılırlar. O, özünün “Telegram” kanalında yazıb: “Hələ də bu cür düşünənlər, yumşaq desəm, sadəcə olaraq, reallıqdan uzaqdırlar”.
Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan isə hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi hər bir fikir ciddi qəbul edilməlidir. Jurnalistlərlə söhbətində o deyib ki, ermənilərin də vəzifəsi Ermənistanın əsaslarını gücləndirmək və möhkəmləndirmək olmalıdır: “Bu gün ən doğrusu sülh şəraitində yaşamaqdır. Müharibə nə vaxtsa bitməlidir, yoxsa yox?!”
Qeyd edək ki, Prezident İlham Əliyev müsahibə zamanı Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi...”
Bu məqama münasibət bildirən hakim “Mülki müqavilə” partiyasının üzvü, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Sarkis Xandanyan deyib ki, Ermənistan dəfələrlə kommunikasiyaların açılmasına dair öz mövqeyini bildirib və bunun hansı prinsiplərə uyğun baş verməli olduğunu qeyd edib: “Bu prinsiplərə kommunikasiyaların keçdiyi ölkələrin suverenliyinə və qanunlarına hörmət və qarşılıqlıq daxildir. Həmin prinsiplər müqavilədə öz əksini tapmalıdır və iyulda aparılan danışıqlar zamanı bu məsələlərlə bağlı şifahi razılıq əldə olunub. Bundan sonra dəhliz məntiqi ilə bağlı bütün söhbətlər bizim üçün ən azı anlaşılmazdır”.
Xandanyan qeyd edib ki, ərazidən keçəcək yolların təhlükəsizliyi Ermənistanın müvafiq strukturları tərəfindən təmin ediləcək: “Kommunikasiyaların açılmasının Ermənistanın suverenliyi və qanunvericiliyi çərçivəsində həyata keçiriləcəyi deyildikdə, bu, o deməkdir ki, həm indi, həm də blokdan çıxarıldıqdan sonra ərazimizdən keçən yollarda təhlükəsizlik Ermənistanın müvafiq strukturları tərəfindən təmin olunmalıdır”.
Bunun 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın doqquzuncu bəndinin tətbiq olunmayacağı anlamına gəlməsi ilə bağlı sualı şərh edən Xandanyan, yalnız erməni tərəfinin israr etdiyi kommunikasiyaların açılması prinsiplərini təkrarlayıb.
Göründüyü kimi, Azərbaycan Prezidentinin müsahibəsi Ermənistan cəmiyyətinin gündəminə çevrilib. Müsahibə geniş müzakirə olunur: normal düşüncə qabiliyyətinə malik olanlar ondan özləri üçün nəticə çıxarır, xəstə təfəkkürlülər isə onu öz bildikləri kimi qavrayırlar. Ancaq bütün hallarda Ermənistanda siyasi gündəmi də regionda yeni reallıqlar yaradan Azərbaycanın formalaşdırdığı bir daha aydın olur.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
– Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan dərhal sonra Zəngəzur dəhlizinə qarşı çıxmağa başlamışdı. Ötən üç il ərzində onlar həmin mövqelərini dəyişmədilər. Buna görə də Azərbaycan İran vasitəsilə alternativ yol tapdı. İndi, yəni alternativ yolun tapılmasından sonra bunlar ortaya düşərək “Sülhün kəsişməsi” adlı layihə təqdim ediblər. Ermənistan bununla Zəngəzur dəhlizinə alternativ yaratmağa çalışır. Burada bizi qane etməyən iki məsələ var. Birinci rejim məsələsidir. Yəni, hansı rejim tətbiq olunacaq. İkincisi isə təhlükəsizlik məsələsidir. Yəni, yolun təhlükəsizliyinə kim cavabdehlik daşıyacaq.
Biz Ermənistanla bu iki məsələdə razılıq əldə edə bilmirik. Amma ermənilər buna qarşı çıxırlarsa, özləri bilərlər. Tipik erməni yanaşmasıdır. Biz onlara vaxtilə bir çox layihələrə qoşulmağı təklif etmişdik. Həm neft kəmərlərinin, həm də digər layihələrin Ermənistandan keçməsini təklif etmişdik. Buna razı olmadılar və axırda tam dalan vəziyyətinə düşdülər. Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə də itirən Ermənistan olacaq. Bizim üçün İran variantı var.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru
– Ermənistanda Azərbaycan Prezidentinin müsahibəsi ilə bağlı fərqli interpretasiyalar var. Ancaq Prezident tam səmimi şəkildə Azərbaycanın baxışlarını açıqladı. Bu baxışlar ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakı yalnız Zəngəzur dəhlizinin xüsusi rejimdə açılmasını təklif edir. Bu, o deməkdir ki, Azərbaycandan–Azərbaycana gedən insanlar və yüklər yoxlanılmamalıdır. Biz onu da başa düşməliyik ki, Naxçıvan üzərindən keçməklə, tutaq ki, İrəvandan Mehriyə, başqa sözlə, Ermənistandan–Ermənistana gedən şəxslər və insanlarla da bağlı həmin qayda işləyəcək. Bunu eksterritorial status, yaxud “işğal faktı” kimi təqdim etmək absurddur. Onlar bizim təkliflərə belə yanaşdıqları üçün Azərbaycan Prezidenti dedi ki, qəbul edirsinizsə, edin, etmirsinizsə, heç nə açılmayacaq.
Əgər Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıbsa, mərhələli şəkildə anklavlar məsələsinin də həlli mümkündür. Azərbaycanın bu istiqamətdə də təklifləri və yanaşması konstruktivdir. Azərbaycan Prezidentinin ölkəmizin mövqeyini açıq-aydın bildirməsi ilə bağlı Ermənistanda ajiotaj yaradılması da yersizdir. Yəni, bu, Ermənistan tərəfi üçün yeni bir şey deyil. Dəfələrlə deyilib. Belə olan halda sülh sazişini çətinləşdirən sərhəd və kommunikasiyaların açılması məsələsini qeyd etmədən imzalamaq daha doğru olardı. Zənnimcə, Ermənistan tərəfi ajiotaj yaratmaqdan, dezinformasiya yaymaqdan, manipulyasiya etrməkdənsə, bu haqda ciddi düşünməlidir.
Səxavət HƏMİD