- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan və Azərbaycan arasında qarşısıalınmaz prosesə çevrilmiş sülh sazişinin imzalanması məqamı yaxınlaşdıqca, təntənəli mərasimə evsahibliyi etmək istəyənlərin sayı da çoxalmaqdadır. Tərəflər münaqişəyə son qoyacaq ikitərəfli barışığa siyasi razılıqlarını bildirsələr də, İrəvanın sazişin mətni üzərində “redaktə” xarakterli işləri hələ də davam etməkdədir.
Bakı və İrəvan arasında sülhə nail olmaq yolunda təşəbbüslərindən əl çəkməyən kənar aktorlar dialoqun sonuncu və həlledici mərhələsinə öz maraqlarına uyğun “tövsiyələrini” verməyə, Cənubi Qafqazda bərqərar olacaq sabitlikdən paylarını qoparmağa can atırlar. Bu sırada Moskvanın və Vaşinqtonun intensivləşən səylərini xüsusi qeyd etməyə dəyər.
* * *
Yeni ilin ilk günlərindən etibarən rəsmi İrəvanın bu istiqamətdə müəyyən fəaliyəti hiss olunmaqdadır. Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın sülh müqaviləsinə münasibəti barədə anlaşılmaz və ziddiyyətli fikirlər səsləndirib. Erməni mediasının yazdığına görə, Mirzoyan hakimiyyətin mövqeyini belə ifadə edib:
“Mən deyə bilərəm ki, sülh sazişi mətninin müəyyən bəndləri üzrə Azərbaycanın təkliflərində məzmun baxımından müəyyən geriləmə müşahidə etsək də, eyni zamanda, bir sıra digər sahələrdə müəyyən irəliləyişi də görürük”.
Mirzoyanın sözlərinə görə, Ermənistan müqavilənin mətnindəki həmin məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini Bakıya göndərib. Nazir əlavə edib ki, növbəti təkliflər paketində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi İrəvanın dəfələrlə səsləndirdiyi “bir sıra prinsiplərə” əsaslanmalıdır.
“Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Əslində, bu, maksimum aydınlıq tələb edən məsələdir. Yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir”, – deyən Mirzoyan onu da qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir.
Ermənistanın baş diplomatının sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik “gələcək təcavüz və eskalasiya üçün” əsas ola bilər.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini yanvarın 4-də Azərbaycana çatdırıb: “Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz variantını göndərib”... Bakıdan hələ cavab alınmayıb”.
* * *
Məğlub İrəvanın sülh danışıqlarının son mərhələsində qalib Bakıdan maksimum güzəştlər “qoparmağa” çeşidli cəhdlərə baş vurması aydındır. Fəqət rəsmi Bakının bu cəhdlərin prosesi ləngidəcəyini bilərəkdən edilməsini erməni riyakarlığının və ikiüzlülüyünün təzahürü kimi qəbul etməkdən başqa yolu qalmayıb. Son vaxtlar birbaşa, “tet-a-tet” dialoqun ətrafında dolaşan maraqlı versiyalardan biri də sülh sazişinin imzalanmasının artıq qaçılmaz olduğu və bunun deyilənlərdən fərqli bir məkanda reallaşacağı ilə bağlıdır.
Bu barədə XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə ABŞ, Fransa, Rusiya, İran kimi böyük dövlətlər Ermənistanı sülh müqaviləsinin imzalanmasından yayındıra bilməyəcəklər:
“Təbii ki, bu dövlətlərin hər biri bölgədən öz payını qoparmağa çalışır. Misal üçün, Tehran dəmir yolunun təminatçısı kimi özünü irəli verir. Yəni, Rusiya və Türkiyə ilə yanaşı, İranın təminatını da reallaşdırmaq barədə düşünür. Rusiyanın marağı odur ki, sülh müqaviləsinin, hətta, Türkiyənin və İranın iştirakı ilə imzalanması gürçəkləşə bilər, amma bundan ötrü görüş məkanı mütləq Moskva olmalıdır. Qərbin sülh vasitəçiləri isə münaqişəyə son nöqtəni qoyacaq sazişin ya Brüsseldə, ya da Vaşinqtonda bağlanmasının tərəfdarıdırlar. Bəli, bu məsələdə onların da öz maraqları var. Amma düşünürəm ki, bütün variantları götür-qoy etdikdə, birbaşa dialoqun yekunu olaraq saziş Tbilisidə imzalanmalıdır. Digər variant Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, buna paralel şəkildə Türkiyə–Ermənistan arasında da münasibətlərin nizamlanması ilə bağlı hansısa sənəd ortaya çıxarsa, nədən bu iki sənəd İstanbulda imzalanmasın? Oraya Rusiya və İran prezidentləri də gələ bilərlər. Düşünürəm ki, Bakı münasibətlərin məhz bu qaydada, ikitərəfli və üçtərəfli formatda nizamlanmasına, müvafiq sənədlərin İstanbulda imzalanmasına razılığını verər. Görək İrəvan buna hazırdırmı? Bu suala cavab vermək çətindir”.
Ermənistan baş naziri Nikol Paşinyanın region ölkələri arasında münasibətlərin bütün müstəvilərdə bərpasına hazır olduğu barədə açıqlamalarını hamı xatırlayır. Onun üçün “bir güllə ilə iki dovşan vurmaq” anlamına gələn bu ideya diqqətlə nəzərdən keçirilməyə layiqdir. Burada əsas məqam isə danışıqları çoxtərəfli platformalarda davam etdirmək tərəfdarı olan kənar vasitəçilərin bu prosesdən avtomatik olaraq kənarlaşmaları olacaq. Hələlik, neytral müşahidəçinin irəli sürdüyü təklif kimi baxıla biləcək bu təklifin reallamasına başlıca əngəl sülh sazişinin mətnindəki “incə nüanslar” deyil, İrəvanın siyasi iradə nümayişi ilə bağlıdır. Deputat R.Musabəyov da bu qənaətdədir:
–Təkrar edirəm, indiki məqamda sülh sazişinin mətnindən daha çox, kənar təminatçılardan danışmağa ehtiyac yoxdur. Fikrimcə, imzalanma mərasiminin keçiriləcəyi ünvan tez müəyyən edilməlidir, çünki bu məsələ sülh prosesini ləngidir.
Beləliklə, hadisələrin Milli Məclisin deputatının dediyi ssenari üzrə inkişafı həm Bakıya, həm Ankaraya, həm də İrəvana siyasi dividendlərlə yanaşı, ticari–iqtisadi fayda gətirəcəyi birmənalıdır. Bu zaman bölgədən kənardakı aktorlar vasitəçi statusundan vaz keçərək, sadəcə müşahidəçi rolunu oynamağa məcbur olacaqlar.
İmran BƏDİRXANLI