- Daxili siyasət
- 11:03 30.09.2024
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində çoxsaylı vacib məqamların üzərində dayandı. Dövlətimizin başçısı bu müsahibə ilə həm yola saldığımız 2023-cü illə bağlı, həm Prezident kimi, fəaliyyətinin 20 illiyinə dair hesabat verdi, həm də ümumən Azərbaycanın 1993-cü ildən başlayaraq inkişaf dinamikasını əks etdirən kifayət qədər dolğun məzmunlu fikirlər səsləndirdi.
Prezident güclü və qüdrətli, öz məqsədinə doğru inamla, qətiyyətlə, səbr və təmkinlə irəliləyən Azərbaycan obrazını canlandırdı. Bu obraz 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət xətti əsasında meydana çıxaraq ayaqda qalmaq, var olmaq naminə dirəniş və əzm göstərmişdi. Dövlət başçımızın davam etdirdiyi kurs isə ona qətiyyət və prinsipiallıq immuniteti qazandırdı. Ən böyük uğur da elə budur. Uğurun Zəfər zirvəsi Azərbaycanın gördüyü çətinliklərin, yaşadığı məhrumiyyətlərin mükafatı olmaqla yanaşı, ədalətin təntənəsidir.
Bəli, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası haqqın və ədalətin təcəllisidir. Haqq və ədalət mübarizəsinin davamı baxımından bazadır, etibarlı təməldir, eyni zamanda, gələcək tarixi mərhələ üçün münbit zəmindir. Onu da əminliklə söyləmək mümkündür ki, 2024-cü ildə dövlətimiz və xalqımız üçün yeni tarixi mərhələ başlayır ki, fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə həmin mərhələyə uğurlu start veriləcəyi şübhəsizdir. Mövcud məqam Prezident İlham Əliyevin özünəxas üslubda verdiyi izahda da əksini tapır: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Ədalətə inanmaq. Prezident İlham Əliyevin müsahibəsindəki bu fikir parlaq səslənir. Ulu öndər Heydər Əliyev inamı gənc respublikanın düçar olduğu saysız-hesabsız problemlər içərisindən, sanki, şam işığı ilə tapıb cəmiyyətə təqdim etmişdi. Ümummilli lider, demək olar ki, hər çıxışında haqq davamız üçün ideoloji zəmin hazırlamışdı. Bu böyük şəxsiyyət ədalətə inam hissini Qarabağ dərdimizin qaysaq bağlamasına imkan vermədən aşılamışdı.
Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, eyni kursu reallaşdırmaqla, Qarabağın və işğal edilmiş digər yurd yerlərimizin timsalında həm haqq və ədalət mübarizəmizi möhkəmləndirdi, həm də əməli fəaliyyəti ilə inamın təntənə anına qovuşması naminə, bir növ, yol xəritəsi müəyyənləşdirdi. Dövlətimizin başçısı da ulu öndər Heydər Əliyev kimi, bütün mötəbər beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini təbliğ etdi. Ən əsası isə inama fövqəltəbii libas biçdi, ona özündə bütün qlobal siyasi oyunların təsirindən sığortanı, qorunmanı birləşdirən zireh qazandırdı. Elə bir zireh ki, Qarabağ itkisinin gətirdiyi sarsıntıların xalqın ruhunu sındırmasına imkan vermədi. Halbuki, belə bir təhlükə var idi: “Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”.
Bəli, biz ədaləti özü bərpa edən xalqıq. Ancaq nəzərə almalıyıq ki, ötən otuz ilin müəyyən mərhələlərində səngiməkdə olan Qarabağ inamımızı qanunauyğunluq kimi təlqin etmək, daha doğrusu, sırımaq cəhdləri olub. Axı ayrı-ayrı xarici qüvvələrin erməni işğalını leqallaşdırmağa səy göstərdikləri yaxşı xatirimizdədir. Bu qüvvələr müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinə saxta beynəlmiləlçilik ab-havası gətirməyə cəhd etmişdilər. Əslində, ədalətə inamı öldürmək, bütövlükdə Azərbaycan-Ermənistan danışıqlarının ahənginə təsir göstərmək, təslimçilik xətti götürmüşdülər. Ancaq istəklərinə nail ola bilməmişdilər. Ona görə ki, ulu öndər Heydər Əliyevin aşıladığı barışmazlıq ruhu Prezident İlham Əliyevin şəxsində dövlət siyasətinin, o cümlədən, Qarabağ nizamlamasının leytmotivini təşkil etmişdi. Bu leytmotiv xalqımızın xoşbəxtlik axtarışındakı ən böyük dirənişdir. Dirənişdə dövlətimizin başçısının da vurğuladığı kimi, əsas halqanı məqsədlərə çatmaq üçün minimum təzyiqlə üzləşmək taktikası, bütün manipulyativ təklifləri nəzərə almadan, böyük hədəfə doğru məqsədyönlü hərəkət təşkil etmişdi. Bu mənada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər siyasi dərsliklərə düşəcək qədər mötəbərdir: “Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”.
***
Əlbəttə, ali hədəflərə doğru yol heç vaxt asan olmur. 2020-ci ilin Vətən müharibəsinədək qarşılaşdığımız çətinlikləri dəf etmək son dərəcə müşkül idi. Amma müharibədən sonrakı durumun da ağırlığını xüsusi vurğulamağa ehtiyac var. Prezident İlham Əliyev müsahibəsində həmin məqama dolğun şəkildə nəzər salır. Dövlətimizin başçısının bildirdikləri əsəb müharibəsinin fraqmentləri kimi müstəsna tarixi əhəmiyyətə malikdir və heç şübhəsiz, zaman keçdikcə 2020-ci ildən sonra apardığımız psixoloji savaşın bütün incəlikləri açıqlanacaq.
Nəzərə alaq ki, bir sıra tarixi proseslər üzərindən müəyyən müddət keçdikdən sonra vətəndaşlıq hüququ, tarixin yaddaşında əbədi qalma üstünlüyü qazanır. Bu aspektdən yanaşsaq, ötən il aprelin 23-də yaşanmış hadisə də şanlı tariximizin bir parçasıdır. Həmin tarixdə Həkəri çayı üzərində yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsi 2020-ci il noyabrın 8-də yaşanmış Şuşa zəfərinin tamlaşmasını təmin etmişdi. Dövlətimizin başçısı da bu məqamı qabardaraq bildirir ki, 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması idi. “Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdilər”, – deyən Prezident İlham Əliyevin 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələrinin gerçəkləşdirdiyi bütün əməliyyatların strateji əhəmiyyətini vurğulaması bir daha onu göstərir ki, dövlət suverenliyimizin bərpası güclə düşünülmüş, məntiqi siyasətin müqəddəs vəhdət məhsuludur.
Bəli, sentyabrın 20-də yaşanmış təntənə Prezidentin ölçülü-biçili siyasət trayektoriyasının parlaq nəticəsi idi. Əlbəttə, bu hadisənin, ilk növbədə, Azərbaycanın dövlət suverenliyini bərpa etmək əzminin göstəricisi olduğunu vurğuladıq. Ancaq böyük siyasətdə bir çox şeyləri məqsədə doğru səbirlə irəliləmək həll edir. İlham Əliyev şəxsiyyətinin səbirli yanaşması hansısa strateji hədəfi ertələmək məntiqindən uzaqdır.
Azərbaycan cəmiyyəti 20 il ərzində yaxşı gördü ki, əgər dövlətimizin başçısı məsələyə səbirli münasibət göstərirsə, deməli, hədəfə doğru yol daha böyük konseptuallıq qazanır. Çünki səbir hədəfi cilalayır, məfkurə halına gətirir, sanki onu düşüncələrə hopdurur. Əslində, ötən müddətdə dövlətimizin Qarabağ ermənilərinə, o cümlədən, onları alətə çevirmiş separatçılara çağırışları da bunun təsdiqidir. Tam qətiyyətlə demək olar ki, 2020-ci ildən sonrakı psixoloji müharibənin ən böyük komponenti dövlətimizin başçısının davranışlarında özünü qabarıq göstərən təmkin meyarıdır. Bu meyar konseptualdır, sistemlidir və oyun qaydalarının pozulması ilə müşayiət edilən istənilən meyili dərhal müəyyənləşdirmək təbiəti ilə silahlanıb. Müəyyənləşdirmək həm də səhvə məcbur edərək zərərsizləşdirməkdir. Ona görə də Prezident İlham Əliyev bildirir ki, antiterror tədbirlərinədək Qarabağda qanunsuz seçkilərin keçirilməsi razılaşmanın pozulması idi: “Bildiyiniz kimi, sentyabrın 9-da həmin qanunsuz seçkilər keçirilmişdi və o, ikinci qırmızı xətt idi. Çünki birinci qırmızı xətt Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bəyan edirdi”.
Göründüyü kimi, səbir kasasının daşdığı anlar da olur. Prezident müsahibəsində bununla bağlı məqamları dolğun notlarla diqqətə çatdırır. Dövlətimizin başçısı antitettor tədbirlərini labüdləşdirən məqamları açıqlayır və bu sırada beynəlxalq ictimaiyyətin bəzi qütblərinin Qarabağda separatizm yuvasını saxlamaq cəhdlərindən tutmuş, Ermənistanın həmin cəhdlərdən illüziyaya qapılaraq, həyata keçirdiyi təxribatçı əməllərə, o cümlədən, yüzlərlə insanımızın həyatına son qoymuş mina terrorunadək, bir sıra məsələlər üzərində dayanır.
Bütün bunlara layiqli cavab verilməli idi və cəmi 23 saat ərzində verildi də. Amma dövlətimizin başçısı qarşıya qoyulan hədəfə 23 saat deyil, daha tez çatıldığını da açıqladı ki, bu da lokal xarakterli antitettor tədbirləri ilə əlaqədar gələcək tədqiqatların mövzusu kimi nəzərdən keçirilməsi vacid olan amildir. Prezidentin vurğuladığı bu xüsus da son dərəcə vacibdir: “Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
***
Prezident İlham Əliyevin Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı üzərində dayandığı başlıca məqamlardan biri də Fransanın ölkəmizə qarşı tutduğu yarıtmaz mövqedir. Əlbəttə, bu mövqenin bir adı var – qatı ermənipərəstlik. Qeyd edək ki, məhz ermənipərəstlik son vaxtlar Paris və Bakı arasındakı ziddiyyətlərin birmənalı çıxış nöqtəsidir. Bütün bunların fonunda yenə də sual yaranır: Fransanın Azərbaycandan istədiyi nədir?
Dövlətimizin başçısı bu suala cavabında hər iki ölkənin qarşılıqlı münasibətlərinin tarixinə ekskurs edərək, kifayət qədər, pozitiv cəhətləri sadalayır. Onun söylədiklərindən hasil olan qənaət budur ki, bütün müsbət məqamlar 44 günlük müharibədən sonra sıradan çıxdı. Daha doğrusu, mühüharibədə ölkəmizin qazandığı Zəfərdən sonra.
Belə ki, Fransa Senatı separatçı rejimi müstəqil dövlət kimi tanıdı, Paris Qarabağ məsələsini dəfələrlə BMT Təhlükəsizlik Şurasına çıxarmağa, Bakını işğalçı kimi təqdim etməyə səy göstərdi. Əlbəttə, bütün bunların heç bir faydası olmadı. “Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri, təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin, ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib”, – deyən dövlətimizin başçısının ermənipərəst Parisin siyasi rəzillik etüdlərini canladırdığı aşkardır. Nəzərə alaq ki, Fransanın fiasko meydanı yalnız BMT ilə məhdudlaşmır. Bu sırada Avropa İttifaqı və Avropa Parlamenti də var.
Amma Azərbaycan Fransadan qorunmaqla kifayətlənmir, habelə ona qarşı, belə demək mümkünsə, əks-hücuma da keçir. Cənab İlham Əliyev vurğulayır: “Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.
***
Azərbaycan liderinin yerli televiziya kanallarına müsahibəsində diqqət yetirdiyi növbəti məqam Ermənistanla sülh prosesinin vacib elementi kimi özünü göstərən kommunikasiyaların açılması məsələsi idi. Məlum olduğu kimi, rəsmi İrəvan Azərbaycanın 44 günlük müharibədən sonrakı “Zəngəzur dəhlizi” ideyasına qarşı “Dünyanın kəsişməsi” layihəsini irəli sürməkdədir və bu layihə Ermənistanın müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliklərdən yayınmasından qaynaqlanır. Öhdəlik isə konkretdir – Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən asan yol olmalıdır.
Dövlətimizin başçısı ötən ilin sonlarına doğru bildirmişdi ki, bu yolda heç bir sərhəd və gömrük nəzarəti qurulmamalıdır. Yəni, yol Azərbaycandan Azərbaycana ərazi məntiqinə əsaslanmalıdır. İrəvan və havadarları isə hər vəchlə buna qarşı çıxırlar və “Dünyanın kəsişməsi” ideyası məhz mövcud anlamda diqqət çəkməkdədir. Prezident İlham Əliyev Azərbaycanın iradəsi olmadan belə bir təşəbbüsün gerçəkləşməyəcəyinə əminlik yaradır. “Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, – Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”, – deyən dövlətimizin başçısı regional kommunikasiyaların açılması müstəvisindəki proseslərdə ölkəmizi işğalçı kimi qələmə vermək istəyən qüvvələrə də layiqli cavab verir. O, bir daha Fransa amili üzərinə gələrək bildirir ki, Parisin yaydığı şayiələr əsassızdır, Azərbaycanın Ermənistan ərazisinə hücum planı yoxdur. Naxçıvana yola gəldikdə isə bunun İranla razılıq formulu artıq var və bu formul İrəvan üçün otuz ilə yaxın davam etmiş təcridin davamlılıq kazusudur. Yəni, ölkəmizin lideri Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, üzləşəcəyi aqibətin xəbərdarlığını verir. Bu xəbərdarlığın bir ünvanı Fransadırsa, digər hədəfi ABŞ-dır.
Haşiyə çıxaq ki, ötən ilin sonlarına doğru ABŞ Konqresinin Nümayəndələr Palatasında gerçəkləşmiş Qarabağ dinləmələri zamanı Naxçıvana yolun İran ərazisindən keçməsinə qarşı çox böyük təpkilər səslənmişdi. Məsələ Birləşmiş Ştatlar üçün son dərəcə vacib tərzdə qoyulmuşdu. Belə qənaət formalaşmışdı ki, əgər Naxçıvana yol Ermənistanın sərhəd nəzarəti həyata keçirilmədən, ölkənin ərazisindən deyil, İslam respublikasından keçsə, Vaşinqton Bakıya qarşı tam fərqli üslubda davranacaq. Bu hədə-qorxu dolu bəyanatın müəllifi isə ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms O’Brayn olmuşdu. Halbuki, məqsəd Naxçıvana yolun İran marşrutunu əngəlləmək mahiyyətindən uzaq idi. Axı, Qərbdə yaxşı bilirlər ki, işğal illərində də Naxçıvana yol İrandan keçib. Görəsən, niyə o zaman məsələyə indiki kimi yanaşılmırdı?
Qərbdə onu da yaxşı bilirlər ki, sözügedən yol İrəvan üçün ciddi nəfəslikdir. Həm nəfəslikdir, həm də erməni avantürizminin davamı baxımından yüksək dividend. Əlbəttə, Azərbaycan məsələnin belə qoyuluşu ilə qətiyyən razılaşa bilməz. Cənab İlham Əliyev bunu ötən il də vurğulamışdı, indi də müsahibəsindəki təfərrüatları açıqlamaqla prinsipial mövqeyini bir daha ifadə etdi. “Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir”, – deyən Prezident İlham Əliyev Ermənistana manipulyasiyalarla məşğul olmamağı da məsləhət bilir. Bu isə bir daha onu göstərməkdədir ki, “Dünyanın kəsişməsi”, “Sülhün kəsişməsi” və sair bu sayaq adlandırmalar İrəvanın Azərbaycanla gerçək sülh gündəmini təhrif etmək cəhdindən başqa bir şey deyil və belə yanaşmalar hansısa nəticə verməyəcək. Prezident buna əmin edir: “Azərbaycandan – Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Bilavasitə sülh gündəliyinə gəldikdə isə, dövlətimizin başçısının təbirincə desək, velosiped icad etməyə ehtiyac yoxdur. Yəni, Qarabağ məsələsi bağlanıb. Bu isə o deməkdir ki, sülh gündəliyində erməni avantürizmi üçün hansısa tutacaq yeri yoxdur. Konkret prinsiplər var və Azərbaycan dövləti həmin prinsiplərin beynəlxalq hüquqa uyğunlaşdırılmalı olduğunu vurğulayır. Digər tərəfdən, sülh müqaviləsi üçün əsas şərtlər artıq hazırdır. Ancaq cənab İlham Əliyevin diqqətə çatdırdığı bir vacib məqam da var: “Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Ümumən, Azərbaycan Prezidentinin müsahibəsində Ermənistanla sülh gündəmi baxımından diqqət yetirdiyi iki vacib cəhət diqqət çəkməkdədir. Bunlardan birincisi, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasıdırsa, digər məqam işğal altında olan kəndlərimizin geri qaytarılmasıdır. Əlbəttə, hər iki məsələ prinsipial əhəmiyyətə malikdir. Lakin sərhədlərin delimitasiyası prosesi sülh müqaviləsindən sonra da reallaşa bilərsə, işğaldakı kəndlərimizin geri qaytarılması uzanmamalıdır. Hər halda, dövlətimizin başçısının fikirlərindən gəlinən nəticə bunu söyləməyə əsas verir.
Bəli, Azərbaycan Prezidenti israrlıdır və bu xarakter tarixin acı dərslərindən nəticə çıxarmağı təlqin edir. Nəzərə alaq ki, dövlətimizin başçısının toxunduğu son dərəcə həssas məqamlar var. Həmin məqamlar hazırda da Ermənistanla sülh prosesinin elementidir. Məsələn, Azərbaycan – Ermənistan sərhədlərinin dəqiqləşməsi müstəvisində qarşı tərəfin irəli sürdüyü prinsiplərdən biri budur ki, delimitasiya prosesi ötən əsrin 70-ci illərindən sonrakı xəritələr hesabına aparılsın. Görəsən nə üçün? Səbəbi cənab İlham Əliyev müsahibəsində ətraflı izah edir. Prezident vurğulayır ki, torpaqlarımızın Ermənistana peşkəş verilməsi mərhələli proses olub. İlk mərhələ 1918-ci ildə İrəvanın güzəştə gedilməsidir: “Yəni, 28 mayda respublika elan olundu, 29 mayda İrəvan Ermənistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin - o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi”.
Göründüyü kimi, Prezident İlham Əliyevin mövqeyi barışmazdır. Dövlətimizin başçısının müsahibəsindəki digər fikirlər də bu baxımdan müstəsna əhəmiyyət daşımaqdadır və “Ermənistan nə üçün 1970-ci illərdən sonrakı xəritələri əsas götürür?” sualına cavabı dolğunluğu ilə əks etdirməkdədir. Məsələ burasındadır ki, ölkənin rəhbərliyi tarixi izi silməyə çalışır. Deməli, baş nazir Nikol Paşinyan heç də əbəs yerə demirdi ki, məqsədi Ermənistana, necə deyərlər, doğum şəhadətnaməsi almaqdır. Və deməli, N.Paşinyanın 1991-ci ilin Alma-Ata Bəyannaməsini rəhbər tutması təsadüf sayılmamalıdır. Bəyannamə keçmiş SSRİ-yə daxil olan respublikaların bir-birinin ərazi bütövlüyünü tanımalarını əsas götürür. Ancaq burada maraqlı nüans var – bir halda ki, Alma-Ata Bəyannaməsi SSRİ-dən ayrılmanın suverenlik trayektoriyasını müəyyənləşdirir, o zaman nəyə görə Sovetlər Birliyinə qoşularkən, mövcud olan ərazilər amili üzərində dayanılmasın? Əsl ədalət bu deyilmi? Nə üçün Azərbaycan SSRİ-yə böyük ərazi ilə daxil olmalı, İttifaqdan kiçik ərazi ilə ayrılmalıdır? Yaxud, əksinə, hansı səbəbdən Ermənistan ərazi uduşu qazanmalıdır? Elə Prezident İlham Əliyevin də yanaşması mövcud xüsusdadır: “Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Bəs, Azərbaycan nəyə razılıq verə bilər? Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də aydınlıq gətirir. Hazırkı sərhədlərin şərti olduğunu deyən ölkəmizin lideri bildirir ki, delimitasiya prosesində siyasi metodologiya, yaxud xronologiya əsas götürülməlidir. Fəaliyyət hansısa xəritə əsasında qurulmamalı, Azərbaycan və Ermənistanın sərhəd komissiyaları işini fəallaşdırmalı, ekspert qrupları yaranmalıdır. Həmin qruplar isə sərhədi qarış-qarış müəyyənləşdirməlidirlər. Deməli, indiki halda İrəvan dairələri tərəfindən səslənməkdə olan, guya, Azərbaycanın suveren Ermənistan ərazisinə təcavüz etdiyinə dair fikirlər də nəzərə alınmamalıdır. Yeri gəlmişkən, dövlətimizin başçısı müsahibəsində sırf bu məqama son dərəcə əmin şəkildə toxundu: “Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”.
Bəli, Prezident İlham Əliyev 2024-cü ildə verdiyi ilk müsahibəsində, belə demək mümkünsə, faktoloji əminlik aşıladı. Dövlətimizin başçısının bildirdiklərini ədalətə inam hissinin Zəfər manifesti kimi də qiymətləndirmək mümkündür. Qətiyyətlə demək olar ki, ölkəmizin liderinin Zəfər manifestindəki əminliyin hədəfi Azərbaycan xalqıdır. Yəni, lider xalqa, xalq da liderinə inanır. Bunun nəticəsidir ki, 2023-cü il Vətənimiz üçün böyük uğurlar ili oldu. Xalqımız 2024-cü ilin də parlaq il kimi şanlı tariximizə yazılacağına əmindir. Çünki uğur və müvəffəqiyyətin böyük təminatçısı – Prezident İlham Əliyev kimi dünya miqyaslı şəxsiyyət var.
Əvəz CAHANGİROĞLU