- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni reallıqları Ermənistan rəhbərliyinin qəbul etməli olduğu fikri getdikcə möhkəmlənir. Dünyanın nüfuzlu beyin mərkəzləri də vaxtaşırı bunu etiraf edirlər. Sonuncu dəfə bu istiqamətdə mövqeyini ABŞ-da fəaliyyət göstərən “Stratfor” Analitik Mərkəzi açıqlayıb.
Mərkəzin 2024-cü il üçün proqnozlara dair dərc etdiyi hesabatda bildirilib ki, Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakının tələblərini qəbul etməli olacaq. “Stratfor” analitiklərinin fikrincə, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara bundan sonra da mane olacaq: “Güman etmək olar ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş var. Amma Ermənistan Bakıya qarşı Qərblə genişlənən siyasi əlaqələrindən və onun hərbi dəstəyindən istifadə etməyə çalışacaq. Bununla belə, İrəvanın təsir vasitələrinin az olduğunu da nəzərə almaq lazımdır. Deyə bilərik ki, Ermənistan rəsmiləri rəsmi Bakının ölkənin cənubundan tranzit yolların keçməsi və sərhədlərin delimitasiyası ilə bağlı irəli sürdüyü tələbləri qəbul edəcək”.
“Stratfor”, həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər, habelə ticarət əlaqələri yeni səviyyəyə qalxacaq: “Cənubi Qafqazda Şərq–Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək. Azərbaycan isə Rusiyanı İranla birləşdirən Şimal–Cənub dəhlizinin inkişafına töhfə verəcək”.
Qeyd etdiyimiz kimi, “Stratfor”un belə bir qənaətə gəlməsi ölkəmizin Vətən müharibəsində və postmüharibə dövründə əldə etdiyi ardıcıl qələbələrlə bağlıdır. Əgər müharibənin başa çatmasından sonra Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçirilən ilk görüşdən sonrakı mətbuat konfransında Nikol Paşinyan “Dağlıq Qarabağ münaqişəsi”nin həll olunmadığını iddia etmişdisə, Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən I sammitində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan sənədə imza atmışdı. Paşinyan həmin mövqeyini sonralar Brüsseldə və Kişineuda keçirilən görüşlərdə də təsdiqləmişdi. Nəhayət, 2023-cü il mayın 22-də keçirdiyi mətbuat konfransında Nikol ilk dəfə Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını və bura Qarabağın da daxil olduğunu bəyan etmişdi.
Həmin bəyanatın verilməsinədək isə mühüm hadisələr baş vermişdi. 2021-ci ilin mayında – qar əridikdən sonra Azərbaycan sərhədçiləri Qaragöl ətrafında ölkəmizin sərhədlərinə sahib çıxmış, həmin ilin noyabrın 16-da hər iki tərəfdən itkilərlə müşayiət olunan insident qeydə alınmışdı. 2022-ci il sentyabrın 12–14-də Vətən müharibəsindən sonrakı ən böyük hərbi toqquşma yaşanmışdı. Bəzən “İkigünlük müharibə” adlandırılan hərbi əməliyyatlar zamanı Ermənistan ordusu ağır itkilər vermişdi. Aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz təmin edilmişdi. Yəni, Ermənistan baş nazirinin may ayında “Qarabağ Azərbaycandır!” deməsi öz xoşu ilə baş verməmişdi. Bu, yazımızın girişində qeyd etdiyimiz kimi, Azərbaycanın yaratdığı reallıqların nəticəsi idi.
Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta, əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik…”
Bəli, Azərbaycanın yaratdığı yeni reallıqlar indi nüfuzlu araşdırma mərkəzləri tərəfindən də etiraf olunur. Əslində, bununla Ermənistan rəhbərliyinə subliminal mesaj verilir ki, hazırda iki ölkə arasında həllini gözləyən əsas məsələlərdə konstruktiv yanaşma nümayiş etdirsin. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunsa da, hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur. Ancaq sülh sazişinin imzalanması ilə birbaşa bağlılığı olmayan kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələsində ciddi irəliləyiş nəzərə çarpmır. Halbuki, qeyd etdiyimiz kimi, bu proseslərin bir-birindən asılılığı yoxdur. Ermənistan kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə öhdəlik götürüb və həmin öhdəlik yerinə yetirilməlidir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir neçə gün öncə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində qeyd etdiyi kimi, “dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur: “Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmizə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük”.
Ölkəmizin kommunikasiyaların açılması və delimitasiya məsələsində mövqeyinin ədalətli olması Ermənistan rəhbərliyinin 2024-cü il ərzində onu qəbul edəcəyi qənətinə gəlməyə əsas verir. “Stratfor”un proqnozu isə bunun ilk müjdəçisidir.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanla Ermənistan arasında bu il sülh sazişinin imzalanması ehtimalı yüksəkdir. Təkliflər müzakirə olunur, irəliləyiş var. Ancaq sülh sazişinin imzalanması iki ölkə arasında bütün məsələlərin həlli demək olmayacaq. Böyük ehtimalla iki məsələ sülh sazişindən kənarda qalacaq. Bunlar kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyasıdır. Həmin istiqamətlər üzrə danışıqlar hələ bir müddət də davam edəcək. Sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar, ümumiyyətlə, çox illərimizi ala bilər. Bunu da özümüzə dərd etməməliyik. Zatən, sərhəddəki strateji yüksəkliklər nəzarətimizdədir.
Kommunikasiya xətlərinin açılması ilə bağlı məsələni də Ermənistan üç il ləngitdi. Biz İranla münasibətlərdəki müəyyən gərginliklərə rəğmən, Tehranla razılaşma əldə etdik. Yəni, kommunikasiya xətlərinin açılmasının özü də, əslində, daha çox Ermənistana lazımdır. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib ki, Ermənistan da Azərbaycanın kommunikasiya imkanlarından istifadə etmək hüququna malik olmalıdır. Biz bunun əleyhinə deyilik. Burada qeyri-adi heç nə yoxdur. Rəsmi İrəvan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən sərbəst keçməklə, yoxlamaya məruz qalmadan Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə rahat gediş-gəlişinə imkan versə, Ermənistan da ölkəmizin dəmir yollarından istifadə etməklə Rusiyaya, hətta Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Mərkəzi Asiyaya çıxış imkanı əldə edə bilər. Ancaq qeyd etdiyim kimi, yeganə şərt bizim vətəndaşların yoxlamadan keçmədən Naxçıvana gediş-gəliş hüququnun tanınmasıdır. Zənnimcə, bu istiqamətdə danışıqlar gələcəkdə də davam edəcək və “Stratfor”un hesabatında qeyd edildiyi kimi, Ermənistanın Azərbaycanın şərtini qəbul etməsi mümkündür. Bizim şərtimiz isə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi vasitəsilə sərbəst gediş-gəliş imkanına malik olmasıdır. Mərkəzi Asiya və Çindən gələn yükləri isə Ermənistan öz yurisdiksiyası çərçivəsində yoxlaya bilər. Biz bunun əleyhinə deyilik.
Aydın MİRZƏZADƏ,
Milli Məclisin deputatı, politoloq
Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri beynəlxalq hüquqa uyğundur və ədalətlidir. Bunu beynəlxalq təşkilatlar və xarici ölkələr də görürlər. Buna görə də ölkəmizin mövqeyi gün-gündən daha çox tərəfdar tapır. Prinsipcə, Ermənistan da Azərbaycanın mövqeyinin ədalətli olduğunu dərk edir. Ancaq İrəvan mümkün qədər çalışır ki, sülh sazişində Azərbaycanın suveren hüquqlarını pozacaq müddəalar öz əksini tapsın. Bu, açıq-aydın görünür. Təsadüfi deyil ki, onlar vaxtaşırı sülh sazişinin bağlanmasını ləngidən şərtlər irəli sürürlər. Sonra isə özləri həmin şərtlərdən imtina edirlər.
Ölkəmiz üçün vacib məsələlərdən biri də Naxçıvanla quru əlaqəsinin yaradılmasıdır. Azərbaycan haqlı olaraq, beynəlxalq təcrübəyə əsasən tələb edir ki, Naxçıvana gedən yerli təyinatlı yüklər hər hansı yoxlamadan və gömrük rüsumundan azad olunmalıdır. Çünki Azərbaycan xarici ölkəyə yox, məhz öz ərazisinə yük və sərnişinlərin daşınmasını həyata keçirir. Əgər Azərbaycan Ermənistana və Naxçıvan ərazisindən digər ölkələrə yük göndərəcəksə, bu, əlbəttə, gömrük yoxlamasına məruz qala bilər.
Ermənistan unudur ki, Zəngəzur dəhlizindən təkcə Azərbaycan istifadə etməyəcək. Rusiya, Mərkəzi Asiya dövlətləri, eyni zamanda, Çin, Türkiyə, Avropaya və ərəb dünyasına çıxmaq istəyən ölkələr də bu yoldan geniş istifadə edəcəklər. Azərbaycandan Naxçıvan Muxtar Respublikasına gedən yüklər Zəngəzur dəhlizindən keçən yükləsin çox az hissəsini təşkil edəcək. Ermənistan gec-tez Azərbaycanın bu haqlı tələbini qəbul etməlidir. Beynəlxalq analitik mərkəzlər Zəngəzur dəhlizinin təkcə region üçün deyil, dünya üçün böyük əhəmiyyət daşıdığını qəbul edirlər. Ölkəmizin mövqeyinin qəbul edilməsi, dəstəklənməsi, bir daha Azərbaycanın öz suveren hüquqlarını həyata keçirmək üçün ədalətli və haqlı addımlar atdığını göstərir.
Səxavət HƏMİD